Müəllim fəaliyyətində stimullaşdırmanın rolu
Zenfira SEYİDOVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Elmi-təşkilati şöbəsinin mütəxəssisi
Müasir cəmiyyətdə müəllim müxtəlif funksiyaları yerinə yetirir. Hər şeydən əvvəl, o, məktəbdə təlim və tərbiyə prosesini həyata keçirir, şagirdləri yeni-yeni biliklərlə silahlandırır. Müəllimlərin əksəriyyəti məktəbdə sinif rəhbəri vəzifəsini icra edir.
Bu vəzifə onlara müxtəlif təşkilati tədbirləri həyata keçirməyə imkan verir. Müəllim şagirdlərlə qaynayıb-qarışmalı, onları sevməli, onların bütün coşqun fəaliyyətinin mərkəzində durmalı və onları düzgün istiqamətləndirməlidir. Müasir müəllim psixologiya elmini, xüsusilə ümumi, yaş və pedaqoji, sosial psixologiyanı mükəmməl bilməlidir.
Ümumi psixologiyanı bilməyən müəllim elmin ümumi qanunauyğunluqlarını, yaş və pedaqoji psixologiyanı bilməyən müəllim ayrı-ayrı yaş dövrlərində uşaq psixikasının şəxsiyyətinin inkişaf qanunauyğunluqlarını, özünəməxsus xüsusiyyətlərini, onları təlim və tərbiyə etməyin psixoloji qanunauyğunluqlarını, təlim və tərbiyənin uşaq şəxsiyyətinin və psixikasının inkişafına təsirini proqnozlaşdırmağı, sosial psixologiyanı bilməyən müəllim isə kollektiv daxili, qruplararası şəxsi münasibətlərin bütün incəliklərini bilməz. Eyni zamanda kollektivi də idarə edə bilməyəcək. Çünki bunun üçün müəllim məktəbdə ictimai təşkilatların fəaliyyətinə səmərəli yardım göstərməli, valideynlərlə məqsədyönlü iş aparmalıdır.
Gənclərin təlim və tərbiyəsinin mürəkkəb vəzifələrinin müvəffəqiyyətlə yerinə yetirilməsi müəllimin ideya inamından, peşə ustalığından, erudisiyasından və mədəniyyətindən asılıdır. Bu baxımdan, müəllim pedaqoji fəaliyyət prosesində şagirdlərdə bilik, bacarıq, vərdişlər, elmlərin əsaslarını formalaşdırmaqla yanaşı, onlarda geniş elmi dünyagörüşü, əqidə və inam da formalaşdırmalıdır.
Müəllimin pedaqoji fəaliyyətinin müvəffəqiyyətlə yerinə yetirilməsi onun öz qarşısında duran funksiyaları necə həyata keçirməsindən asılıdır. Müəllimin pedaqoji fəaliyyətinin təhlili göstərir ki, bu fəaliyyət bir-biri ilə sıx bağlı olan bir sıra funksiyalardan ibarətdir. Həmin funksiyaların həyata keçirilməsi şagirdlərin təlim və tərbiyəsini, onlarda şəxsiyyətin formalaşmasını təmin edir.
Psixoloji ədəbiyyatda müəllimin fəaliyyəti üçün xarakterik olan aşağıdakı funksiyalar qeyd olunur:
İkişafetdirici;
tərbiyəedici;
qnostik;
təşkilatçılıq;
kommunikativ;
konstruktiv.
Bu funksiyaları həyata keçirməyi bacarmaq, hər bir fənn müəlliminin pedaqoji ustalığının göstəricisi ola bilər. Hər bir funksiyanın mahiyyətini ayrı-ayrılıqda açıqlayaq:
1. İnkişafetdirici funksiya müəllimdən öz şagirdlərini hərtərəfli inkişaf etdirməyi tələb edir. Təlim və inkişaf bir-biri ilə bağlı prosesdir. Ona görə də inkişafetdirici pedaqoji funksiya o zaman müvəffəqiyyətlə həyata keçə bilər ki, müəllim şagirdlərin şəxsiyyətlərinin əqli, sensor və emosional sahəsinin, idrak imkanlarının formalaşması və inkişafı yollarını müəyyənləşdirə bilsin, onlarda müstəqil işləmək bacarığı aşılaya bilsin. Bunun üçün müəllim bir sıra zəruri bilik, bacarıq və vərdişlərə malik olmalıdır. Bu sırada şagirdlərin qabiliyyətlərini öyrənməyi, fərdi xüsusiyyətlərini nəzərə almağı, öyrənilən faktları təhlil edərək ümumiləşdirməyi, müqayisə etməyi, şagirdləri problemli situasiya ilə qarşılaşdırmaqla düşündürməyi göstərmək olar.
