Düzgün idarəetmə tərəqqinin rəhnidir
Hər bir sahədə olduğu kimi, təhsildə də düzgün idarəetmə mühüm əhəmiyyət kəsb edir. Bunsuz heç bir tərəqqiyə nail olmaq mümkün deyil. Rayonumuzda bu tələb və meyarlara dərindən yiyələnən, öz işlərini günün tələbləri səviyyəsində quran, bacarıqlı, səriştəli, təcrübəli məktəb rəhbərləri çoxdur.
Onlardan biri də Ağcabədi şəhər 9 nömrəli tam orta məktəbin direktoru Rizvan Yunis oğlu Quliyevdir. O, 1965-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuşdur. 1988-ci ildə Stepanakert (Xankəndi) Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsini müvəffəqiyyətlə bitirərək doğulduğu, boya-başa çatdığı Xəcavənd kənd tam orta məktəbində öz ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. O, 2011-ci ilə kimi bu məktəbdə pedaqoji fəaliyyətini davam etdirmişdir. Rizvan müəllim bu müddət ərzində öz bilik və bacarığı ilə müəllim, şagird və valideynlərin böyük rəğbətini qazanmışdır. Qabaqcıl pedaqoji işçi kimi 2012-ci ildə işlədiyi məktəbə təlim- tərbiyə işləri üzrə direktor müavini, 2014-cü ildə direktor əvəzi vəzifələrinə irəli çəkilib. Nəhayət, 2017-ci ildə Təhsil Nazirliyinin direktor təyinatı ilə əlaqadar keçirdiyi test imtahanında yüksək nəticə qazandığına və müsahibə şərtlərini tam ödədiyinə görə Təhsil Nazirliyinin mövcud əmri əsasında şəhər 9 nömrəli tam orta məktəbə direktor təyin edilib. Onun rəhbərlik etdiyi təhsil müəssisəsi rayonumuzda yeganə məktəbdir ki, 2 bölmə - Azərbaycan və rus bölmələri üzrə fəaliyyət göstərir. Hər iki bölmədə 459 nəfər şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 55 müəllim məşğul olur. Onların 96 faizi ali təhsilli müəllimlərdir. Məktəbdə 2 Əməkdar, 1 “Tərəqqi” medallı müəllim, 2 nəfər respublikamızın “Qabaqcıl təhsil işçisi” adlarına layiq görülən müəllimlər çalışır.
Rizvan müəllim ilk öncə bu bölmələrdə təhsilin yüksək səviyyədə olmasını qarşısına zəruri məqsəd kimi qoyub. Buna nail olmaq üçün daim intizam və tələbkarlığı əsas və başlıca meyar hesab edərək öz işlərini Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı, Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" və s. normativ-hüquqi sənədlərin tələbləri səviyyəsində qurur.
Rizvan müəllim təcrübədən çox yaxşı bilir ki, məktəbdə pedaqoji kollektivin fəaliyyətinin düzgün, məqsədəuyğun və səmərəli təşkili əsas, ən ümdə məsələlərdən biridir. Məhz elə buna görə də bir qayda olaraq məktəbdə işlərin yüksək səviyyədə planlaşdırmasına daim böyük diqqət yetirir. O, planlaşdırmada əsasən, bunlara daha böyük üstünlük verir: işlərin dəqiq, real planlaşdırılması, rəhbərlik etdiyi kollektivin hər bir üzvünün vəzifələrini dəqiq müəyyənləşdirilməsi, kollektiv üzvlərinin yorucu iclaslarla, həddindən artıq əlavə sənədlərlə, lüzumsuz tapşırıqlarla yüklənməməsi, bütün işlərə ardıcıl, sistemli şəkildə yanaşma, müəllimlərin öyrəndikləri, mənimsədikləri yenilikləri dərs prosesində tətbiqi ilə əlaqədar sistemli işlərin aparılması və s. Müasir məktəb rəhbərinə xas olan yüksək təşkilatçılıq qabiliyyəti, tələbkarlığı, humanizim və xeyirxahlığı, şəxsiyyəti və digər müsbət cəhətləri məktəbin, müəllimlərin, habelə şagird kollektivinin fəaliyyət simasında öz bariz təcəssümünü tapıb. Yeniliyi sevən və ondan məharətlə istifadə edən Rizvan müəllim öz elmi-nəzəri, pedaqoji, metodiki biliyi, zəngin təcrübəsi ilə fərqlənərək ümumən ölkəmizdə, dünyada baş verən hadisələrə və digər mühüm aktual məsələlərə böyük maraq, səy göstərir və yeri gəldikcə bunlara da öz münasibətini bildirir. Müasir məktəb rəhbərləri məhz belə olmalıdır.
