Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Müasir tipli idarəetməni şərtləndirən başlıca xüsusiyyətlər

Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsi-dir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Heydər ƏLİYEV

Məlumdur ki, ümumtəhsil məktəbinin qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi məktəbin idarəolunması, ona rəhbərlik edilməsi səviy­yəsindən əhəmiyyətli dərəcədə asılıdır. İdarəetmə sosial mənada, müəyyən obyektə təşkilati, planlı və sistemli şəkildə təsir etmək kimi anlaşılır. Bu təsir müəssisənin fəaliyyətinin keyfiyyət xüsusiyyətlərinin nizama salınması və qorumnası, gələcək inkişafı və təkmilləşdirilməsini təmin edir.

Ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1999-cu ildə təsdiq edilən "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın tətbiqinə başlanmasından keçən illər ərzində Dünya Bankının dəstəyi ilə ümumi təhsilin məzmununun yeniləşdirilməsi, tədris-maddi bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, idarəolunmasının təkmilləşdirilməsi, İKT ilə təmin edilməsi və s. sahələrdə xeyli iş görülmüşdür. Bu müddət ərzində Azərbaycan hökuməti tərəfindən 1999-cu ildə ümumi orta təhsilin dövlət standartları, 2006-cı ildə ümumi təhsilin Konsepsiyası (kurikulumu), 2009-cu ildə ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası  təsdiq edilmişdir. Ölkəmizdə 2005-2006-cı dərs ilindən ümumi orta təhsil üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılır və s.
Bütün bu məsələlərin həyata keçirilməsi prosesi məktəbdə gedir. Bu mürəkkəb prosesi idarə etmək - planlaşdırmaq, əlaqələndirmək, lazımi məcraya istiqamətləndirmək, xalqın, cəmiyyətin, dövlətin tələbinə uyğun ona rəhbərlik və nəzarət etmək yüksək peşəkarlıq tələb edir.
Məktəbin rəhbərliyi nəyi idarə edir?
1) Təlim-tərbiyə prosesinin təşkili və aparılmasını (icbari təhsilin yerinə yetirilməsi; siniflərin komplektləşdirilməsi, vaxtında IX sinfə çatdırılma, bütün fənlər üzrə ixtisaslı müəllimlərlə təmin olunma, fənlərin tədrisi vəziyyəti və şagirdlərin bilik, bacarıq və vərdişlərinin keyfiyyəti, metodbirləşmələrin işi, tədris proqramlarının yerinə yetirilməsi, fakültativ məşğələlərin təşkili və keçirilməsi, peşəyönümü işinin təşkili, sinifdənxaric və məktəbdənkənar tədbirlər, məktəb sənədləri, qərar, sərəncam, əmr və s. icrasını);
2) Tədris-maddi bazanı və maliyyə-təsər­rüfat fəaliyyətini (məktəbin binası, otaqları, qurğuları, maşınlar, inventar-avadanlığı, kommunikasiyalar, kitabxanası, tərtibatı, məktəb muzeyləri, ərazisi və orada olan idman - sağlamlıq qurğuları, coğrafiya meydançası, laboratoriya və fənn kabinetləri, atıcılıq tiri, yanğına qarşı su hovuzu, smetaya əsasən ayrılmış vəsaitin səmərəli xərclənməsi, dərs böl­güsünün obyektiv aparılması, statistik he­sabatların hazırlanması və s.
İşin təşkili və məzmunu nöqteyi-nəzərindən bu bölmələrin hər biri spesifik xüsusiyyətlərə malikdir. Bölmələrdə qeyd edilən hər bir məsələ geniş bir sahəni əhatə edir.
Müasir şəraitdə təlim-tərbiyə məsələlərinin kompleks həllində məktəbin idarəolunmasının, ona rəhbərliyin rolu durmadan artır. İdarəetmə ilə müqayisədə "rəhbərlik" anlayışı daha geniş məna kəsb edir, çünki rəhbərlik idarəetmənin bütün həlqələri üzrə əsas istiqamətləri və başlıca məsələləri müəyyənləşdirir.
