Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Xəlil Rza Ulutürk lirikası - xalqın iradəsinin tərcümanı

 

Mətanət VAHİD,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Yeni dövr
Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan poeziyasının orijinal ədəbi siması olan Xəlil Rza Ulutürk ədəbiyyatımızın görkəmli nümayəndəsi, ictimai-siyasi xadim, filosof və mütəfəkkir şair, milli-demokratik hərəkatımızın yorulmaz mücahididir. O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından biridir.
Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq, poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş şairlərdəndir. O, ədəbi azadlığın və cəsarətin meydanı dar olan durğunluq illərində belə, bəzən açıq-açığına, bəzən isə sətiraltı mənalarla fik­rini oxucusu­na çatdırmaqdan çəkinməmişdir.
Təxminən 45 il davam edən sənətkar ömrün­də son nəfəsədək yorulmaq bilmədən yazıb-yaratmış Xəlil Rza Ulutürk maraqlı və məhsuldar bir yaradıcılıq yolu keçmişdir. Gənc sovet şairi olaraq fəaliy­yətə başlamış Xəlil Rzanın ilk şeirləri o vaxtkı şairlərin əsərlərindən məzmun və formaca bir o qədər də fərqlənmirdi. O da bir müddət kommunist ideyalarının tərənnümçüsü olmuşdur. Bu da təbiidir, axı “insanlar ata-analarından çox zəmanələrinin övladlarıdır.” Şairin göz açıb gördüyü, böyüdüyü mühit, cəmiyyət bunu təlqin edirdi. O vaxtlar hələ “Xəlil Xəlilov” imzası ilə yazan şairin “Bahar gəlir” (1957) adlı ilk şeirlər kitabı altı siyasi-lirik şeirdən və “İyirmi altılar” poemasından ibarət idi. İyirmi altılar, oktyabr, Lenin təkcə Azərbay­canda yox, o zamanlar Sovetlər Ölkəsində tanınmış qələm sahiblərinin ən çox müraciət etdiyi mövzular olmuşdur. Baxmayaraq ki, kommunist ideologiyasını tərənnüm edən əsərlərində Xəlil Rza səmimi olaraq düşünüb hiss etdiklərini yazırdı, illər sonra o özünü buna görə çox qınayırdı. Şair Lefortovo zindanında olarkən o vaxta qədər olub-keçənləri, yaşayıb-yaratdıqlarını götür-qoy edərək yazırdı: “Universitet illərinə (1949-54) düşən gəncliyimdə, hələ xeyli sonralar da gör nə qədər qafil, kal və nadan olmuşam ki, “İyirmi altılar” poeması tipində əsərlər yazmışam, 1918-ci ilin mart döyüşlərində Bakı türklərini qanına bələyən Şaumyanı tərənnüm etmişəm. Ar olsun, Xəlil, səni dama nahaq basmayıblar.” Bu sətirlər Xəlil Rzanın bir insan və sənətkar olaraq özünü tənqid etmək bacarığından yaranmışdır.
Çağdaşları kimi, ədəbiyyata gəlişi ənənəvi sovet mövzuları ilə başlasa da, illər keçdikcə Xəlil Rzanın şeirləri cilalanır, milli ideoloji əhəmiyyət kəsb edərək istiqlaliyyətə çağırış motivləri üzərində qurulur. Lakin onun yaradıcılığında bu cilalanma birdən-birə, mərhələdən-mərhələyə kəskin keçidlərlə baş verməmişdir. Belə ki, hələ 1960-cı ildə “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram”, - deyə hayqıran X.R.Ulutürkün 1982-ci ildə nəşr etdirdiyi “Ömürdən uzun gecələr” kitabında “Üzvü olduğum kommunist ittifaqı partiyasına” epiqrafı ilə verilmiş “Mən sənə bənzəyirəm” şeiri ənənəvi möv­zuları davam etdirirdi. Lakin azadlıq, milli-istiqlaliyyət, ikiyə parçalanmış böyük Azərbaycanın birliyi ideyası şairi daim narahat etmiş, poeziyasının ana xəttini təşkil etmişdir. Bu baxımdan, onun kiçikhəcmli “Afrikanın səsi” şeiri ilk addım hesab oluna bilər.

