Morfemik təhlil və onun aparılması qaydaları haqqında
Minarə Paşayeva,
Şirvan şəhər 13 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi
Dilçilik elminin bütün bölmələri üzrə kompleks şəkildə aparılan təhlil linqvistik təhlil adlanır. Linqvistik təhlil müxtəlif dil vahidlərinin həm ayrılıqda, həm də kompleks şəkildə araşdırılmasını nəzərdə tutur. Linqvistik təhlil bacarıq- larına yiyələnmək üçün dilçiliyin hər bir bölməsi üzrə nəzəri biliklərə və praktiki bacarıqlara malik olmaq vacibdir.Çünki linqvistik təhlil nəzəri biliklərin təcrübədə tətbiqi və təsdiqidir.
Azərbaycan dilinin praktiki mənimsənilməsində bacarıq və vərdişlərin formalaşdırılmasında linqvistik təhlilin çox böyük əhəmiyyəti var. Linqvistik təhlildən daha çox fəndaxili inteqrasiyada istifadə daha səmərəlidir.
Dilin müxtəlif səviyyələrində linqvistik təhlildən istifadə etmək dil qaydalarının və nitq normalarının formalaşmasında zəruri məsələdir.
Dilçiliyin hər bir bölməsi, dilin hər bir səviyyəsi linqvistik təhlillə tamamlanır. Linqvistik təhlil dil faktlarının,qanun və qanunauyğunlarının praktiki mənimsəmə göstəricisidir. Linqvistik təhliletmə bacarığına yiyələnmək buraxılış sinifləri üçün daha vacib amildir.
Linqvistik təhlil bilik və bacarıqların sistemli mənimsənilməsinə imkan yaradır ki, bu da linqvistik məntiqi təfəkkürün inkişafına zəmin hazırlayır.
Bu gün orta məktəb dərsliklərində fonetik, morfoloji və sintaktik təhlildən qismən istifadə olunsa da, linqvistik təhlilin leksik, morfemik, söz yaradıcılığı üzrə təhlil növlərindən demək olar ki, söz açılmır.
Bunları nəzərə alaraq, bu yazımızda morfemik təhlilin aparılması qaydalarına aydınlıq gətiririk.
Morfemik təhlil aparmaq üçün şagird aşağıdakı məlumatlara malik olmalı, morfemika ilə bağlı anlayışları mənimsəməlidir.
Morfemika-dil haqqında elmin sözün tərkibini (quruluşunu) öyrənən bölməsidir (yunanca morfe - forma deməkdir).
Dilin mənalı hissələri, yəni kök, leksik və qrammatik şəkilçilər ayrı-ayrılıqda morfem adlanır.
Sözün quruluşunu öyrənmək üçün onu tərkib hissələrinə ayırırlar.
Kök-sözün ayrılıqda işlənə bilən və leksik mənaya malik olan hissəsidir.
Şəkilçi isə sözün ayrılıqda işlənə bilməyən və leksik məna bildirməyən hissəsidir.
Məsələn: qapıçı sözündə qapı sözün kökü, -çı şəkilçidir.
Şəkilçilər funksiyasına görə sözdüzəldici və ya sözdəyişdirici olur.
Sözdüzəldici (leksik) şəkilçilər sözün məzmununu, sözdəyişdirici(qrammatik) şəkilçilər isə formasını dəyişir.
Sözün başlanğıc forması isə sonuncu leksik şəkilçi daxil olmaqla qrammatik şəkilçiyə qədər olan hissədir.
Qeyd: bəzən leksik şəkilçidən əvvəl qrammatik şəkilçidə işlənə bilir.Məsələn: anamgil, bağımızdakı və s.
Azərbaycan dilində şəkilçilər, bir qayda olaraq, kökün axırına qoşulur.
Dilimizdə sözün əvvəlinə artırılan şəkilçilər də vardır. Bunlar alınma şəkilçilərdir: na-, bi-, ba-, la-, a-, anti- və s. Məsələn: narahat, laməkan, baməzə, bixəbər, anormal, antihumanist və s.
Şəkilçilər müxtəlif əsaslara görə növlərə bölünür.
Morfemik təhlil aparan şagird qrammatik şəkilçilərin də növlərini bilməli və onları fərqləndirməyi bacarmalıdır.
Tarix: 26-10-2020, 12:04