Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bu günün istedadlı şagirdi sabahın yaradıcı alimi

 

“Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.”
HEYDƏR ƏLİYEV

Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə elm və təhsilin inteqrasiyası istiqamətində ölkənin bir sıra lisey və məktəblərində “Kiçik Akademiya”lar yaradılmışdır. "Kiçik Akademiya"ların yaradılmasında məqsəd əsasən istedadlı, yaradıcı təfəkkürə malik, araşdırma aparmaq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq, onları maraqlandırmaq və bir məqsəd ətrafında birləşdirməkdir. Bununla əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin böyük dəstəyi ilə məktəblərdə yaradılan “Kiçik Akademiya”ların fəaliyyətinin tənzim olunması və getdikcə yaxşılaşdırılması istiqamətində təşkilati tədbirlər həyata keçirilmişdir.
Bundan başqa istedadlı uşaq və gənclərin təhsil əməyinin stimullaşdırılması sahəsində tədbirlər görülmüş, istedadlı şagirdlərin vaxtında müəyyən olunmasına xidmət edən əlavə tədbirlərin (fərdi layihələrin, təqdimatların, referatların hazırlanması və s.) gücləndirilməsinə nail olunmuş, istedadlı uşaq və gənclərlə aparılan işlərin vəziyyəti öyrənilmiş və müvafiq təkliflər hazırlanıb həyata keçirilmişdir.
“Kiçik Akademiya” layihəsi Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə həyata keçirilən uğurlu layihələrdən biridir. “Kiçik Akademiya” layihəsinin təşkilində əsas məqsəd yerli və Respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir.
“Kiçik Akademiya”nın vəzifələrinə isə əsasən aşağıdakılar daxildir:
*  Elmi-tədqiqat fəaliy­yətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq;
* Mövcud yaradıcılıq potensialları nəzərə alınmaqla şagirdlərin gələcək peşə istiqamətlərini müəyyənləşdirmək;
*  Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq;
*  Şagirdlərin tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək;
* Şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması istiqamətində sistemli iş aparmaq;
*  Tanınmış alim və mütəxəssislərin iştirakı ilə istedadlı şagirdləri işə cəlb etmək;
*   Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək;
*  Tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq.
Bu gün ölkəmizdə elm və təhsil sahəsində həyata keçirilən islahatlar bu istiqamətdə mövcud yanaşmaları da xeyli dəyişir.
Məsələn, artıq tam orta məktəblərdə təhsil şagirdlərə təkcə bilik verməyi deyil, onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini də tələb edir. Təbii ki, hazırda aparılan islahatların da əsas məqsədi təlim prosesində şagirdin təfəkkürünün inkişafı üçün ona bilik ötürmək deyil, bilik qazanmaq üçün şərait yaratmaqdır.
AMEA ilə Təhsil Nazirliyi arasındakı əməkdaşlıq çərçivəsində elmlə təhsilin inteqrasiyasının təmin edilməsi istiqamətində bir sıra ciddi addımlar atılıb ki, onlardan da biri “Sabahın alimləri” layihəsinin təşkilidir. Bu layihə Azərbaycanda 2011-ci ildən bəri keçirilir. Layihənin məqsədi ölkədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsi, həmçinin ciddi elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilməsidir.
Bu baxımdan çalışdığımız 177 nömrəli tam orta məktəbdə də son illər məktəbin direktoru Günel Xanlarovanın rəhbərliyi ilə bir sıra mühüm işlər görülmüş və görülməkdədir. Belə ki, layihə çərçivəsində məktəbimizin şagirdləri ayrı-ayrı fənn müəllimlərinin rəhbərliyi ilə müəyyənləşdirilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparmış, maraqlı məruzə, referat və təqdimatlar hazırlamışlar. Eyni zamanda, şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması istiqamətində də xeyli işlər görülmüşdür.
Azərbaycan Respublikası Təhsil nazirinin 2019-cu il 6 avqust tarixli F-482 nömrəli əmrinə əsasən, 2020-ci il 11-13 fevral tarixlərində Bakı şəhərində "Sabahın alimləri” IX Respublika Müsabiqəsi keçirilmişdir.