Azərbaycan Respublikasının Konstitusiyası, Təhsil Qanunu, təhsillə bağlı dövlət başçısının fərman və sərəncamları, Milli Məclisin qərarları, Azərbaycan hökumətinin qərar və sərən­camları ilə ifadə edilən - qanunvericilik sistemi məktəbə rəhbərlik və onun idarəedilməsinin əsasını təşkil edir.
Ümumtəhsil məktəbi gənc nəslin təlim-tərbiyəsini həyata keçirən müəssisə, daim dinamik inkişaf edən, uşaqlardan və yaşlılardan ibarət kollektivdir. Ölkəmizdə məktəbin idarə olunması dövlətin, cəmiyyətin idarə edilməsi prinsipləri əsasında həyata keçirilir. Çünki məktəb cəmiyyətin özəyidir.
İdarəetmə və rəhbərlik nədir? Bu anlayışlar bir-birindən nə ilə fərqlənir?
Əslində "idarəetmə" anlayışı optimal nəticə əldə etmək məqsədilə məktəb işlərini mütəşəkkil, planlı, müntəzəm təşkil və təmin etmək, məktəb daxilində baş verən münasibətləri, mürəkkəb psixoloji, pedaqoji və metodik prosesləri şüurlu surətdə tənzimləməkdir.
İdarəetmə ilə əlaqədar işlər bir neçə mərhələdən ibarət olur.
Müasir şəraitdə hər bir iş məqsəddən başlandığı kimi, idarəetmə də həmişə elmi cəhətdən əsaslandırılmıış məqsədin irəli sürülməsindən başlanır. Sonra vəziyyət öyrənilir və müvafiq məlumat əldə edilir. Həmin məlumat əsasında görüləcək işin proqramı tutulur. Bu proqram üzrə işin təşkili təmin olunur. Daha sonra, işin gedişi nəzarətdə saxlanılır, yeri gəldikcə stimullaşdırılır, təshih işi aparılır, pedaqoji təsir edilir, əks əlaqələr yaradılır və s. Nəhayət, işin sonunda əldə edilən məlumat ümumi-ləşdirilir, təhlil edilib qiymətləndirilir və gələcək fəaliyyət üçün müvafiq nəticələr çıxarılır. Əlbəttə, bütün bu mərhələlərdə idarə edən tərəf - yəni rəhbərlik aparıcı qüvvə kimi çıxış edir.
"Rəhbərlik" daha geniş anlayışdır. Bu, məktəbi idarəetmənin əsas xətlərini, başlıca vəzifələrini müəyyən etmək, işə istiqamət vermək, başcılıq etmək deməkdir. Buradan aydın olur ki, rəhbər - idarəetməni həyata keçirən şəxsdir. Başqa sözlə, əmr etmək, qərar qəbul etmək, sərəncam vermək səlahiyyəti verilən şəxsdir. İdarəetmənin obyektivliyi rəhbərdən çox asılıdır. Məktəbin özünüidarəsinin ali orqanı məktəbin ümumi yığıncağı - konfransdır. Konfranslar arasında ali ictimai özünüidarə orqanı məktəb şurasıdır. Təlim-tərbiyə prosesini inkişaf etdirmək və təkmilləşdirmək, müəllimlərin və tərbiyəçilərin peşə ustalığını, yaradıcılıq meyilini yüksəltmək məqsədilə məktəbdə pedaqoji şura yaradılır. Məktəbə direktor başçılıq edir. Məktəb həyatının əsas məsələləri demokratik prinsiplər əsasında kollegial orqanlarda - məktəb və pedaqoji şuralarda həll edilir. İdarəedici tərəf - rəhbər və kollegial orqan nə qədər çevik, səriştəli və peşəkar fəaliyyət göstərərsə, məktəbin idarəetmə işləri də bir o qədər müvəffəqiyyətlə gedər.
Məktəb rəhbərinin işi kollegial orqan olan məktəb və pedaqoji  şuraların işi ilə vəhdət təşkil  edir. Məktəbdə başqa kollegial qurumlar da fəaliyyət göstərir. Bu kollegial qurumlar müvafiq əsasnamələrə uyğun fəaliyyət göstərirlər. Məsələn, metodbirləşmələr, valideyn komitəsi, valideyn-müəllim assosiasiyası,  həmkarlar təşkilatı, şagird birliyi təşkilatı, digər növ şagird özünüidarə orqanları və s.