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram;
Qolumdakı zəncirləri qıram gərək! Qıram! Qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi;
İstəyirəm GÜNƏŞ kimi! SƏMA kimi!! CAHAN kimi!!!
Çəkil! Çəkil, ey qəsbkar! Mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq! Mən ümmanlar təşnəsiyəm!!

Zahirən müstəmləkə altında olan Afrika ölkələrinin protesti kimi təqdim olunan bu şeir, əslində, vətənpərvər şairin sovet imperiyasına qarşı etirazının səsi idi. Diqqətlə oxunduğu zaman “Afrikanın səsi” şeirinin həqiqətdə Azərbaycan xalqının səsi olduğunu sezmək çətin deyildir. Odur ki, bu şeir sonrakı illərdə nəşr olunduğu zaman artıq kitablarda başqa adlarla - “Şairin səsi”, “Azərbaycanın səsi”, “Xalqımın səsi”, “Mənim səsim” başlıqları ilə yer almışdır. Xəlil Rza Ulutürk bir çox müasirlərindən vətəninə aşırı dərəcədə sevgisi ilə fərqlənirdi. Bu sevgi onun bənzərsiz şair taleyi yaşamasına səbəb olmuşdur. Azərbaycana məhəbbət, milli ənənəyə, kökə bağlılıq kimi fərdi xüsusiyyətlər üzündən başı çox bəlalar çəkmişdir. Lakin həyat yolunu izləyərkən heç bir qadağa və məhrumiyyətin onu qorxutmadığının, ideallarından çəkindirə bilmədiyinin, əksinə, şairin daim öz inandığı həqiqətlər uğrunda mübarizə apardığının şahidi oluruq.
Türkçülük məfkurəsi Ulutürk poeziyasında ön sıralarda yer alır. Azərbaycanda M.F.Axundzadənin yaradıcılığından qaynaqlanan milli türk özünüdərki XX əsrin əvvəllə­rindən etibarən F.Köçərli, C.Məmməd­quluzadə, Ə.Haqverdiyev, Ö.F.Nemanzadə, Ü.Hacıbəyli, Y.V.Çəmənzəminli və N.Vəzirovun fəaliyyətində daha geniş təbliğ olunaraq yeni vüsət kəsb etmişdir. Keçən əsrin son iyirmi ilində yaradıcılığında türkçülük ideyalarının əks olunduğu sənətkarlardan biri, bəlkə də, birincisi Xəlil Rza olmuşdur. Hətta şairin həbs edilərək təcridxanaya atıldığı gün özünə “Ulutürk” təxəllüsünü götürməsi və ömrünün sonunadək özünü bu adla təqdim etməsi də “türk” sözünə məhəbbətindən və hörmətindən qaynaqlanırdı. Bədxahları Xəlil Rzanın bunu reklam və konyunktura tələbləri xatirinə etdiyini desələr də, bu təxəllüslə şair özünün böyüklüyünə, ucalığına deyil, məhz türkün ulu olduğuna diqqət çəkmək istəmişdir.
Ulutürk poeziyasının özülünü milli dəyərlərə məhəbbət, hörmət və onların müdafiəsi və qorunması uğrunda mübarizə təşkil edir. Belə ki, şeirlərində türklüyümüzə yüksək qiymət verdiyi kimi, dilimizi də daim əziz tutmuş, ana dilinin saflığı, təmizliyi uğrunda yorulmadan mübarizə aparmışdır. Dil xalqın bütün yaddaşını və tarixini özündə birləşdirən ən qiymətli xəzinədir. Odur ki, ana dili mövzusu X. Rzanın yaradıcılığından qırmızı xətt kimi keçir. Dil insanı vətənə bağlayan amil, milli