Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Tətbiq və ümumiləşdirmə dərslərində yeni təlim texnologiyalarından istifadə


 

Elnur ƏLİYEV,  

Salyan rayonundakı

Yenikənd kənd tam orta məktəbin müəllimi

 

Müasir pedaqoji təcrübədə və müəllimin fəaliyyətində tətbiq və ümumiləşdirmə dərsləri bölmələr üzrə işin yekun məşğələləridir. Mənimsənilmiş bilik və bacarıqların geniş tətbiqi və ümumiləşdirilməsi məqsədini güdən bu dərslərdə bölmə üzrə reallaşdırılmış məzmun standartlarının yeni təlimi situasiyada və müstəqil oxunmuş əsər üzrə həyata keçirilməsi sonrakı işin təşkili baxımından müəllim üçün faydalı olacaqdır. Şagird müstəqilliyi bu dərsdə çoxcəhətliliyi ilə diqqəti cəlb edir. O yalnız tapşırıqların müstəqil icraçısı yox, təlimi işlərin təşkilatçısı kimi də fəaliyyət göstərir.

Tətbiq və ümumiləşdirmə dərslərinin əsas məqsədi bölmə üzrə mövzuların tədrisi zamanı əldə edilən bilik və bacarıqların sistemləşdirilməsi və möhkəmləndirilməsidir. Belə dərslər biliklərin dərinləşdirilməsində, bacarıqların inkişafında mühüm rol oynayır. Müəllim bu dərsə qədər bölmə üzrə hansı mövzularda şagirdlərin çətinlik çəkdiklərini, nisbətən zəif reallaşdırılmış standartları müəyyənləşdirmiş olur. Məhz buna görə də tətbiq və ümumiləşdirmə dərsləri həmin çatışmazlıqların aradan qaldırılması istiqamətində qurulmalıdır.

 Dərsdə mühüm anlayışlar təkrar edilməli, standartların reallaşma səviyyəsini yüksəltmək məqsədilə müxtəlif tapşırıqlar verilməlidir. Tətbiq və ümumiləşdirmə dərslərinin bir məqsədi də kiçik summativ qiymətləndirməyə hazırlıqdır. Buna görə də tətbiq və ümumiləşdirmə dərslərində formativ qiymətləndirmə aparılmır.

 Artıq qeyd olunduğu kimi, tətbiq və ümumiləşdirmə dərsi bölmə üzrə reallaşdırılmış məzmun standartlarının yeni şəraitdə, müstəqil oxunmuş təlim materialı əsasında həyata keçirilməsinə imkan yaradır. Bu dərsdə maksimum müstəqil olan şagirdlərin təlim prosesində aparıcı subyekt olması təmin edilir.

 Tətbiq və ümumiləşdirmə dərsləri mövzu üzrə məzmun və təhlil dərslərində qazanılmış bilik və bacarıqların yaradıcı şəkildə tətbiqi və dərinləşdirilməsi məqsədini izləyir. Bu dərslərdə şagirdlərin fəaliyyətinin əlaqələndirilməsi, yaradıcı müstəqil işləri diqqət mərkəzində saxlanılır. Müxtəlif tipli təlim tapşırıqlarından və iş formalarından istifadə dərsin səmərəliliyini artırır, şagirdlərin idraki-yaradıcılıq bacarıqlarını inkişaf etdirir. Bu dərslər şagirdlərin yeni biliyi fəal şəkildə qavramasına, müzakirə olunan prob­emə müxtəlif mövqelərdən yanaşmalarına, müqayisələr aparmalarına, məntiqi nəticələr çıxarmalarına imkan yaradır.

 7-ci sinfin Ədəbiyyat fənnində yeni təhsil proqramında (kurikulumunda) sinifdənxaric oxu dərsləri və kiçik summativ qiymətləndirmə ilə yanaşı, tətbiq və ümumiləşdirmə dərslərinə də beş saat vaxt verilmişdir.

 “Mənəvi dəyərlər, həmişəyaşar hikmətlər” tədris vahidinin sonunda yer almış tətbiq və ümumiləşdirmə ilə bağlı hazırladığım dərs nümunəsini diqqətinizə təqdim edirəm.

Mövzu: F.Qoca. “Anamın sözləri”.

 

Reallaşdırılan standartlar:

Şagird:

1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə (dastan, hekayə, mənzum hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.

1.1.5. Heca vəznli şeirlərdə, süjetli bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota) müəyyənləşdirir.

1.2.2. Digər obrazlarla müqayisə etməklə və yazıçının münasibətinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndirir.

1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota) rolunu aydınlaşdırır.

1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını və başlıca problemini şərh edir, əsaslandırılmış münasibət bildirir.

2.1.1. Öyrəndiyi yeni sözlərdən bədii nümunələrlə bağlı müzakirələrdə və müxtəlif ünsiyyət məqamlarında istifadə edir.

2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini mətndən nümunələr gətirməklə şərh edir.