2. Tərbiyəedici funksiya təlim prosesində və sinifdənkənar tədbirlər zamanı şagirdlərdə düzgün elmi dünyagörüşünün formalaşdırılması, ideya-siyasi, əxlaq, estetik, vətənpərvərlik tərbiyəsi vəzifələrinin yerinə yetirilməsi ilə bağlıdır. Tərbiyəedici funksiyanı həyata keçirmək müəllimdən fənnin tərbiyəvi imkanlarından səmərəli istifadə etmək, kollektivçilik, prinsipiallıq, şagirdlərin şüurlu olaraq peşə seçmələri üçün şərait yaratmaq və s. kimi bacarıqlar tələb edir.
Qnostik funksiyanın əsasını müəllimin öz bilik səviyyəsini artırmaq, bacarıqlarını inkişaf etdirmək təşkil edir. Bununla yanaşı həmin funksiya müəllimdən həmin tədris fənninin spesifik cəhətlərini, məzmununu, tədris metodlarını bilməyi, öyrənilən materialın mühüm əlamət və keyfiyyətlərini ayırmaq bacarığını, eləcə də proqramda və dərslikdə verilmiş tədris materialını şagirdlərin mənimsəmə, dərketmə imkanlarını və mənimsəmədəki çətinliklərin səbəbləri barədə biliyə malik olmağı tələb edir.
Təşkilatçılıq funksiyası çoxcəhətlidir ki, bunlardan da şagird kollektivinin, müxtəlif formalı tədris və tərbiyə işlərinin təşkil edilməsini, pedaqoji prosesin həyata keçməsi üçün maddi bazanın yaradılmasını göstərmək olar.
Təşkilatçılıq funksiyasını müvəffəqiyyətlə həyata keçirmək üçün müəllimdə bir sıra pedaqoji bacarıqlar olmalıdır. Burada birinci növbədə sinif kollektivini təşkil etmək və onun fəaliyyətini tədris olunan fənnin mənimsənilməsinə, ictimai faydalı işlərin yerinə yetirilməsinə yönəltmək bacarığını aid etmək olar. Bununla yanaşı, həmin funksiyanı həyata keçirə bilmək üçün müəllim dərsin planına müvafiq olaraq özünün və şagirdlərin fəaliyyətini təşkil etməyi dərsdə və dərsdənkənar tədbirləri yerinə yetirərkən onların diqqətini təşkil etməyi, təlimin texniki vasitələrindən səmərəli şəkildə istifadə etməyi, şagirdlərin tədris və kommunikativ fəaliyyətini hesaba almağı, ona nəzarət etməyi və təshihini bacarmalıdır.
Kommunikativ funksiya bir tərəfdən müəllimin kommunikativ fəaliyyətinin təşkili, digər tərəfdən onun şagirdlərə zəruri məlumatlar verməsi ilə bağlıdır. Müəllimin kommunikativ fəaliyyətinin düzgün qurulması istər təlim, istərsə də tərbiyə sahəsindəki bütün pedaqoji məsələləri səmərəli şəkildə həll etmək imkanı verir. Kommunikativ funksiyanı həyata keçirmək üçün müəllim siniflə, ayrı-ayrı şagirdlərlə, müəllimlərlə, məktəb rəhbərləri ilə, valdeyinlərlə tez və asanlıqla işgüzar əlaqə yaratmağı bacarmalıdır.