Dərin zəka sahibi, öz çətin, həm də şərəfli işi, əməyi ilə kollektivində, rayon Təhsil Şöbəsində, eləcə də ictimaiyyət arasında böyük nüfuz qazanan Rizvan müəllim hələ tələbəlik illərində, pedaqoji praktika dövründə çox yaxşı bilirdi ki, məktəbdaxili nəzarət məktəbdə təlim-tərbiyə prosesinin, həm də sinifdənxaric, məktəbdənkənar tədbirlərin yüksək səviyyədə təşkili bütün nailiyyətlərin qazanılmasında əsas yer tutan amillərdən biridir. Buna görə də bu amil onun idarəçilik fəaliyyətində mühüm rol oynayır. O, rəhbərlik etdiyi məktəbdə bütün işlərə kompleks şəkildə nəzarət etməyi daim diqqət mərkəzində saxlayır. Çünki o, məktəbdaxili nəzarəti məktəbin qazandığı uğurların əsas tərkib hissəsi hesab edir. Bu da bir real, məlum həqiqətdir ki, məktəbdə təhsilin keyfiyyətinin yüksəlməsində "açıq dərs"lərin də əhəmiyyəti inkaredilməzdir. Bu baxımdan Rizvan müəllim məktəbdaxili nəzarətində "açıq dərs"lərə daha böyük üstünlük verir. O ən çox zəngin pedaqoji təcrübəsi olan müəllimlərin "açıq dərs"lərini təşkil edir. Buna əsas səbəb gənc müəllimləri zəngin təcrübəyə malik olan pedaqoqların dərslərini mütəmadi olaraq dinlədərək onları da yüksək səviyyəli peşəkar bir pedaqoq kimi yetişdirməkdir. O eyni zamanda bəzi zəif müəllimlərin də "açıq dərs"lərinin keçirilməsini nəzərdən qaçırmır. Onların da yaxşı bir müəllim kimi yetişməsinə böyük diqqət və qayğı göstərir. Rizvan müəllimin ən yaxşı cəhətlərindən biri də budur ki, o, hər bir müəllimin "açıq dərs"lərini təhlil edərkən etik normalara əməl etməyi unutmur. O, elə pedaqoji üsul və taktikadan istifadə edir ki, bəzi müəllimlərin dərs prosesində yol verdikləri nöqsan və çatışmamazlıqlar təhlil edilərkən onlar utanmasınlar. Artıq belə müəllimlər həmişə birmənalı şəkildə razı qalıblar ki, yol verdikləri nöqsan və çatışmamazlıqları aşkara çıxartmaqda məqsəd onları gözdən salmaq, cəzalandırmaq deyil, əsas səbəb yalnız nöqsanları aradan qaldırmaqdır. Bütün bunlarla bərabər, Rizvan müəllimin şagirdlərin təlim- tərbiyə fəaliyyətinə nəzarəti onun hər vaxt gündəmdə olan əsas vacib işlərindən biridir. Bunsuz təhsildə yüksək nəticə qazanmaq olmaz. Ona görə də o burada əsasən, aşağıdakılara daha böyük diqqət yetirir: proqram materiallarının öyrənilməsi, mənimsənilməsi, möhkəmləndirilməsinin nə vəziyyətdə olması, şagirdlərdə bilik, bacarıq və vərdişlərin formalaşması səviyyəsini müəyyənləşdirmək, müvəffəqiyyətləri, nöqsanları aşkar etmək, təhsilalanların təlim-tərbiyə fəaliyyətinə müəllimlərin obyektiv nəzarət edib- etməməsini dəqiqləşdirmək və s. Əlbəttə, bütün bunlar onun idarəçilik fəaliyyətində mühüm yer tutur. Bu da təhsilin keyfiyyətinin yüksəlməsinə, qazanılan nailiyyətlərin daha da möhkəmlənməsinə səbəb olur.