Hətta, bəzi hallarda kollegial orqan kimi direktoryanı müşavirə də fəaliyyət göstərə bilər. Bütün bu kollegial orqanlar demokratik idarəetmənin ümumi strukturunun komponentləridir. Məktəb işinin keyfiyyətini yüksəltməklə  bağlı məsələlərin həllində onların hər biri öz imkanı və səlahiyyəti dairəsində fəaliyyət gös­tərir.
İdarəetmə və rəhbərlikdə demokratik iş üslubu təhsil şuralarının - ictimai özünüidarə orqanlarına, şagirdlərin fəaliyyətinin və özfəaliyyətinin hər vasitə ilə inkişaf etdirilərək maksimum dərəcədə özünütəşkilinə və özünüidarəsinə keçməsində, kollegial orqanların əməkdaşlığında, məktəb şuralarının tərkibinə müxtəlif kateqoriyalardan olan nümayəndələrin seçilməsində, onların hər birinin rəyinə hörmətlə yanaşılması əsasında həyata keçirilir.
Müasir dövrdə demokratikləşdirmə əvvəlki dövrlərdə hakim olan inzibati-amirlik üsullarını rədd edir, idarəetmə və rəhbərliyi əməkdaşlıq üzərində qərarlaşdırır, məktəbi uşaqlar üçün sevinc məktəbinə və sözün əsl mənasında, tərbiyə ocağına çevirir. Əlbəttə bu, məktəb rəhbərlərinin məsuliyyətini əsla azaltmır. Bu adamların hər biri idarəetmə və rəhbərlik baxımından öhdələrinə düşən rolu yüksək səviyyədə yerinə yetirməyə borcludur. Həmin rol, vəzifə və hüquqlar orta ümumtəhsil məktəbini nümunəvi Əsasnaməsində və digər normativ sənədlərdə konkret şəkildə əks etdirilmişdir. Məsələn, direktor pedaqoji kadrların düzgün seçilib yerləşdirilməsini təmin etməli, onların öz ixtisaslarını artırmaq, elmi-nəzəri, təcrübi, mənəvi və mədəni səviyyələrini yüksəltmələri üçün əlverişli şərait yaratmalı, şagirdlərin intizamına, təlim-tərbiyə işlərinin keyfiyyətinə, məktəbdəki şagird özünüidarə orqanlarının və valideyn komitəsinin, valideyn-müəllim assosiasiyasının tədbirlərinə, sinifdənxaric və məktəbdənkənar işlərin məzmun və təşkilinə nəzarəti həyata keçirməli, məktəbin təmiri, maddi-texniki bazasının zənginləşdirilməsi, ayrılmış maliyyə vəsaitinin düzgün xərclənməsi və sair bu kimi mühüm işlərin qayğısına qalmalıdır.
İdarəetmənin və rəhbərliyin prinsiplərindən biri də aşkarlıq və obyektivlikdir. Aşkarlıq və obyektivlik demokratiyanın təzahür formasıdır. Aşkarlıq - hər şeyin hamı üçün aydın olması deməkdir. Təcrübə göstərir ki, məxfilik işdəki qüsurların daha da dərinləşməsinə səbəb olur və ictimai bəlaya çevrilir. Aşkarlıq və ob­yektivlik olmayan yerdə təlim-tərbiyə işlərinin vəziyyətini düzgün müəyyənləşdirmək, pedaqoji kollektivin, yaxud ayrı-ayrı müəllimlərin və ya tərbiyəçilərin fəaliyyətini lazımi şəkildə qiymətləndirmək, işdə müvəffəqiyyətə nail olmaq mümkün deyildir. Bu prinsip nəzarət üçün xüsusilə vacibdir. Nəzarətdə aşkarlıq və obyektivlik fakt və hadisələri dərindən və elmi surətdə təhlil etməyi, prinsipial olmağı, subyektivliyə yol verməməyi, ədalətli mövqe tutmağı tələb edir.
Məktəb rəhbərinin davranışı, iş yoldaşlarına və başqa adamlara münasibəti də obyektivlik və prinsipiallığı ilə fərqlənməlidir. Bütün cəhətlərdən onun şəxsiyyəti insanlara müs­bət mənada tərbiyələndirici təsir göstərməlidir.