varlığın daşıyıcısı, xalqın mövcudluğunun mənəvi pasportudur. Xəlil Rza ana dilimizin mümkün qədər alınma sözlərdən təmizlənməsinə çalışmış və onların qarşılığı olaraq yeni sözlər işlətməyi təklif etmişdir. Onun hələ 1965-ci ildə qələmə aldığı “Adımız, soyadımız” poeması başdan-başa ana dilimizin başqa dillərin çox güclü təsiri altında olması məsələsinə həsr olunmuşdur. Şair bu əsərində şikayətlənir ki, şəxs adlarımızın böyük bir qismi, o cümlədən, elə onun öz adı da ərəb dilindən gəlmədir. Müəllif poemada sırf öz dilimizə məxsus şəxs adları yaradan Cəfər Cabbarlını təqdir edir, millətin dilinin qeydinə qalan bu qiymətli sənətkarı təkcə elə bu xüsusiyyətinə görə dahi hesab etməyi doğru bilir və onun ruhu qarşısında baş əyir. Poemada müəllif özü də saysız-hesabsız türk mənşəli şəxs adları çəkir və övladlarımıza bu adlardan verməyi tövsiyə edir. Bundan əlavə, şairin “Laylam mənim, nərəm mənim”, “Azərbaycan türkçəsi”, “Xiyabani yurdunda” kimi şeirləri ana dilimizə qayğıkeş münasibətin parlaq təzahürünə çevrilmiş nümunələrdir.
Vətənimizin taleyi mövzusu Xəlil Rza yaradıcılığında bir mərhələ və ya dövr deyildir, onun bütün ədəbi fəaliyyəti boyu davam etmiş aparıcı mövzudur. 1989-cu ilin 28 may tarixində qələmə aldığı “Davam edir 37...” adlı şeirinə görə X.R.Ulutürk M.F.Axundzadə mükafatına layiq görülmüşdür. Bu şeir postsovet məkanında azadlıq hərəkatının qızğın vaxtlarında qələmə alınmışdır. Şair xalqın tarixi yaddaşına nüfuz edərək çox da uzaq olmayan qaranlıq keçmişə işıq tutur, korşalmış yaddaşları silkələyib oyatmağa çalışır, “unuda bilmərik”, - deyə hayqırır. Xəlil Rza sosial-siyasi hadisə və faktlara fərdi münasibət bildirərək Vətənin taleyini və xalqımıza dəyən maddi və mənəvi zərbələri ümumiləşdirir; milli sərvətimiz olan muğam, papaq və saza “daloy” deyərək rədd edənləri lənətləyir, bütün bu cinayətlərə zirvələrdən baxan saf, təmiz əqidə qulu olan repressiya qurbanlarını təqdir edir. Bunun dalınca xalqın şairi haray qoparır, milləti ayıltmağa çalışır ki, o qansızlar hələ də var, o əzab-əziyyətlər hələ də davam edir və xalqımızı bu haqsızlıq­lara boyun əyməməyə, siyasi-ideoloji cəbhədə birliyə, əzmli və mübariz olmağa çağırır.

Nə qədər ki, bir milləti yetmiş yerə bölənlər var,
Nə qədər ki, rütbə üçün, şöhrət üçün ölənlər var,
Nə qədər ki, kabineti, vəzifəni gözlərinə təpənlər var,
Tiranların yambızını bir az altdan öpənlər var,
Nə qədər ki, istedadı addım-addım pusanlar var,
Xalq dərdini hayqırmağın əvəzinə,
əqrəb kimi susanlar var.
... Nə qədər ki, cəzasızdır
“Mən bu əsrin gur səsiyəm!..”
Xankəndində evlər yıxan, ürək yıxan yırtıcılar,
Davam edir 37 -
Daha kəskin, daha ciddi!

