Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəbəqədər və ümumi təhsil

 
 
165 mindən çox uşaq birinci sinfə gedib
2018-2019-cu tədris ilində 165 mindən çox uşaq birinci sinfə gedib.

Məktəbəhazırlığın əhatəliliyi genişləndirilib
2018-2019-cu tədris ilində ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qruplarının təşkil olunması yolu ilə 5 yaşlı uşaq­ların təhsilə cəlb edilməsi səviyyəsi 2013-cü ildəki 24 faizdən 75 faizə çatdırılıb. Növbəti illərdə bu göstəricinin 90 faizə çatdırılması və gələcəkdə bütün 5 yaşlı uşaqları əhatə etməsi qarşıda duran əsas hədəflərdəndir.
UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə başlanılıb. Layihə Bakı şəhərində və 10 rayonda 100 icmanı, 2 mindən çox uşağı əhatə etməklə həyata keçirilməkdədir.
 
“Ümumi təhsil haqqında” Qanun qəbul olunub
Cari ildə  "Ümumi təhsil haqqında” Qanun qəbul olunub.

47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib
Tam orta təhsil səviy­yəsində təmayülləşmənin əha­tə dairəsi cari tədris ilində genişləndirilib. 2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da X-XI siniflərdə təhsil alan şa­gird­lərin təxminən 30 faizini təşkil edib.
 
Şagirdlərimizin olimpiada uğurları
2018-2019-cu tədris ilində Azərbaycan məktəbliləri Beynəlxalq fənn olimpiadalarından 1 qızıl, 10 gümüş və 12 bürünc olmaqla ümumilikdə 23 medal qazanıb. Məktəblilərimiz daha 7 beynəlxalq olimpiadalarda iştirak edəcəklər.

Müddətsiz müqavilə əsasında 4053 müəllim işə qəbul edilib
Ümumilikdə müddətsiz müqavilə əsasında 4053, müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilib. Bu da son illərdə vakant yerlərin 100 faiz tutulması baxımından ən yüksək göstərici olub. 2018-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı 51 mini ötüb. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.
 
Müəllimlərin qurultayı keçirilib
Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib. 2018-ci ilin noyabrında keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 15-ci, müstəqillik dövründə 5-ci qurultayı olub. Qurultayda ümumi, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən çox nümayəndə iştirak edib.
 
338 adda 7 246 037 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait
2018-2019-cu tədris ilində  I-XI siniflər üçün 338 adda 7,2 milyon nüsxədən artıq dərslik və müəllimlər üçün metodik vəsait  çap edilib.  Bu, təhsil tarixində dərslik çapı sahəsində ən yüksək göstərici olub. Yeni fənn kurikulumlarının tətbiq edildiyi XI siniflər üçün yeni dərsliklər hazırlanıb. Beləliklə, I-XI siniflərdə istifadə edilən 400-dən çox dərsliyin məzmununun yenilənməsi prosesi başa çatıb.
 
İKT-dən istifadə imkanları genişləndirilib
Ümumi təhsil müəssisələrinə 20880 ədəd noutbuk, 789 ədəd elektron lövhə, 789 ədəd proyektor verilib, İKT əsaslı infrastrukturun yaradılması işi davam etdirilib. Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi baxımından ölkə üzrə internetə və Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulmuş məktəblərin sayı 2746-ya (62%) çatdırılıb, şəbəkəyə qoşulmuş təhsil müəssisələri bütün şagirdlərin 85 faizini, pedaqoji heyətin isə 73 faizini əhatə edib.
 
“Rəqəmsal bacarıqlar” layihəsi
2018-2019-cu tədris ilində Bakı və Gəncə şəhərləri üzrə daha 28 məktəb  “Rəqəmsal bacarıqlar” pilot layihəsinə cəlb edilib. Ümumilikdə 71 məktəb və 26 min şagird bu layihəyə cəlb olunub. Uğurlu nəticələri nəzərə alınaraq növbəti tədris ilində layihə 100-dən çox məktəbi və 100 mindən çox şagirdi əhatə edəcək.
 