Təhsil naziri Ceyhun Bayramovun ümumtəhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet istiqamətləri barədə 14 avqust 2018-ci il tarixli əmrinə müvafiq olaraq ölkəmizin ümumtəhsil ictimaiyyəti qarşısında "Təhsildə keyfiyyət ili” ilə bağlı inkişafyönümlü tədbirlərin davam etdirilməsi sahəsində konkret və həlli olduqca vacib məsələlər qoyulmuşdur. Rizvan müəllim elə tədris ilinin əvvəlindən bu günə kimi öz işlərini bu istiqamətdə qurur, onu daim diqqət mərkəzində saxlayır. Bu da təhsilalanlarda bir çox yüksək keyfiyyətlər formalaşdırır. O, rəhbərlik etdiyi məktəbdə təhsilin keyfiyyət səviyyəsini hər an izləyir. Bütün müəllim, şagird və valideynləri də bu işə cəlb edir. Hətta onlarda tələbkarlıq, məsuliyyət hissini gücləndirmək, müəyyən maraq yaratmaq üçün hər ayda 2 dəfə test sınaq nümunələri əsasında buraxılış siniflərində (ümumorta və tam orta) keçirilmiş imtahanların nəticələri haqqında aşağıdakı məlumatları özündə əks etdirən məlumat cədvəlini hazırlatdığı lövhədə məktəbin görkəmli yerində asdırır:
Bu cədvəldəki məlumatlar yuxarıda qeyd etdiyimiz kimi ayda iki dəfə (15- 30-u arasında) yenilənir. Yenilənənlər ancaq şagirdlərin topladığı bal və qiymətlərdir. İşi asanlaşdırmaq üçün məlumat cədvəli lövhədə yerində sabit saxlanır, yalnız bal və qiymətlər qrafasındakı rəqəmlər karandaşla yazılır ki, bal və qiymət dəyişiləndə onu asanlıqla pozub yenisi ilə əvəz edəndə heç bir problem yaratmasın. Bu cədvəl eyni ilə dəyişilmiş qaydada tam orta (11 illik) təhsil səyiyyəsi üzrə də təşkil edilir. Müəllim, şagird, valideyn və digər şəxslər məktəbə gələrkən təhsilalanların keyfiyyət göstəricisi ilə dərhal əyani olaraq tanış olurlar. Bu da istər-istəməz onlarda məktəb haqqında lazımi təsəvvür yaradır. Digər tərəfdən, isə bu işdə cavabdeh olan şəxslərin məsuliyyətini daha da artırır. Məhz elə bütün bunların bariz nəticəsidir ki, Rizvan müəllimin rəhbərlik etdiyi məktəbin buraxılış imtahanalarının nəticələri hər il ürəkaçan olur. Ona görə də bu məktəb rayon məktəbləri arasında qazandığı ən yüksək göstəricisinə görə həmişə öndə gedir.
Bəli, düzgün idarəetmə müvəffəqiyyətin rəhnidir. Bu isə bacarıqlı, səriştəli məktəb rəhbəri Rizvan müəllimin həyat meyarıdır. Biz inanır və ümid edirik ki, o, bu meyara əməl etməklə qazandığı nailiyyətləri daha da möhkəmləndirəcək və təhsildə yeni- yeni uğurlar qazanacaqdır.
Ədalət HÜSEYNOV,
Ağcabədi RTŞ-nin
metodisti, metodist-müəllim
Tarix: 10-05-2019, 13:50