X.R.Ulutürkün proqram şeirlərindən biri olan “Davam edir 37...”nin ən böyük uğuru ondadır ki, Stalin rejiminin xalqımızı məruz qoyduğu repressiyanı zamanın fövqünə qaldıraraq ümumbəşəri miqyasda mənalandırmışdır. Şeirin poetik nailiyyəti göz önündədir və əsər öz qüvvəsini millətin sarsılmaz iradəsindən və qüvvəsindən almışdır. Şairin təkcə “Davam edir 37...” şeiri yox, bu ad altında toplanaraq 1992-ci ildə geniş oxucu auditoriyasına təqdim olunan kitabındakı şeirlərin böyük əksəriyyəti ədəbiyyatımızda siyasi lirikanın ən mükəmməl nümunələri hesab oluna bilər.
Azadlıq carçısı X.R.Ulutürk Qara Yanvar faciəsinə qədər və ondan sonra təşkil edilmiş mitinqlərdəki odlu çıxışlarına, müqəssirlərin cəzalanması və Vətənimizin düşmən qüvvələrdən təmizlənməsini tələb etdiyinə görə, 26 yanvar 1990-cı il tarixində həbs olunmuşdu. Lakin düz 8 ay 13 gün Lefortovonun təcridxanasında saxlanılan şairin mübariz ruhu sarsılmamış, düşmənə qarşı daha kəskin və barışmaz mövqe tutmuşdur. Böyük şair hələ bir il öncə “Qorx ki, bir gün Vətən deyə: “Xəlil balam qurban getdi” - deyəndə də, ondan çox-çox əvvəllər də milli ideallar uğrunda mübarizəsinin onu zindana doğru apardığını duyurdu, hiss edirdi, amma bu yol onu əsla qorxutmur, öz mübarizəsindən çəkindirmirdi.
Ulutürkün zindan şeirləri Azərbaycan ədəbiyyatında “Həbsiyyə” adı ilə tanınmış Xaqani şeir ənənəsinin müasir ədəbiyyatda davamıdır. X.Rza həbsdə olarkən 2000 səhifədən artıq əsər yazmış, azadlığa çıxdıqdan sonra 197 şeirini çap etdirmişdir. Böyük şairin ağır məhbəs həyatının ən böyük fərəhi, sevinci qəlbini göynədən fikirləri ağ vərəqlər üzərinə köçürmək idi. Onun məhbəsdə belə, susmaq bilməyən ilhamının mənbəyi şairin ləyaqətindən, məhəbbətindən və dünyaya humanist münasibətindən qaynaqlanırdı. “Özüm kamerada, yarı canımsa bəşərin uğrunda mübarizədə”, - deyən şairin zindan şeirlərinin mərkəzində hər zaman Azərbaycan obrazı dayanır, ruhunun sarsılmamasına Vətən məhəbbəti səbəb olur.
Xəlil Rzanın lirikası xalqın iradəsinin tər­cümanı səviyyəsinə yüksəlir. Şairin mənəvi gücü də ondadır ki, əsərlərindəki lirik “mən” tarixlə qırılmaz əlaqədədir və həyatda baş verən yeniliklər, sosial-ictimai dəyişikliklər qəhrəmanın daxilindəki keyfiyyət dəyişikliklərini şərtləndirir. Onun yaradıcılığı yalnız Azərbaycan xalqının istiqlal məfkurəsi baxımından əhəmiyyətli deyil, ümumbəşəri xarakterlidir. X.Rzanın poeziyası hər bir xalqın istiqlaliyyət uğrunda mübarizəsi üçün nümunə ola bilər.
Xəlil Rza yüksək amalları çərçivəsindəki hər kəsə, xüsusən də, ailə üzvlərinə təlqin etməyə çalışmışdır. Nəsihətlərində oğullarına onları qarşıda gözləyəcək çətinliklərə hazır olmağı, əyilməməyi, sınmamağı tövsiyə etmiş; Xiyabani təki, Səttərxan kimi əzmli, inadkar bir qəhrəman olmağı, ağlın gücü ilə qol zorunu özlərində cəmləşdirməyi, Vətəni hər şeydən uca tutmağı nəsihət etmişdir. Xalq şairi Ulutürkün, ata Xəlil Rzanın övladlarına ömür boyunca nəsihətləri, tövsiyələri hədər getmədi, övladları oddan törəyən kül olmadılar, əsl vətəndaş olan Ulutürkün adına layiq oğullar oldular. Xəlil Rzanın ilki Təbrizin düşmənə nifrəti atasının qanı ilə bərabər damarlarından axıb biləklərində güc-qüvvəyə çevrildi; yurdun ağır günündə gizlənib daldalananlardan olmadı, iki qız atası ön cəbhəyə - döyüş meydanına atıldı. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı alan oğul X.R.Ulutürkün fəxarət yeri oldu. Oğlu qəhrəmancasına həlak olduqdan sonra şairin qələmə aldığı ən təsirli əsərlərdən biri “Qarabağ şəhidlərinə ağı” şeiridir.

