Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan dili dərslərində layihələr üzrə işin təşkili

  
Elnur Əliyev,
Salyan rayonu, 
Yenikənd kənd tam orta məktəbin müəllimi

Layihələrin hazırlanması müxtəlif mövzuların müstəqil şəkildə tədqiq edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən əvvəl uzun müddət onun üzərində işləyirlər. Layihələr şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqil yiyələnmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır, onlara müstəqil şəkildə öz fəaliyyət proqramlarını qurmağa, habelə öz vaxtını və işini qrafik üzrə planlaşdırmağa kömək edir. Bu üsul, həmçinin şa­girdlərin bir-biri ilə, eləcə də məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün şərait yaradır, hadisələrin hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir, əlavə ədəbiyyatdan istifadə etməyə istiqamətləndirir.
Layihələr hazırlayarkən müəllim mövzu və ya problemləri müəyyən edir və sinfə bunlardan birini seçmək imkanı verir. Mövzu, yaxud problem, həmçinin sinif tərəfindən “əqli hücum” üsulu ilə seçilə bilər.
 Mövzu və ya problem konkret olmalıdır. Müəllim və şa­girdlər birlikdə layihə üzərində işin başlama və başa çatma müddətini, istifadə olunacaq əyani vasitələri (ədəbiyyatlar, mənbələr, təsviri vasitələr və s.), bunları əldə etmək yollarını, iş formalarını (fərdi, yoxsa qrup şəklində) müəyyən edirlər.
İş prosesində müəllim suallara cavab verə, yaxud yol gös­tərə bilər. İşin icrasına isə şagirdlər özləri cavabdehdirlər.
 Tədqiqatın nəticəsi hesabat, xəritə, illüstrasiya, fotoşəkillər, cədvəllər, qrafiklər formasında ifadə oluna bilər.
 Azərbaycan dili dərslərində müvafiq mövzu üzrə evdə işləmək üçün şagirdlərə layihə tapşırıqlarının verilməsi tövsiyə olunur. Bu layihələr yazılı (tədqiqat əsəri) və ya şifahi (məruzə) şəklində təqdim oluna bilər. Birinci halda bu tapşırıq “3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır”, ikinci halda “1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir” standartına xidmət edir.
Məruzə layihə hazırlamağın növlərindən biri kimi araşdırma və danışma bacarığını inkişaf etdirən üsuldur.
Hər bölmənin sonunda şa­girdlərə həmin bölmənin möv­zusu ilə bağlı məruzə ha­zırlamağı tapşırmaq olar. Müəllim bölmənin mövzusunu problemlərə bölüb hər problemlə bağlı bir məruzə hazırlamağı tapşıra bilər. Məruzənin hazırlanmasında müəllim və valideyn köməyi vacibdir. Məruzə qruplar tərəfindən, yaxud fərdi şəkildə hazırlana bilər.
Şagirdlərin məktəbdən sonra qrup şəklində işləmələri onlarda əməkdaşlıq, kollektiv layihə üzərində iş, vəzifə bölgüsü və digər sosial bacarıqların formalaşması üçün çox əhəmiyyətlidir. Kollektiv ev layihələri, həmçinin müxtəlif nitq bacarıq­larının inkişafında, əsas məzmun standartlarının reallaşdırılmasında böyük rol oynayır.
Layihə təlim üsuludur və adətən, uzunmüddətli olur. Bu üsul hər hansı bir mövzunun şagird tərəfindən müstəqil araşdırılmasına imkan verir. Təlim nəticəsinə xidmət edən mövzu müəllim tərəfindən müəyyən edilir. Mövzunun başlanması, bitmə müddəti, forması, əyani vasitələr müəllim və şagirdlər tərəfindən birgə seçilir. Şagirdlər işin icrası üçün məsuliyyət daşıyırlar.
