Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Tarixin şanlı səhifəsi


 
Nazilə ƏLİYEVA,
Bakı şəhəri 177 nömrəli   tam orta məktəbin Azərbaycan dili və
ədəbiyyat müəllimi, fənn metodbirləşməsinin sədri

 
N.Nərimanov rayonu, 177 nömrəli tam orta məktəbdə İkinci Qarabağ - Vətən müharibəsinə həsr olunmuş “Tarixin şanlı səhifəsi” adlı tədbir keçirilib.   
Dövlət himninin səsləndirilməsi  ilə başlanan tədbirdə ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tariximiz qəhrəmanlıq salnamələri ilə doludur. Bugünkü qəhrəmanlar da tarix yazaraq həmin silsiləyə daxil oldular. Dahi Xalq şairi Səməd Vurğun gözəl misralarında demişdir:
 
“Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin”.
 
Vətənimiz tarixlər boyu bəlalara düçar olmuş, yadellilərin təzyiqinə məruz qalmışlar.
Bu tarixi-coğrafi məkan Azərbaycan torpağına Böyük Qafqazın cənub-şərq, Kiçik Qafqazın şərq hissələri, Kür-Araz ovalığı, Talış dağları, Arazboyu düzənliklər, Savalan, Qaradağ, Bozquş silsiləsi və İran dağlıq yaylasının şimal-qərb hissəsi aiddir. Yerləşmə məkanı daxili sərvətləri, iqlimi gözəl olduğu üçün həmişə diqqət mərkəzində olmuşdur. Ölkəmiz Yaxın və Orta Şərqin qapısı sayılır. Səməd Vurğunun təbirincə desək:
 
“Gülür torpaq, gülür insan,
Qoca Şərqin qapısısan”
 
Bu torpaq XIX əsrin əvvəllərindən bölüşdürülməyə başlayıb.  Əvvəlcə 1828-ci il Türkmənçay sülh müqaviləsinə əsasən Azərbaycan iki yerə parçalanmış, qan qardaşları bir-birindən ayrı düşmüşdür. Sovet dönəmində isə bir sıra torpaqlarımızın bir hissəsi qonşu dövlətlərin tərkibinə qatılmışdır: Ulu Göyçə, Zəngəzur, Dəmirqapı Dərbənd, Borçalı, Dilican dərəsi, Şəmşəddil, Karvansaray, Gümrü, Sürməli, Vedibasar, Zəngibasar, Ağbaba, Pəmbək və başqaları.
Bununla kifayətlənməyənlər xain düşmənimiz olan ermənilərə dəstək verərək 20%-dən artıq torpaqlarımızı işğal etdilər. Mədəniyyət abidələri, tarix-diyarşünaslıq muzeyləri, qızıl yataqları, Çinar meşəsi və Şuşa şəhərində yerləşən bir sıra eksponatlar düşmən tərəfindən məhv edildi.
Azərbaycan xalqının möhtəşəm sənət abidəsi olan Dədə Qorqud dastanında Dədə Qorqud deyir:
 
“Əgər torpağı əkib
                      becərməsən,
Onu qorumağına dəyməz,
Qorumasan onda əkib
            becərməyə dəyməz.”
 
Bəli, torpaq o zaman Vətən olur ki, onu qoruyasan, onun uğrunda canından keçəsən.
Məlumdur ki, möhtərəm Prezidentimiz İlham Əliyev 2020-ci ili “Könüllülər ili” elan etmişdir. Bu könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata, gənclərimizin həyat tərzinə çevrilmişdir.
Azərbaycan gəncləri də Ali Baş Komandanımız İlham Əliyevin ətrafında könüllü şəkildə bir yumruq kimi birləşdilər. Xalqa arxalanan Prezidentimizin uzaqgörən siyasəti nəticəsində sentyabrın 27-dən başlanan 44 gün ərzində davam edən Vətən müharibəsi, nəhayət, zəfərlə başa çatdı.
Əzəmətli sərkərdə, dövlət başçısı Ş.İ.Xətai o dövrdə belə yazırdı:
 
“Bu gün bizə elə                          
        bir oğul lazımdır ki,
Bir nəfərlə on nəfərə 
                qarşı dura bilsin.”
 
Bu oğlanlar şəhid generalımız Polad Həşimov, Zahirimiz, Xudayarımız və digərləri oldu. Onlar sinələrini Vətən uğrunda sipər edərək Azərbaycan torpaqlarını azğın düşməndən təmizlədilər. Bu zəfərin qa­­zanılmasında ümummilli lider Heydər Əliyev məktəbini keçən, atası kimi siyasətcil, dönməz, məğrur olan İlham Əliyevin xüsusi rolu vardır. 
Ərazi bütövlüyümüzün bərpa olunması Ali Baş Komandanımız tərəfindən qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarında yaşamasına stimul verdi. O dərin siyasəti ilə Azərbaycan tarixinə tarixin qəhrəman sərkərdəsi kimi qeyd edildi. Tədbirdə 6 a sinif şagirdlərinin bir-birini tamamlayan çıxışları və ölməz şəhidlərin, qazilərin şərəfinə söylədikləri şeirlər sonda “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!, “QARABAĞ AZƏRBAYCANDIR!” şüarları ilə başa çatdı. 
Şagird Tamerlan Məmmədli çıxış edərək dayısı Məmmədov Hasil Əsgər oğlunun da Xocavənd rayonu uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralandığını və dayısının Vətən müharibəsinin iştirakçısı olduğundan qürur hissi keçirdiyini qeyd etdi. Biz də Hasil qardaşımıza və bütün yaralı qazilərimizə can sağlığı, şəhidlərimizə isə Allahdan rəhmət diləyirik.
Tədbirdə iştirak edən məktəbin direktoru Günay Çəndirli tədbir iştirakçılarına öz minnətdarlığını bildirərək qeyd etdi ki, şəhidlər ölmürlər və onlar həmişə bizim qəlbimizdə yaşayacaqlar.
 


Tarix: 14-01-2021, 11:32

Xəbəri paylaş