Ən vacib prinsiplər sırasında elmilik mühüm yer tutur, ümumiyyətlə, yaxşı idarəetmə və rəhbərlik üçün peşəkarlıq, səriştəlilik, təcrübə, işgüzarlıq, dərin bilik və bunların vəhdəti çox vacibdir. Bu vəhdət isə pedaqogika, psixologiya və sosiologiya elmlərinin nailiyyətlərinə yiyələndikdə və onları təcrübədə tətbiq etdikdə yaranır. Bu keyfiyyətlər məktəb rəhbərləri, xüsusilə direktor üçün səciyyəvi olmalıdır. Məktəb rəhbərləri geniş dünyagörüşünə, zəngin məlumata, yeni üsullar axtarmaq, tapmaq, işdə tətbiq etmək qabiliyyətinə malik olmalı, mürəkkəb təşkilati və pedaqoji məsələləri yaradıcılıqla və operativ surətdə həll etməyi bacarmalıdırlar.
Elmi idarəetmə - cəmiyyətin inkişaf qanunauyğunluqlarını, mütərəqqi meyillərini dərk etmək və üzə çıxarmaq, obyektiv imkanları nəzərə almaqla mütərəqqi meyillərə müvafiq onu istiqamətləndirməkdir.
Əgər məktəbin direktoru ümumən idarəetmənin, xüsusilə məktəb kollektivinə rəhbərliyin elmi-nəzəri və praktik əsaslarını bilirsə o, işini elmi nailiyyətlərə və qabaqcıl təcrübəyə əsaslanaraq dəqiq qurur, idarəetmə metodlarını ağılla tətbiq edirsə, onda pedaqoji kollektivlə rəhbərlik arasında qarşılıqlı anlaşma yaranır, müəllimlərin əməyi səmərəli təşkil olunur, onların elmi-nəzəri səviyyəsi  və peşəkarlığı yüksəlir.
İdarəetmə işinə elmi yanaşma mövcud vəziyyəti obyektiv qiymətləndirməyi təmin edir, məktəb kollektivinin fəaliyyətinə təkanverici təsir etməyə imkan yaradır.
İdarəetmə və rəhbərliyin prinsiplərindən biri də planlaşdırma və nəzarətdir.
Planlaşdırma idarəetmənin mərkəzi həlqəsidir. İdarəetmə sistemində planlaşdırmanın mühüm rol oynadığı sübuta ehtiyacı olmayan bir həqiqətdir. Hər bir iş planlaşdırmadan başlanır. Plan ölçüdür, meyardır, mayakdır, kompasdır. Planlaşdırma — şagirdlərin təlim- tərbiyəsini daha da yaxşılaşdırmaq üçün nəzərdə tutulan kompleks tədbirlərin müəyyənləşdirilməsi və sistemləşdirilməsidir.
Nəzarət isə idarəetmənin əsas tərkib hissələrindəndir. O, öz ifadəsini qəbul edilmiş qanunların, qərarların, sərəncamların, əsasnamələrin, qaydaların, təlimatların, əmrlərin və s. icrasının tələbə uyğunluğunu yoxlamaq deməkdir.
Məktəb rəhbərləri, ilk növbədə, direktor əvvəlcədən ciddi götür-qoy edib planlaşdırdığı və icra üçün kiməsə, yaxud kimlərəsə tapşırdığı işin, qərarın, əmrin, sərəncamın və s. necə yerinə yetirildiyini, mövcud tələblərə uyğun görülüb-görülmədiyini müntəzəm surətdə müşahidə etməli, müvəffəqiyyət və nöqsanları vaxtında aşkara çıxarmalı, müvəffəqiyyətləri möhkəmlətmək, nöqsanları isə aradan qaldırmaq üçün tədbirlər müəyyənləşdirməlidir.
Müasir şəraitdə pedaqoji rəhbərlik və idarəetmədə məktəbdaxili nəzarət mühüm yer tutduğundan, həm də o, çoxsahəli və mürəkkəb iş olduğundan bu işin məqsədini, məzmununu, forma və metodlarını dəqiq müəyyənləşdirmək, yaxşı dərk etmək lazım gəlir.
