ICESCO-ya üzv dövlətlərin Təhsil nazirlərinin videokonfransı keçiriləcək
ICESCO-nun təşəbbüsü ilə mayın 14-də təşkilata üzv ölkələrin Təhsil nazirlərinin növbədənkənar virtual konfransı keçiriləcək. AZƏRTAC xəbər verir ki, ICESCO-nun mətbuat üçün açıqlamasında tədbirdə Azərbaycan, Səudiyyə Ərəbistanı, Misir, Malayziya, Çad, Fələstin, Seneqal, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Burkina-Fasodan nazirlərin, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Əhməd Əl Osaymin, İslam İnkişaf Bankının sədri Bəndər Həccar və UNESCO Baş direktorunun köməkçisi Stefania Giannininin iştirak edəcəyi bildirilir.
Dörd sessiyadan ibarət konfransın gündəliyinə süni intellektin təhsil sistemində rolu, koronavirus pandemiyası şəraitində nazirliklər və təhsil müəssisələrinin fəaliyyəti, məktəblərdə və universitetlərdə görülən tədbirlər kimi məsələlər daxil edilib. Dördüncü sessiyada ICESCO-nun təşəbbüsü ilə yaradılan “Mükəmməl humanitar koalisiya” çərçivəsində Azərbaycan və Seneqalın Təhsil nazirləri çıxış edəcəklər.
Konfransın sonunda müzakirə olunan məsələlərə dair yekun Bəyannamə qəbul ediləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Tarix: 13-05-2020, 22:30