 

Təlim nəticələri:

Şagird:

• şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərin köməyi ilə aydınlaşdırır;

• şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir;

• yazıçının münasibətinə əsaslanmaqla obrazı səciy­yələndirir;

• əsərin təsir gücünün artırılmasında bədii təsvir vasitələrinin rolunu aydınlaşdırır;

• əsərin ideyasını şərh edir, münasibət bildirir;

• yeni sözlərdən müzakirələrdə istifadə edir;

• fikirlərini şeirdən nümunələr göstərməklə şərh edir.

Fənlərarası inteqrasiya: Az.d. 2.2.3., X.d. 3.1.4., H.b. 3.2.1.

 Strategiyalar: metodlar, iş formaları: Müzakirə, təqdimat, problemin həlli, kiçik qruplarda iş.

Resurslar: Dərslik, iş vərəqləri, http://az.wikipedia.or­g/wiki/Fikrət_Qoca.

Qiymətləndirmə üsul və vasitələri: Müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı).

 Dərsə hazırlıq dövründə fəal şagirdlərdən ibarət işçi qrupu yaradılır. İşçi qrupunun üzvləri dərsə hazırlıq dövründə və dərs zamanı görəcəkləri işlərlə bağlı təlimatlandırılır. Müəllim dərsdə reallaşdırılması nəzərdə tutulan təlim nəticələri üzrə qiymətləndirmə meyarlarını fənn kabinetində asa bilər.

İşçi qrupunun iştirakı ilə kiçik qruplar təşkil olunur, dərsə hazırlıq dövründə qruplar tərəfindən müstəqil şəkildə görüləcək işlər dəqiqləşdirilir.

 Müəllim dərsin maraqlı və səmərəli olması üçün bir neçə gün əvvəl şagirdlərə şeirin məzmununu ətraflı öyrənməyi və qruplara ayrılıb aşağıdakı işləri yerinə yetirməyi tapşırır:

- ana mövzusunda əsərlərin sinifdə sərgisini təşkil edin;

- anaya həsr olunmuş divar qəzeti tərtib edin;

- dərsdə səsləndirmək üçün ana haqqında mahnı seçin;

- bədii oxu ustasının səs yazısını seçin;

- mövzu ilə bağlı şəkillər çəkin, onlara sərgi guşəsində yer ayırın.

 

Dərsin gedişi:

Dərsin əvvəlində şagirdlərin müstəqil hazırlıq işlərinə baxış keçirilir. Kiçik qrupların sözçüləri öz işlərini təqdim edir. Şagirdlər ana mövzusunda kitab sərgisinə, divar qəzetinə, çəkilmiş şəkillərə, illüstrasiyalara baxış keçirir, bədii oxu ustasının səs yazısını, ana haqqında mahnıdan bir parçanı dinləyirlər. Bu, şagirdlərdə yeni mövzunun mənimsənilməsi üçün motivasiya, emosional ovqat yaradır. Şa­girdlərin yaradıcılıq işləri üzrə söhbət, dəyərləndirmə nəticəsində tədqiqat sualı müəyyənləşdirilir.

 Tədqiqat sualı. Əsərdə şairin anaya məhəbbəti hansı misralarda daha təsirli ifadə olunmuşdur?

Tədqiqat sualı ilə bağlı şagirdlərin söylədiyi ilkin mülahizələr, fərziyyələr işçi qrupu tərəfindən lövhədə qeyd edilir.

Tədqiqatın aparılması. Dərslikdəki tapşırıqların yerinə yetirilməsi üçün vaxt ayrılır, iş vərəqləri paylanır.

 

İş vərəqi № 1

Aşağıdakı bəndi yenidən diqqətlə oxuyun və tapşırıq­ları yerinə yetirin.

 

Anamın gözləri şəfadı, nurdu,

Qəlbimdə, yolumda işıq yandırır.

Anamın sözləri vüqar, qürurdur,

Zehnimi, ruhumu işıqlandırır.

 

1. Oxuduğunuz parçada ananın gözləri necə mənalandırılır?

2. Son iki misrada ifadə olunmuş fikri aydınlaşdırın.

3. Bənddəki hansı sözlər, ifadələr sizin üçün yeni və maraqlı oldu, onlardan hansılarını nitqinizdə işlətməyə çalışacaqsınız?

 

İş vərəqi № 2

Aşağıdakı bəndi yenidən diqqətlə oxuyun və tapşırıq­ları yerinə yetirin.

 

Bəzən hirslənəndə, çətin anımda

Əzizləyib məni köksünə sıxır.

Anam saçlarımı tumarlayanda

Bütün ağrılarım yadımdan çıxır.

 

1. Bənddə diqqətinizi daha çox çəkən nə oldu? Səbəbini izah edin.

2. Bənddə sizə tanış olan fikir, hiss varmı? Varsa, izah edin.

3. Bu misralar şeirdə tanış olduğunuz uşaq barədə təsəvvürünüzə yeni nə əlavə etdi?

 

İş vərəqi № 3

Aşağıdakı bəndi yenidən diqqətlə oxuyun və tapşırıq­ları yerinə yetirin.

 

Sözləri, sığalı şəfalı anam

Əzizdir hamıdan, dünyada təkdir.

Ana Vətən kimi vəfalı anam

Mənə həyat verən canlı mələkdir.

