Ümummilli liderin anadan olmasının 97-ci ildönümü ilə bağlı onlayn "dəyirmi masa"lar
5-9 may tarixlərində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin pedaqoji heyəti tərəfindən dərnək üzvləri üçün ümummilli liderin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn "dəyirmi masa"lar təşkil edilib.
"Dəyirmi masa"ların keçirilməsində əsas məqsəd ulu öndərin zəngin siyasi irsi, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsini daha da gücləndirmək, onlarda vətənə, dövlətə məhəbbət hissini aşılamaqdan ibarətdir.
Mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq onlayn formada keçirilən dəyirmi masalarda Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərindən müxtəlif dərnəklər üzrə ümumilikdə 3000-dən çox dərnək üzvü, 350-ə yaxın pedaqoji heyət iştirak edib.
Fəaliyyət çərçivəsində şagirdlərə ulu öndərin həyat və fəaliyyəti, onun yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar, xalqın sosial rifahının yaxşılaşması, ölkəmizin dünyada yerinin və rolunun möhkəmlənməsi barədə geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, onlayn "dəyirmi masa"larla yanaşı şagirdlər tərəfindən ulu öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxlar hazırlanıb, bədii qiraət dərnəklərində şeirlər söylənilib və rəsmlər çəkilib.
Tarix: 10-05-2020, 18:05