Məktəbdaxili nəzarətin məqsədi - direktiv və normativ-hüquqi sənədlərdə irəli sürülən, məktəbin qarşısında qoyulan vəzifələrin icrasını maksimum təmin etməkdən ibarətdir. Nəzarətin qarşısında həmçinin pedaqoji prosesin yaxşılaşdırılmasına nail olmaq, təcrübəsiz müəllimlərə kömək göstərmək, işin vəziy­yətini ətraflı öyrənməklə vaxtında təshih etmək kimi məqsədlər durur. Bu məqsədlərə əməl edildikdə işdəki səhvlərin qarşısını vaxtında almaq, təlim-tərbiyənin səmərəsini artırmaq daha asan mümkün olur.
Məktəbdaxili nəzarətdə fəaliyyət göstərən ümumi formalara aşağıdakılar daxil ola bilər:
a) tematik (məsələn, məktəb işinin bu və ya digər sahəsinin müəyyən mövzu çərçivəsində müşahidə edilməsi, yoxlanılması, öyrənilməsi);
b) frontal (məsələn, məktəb işinin bütöv bir sahəsinin öyrənilməsi, yaxud eyni vaxtda sinif şagirdlərinin hamısının təlim-tərbiyə fəaliy­yətinin nəzarətdə saxlanması və s.);
c) kompleks (misal üçün məktəbin, yaxud bütöv bir pedaqoji kollektivin fəaliyyətinin hərtərəfli yoxlanması);
d) qrup halında nəzarət formaları daxildir (məsələn, məktəbdə eyni fəndən dərs deyən müəllimlərin dərslərinin yoxlanılması, yaxud bir qrup şagirdin bilik və tərbiyəlilik səviy­yəsinin nə dərəcədə olmasını müəyyənləşdirmək və s.).
Xüsusi formalara isə aşağıdakıları daxil etmək olar:
a) fərdi nəzarət (məsələn, tək bir müəllimin fəaliyyətinin öyrənilməsi),
b) icmal nəzarət (təlimin metodlarını təkmilləşdirmək sahəsində kollektivin gördüyü işlərə dair müəyyən təsəvvür əldə etmək məqsədilə aparılan yoxlama, yaxud rüblərin, dərs ilinin sonunda yekun xarakteri daşıyan yox­lamalar və s.);
c) izləyici nəzarət (misal üçün, bir neçə müəllimin bu və ya digər sahədəki fəaliyyətini uzun müddət ərzində müəyyən ardıcıllıqla müşahidə edib öyrənmək);
d) müqayisəli nəzarət (məsələn, bir sinfin təlim müvəffəqiyyətini başqa bir paralel sinfin təlim müvəffəqiyyəti ilə müqayisəli şəkildə öyrənmək);
e) ümumiləşdirici nəzarət (məsələn, hər hansı sinif çərçivəsində müəyyən sahə üzrə aparılan bir neçə günlük yoxlamanın nəticəsinin ümumiləşdirilməsini).
Məktəbdaxili nəzarətin spesifik formaları da vardır. Bunlar məktəbdaxili nəzarətin strukturuna daxil olan sahələrin özləri qədər müxtəlifdir. Belə ki, spesifik nəzarət formaları hər sahənin ancaq özünəməxsus olan, ancaq onun üçün  səciyyəvi olan yoxlamalardır. Dərsin müşahidəsi, sinif rəhbərinin tərbiyəvi işinin, dərs cədvəlinin tərtibinin pedaqoji tələblərə uyğunluğunun yoxlanması, məktəbin təsərrüfat fəaliyyətinə nəzarət və sair belə yoxlamalar spesifik yoxlamalardır.
