Təhsil müəssisələrində silsilə tədbirlər
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər, mühazirə, konfrans, seminar və “dəyirmi masa”lar keçirilib.
Tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.
Anım tədbirlərində ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin zəngin həyat və fəaliyyəti, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirib, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun təhsil strategiyasının reallaşdırılması məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirib.
Ulu öndərin irsinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb, müdrik rəhbərin siyasi xəttinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi şagirdlərin diqqətinə bir daha çatdırılıb.
“Sən əlçatmaz zirvəsən”, “Mən azərbaycanlıyam!” “Dahi rəhbər”, “Azərbaycan xalqının ən böyük sərvəti”, “Dahilər heç vaxt unudulmur”, “Şəxsiyyətin zirvəsi”, “Azərbaycan səninlədir, sənsiz deyil”, “Qəlblərdə yaşayan lider” və digər tədbirlərdə şagirdlər Azərbaycan dövlətinin qurucusu və memarına həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar göstərib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndiriblər.
Tədbirlərdə ulu öndərin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx və filmlər nümayiş olunub. Həmçinin, təhsil müəssisələrində fotostendlər, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.
Bəzi paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabana ziyarətləri də təşkil olunub.
Tarix: 6-06-2017, 11:03