Konstruktiv funksiyanı hər bir növ konstruktiv planlaşdırma funksiyası da adlandırmaq mümkündür. Bu funksiya məktəbdə tədris prosesini tədrisin mərhələləri, illər üzrə planlaşdırmağı və təşkil etməyi nəzərdə tutur. Başqa sözlə desək, konstruktiv funksiya bir növ müəllimin tədris etdiyi fənn və yerinə yetirdiyi tərbiyəçilik vəzifəsi ilə bağlı olaraq təlim-tərbiyə prosesini məqsədyönlü şəkildə layihyələşdirməsindən ibarətdir. Ən qısası isə, kommunikativ funksiyanın mahiyyətini müəllimin öz pedaqoji fəaliyyətini planlaşdırması və onun nəticələrinin proqnozlaşdırılması təşkil edir. Müəllim hər bir dərsi, hər bir tərbiyəvi işi planlaşdırmalıdır. Müəllim hətta sinifdənkənar işləri belə planlaşdırmağı bacarmalıdır.
Bu funksiyaların hər biri pedaqoji fəaliyyət üçün zəruri hesab edilir. Bunlarla yanaşı, spesifik funksiyalar da vardır ki, bu funksiyalarda tərbiyəedici istiqamət öz əksini tapır. Spesifik funksiyalara aşağıdakılar aid edilir:
informasiyaverici;
səfərbəredici;
bələdləşmə.
İnformasiyaverici funksiyanın əsasını təlim materialını dərindən bilmək, onu şagirdlərə çatdırmaq metodikasına yiyələnmək təşkil edir.
Səfərbəredici funksiyanın mahiyyətini şagirdlərin idrak fəaliyyətini fəallaşdırmaq, onların müstəqil və təşəbbüskar işini təşkil etmək, şagirdlərin təlimə marağını inkişaf etdirmək təşkil edir.
Bələdləşmə funksiyasının əsasını isə şagirdlərdə fəal həyat mövqeyi, sosial əhəmiyyətli davranış motivləri formalaşdırmaq təşkil edir.
Sadalanan bu funksiyalar pedaqoji fəaliyyətin müvəffəqiyyətinə əlverişli şərait yaradır və onlar bir-biri ilə sıx orqanik surətdə əlaqədardır. Müəllim hər hansı bir pedaqoji təsiri bu funksiyaların vəhdəti şəraitində həyata keçirə bilər.
Məsələn, əgər müəllim tədqiqatçılıq işinə lazımınca diqqət yetirmirsə, o hətta siniflə müsbət emosional qarşılıqlı münasibət yaratsa belə pedaqoji fəaliyyətdə nailiyyət əldə edə bilməz. Belə müəllimin istər dərs zamanı, istərsə də dərsdənkənar keçirdiyi tədbirlər tərbiyəvi və inkişaf planında səmərəli ola bilməz. Özünün təşkilatçılıq funksiyasını lazımınca həyata keçirməyən müəllim şagirdlər üzərində nəzarəti itirir, onların davranışını korreksiya edə bilmir, potensialını səfərbər edə bilmir.
Kommunikativ funksiyanı həyata keçirməyi zəruri hesab etməyən müəllim siniflə kontakt yarada bilmir. Sinif qrupunda mövcud olan şəxsiyyətlərarası münasibətləri öyrənməyən və nəzərə almayan müəllim sadəcə olaraq informasiya mənbəyinə, dərs verənə çevrilir. Belə müəllim şagirdlər arasında nüfuz qazana bilməz, bu isə şagird şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərir.
Pedaqoji fəaliyyətin bu və ya digər tərəfinin nəzərə alınmaması arzuolunmaz nəticələrə gətirib çıxarır, ona görə də hər bir pedaqoq bütün pedaqoji funksiyaları bir-biri ilə uzlaşdırmağı bacarmalıdır. O, sinif qrupunun inkişaf səviyyəsini və yaş xüsusiyyətlərini nəzərə alaraq öz işini qurmalıdır.
Pedaqoji tədqiqatlar göstərir ki, pedaqoq sinif kollektivinin sosial-psixoloji inkişaf səviyyəsi barədə ətraflı məlumata malik olmalıdır. Yüksək inkişaf səviyyəsinə malik olmayan sinifdə müəllim təşkilatçılıq işinə diqqəti artırmalı və kollektivdəki şəxsiyyətlərarası münasibətləri inkişaf etdirməlidir.