Ümumiyyətlə nəzarət məktəbin rəhbər işçiləri tərəfindən nəzakətlə və xeyirxahlıqla aparılmalıdır. Həmin prosesdə müşahidə, müsahibə, anket sorğusu, test tətbiqi, müvafiq sənədlərin öyrənilməsi və s. (şifahi, yazılı, qrafik və sair növləri ilə) metodlardan geniş istifadə olunur. Məktəb rəhbərləri müəllimlərin, sinif rəhbərlərinin və şagirdlərin fəaliyyəti üzərində müntəzəm surətdə müşahidə aparmaqla, müxtəlif növ yoxlama işləri keçirməklə, təhlil və ümumiləşdirmələr aparmaqla dərslərdə və tərbiyəvi tədbirlərdə vaxtaşırı iştirak etməklə, məktəb sənədlərini (şagirdlərin şəxsi işləri, sinif jurnalları və s.) öyrənməklə, sinif rəhbərlərinin, şagird özünüidarə təşkilatlarının plan və hesabatları ilə əyani surətdə tanış olmaqla, pedaqoji və şagird kollektivinin üzvləri arasında sorğu aparmaqla və digər növ nəzarət metodlarından yerli-yerində istifadə etməklə müvafiq sahələrdə olan çatışmazlıqların qarşısını vaxtında almalıdırlar. Eyni zamanda onlar perspektivdə görüləsi işlərin məzmununu, xarakterini, həcmini, icra vaxtını müəyyənləşdirməli, həmin məsələlər üzrə dəqiq tövsiyələrini verməlidirlər. Lazım gəldikdə nəzarətin nəticələri ya məktəb şurasında, ya pedaqoji şurada, ya da fənn metodbirləşmələrində və s. müzakirə edilməli, müəllim, şagird və valideynlərə çatdırılmalıdır.
Məktəbin qarşısında qoyulmuş məsələlərin həllini operativ surətdə həyata keçirmək üçün onun idarəolunmasını optimallaşdırmaq lazımdır. Optimallaşdırmanın mahiyyəti - vaxt, qüvvə və vəsaitin səmərəli sərf ediməsi ilə yüksək nəticələrə nail olmaqdan ibarətdir.
Məktəbi idarəetmə o zaman optimal sayılır ki, qarşıya qoyulmuş vəzifələr nəzərdə tutulmuş müddətdə yüksək keyfiyyətlə yerinə yetirilmiş olsun. Bundan ötrü ən azı aşağıdakı şərtlərə əməl edilməlidir:
- kadrlarla təminatda müəyyən edilmiş qaydalara əməl olunmalıdır. Hər şeyi kadrlar həll etdiyindən məktəbdə səriştəli, işgüzar, stabil müəllim və tərbiyəçilər kollektivi olmalıdır. Eyni zamanda hər bir müəllim, tərbiyəçinin müvafiq normativ-hüquqi sənədlərdə müəy­yənləşdirilmiş müddətlərdə ixtisasartırma kurslarına göndərilməsi və vaxtaşırı attestasiyadan keçirilməsi, qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yaradıcılıqla tətbiqi təmin olunmalıdır;
- məktəbin maddi-texniki bazası daim möhkəmləndirilməli, hər bir məktəb normal tədris binaları, müasir təlim avadanlığı, informasiya və kommunikasiya texnologiyaları, digər tədris ləvazimatları ilə və s. təchiz edilməlidir;
- idarəetmə, sözün həqiqi mənasında, demokratikləşdirilməlidir. Bu sahədə sərt reqlamentləşdirmə, bürokratik mərkəzləşdirmə, inzibati-amirlik hallarına son qoyulmalı, yerli orqanların, valideynlərin, ictimaiyyətin geniş iştirakına, şagird özfəaliyyətinin hər vasitə ilə inkişaf etdirilməsinə nail olunmalıdır, məktəbdə kollektivin hər hansı üzvünün rəyinə hörmət şəraiti yaradılmalıdır;
- idarəetmə stimullaşdırılmalıdır, yaxşı müəllimlər, tərbiyəçilər və digər işçilər maddi və mənəvi cəhətdən mükafatlandırılmalıdırlar, onların nüfuzu hər vasitə ilə artırılmalıdır, pedaqoji kollektivdə sağlam və xoş psixoloji iqlim yaradılmalıdır.
İşlərin düzgün planlaşdırılmasına və görülmüş işlərin vaxtlı-vaxtında təhlil edilməsinə nail olunmalıdır; qarşıya qoyulmuş vəzifələrin nə dərəcədə yerinə yetirildiyi müəyyənləşdirilməli və perspektiv tədbirlər hazırlanıb ətraflı götür-qoy edilməli, əməyin elmi təşkilinə nail olunmalıdır.