300 məktəbə yeni direktor təyin edilib
Yeni müsabiqə mexanizmi əsasında 2018-2019-cu tədris ilində 300 məktəbə, son 5 ildə isə 900 məktəbə yeni direktor təyin edilib. Məktəb rəhbərlərinin təyinatı sisteminin təkmilləşdirilməsi istiqamətində işlər hazırda davam etdirilir.
 
Məktəbdənkənar fəaliyyətin uğurları
Məktəbdənkənar fəaliy­yətin təşkili istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Təhsil Nazirliyinin idman və şahmat məktəblərinin yetirmələri 2018-ci ildə 530 qızıl, 427 gümüş, 543 bürünc, beynəlxalq yarışlarda 217 qızıl, 171 gümüş, 198 bürünc medal qazanıblar.
 
12-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi keçirilib
“Uşaqların gələcəyinə sərmayə” devizi altında 12-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi keçirilib. Sərgiyə dünyanın 12 ölkəsindən 130-dan artıq iştirakçı qatılıb.
 
166 layihə barədə müsbət qərar verilib
Ümumi təhsil müəssisələri və fərdi kateqoriya üzrə keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinə 850 layihə təklifi daxil olub. Müsbət qərar verilən 166 layihənin maliy­yələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Son 2 ildə isə 79 məktəbin və 209 müəllimin ümumilikdə 288 layihəsi maliyyələşdirilib, bu məqsədlə hər il 1 milyon manat vəsait ayrılıb.
 
İxtisaslaşmış peşə təhsili mərkəzlərinin sayı 24-ə çatdırılıb
Peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə 2018-ci ildə 21 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb, beləliklə mərkəzlərin sayı 24-ə çatıb.
 
Mühəndis-pedaqoji heyətin əməkhaqqı artırılıb
Mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinə və əməkhaqqının artırılmasına başlanılıb, 60 peşə təhsili müəssisəsində çalışan 2 minədək müəllim və istehsalat təlimi ustasının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb.
 
Təhsil proqramları və dərsliklər hazırlanıb
Peşə təhsilinin yeni dövlət standartları təsdiq edilib, 81 ixtisas üzrə nəticəyönümlü, modul strukturlu təhsil proq­ramları (kurikulumlar), 51 modul tədris vəsaiti, 55 yeni dərslik hazırlanıb, 78 modul dərslik isə hazırlanmaqdadır. Peşə təhsili ixtisaslarının siyahısına 20-dən çox yeni ixtisas əlavə edilib və kadr hazırlığına başlanıb.
 
“Peşə təhsili haqqında” Qanun qəbul edilib
“Peşə təhsili haqqında” Qanunda ilk dəfə olaraq bu təhsil pilləsinin 3 səviyyəli olması təsbit edilib (ilk peşə təhsili, texniki peşə təhsili, yüksək texniki peşə təhsili).
 
Koreya təhsil standartları əsasında Peşə Təhsili Mərkəzi
Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanmış Kredit Sazişinə əsasən Bakı şəhərində müasir peşə təhsili mərkəzinin tikintisi başa çatmaq üzrədir. Artıq Koreyadan ən müasir avadanlıqlar gətirilib quraşdırılıb. Sənaye və innovasiyalar üzrə ixtisaslaşmış həmin mərkəzdə 8 istiqamət üzrə kadr hazırlanacaq. Mərkəzdə fəaliyyət göstərəcək 26 ixtisaslı mütəxəssis seçilərək Koreyada 3 aylıq təlim keçməsi təmin edilib.
 
Ali təhsil və elm
Tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib
2018-ci ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib. Belə ki, 2013-cü ilə nisbətən qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artıb.
 
Dövlət sifarişi yerlərin sayı 66 faiz artırılıb
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artaraq 12 300-dən 20 500-ə çatdırılıb, ümumi qəbul planının 42 faizini təşkil edib. Ötən il bu göstərici 27 faiz təşkil edirdi.
 
