Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Biologiya dərslərində vətənpərvərlik tərbiyəsi

 

Məlahət HƏSƏNOVA,                                                        
Dəmir Yolu və Metropoliten üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzinin
biologiya müəllimi

“Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən  torpağına, millətə  sədaqət, Vətən  uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.                                                                
Heydər  Əliyev

Ulu öndərimiz müstəqil Azərbaycanın memarı və qurususu Heydər Əliyev  vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin `vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verib və bunu çıxışlarında dönə-dönə biz müəllimlərə tövsiyə edirdi. Təhsil işçiləri ilə görüşlərinin birində ulu öndər demişdir: “Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin”.
Müəllimin qarşısında duran ən mühüm vəzifələrindən biri gənc nəslə vətənpərvərlik hissinin aşılanmasıdır.
Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim- tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olmuşdur.
Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır.
Şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir.
Respublikamızın ümumtəhsil məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərdə vətənpərvərlik hisslərini aşılamaq üçün çox böyük imkanları vardır.
Bir çox hallarda bizim müəllimlərimiz “Əgər mən öz fənnimi tədris etdimsə, vəzifəm  bitdi” - deyə düşünürlər. Mənə elə gəlir ki, qüsur bundadır. Əgər mən müəlliməmsə, öz fənnimi tədris edib uşaqlarda bu milli ruhu aşılayıramsa, demək öz funksiyamı müəyyən qədər yerinə yetirirəm. Mənə elə gəlir ki, hər bir müəllim 45 dəqiqəlik dərsin 10 dəqiqəsini buna ayırsa, yaxşı nəticə alınar. Təbii ki, sinifdə şagirdlərin hansı sənətə meyl etməsindən asılı olmayaraq, onların hər biri vətəndaş olur. Tərbiyə işində milli duyğular, milli amil ön planda olmalıdır.
İxtisasından asılı olmayaraq müəllim hər bir şagird üçün nümunədir. Məktəblərdə uşaqlara vətənpərvərlik duyğusunu aşılamaq üçün fənn seçimi edilməməlidir. Hər fənnin öz funksiyası, öz vəzifəsi var. Mən düşünürəm ki, fəndən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır. Çünki müəllim məktəbdə, ilk növbədə, şəxsiyyət yetişdirir və çalışmalıdır ki, həmin şəxsiyyət də vətəninə, millətinə layiq bir tərzdə yetişsin.
Fənn müəllimləri öz proqramına uyğun olaraq dərsini keçməklə yanaşı şagirdlərinə az da olsa vətənpərvərliyi təbliğ etməlidir. Məsələn, kimya, biologiya, coğrafiya dərslərində ölkənin malik olduğu təbii sərvətləri öyrənməklə şagidlərdə milli iftixar hissi və s. tərbiyə olunur.
Mən bir biologiya müəllimi kimi əlimdən gəldiyi qədər dərs dediyim uşaqları milli ruhda hazırlamağa çalışıram. Dərs zamanı proq­rama uyğun olaraq hər hansı bir bitki haqqında məlumat verərkən, ilk növbədə Azərbaycanın əraziləri, bölgələri haqqında danışıram. Onlara bu bitkinin ölkənin hansı ərazisində bitməsi ilə bağlı məlumatlar verirəm. Eyni zamanda həmin bitkinin ölkəmiz üçün strateji əhəmiyyətindən söz açıram  və onlara həmin bitki haqqında, onun vətəni haqqında geniş məlumat toplamağı tapşırıq verirəm. Onlar da bunu edir və nəticədə də həm böl­gələrimizi tanıyır, həm də bitki haqqında öyrənirlər. Bu da bir növ şagirdlərdə vətənə olan sevgi hissini, milli ruhu oyadır. Çünki bir  insan öz ölkəsi, vətəni haqqında nə qədər çox məlumatlı olarsa, torpağın da bir o qədər çox sevər. Onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz iplərlə bağlanar və onu qorumağı özünə borc hesab edər.
Vətənpərvərlik, azərbay­cançılıq hisslərinə malik olan gənclər yetişdirmək cəmiy­yətin bütün sahələrində hədəfə çevrilməlidir. Bu amal müstəqil quruculuq yolu seçən ölkəmizin daha da inkişaf etməsi, intellektual və vətənpərvər vətəndaşlara malik olması istiqamətində atılan mühüm addım olar.                                                           


Tarix: 4-06-2020, 14:52

Xəbəri paylaş