Varım-yoxum, cismim-canım Təbrizimi itirmişəm.
Bağ-bağçamı, gülşənimi, nərgizimi itirmişəm.
Yetim qalan bir dalğayam, dənizimi itirmişəm,
Dürdanəmi, yeganəmi, əzizimi itirmişəm.
İtirmişəm başım üstə kəhkəşanı, çilçırağı,
Qaytar mənim çırağımı, Odər yurdu, Od torpağı!

Bu misraları oxuduqca ömrü boyu əqidəsi uğrunda mübarizələr aparmış vətəndaş şairin, oğlunu itirərək qol-qanadı qırılan dərdli bir atanın ürək sızladan ah-naləsi, qəlb göynədən fəryadını eşidirik. Nə qədər əzmkar olsa da, Xəlil Rza Ulutürk də bir atadır, nə qədər qüdrətli olsa da, oğul itkisi onu da sarsıdır. Bu sətirlər təkcə şairin deyil, bütün şəhid atalarının - başını uca tutsa da, ürəyi parçalanan bütün şəhid valideynlərinin ürəyinin səsidir.
Ulutürkün yaradıcılığı təkcə ictimai lirika ilə məhdudlaşmır, onun məhəbbət mövzusunda da gözəl şeirləri var. Şairin bu möv­zuda sadəliyi, səmimiliyi ilə ruhu oxşayan şeirlərində çox vaxt obyekt birdir: Xəlil Rza sevgi dolu sözlərini, demək olar ki, həmişə üzünü ömür-gün yoldaşı Firəngiz xanıma tutaraq söyləyir. Onlarla şeirini oxuyarkən şairin bu qadına məhəbbətinin, hətta pərəstişinin şahidi oluruq. X.Rza öz qadınının sədaqətini həmişə görür, duyurdu. Odur ki, şeirlərində dönə-dönə sevdiyinə - ömür-gün yoldaşına minnətdarlıq edir, dar gündə dayağı olduğu üçün təşəkkürlərini bildirirdi. Vəd etdiyi ağ günü, səadəti bəxş edə bilmədiyi Firəngiz birgə udduqları təmiz havanı belə ən böyük səadət sandığı üçün X.Rzanın ən yaxın dostu, həm də onun xoşbəxtlik mələyi idi.

Sən mənim bəxtimə göylərdən enmiş
İlahi bir gəlin, mələk bir qadın.
Neçə qüsurumun bircəsini də
Heç yerdə, heç vədə üzə vurmadın.

Ulutürk poeziyasının başlıca məziyyəti humanizm, insansevərlik, həyat uğrunda mübarizədir. