İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edib
Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım kompleksdə inşa olunan Füzuli rayon 4 saylı tam orta məktəbində yaradılan şəraitlə də tanış oldular.
Bildirildi ki, 960 yerlik məktəb binası zəruri tədris avadanlığı ilə təchiz edilib, şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli imkan yaradılıb.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni təhsil ocaqlarının inşası, mövcud məktəb binalarının müasir səviyyədə yenilənməsi baxımından çox mühüm layihələr icra olunub. Dövlət səviyyəsində bu istiqamətdə görülən işlərə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük töhfələr verib. Belə müasir məktəb binasının inşası bir daha göstərir ki, ölkədə təhsilin inkişafı istiqamətində atılan addımlardan doğma yurdlarından didərgin düşən soydaşlarımız da yüksək səviyyədə bəhrələnirlər.
Tarix: 29-05-2020, 09:11