“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika fənninin onlayn tədrisi davam edir
Hazırda 35 min şagird "Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika fənni üzrə onlayn dərslərə cəlb olunub.
Onlayn dərslər siniflərdən asılı olaraq həftədə 2-4 dəfə keçirilir. Statistik göstəricilərə əsasən, hər dərs üzrə orta müvəffəqiyyət nisbəti 68 faizə bərabərdir.
Şagirdlərin dərs materiallarını yaxşı mənimsəmələri üçün platformada hər mövzu üzrə nəzəri məlumatların qeyd olunduğu təlimat və layihə metodisti tərəfindən dərsin ətraflı video izahı yerləşdirilir. Şagirdlər təlimat və video dərslərlə tanış olduqdan sonra mövzu üzrə yerləşdirilən praktiki tapşırıqları yerinə yetirirlər.
Bununla yanaşı, layihə çərçivəsində müəllimlər üçün də 3-4 saat davam edən vebinarlar təşkil olunur. 1200 müəllimin iştirakı üçün ümumilikdə 25 vebinarın təşkili nəzərdə tutulub ki, bunlardan 13-ü artıq keçirilib. Vebinarlarda müəllimlər şagirdlər üçün keyfiyyətli onlayn dərslərin təşkili ilə bağlı biliklərə yiyələnirlər. Daha sonra müəllimlər müvafiq test tapşırıqları ilə yiyələndikləri bilikləri yoxlayırlar.
Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2019-2020-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı və Mingəçevir şəhərləri üzrə 123 məktəbi əhatə edir. Hazırda layihə çərçivəsində 70 mindən çox şagird informatika fənnini yeni formatda öyrənməkdədir.
2017-2018-ci tədris ilində tətbiqinə başlanılan layihə şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə əsaslı öyrənmə bacarıqlarının inkişafı və proqramlaşdırma əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsinə, onların gələcəkdə informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə, rəqabətqabiliyyətli və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaradır.
Tarix: 17-04-2020, 15:02