Məktəbimizin şagirdləri Qalib Qasımov və Cəmil Xəlilov "Tibb və sağlamlıq" üzrə 3-cü yer, Selcan Nurullayeva və Tuba Əliyeva "Biologiya" üzrə 3-cü yer, Leyla Məmmədzadə "Riyaziyyat" üzrə 2-ci yerə layiq görülüblər. Şagirdlərin "Tibb və sağlamlıq" və "Biologiya" üzrə mövzularının elmi rəhbəri məktəbin kimya müəllimi Rəna Musayeva, "Riyaziyyat" üzrə isə məktəbin riyaziyyat-informatika müəllimi Vaqif Mahmudov olmuşdur.
Bütün bu işlərin uğurlu nəticəsi olaraq 2016-2020-ci illər ərzində şagirdlərimiz “Sabahın alimləri” Respublika müsabiqələrində müxtəlif layihələr üzrə yüksək yerlər tutmuş, qızıl medal, fəxri fərman və tərifnamələrlə mükafatlandırılmışlar. (Onların adları aşağıdakı cədvəldə əks olunmuşdur).
Hazırda yetişməkdə olan nəsli müstəqil həyata hazırlamaq şəxsiyyətyönümlü təhsilin əsas məqsədi olduğundan şagirdlərin şəxsiyyət kimi formalaşmasında məntiqi təfəkkürün inkişafı çox mühüm amildir. Bu gün orta məktəbdə təhsilə yanaşma dəyişmişdir. Ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə “Strateji Yol Xəritəsi”ndə xüsusi olaraq vurğulanıb. Bugünkü təhsil şagirdlərə təkcə bilik vermək deyil, onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini də tələb edir. Hazırda yetişməkdə olan nəsli müstəqil həyata hazırlamaq şəxsiyyətyönümlü təhsilin əsas məqsədi olduğundan şagirdlərin şəxsiyyət kimi formalaşmasında məntiqi təfəkkürün inkişafı çox mühüm amildir. Bu isə öz növbəsində fəal təlim metodlarından istifadə etməklə, şagirdlərin idrak fəallığının artırırılmasını, onları düşündürməyə, müstəqil qərarlar çıxarmağa yönəltməyi zəruri edir.
İctimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan istənilən şagird  “Kiçik Akademiya”nın üzvü olur. Akademiyaya üzv olan şagirdlərin elmi konfranslarda, olimpiadalarda və “Kiçik Akademiya”nın digər tədbirlərində iştirak etmək, şagirdlər arasında elmi bilikləri təbliğ etmək və s. kimi vəzifələri vardır. Eyni zamanda onlar seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirir, ünsiyyət və davranış qaydalarına riayət etməklə digər şagirdlərə bir nümunə göstərirlər. Həm də olimpiada, bilik yarışları, müsabiqə və toplantıların, nəzərdə tutulan tədbirlərin hazırlanması və həyata keçirilməsində belə şagirdlər müəllimlərinin ən yaxın köməkçiləri hesab olunur, eyni zamanda yaradıcılığa, elmi-tədqiqat fəaliyyətinə meyl və maraq göstərən istedadlı uşaq və gənclərlə aparılan işlərin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində yaxından iştirak edirlər.
Akademiya üzvlərinin həyata keçirdiyi işlərdə müəllimlərin və valideynlərin də böyük dəstəyi olur. Tədqiqat işlərində müəllimlər şagirdi yönəldir, valideyn şagirdin apardığı araşdırmaları lazımi resurslarla təmin edir. Şagirdlər bütün işlərdə fəallığı ilə seçilirlər.
“Kiçik Akademiya”ların fəaliyyətinin və şagirdlərin layihələrinin tədqiqatyönümlü olmasının vacibliyi bu gün xüsusilə nəzərə çarpır. Orta məktəblərdə bu sahədə aparılan bütün işlər hərtərəfli inkişaf etmiş şagirdlərin  yetişdirilməsində və onların  əsl vətəndaş kimi formalaşmasında böyük əhəmiyyət daşıyır. Şagirdlərin  dünyagörüşünün, ictimai fəallığının, özfəaliyyət və təşkilatçılıq  qabiliyyətinin  və bacarığının  formalaşdırılmasında  bu şərtə  riayət  edilməsi vacib pedaqoji  üsullardan sayılır. Əgər  şagirdlərdə  bu keyfiyyətlər yaranarsa, şübhəsiz, onlarda ictimai işə olan maraq da artacaqdır. Orta  məktəblərdə  fəaliyyət gös­tərən  “Kiçik akademiyalar” bütün  mövcud  imkanlardan istifadə edilərək, şagirdləri yüksək  səviyyədə  maariflənməyə və təhsil  almağa çağırır.

Vaqif Mahmudov,
Rəna Musayeva
Bakı şəhəri 177 nömrəli
tam orta məktəbin müəllimləri


Tarix: 4-06-2020, 14:27

Xəbəri paylaş