Kiçik məktəblilərin təlim-tərbiyə prosesinin səmərəli olması müəllimin kommunikativ fəaliyyətindən əhəmiyyətli dərəcədə asılı olur. Birinci sinfə dərs deyən müəllimlər kommunikativ fəaliyyətə xüsusi fikir verməlidirlər. Onların pedaqoji fəaliyyətinin qnostik, konstruktiv, hətta təşkilatçılıq komponentləri kommunikativ fəaliyyətə tabe olur.
Yeniyetmələrlə işləyən müəllimlər isə kiçik məktəblilərlə işləyənlərdən fərqli olaraq konstruktiv və təşkilatçılıq funksiyalarına daha çox diqqət yetirməlidirlər.
Yuxarı sinif şagirdləri ilə işləyən müəllimlər isə tədqiqatçılıq işinə daha çox yer verməlidirlər. Müəllimin öz fənnini dərindən bilməsi, gənc oğlan və qızları bu fənnə həvəsləndirməsi onların gələcəkdə peşə seçməsinə əhəmiyyətli təsir göstərir.
Ünsiyyət müəllimlə şagirdlərin birgə fəaliyyətinin əsas atributlarından hesab olunur. Belə ki, müəllim ünsiyyət prosesində şagirdlərə informasiya verir, təsir göstərir və onları başa düşür, anlayır. Ünsiyyət olmadan heç bir birgə fəaliyyət həyata keçirilə bilməz. Bu mənada pedaqoji fəaliyyətin müvəffəqiyyətlə həyata keçirilməsində pedaqoji ünsiyyətin rolu olduqca böyükdür. Pedaqoji ünsiyyət müəllimin şagirdlərlə təlim və tərbiyə prosesində kontakt yaratması, qarşılıqlı əlaqədə olması və onları anlaması prosesidir. Bu peşəyönümlü ünsiyyət tipidir. Bu cür ünsiyyət hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması üçün əlverişli şəraitin yaradılmasına yönəlir. Bu, eyni zamanda kollektivdəki sosial-psixoloji prosesləri idarə etməyə və əlverişli psixoloji iqlim yaratmağa imkan verir. Ona görə də hər bir müəllimin mahiyyəti, onun sosial-psixoloji mexanizmləri ilə dərindən tanış olması və şagirdlərlə birgə fəaliyyəti zamanı ondan lazımi şəkildə istifadə etməsi zəruridir.
Hazırda müəllimlərlə şagirdlər arasındakı qarşılıqlı təsir dörd əsas psixoloji prinsipə ayrılır:
1. Pedaqoji qarşılıqlı təsirin dialoqlaşdırılması, yeni dialoq səviyyəsində həyata keçirilməsi.
Ənənəvi monoloqlaşdırılmış, yəni monoloq səviyyəsində həyata keçirilən pedaqoji qarşılıqlı təsir zamanı müəllimlə şagird arasında həm şəxsiyyətlərarası qarşılıqlı münasibətlər planında, həm rollu sosial qarşılıqlı təsir planında, həm də informasiya mübadiləsi planında qarşılıqlı təsirdə bərabərhüquqluluq pozulur və müəllim dominant rolda çıxış edir. Belə ki, o, informasiya mənbəyi hesab edilir, müəllim şagirdlərə sual verir, şagirdlərin cavablarına nəzarət edir və onları qiymətləndirir. Bir sözlə, müəllim üçün heç bir məhdudiyyət yoxdur və o, ən böyük şəxsiyyətlərdir, şagirdlər üçün şəxsiyyət etalonudur. Monoloq səviyyəsində qurulan pedaqoji qarşılıqlı təsir prosesində müəllimdən şagird şəxsiyyətini qismən başa düşmək və qəbul etmək tələb olunur ki, bu da ona diktator mövqeyində çıxış etməyə imkan verir. Pedaqoji qarşılıqlı təsirin dialoqlaşdırılması isə müəllim qarşısında öz mövqeyini dəyişdirmək tələbi qoyur və o, şagirdlərlə bərabərhüquqlu mövqedə durur. Bu öz növbəsində onlar arasında əməkdaşlıq yaranmasına gətirib çıxarır. Bu gün müəllimlərlə şagirdlər arasında əməkdaşlığın yaranması, onun apardığı təlim-tərbiyə işini optimallaşdırmağa şərait yarada bilər.
