Ulu öndər yolu
Nuriyyə Hüseynova,
Rövşən Əliyev adına
254 nömrəli tam orta
məktəbin informatika müəllimi
Biz müəllimlər böyük və çətin yükün daşıyıcılarıyıq. Düşmənlə üz-üzə dayandığımız bir vaxtda, döyüşkən ruhlu, mübariz oğul və qızlar yetişdirmək bizim müqəddəs borcumuzdur. Bu mənada tədris dövrün tələbinə cavab verməlidir.
Müəllim ürək çırpıntılarının cavabını dərslikdə tapmalıdır. Mənim üçün belə bir dərslik ulu öndər, müdrik insan, dahi şəxsiyyət Heydər Əliyev məktəbidir.
Dünyanın yaşıdı, yaranışı, tarixin o üzündən başlamış qədim Azərbaycan adlı Vətənimizin tarixini, mədəni irsini, tarixi şəxsiyyətlərini öyrənməklə keçmişimizi, ulularımızı gənc nəsillərə ötürmək bizim ən əsas vəzifəmizdir.
Məhv olmamaq üçün hər bir ölkəyə hər şeydən əvvəl elm lazımdır. Hər bir ölkə əvvəlcə ədiblərilə, alimlərilə tanınır.
Tarixin müxtəlif mərhələlərində ayrı-ayrı ölkələri ağır vəziyyətdən çıxaran tarixi şəxsiyyətlər az olmamışdır.
Atatürk, Ruzvelt, Eyzenhauer, Şarl de-Qoll və s. kimi təcrübəli, güclü şəxsiyyətlər tarixin yaddaşında qalmışlar. Bizim isə ümummilli liderimiz Heydər Əliyev və onun memarı olduğu əbədi Azərbaycanımız var.
10 may 1923-cü il. Bu illər Azərbaycan üçün rus imperiyasının daha çox təzyiq və işgəncələr göstərdiyi illər idi.
Tanrı Azərbaycanın gələcəkdə daha müsibətli günləri olacağını və bu qaranlıqlardan onu qurtara biləcək bir ərməğan göndərdi Azərbaycana. Bəli, ulu öndər Heydər Əliyev peyğəmbər xislətli və qəhrəman qüdrətli şəxsiyyət idi.
Heydər Əliyev yolu bugünkü gəncliyə örnək, məktəblilərə dərslik, xalqımıza bütünlükdə nümunədir.
Dünyada çox az şəxsiyyətlər olar ki, o, ensiklopedik filosof kimi dövlətçilik elminin yaradıcısıdır. Heydər Əliyev kökləri çox dərinə gedən fəlsəfədir. Heydər Əliyev insanlıq, etik davranış, yüksək əxlaqa, təlim-tərbiyəyə xidmət edən bir məktəbdir. Heydər Əliyev siyasi alternativi olmayan şəxsiyyətdir. Heydər Əliyev azərbaycançılıq ideyasının banisidir.
Ulu öndər öz həyatı dövründə Azərbaycan xalqına xidmətində Azərbaycan adını yüksəklərə qaldırdı. Azərbaycanın dövlətçilik ənənələrini yenidən yaratmaqla, onu dünya səviyyəsinə qaldırdı. Elə bununla da özünü əbədiləşdirdi.
Heydər Əliyev XX əsrdə Azərbaycan və Türk dünyasının ən görkəmli simasıdır. Təkrarolunmaz bir şəxsiyyətdir. O, böyük çətinliklərdən, əzab və iztirablardan keçərək, həyatını təhlükəyə ataraq, Azərbaycan yanğılı odlu ürəyi ilə Azərbaycanı nura qərq etdi, əbədi gələcəyə təminatçısı oldu. Bu misraları yazarkən onun azərbaycançılıq qayəsini, elm və ədəbiyyat nümayəndələrinə hörmətini insanlığa verdiyi dəyəri qeyd etməyə bilmərəm.
1982-ci il. Azərbaycanın böyük yazıçısı, repressiya qurbanı H.Cavidin cənazəsinin soyuq Sibirdən vətəni Naxçıvana gətirilməsi. O dövrdə bu işi görmək o qədər də asan deyildi.
Yalnız Vətən məhəbbətini, millət duyğusunu uca tutan belə edə bilərdi. Heydər Əliyevin böyük şair, unudulmaz düha H.Cavidin nəşinin Naxçıvana gətirilməsi onun ruhuna hörmət, dahilər yetişdirən müqəddəs Naxçıvana hörmət idi.
Budur Heydər Əliyev yolu!
XII əsrdə Əcəminin yaratdığı “Möminə Xatun” məqbərəsi, varlığın yaradıcısı.
Anaya məhəbbət, hörmət simvoludur.
Abidə sənət əsəri kimi dünyanın inciləri sırasındadır.
Türbə ana həsrətidir, yanan ürəyidir.
Türbə ana övlad sevgisidir, ananın qorunmasıdır.
XX əsr Naxçıvan memarlıq tarixinə yeni bir səhifəni ulu öndər Heydər Əliyev açdı. H.Cavidin əbədi ehtiram abidəsi 1996-cı ildə qoyuldu.
Ulu öndər abidə qarşısında çıxışında demişdir: “Ümidvaram ki, “Möminə Xatun” abidəsi kimi, bu abidə də əsrlər boyu yaşayacaqdır. Güman edirəm ki, gələcək nəsillər bu günü və bu abidəni yaradanları unutmayacaqlar”. Bu gün bu qəbirüstü mavzoley bir ziyarətgahdır.
Bu abidə doğmaların qovuşması, ana, ata, bacı, qardaş həsrətinə son qoyulmasıdır.
Bu abidə mənəviyyat, insanlıq və qürur mənbəyidir.
Bu abidə mənlik şüurumuzun ən yüksək zirvəsidir.
Budur, ulu öndər yolu!
Ulu öndər Heydər Əliyev keşməkeşli yollardan mərdliklə keçərək, 1990-cı ilin məlum hadisələrinə görə Rus imperiyasının iç üzünü açaraq bütün dünyaya bəyan etdi.
Budur ulu öndər yolu!
1993-cü ildən 2003-cü ilədək Azərbaycan Respublikasının Prezidenti oldu. Azərbaycana düşmən kəsilmiş erməni vandalları ilə ölənə qədər mübarizə apardı.
Azərbaycan xalqını düşmənə qarşı bir yumruq kimi birləşdirdi.
Budur ulu öndər yolu!
Tarix zaman öz qayəsini, fəslini tez-tez dəyişir. Lakin bu dünyada dəyişməyən bir xislət varsa, o da sözdür.
Sözün mənası, kəsəri, qüdrəti dəyişmir. Dünyanı lərzəyə salan cahangirlər və fatehlər söz qarşısında lərzəyə düşüblər, acizləşiblər, kiçiliblər, əziliblər.
Bu gün ulu öndər yolunu inamla davam etdirən Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva çiyin-çiyinə uğurdan-uğura addımlayır. Onların səyləri nəticəsində ölkəmiz daha da inkişaf edəcək və güclənəcək. Bax, budur ulu öndər yolu!
Tarix: 10-05-2019, 12:43