Ali təhsil alma imkanları genişləndirilib
Ölkədə ali təhsil alma imkanları genişləndirilib, son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20.8 faiz artım olub, bu göstərici ötən il 41 mini ötüb.  Artım tendensiyası cari ildə təsdiq edilmiş qəbul planında da davam etdirilib, bakalavriat səviyyəsinə qəbul planı 48 506 nəfərə yüksəlib, yəni 6.4 faiz artıb.

716 SABAH tələbəsi məzun olacaq
2018-2019-cu tədris ilində 716 SABAH tələbəsi məzun olacaq.
 
Ölkəmizdə ali təhsil alan əcnəbilərin sayı 17 faiz artıb
2018-2019-cu tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə təhsil alan əcnəbilərin sayı 86 ölkədən olmaqla 6004 nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 17 faiz artım deməkdir.
 
800 yerlik müasir yataqxana kompleksi tikilib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı şəhərində yerləşən ali məktəblərdə təhsil alan tələbələr üçün 800 yerlik müasir yataqxana kompleksinin tikintisi başa çatdırılıb. Yataqxana artıq istifadəyə hazırdır. Bu istiqamətdə təşəbbüslər növbəti illərdə də davam etdiriləcək. Bununla yanaşı, dövlət xətti ilə Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik üç yataqxanasının əsaslı təmirinə başlanılıb, Lənkəran Dövlət Universitetinin 156 yerlik yataqxanasında işlər başa çatmaqdadır, Sumqayıt Dövlət Universitetinin 264 yerlik yataqxanasının əsaslı təmiri ilə bağlı tədbirlər həyata keçirilir.
 
“Təhsil haqqında” Qanuna 62 dəyişiklik edilib
2018-2019-cu tədris ilində əldə edilmiş ən mühüm nailiyyətlərdən biri təhsil qanunvericiliyinin əsaslı şəkildə yenilənməsi ilə bağlı olub. Təhsil Nazirliyinin Milli Məclislə birgə reallaşdırdığı bu təşəbbüslər təhsil islahatlarının daha çevik aparılmasına, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, əlverişli zəmin yaradıb. Belə ki, “Təhsil haqqında” Qanuna 62 dəyişikliyi özündə əks etdirən təkliflər paketi qəbul edilib.
 
Ali məktəblərə müsabiqədənkənar qəbul
Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, bakalavrların ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbulu, eyni zamanda subbakalavrların qəbul imtahanlarında iştirak etmədən müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu öz həllini tapıb.
Həmçinin, beynəlxalq olimpiada qaliblərinə istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinə müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə, həmçinin beynəlxalq səviy­yədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul imkanı yaradılıb.
 
Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıb
Ölkə Prezidentinin sərən­camına əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni və doktorantı əhatə edib. Hazırda universitetlərdə tələbələrin 42 faizi, kolleclərdə 41 faizi, peşə təhsili müəssisələrində 81 faizi təqaüdlə əhatə olunub.
 
2500 nəfər əlilliyi olan şəxs dövlət hesabına təhsil alacaq
I və II dərəcə əlilliyi olan, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə ölkə Prezidentinin sərəncamı imzalanıb. Hazırda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təqribən 2500 nəfər əlilliyi olan şəxs təhsil alır.
 Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı
Ölkə Prezidentinin sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin ar­tı­rılması üzrə Dövlət Proqramı” təsdiq edilib.
 
“Web of Science®” elmi bazasında 1450 elmi tədqiqat işi qeydə alınıb
“Web of Science®” elmi bazasında Azərbaycan üzrə 1450 elmi tədqiqat işi qeydə alınıb. Son 5 ildə isə alimlərimizin “Web of Science®” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayı 96 faiz, ali təhsil müəssisələri üzrə 2.6 dəfə artıb.
 
“Clarivate Analytics” şirkəti ilə yeni əməkdaşlıq müqaviləsi imzalanıb
Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb.


Tarix: 10-07-2019, 13:13

Xəbəri paylaş