Bütün bu qeyd olunan şərtlərə düzgün əməl olunması məktəbi idarəetməni optimallaşdırmaq, yəni nisbətən az qüvvə və vəsait sərf etməklə, nisbətən qısa müddətdə fəaliy­yətində daha yaxşı nəticələr qazanmaq yolunda ən etibarlı təminatdır.
Optimallaşdırmanı inkişaf etdirərək idarəetmənin intensivləşdirilməsinə nail olmaq gərəkdir. İntensivləşdirmənin mahiyyəti vaxta qənaətdən ibarətdir. Vaxt-temp, ritm, sürət deməkdir. Temp, ritm, sürət nə qədər yüksək olarsa, vaxt da o qədər həcmli və məzmunlu olar.
Müasir dövr yüksək ixtisaslı, elmi-nəzəri və metodiki cəhətdən yetkin və səriştəli müəllim kadrları tələb edir. Belə kadrlar olmasa, məktəbin fəaliyyətini pedaqoji cəhətdən məqsədəuyğun şəkildə təşkil etmək, təlim-tərbiyənin keyfiyyətini günün tələbləri səviyyəsinə qaldırmaq mümkün deyil. Müəllimlərin elmi-nəzəri və praktik səviyyəsinin yüksəldilməsinə kömək edən amillərdən biri də məktəbdə müəllimlərlə aparılan metodik işlərdir.
Hazırda məktəbdə metodik işlərin iki forması - fərdi və kollektiv formaları geniş yayılmışdır.
Fərdi iş formasına-müəllimin öz planı əsasında qabaqcıl pedaqoji təcrübəni öyrənməsi, səriştəli həmkarlarının dərslərini, yaxud pedaqoji və metodik mövzulara həsr olunmuş radio və televiziya verilişlərini müntəzəm surətdə dinləyib özü üçün nəticə çıxarması, İKT-nin imkanlarından istifadə etməklə İnternet vasitəsilə lazımi informasiyaları əldə etməsi, özünütəhsil yolu ilə pedaqoji, psixoloji və metodik ədəbiyyatı mütaliə etməsi, elmi-praktik konfranslarda, ixtisasartırma kurslarında, treninqlərdə vaxtaşırı iştirakı, pedaqoji və metodiki mövzularda layihə hazırlaması, məruzə ilə çıxış etməsi, məqalə yazması və s. daxildir.
Metodik işin kollektiv forması isə ibtidai sinif müəllimlərinin, sinif rəhbərlərinin, günüuzadılmış qrup tərbiyəçilərinin, fənlər üzrə müəllimlərin metodbirləşmələrində həmkarlıq birləşməsidir.
Metodik işin fənlər üzrə kollektiv formalarında müxtəlif xarakterli işlər aparılır. Nümunə üçün aşağıdakıları göstərmək olar: müvafiq fənlər üzrə tədris proqramları materiallarının məqsədəuyğun şəkildə planlaşdırılması, qabaqcıl iş təcrübəsinin öyrənilib ümumiləşdirilməsi, "açıq dərs"lərin planlaşdırılması, təşkili və təhlili (kollektiv müzakirəsi), psixologiya, pedaqogika və metodikaya aid elmi yenilikləri müəllimlər arasında yaymaq, müvafiq mövzunun və ya fənnin tədrisi zamanı özünü göstərə biləcək çətinliklərin qarşısını vaxtında almaq üçün tədbirlər görülməsi, yeni çıxmış dərslik və ya metodik vəsaitin müzakirəsi, metodbirləşmə üzvlərinin öz qüvvəsi ilə müəyyən vəsait hazırlamaq, təlimin səmərəli vasitə və yollarını müəyyənləşdirib tövsiyə etmək, müəllimlərin fəaliyyətindəki nailiyyətləri əks etdirən sərgilər düzəltmək, rəhbər orqanların təlimati və metodik məktublarının, tövsiyələrinin öyrənilməsi və həyata keçirilməsi, metodbirləşmə üzvlərinin tematik planlarının nəzərdən keçirilməsi, fakültativlərin işinin istiqamətləndirilməsi və s.
Məktəb apardığı təlim-tərbiyə işlərini dövrün tələbləri səviyyəsində təşkil etmək üçün zəngin maddi-texniki bazaya malik olmalıdır. Bu anlayışa nələrin daxil olduğunu yuxarıda qeyd etmişik, ona görə də maddi-texniki bazaya daxil olan parametrləri bir daha təkrar sadalamağı məqsədəuyğun hesab etmədik.