Layihənin verilməsində əsas məqsəd şagirdlərin öz nailiyyət və fəaliyyətlərinə özlərinin müstəqil şəkildə cavabdehlik daşımasına imkan yaratmaqdır.
Layihələr şagirdə öz vaxtını və işini düzgün planlaşdırmağa, müəllimin rəhbərliyi altında təlim prosesini idarə etməyə kömək edir, şagirdləri bir-biri ilə, o cümlədən fərqli insanlarla qarşılıqlı əlaqə saxlamağa imkan yaradır, əlavə ədəbiyyatdan istifadə etməyi öyrədir, onlara tədqiqatçılq bacarığı, yaradıcılıq vərdişləri aşılayır.
Qiymətləndirmə əvvəlcədən müəyyənləşdirilmiş meyarlar üzrə aparılmalıdır.
Yuxarı siniflərdə şagirdlərə iki layihə təqdim olunur:
1) Kompleks lüğət hazırlamaq;
2) Qəzet hazırlamaq.
Şagirdlərin arzu və istəklərinə, xüsusən də bacarıqlarına əsasən sinfi qruplara bölüb, hər qrupa bir layihəni tapşırmaq daha məqsədəuyğundur.
Hər bölmədə təqdim edilən sözlər onların leksik və qrammatik mənalarının, vurğularının düzgün tələffüzünün müəyyənləşdirilməsi son səhifədə nümunə kimi təqdim olunan kompleks lüğətin yaranmasına səbəb olacaq.
Yuxarı siniflərdə şagirdlərə qəzet maketi hazırlamaq üçün layihə işi sxem şəklində təqdim edilmişdir. Layihənin məqsədi, forması, şagirdlərin görəcəyi işlər dərsliklərdə verilmişdir. Bu layihə rus bölməsi üçün hazırlanmış Azərbaycan dili tədris vəsaitlərində də vardır. Yaxşı olar ki (əgər müəllimlər uyğun bilərlərsə), bu layihə hər iki bölmənin iştirakı ilə (əgər məktəbdə hər iki bölmə mövcuddursa) hazırlansın və məktəbin mətbu orqanı hesab edilsin.
Şagirdlər informatika dərslərində Microsoft Office proqramlarından istifadə qaydalarına yiyələndikləri üçün layihəni hazırlamaq onlara çətinlik törətməyəcək.
Əgər məktəbin İKT ilə təminatı yoxdursa, şərait buna imkan vermirsə, müəllim bunu adi vatman kağızlarından istifadə etməklə də həyata keçirə bilər. Bu layihə üzərində şa­girdləri çalışdırmaqla müəllim onlarda qruplarda komanda şəklində işləmək, toplamaq, sis­temləşdirmək, yazıları düzəltmək, ədəbi dilin normalarına uyğun yazı yazmaq, sual tərtib etmək, şəkil çəkmək, onu başqalarına rəy üçün təqdim etmək, fərqli fikirlərə, tənqidə dözümlülük kimi bacarıqlar formalaşdıra biləcəkdir.
Yuxarı sinif dərsliklərində bir neçə yerdə qəzet və ya jurnal materialı üzərində iş aparmaq üçün tapşırıqlar verilmişdir. Bu tapşırıqları icra edən şagird istər-istəməz Azərbaycan mətbuatı ilə tanış olacaq, mütaliə edəcək, müsbət və mənfi tərəfləri müəyyən edəcək, münasibət bildirəcək, əgər lazımdırsa, yazıya düzəliş edəcək və fikrini əsas­landıracaq. Bu tipli tapşırıqları mərhələli şəkildə icra edən şa­gird, təbii ki, mükəmməl yazı vərdişlərinə yiyələnəcəkdir.
 Müəllim şagirdlər tərəfindən qəzetdə yerləşdiriləcək mətnlərin daha çox məktəblə, təhsillə, şagirdlərin peşə seçimi ilə bağlı olmasına çalışmalıdır. Toplanılan materiallar təkcə Azərbaycan dili dərslərində öyrəndikləri ilə yekunlaşmamalıdır. Digər fənlərin tədrisi zamanı öyrəndikləri maraqlı fakt və hadisələrin maketdə öz əksini tapması fənlərarası əlaqələrin yaranması üçün imkan yaradar.
İl ərzində yazılan məqalələr, şərhlər, müsahibələr və s. şa­girdlər tərəfindən qəzetin müvafiq səhifəsində yerləşdirilir.
Layihələrin hazırlanmasında məqsəd şagirdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirməkdir.


Tarix: 14-01-2020, 20:08

Xəbəri paylaş