 

1. Bənddə diqqətinizi daha çox cəlb edən nə oldu?

2. Bənddəki fikirlərdən hansı, sizcə, daha təsirlidir? Səbəbini izah edin.

3. Bənddəki hansı fikir sizin üçün yeni və daha maraqlı oldu? Fikrinizi əsaslandırın.

 

İş vərəqi № 4

Aşağıdakı bəndi yenidən diqqətlə oxuyun və tapşırıq­ları yerinə yetirin.

 

Anam qurban deyib vətənə məni,

Deyib ki, “ən əziz balamsan mənim.

Oğullar qoruyar ana vətəni,

Vətəni qoruyan qalamsan mənim”.

 

1. Bənddə diqqətinizi daha çox cəlb edən nə oldu?

2. Bənddəki hansı fikri daha parlaq sayırsınız? Səbəbini izah edin.

3. Bu bənd şeirin ən uğurlu parçası hesab edilə bilərmi?

 

İş vərəqi № 5

Aşağıdakı bəndi yenidən diqqətlə oxuyun və tapşırıq­ları yerinə yetirin.

 

Oxuyub mühəndis, həkim olsam da,

Mənə igid oğlum deyəcək anam.

Oxuyub müəllim, hər kim olsam da,

Ay ana, mən sənin əsgər oğlunam.

 

1. Bənddə diqqətinizi daha çox cəlb edən nə oldu?

2. Bu parçada övladın hansı arzuları ifadə edilib?

3. Misralardakı hansı fikir sizin üçün yeni və maraqlı oldu?

Müəllim kiçik qrupların fəaliyyətini müşahidə edir. Çıxarılmış nəticələr üzrə təqdimatlar dinlənilir, fikir mübadiləsi, müzakirə aparılır. Dərsin əvvəlində söylənilmiş fərziyyələr çıxarılmış nəticələrlə tutuşdurulur, diskussiya nəticəsində dəqiqləşdirmə aparılır. Müəllim zəruri hallarda işçi qrupuna və şagirdlərin tədqiqatçılıq fəaliyyətinə istiqamət verir.

 Əsərin məzmunu üzrə işin məntiqi davamı kimi mətnin təhlili üçün tədqiqat sualının müəyyənləşdirilməsi ilə bağlı iş aparılır. Müsahibə vasitəsilə tədqiqat sualı dəqiqləşdirilir.

 Müəllim şagirdlərə aşağıdakı suallara cavab hazırlamaqla təqdimatlara hazırlaşmağı tapşırır.

 

I qrup

1. Şeir xoşunuza gəldimi? Səbəbini izah edin.

2. Əsər sizdə hansı hiss və düşüncə yaratdı?

3. Mövzuya aid şəkillər uğurludurmu? Nə üçün?

 

II qrup

1. “Şeirdə övladın anasına sonsuz məhəbbəti ifadə olunmuşdur” fikrini necə əsaslandırarsınız?

 2. Övladı haqqındakı arzuları ana barədə sizdə hansı düşüncələr yaratdı?

 3. Bədii oxu ustasının ifasını uğurlu saymaq olarmı?

 

III qrup

1. “Oxuyub müəllim, hər kim olsam da, Ay ana, mən sənin əsgər oğlunam” sözləri övladın xarakterindəki hansı cəhətləri üzə çıxarır?

2. Şeirdə işlənmiş məcaz hansı fikri qüvvətləndirmişdir?

3. Sərginin təşkilini uğurlu saymaq olarmı? Nə üçün?

 

IV qrup

1. Şeirdəki başlıca fikir - ideya, sizcə, nədir?

2. Bu mövzunun şairin diqqətini cəlb etməsinin səbəbini necə izah edərsiniz?

3. Divar qəzetinin məzmunu və forması sizi qane edirmi? Səbəbini izah edin.

 

V qrup

1. Ana-övlad münasibətlərindəki səmimiyyət şeirdə necə ifadə olunub?

2. “Şeirdə işlənmiş sözlər, ifadələr uğurla seçilmişdir” fikrini necə əsaslandırarsınız?

3. Seçilmiş mahnını uğurlu saymaq olarmı? Nə üçün?

 

Təqdimatların dinlənilməsi, qazanılmış biliklərin mübadiləsi və müzakirəsi üzrə işlər işçi qrupunun üzvlərinin fəal iştirakı ilə təşkil edilir. Müəllim bu prosesə ən zəruri hallarda istiqamətləndirici suallarla qoşulur.

Müəllim dərslikdəki 5-ci tapşırığı şagirdlərə müstəqil iş kimi tapşırır.

Asudə vaxtınızda aşağıdakı sualların üzərində düşünün, sinif yoldaşlarınızla müzakirə edin:

- Ana haqqında oxuduğunuz əsərlərdə ən çox nədən danışılır?

- Anaya həsr olunmuş əsərlərdə daha nələri oxumaq istərdiniz?

-  İncəsənətin digər növlərində (rəssamlıq, kino və s.) yaradılmış hansı ana obrazını daha uğurlu hesab edirsiniz?


Tarix: 14-01-2021, 11:51

Xəbəri paylaş