Məktəbin maddi-texniki bazasının zənginliyi başlıca olaraq onun maliyyə-təsərrüfat fəaliyyətinin düzgün təşkilindən asılıdır. Məktəb direktoru maliyyə vəsaitini xərclər smetasının müvafiq maddələri (əməkhaqqı, dəftərxana və təsərrüfat xəcləri, inventar və avadanlıq əldə etmək üçün xərclər, məktəbin əsaslı təmir xərci və s.) üzrə məqsədyönlü planlaşdırmağı və onun səmərəli xərclənməsi yollarını yaxşı bilməlidir. Büdcə vəsaitindən düzgün, səmərəli istifadə məktəbin bütün fəaliyyətini yaxşılaşdırmaq sahəsində çox mühüm şərt­lərdəndir.
Məktəb sosial təsisat olmaqla yanaşı, cəmiyyətin və şəxsiyyətin təhsil tələbatı kimi dövlətin də təhsil tələbatını eyni dərəcədə ödəmək məqsədini daşıyan ictimai dövlət sistemidir. Müasir şəraitdə onun təşkilinin formaları və prinsipləri son dərəcə rəngarəng olsa da mövqeyi, tərbiyə və təhsil sahəsində apardığı xətləri eynidir. Demokratikləşdirmə, humanistləşdirmə, diferensiallaşdrma və fər­diləşdirmə.
Məktəbi idarə etmək və ona rəhbərliklə bağlı müvafiq sənədlərin düzgün tərtibi və aparılması da mühüm əhəmiyyət kəsb edir.
Məktəbin tədris-pedaqoji sənədləri aşağıdakılardır: şagirdin şəxsi işi, sinif jurnalı, maraq üzrə kurs məşğələlərinin jurnalı, günüuzadılmış qrupun jurnalı, əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabı, orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı, pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı, məktəbin pedaqoji şurasının protokolu kitabı, məktəb şurasının protokolu kitabı, məktəb üzrə əmr kitabı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı.
Məktəbin maliyyə-təsərrüfat sənədlərinə aiddir: məktəbin texniki pasportu, əsas vəsaitlərin inventar siyahısı, materialların anbar uçotu kitabı, müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli, istismarda olan ucuz qiymətli və tez işlənən əşyaların hərəkətinin operativ (miqdarca) uçotu cədvəli, məktəbin kitabxana fondunun inventar  kitabı.
Göstərilən sənədlərin aparılmasına və düzgünlüyünə, habelə əmlakının bütövlüyünə və mühafizəsinə, onun təyinatına uyğun istifadə olunmasına cavabdeh olan şəxslər qanunvericilikdə müəyyən olunmuş qaydada məktəb direktorunun əmri ilə təyin olunurlar.
Məktəb rəhbərləri müvafiq normativ-hüquqi sənədlərin tələblərinə uyğun olaraq məktəb sənədlərinin düzgün tərtibi və saxlanması üçün məsuliyyət daşıyırlar.
Uzun müddətli pedaqoji təcrübələrə əsaslanaraq demək olar ki, müasir şəraitdə məktəbin sosial rolunun artması, təlim-tərbiyənin məqsəd və məzmununun dinamikliyi, bazar iqtisadiy­yatının cəmiyyətinin tələblərinə uy­ğunlaş­dırıl­ması, təhsil prosesinin subyektlərinin, xüsusilə şagirdlərin daim inkişafda olması, elmi-texniki tərəqqi, təhsil sistemimizin Avropa və dünya təhsil sisteminə inteqrasiya olunma prosesi və sair məktəbin idarəolunmasını günün tələbləri səviyyəsində qurmağı zəruri edir.

Şövqi NURİYEV,
AMEA Neft-Kimya Prosesləri
İnstitutunun aparıcı elmi işçisi,
kimya üzrə fəlsəfə doktoru
Vaqif MAHMUDOV,
Əməkdar müəllim, Qabaqcıl təhsil işçisi, 

akademik M.Mehdizadə diplomu laureatı


Tarix: 14-01-2020, 19:25

Xəbəri paylaş