2. Pedaqoji qarşılıqlı təsirin problemləşdirilməsi.
Ənənəvi problemsizləşdirilmiş pedaqoji qarşılıqlı təsir zamanı müəllim şagirdlərə müəyyən biliklər verir, sonuncu isə onları mənimsəyir, bir növ biliklər müəllimin beynindən şagirdlərin beyninə axır. Bu zaman şagirdlərin müstəqilliyi heçə endirilir və onlardan hazır biliklərə yiyələnmək tələb olunur. Tərbiyə işi də elə qurulur ki, şagirdlər yalnız müəllimin qoyduğu qaydalara əməl etməli olur. Deməli, müəllim tələb edən, şagird isə icra edən rolunda çıxış edir. Problemləşdirilmiş pedaqoji qarşılıqlı təsir zamanı isə təlim və tərbiyə prosesində müəllimin və şagirdlərin rolları və funksiyaları dəyişir. Müəllim şagirdin şəxsiyyətinin inkişafı üçün şərait yaradır, ona təlim işində müstəqillik verir, fəallığını stimullaşdırır, müstəqil əqli iş aparmaq imkanı verir.
3. Pedaqoji qarşılıqlı təsirin personallaşdırılmasır.
Qeyri-personallaşdırılmış pedaqoji qarşılıqlı təsir – rollar arasında mövcud olan qarşılıqlı təsirdir. Ənənəvi qeyri-personallaşdırılmış pedaqoji qarşılıqlı təsir zamanı müəllim tərbiyə edən rolunda, şagird isə tərbiyə olunan rolunda çıxış edir. Bu rolların çərçivəsinə uyğun gəlməyənlər rədd edilir, yəni hər iki tərəf rol gözləmələrindən kənara çıxa bilmir. Bu yolların üzərində bir tərəfdən ağır yük qoyur, digər tərəfdən isə şəxsiyyətyönümlü münasibətlər kənarda qalır, rollar arasında qarşılıqlı münasibətlər ön plana çəkilir. Rolların icraçılarının davranışı onların icra etdiyi rolların mövqeyi ilə determinasiya olunur. Pedaqoji qarşılıqlı təsirin personallaşdırılması isə vəziyyəti kökündən dəyişir, şəxsiyyətlər arasında azad qarşılıqlı münasibətlər ön plana çəkilir.
4. Pedaqoji qarşılıqlı təsirin fərdiləşdirilməsi.
Qeyri-fərdiləşdirilmiş pedaqoji qarşılıqlı təsir şagirdin fərdiliyinə yönəlmiş qarşılıqlı təsir deyildir. Bu şagirdin fərdiliyini, yəni onun maraqlarının və qabiliyyətlərinin özünəməxsusluğunu nəzərə almayan frontal qarşılıqlılıq təsiri ön plana çəkir. Fərdiləşdirilmiş pedaqoji qarşılıqlı təsir isə əksinə, bir şagirdin ümumi və xüsusi qabiliyyətlərini üzə çıxarmağa yönəlir, təlim və tərbiyə metodikasını seçərkən şagirdlərin fərdi, yaş xüsusiyyətlərini, qabiliyyətləri və meyilləri nəzərə alır.
Pedaqoji qarşılıqlı təsirin bütün psixoloji prinsipləri bir-biri ilə sıx əlaqədədir və pedaqoji qarşılıqlı təsirin humanistləşdirilməsinə xidmət edir. Təlim-tərbiyə işini səmərəli və günün tələblərinə uyğun qurmaq istəyən hər bir müəllimin bu prinsipləri nəzərə alması müəllimin yaradıcı potensialını reallaşdırmağa və şagirdlərin bütün potensiallarının açılmasına geniş imkanlar yaradır.
Tarix: 4-06-2020, 14:24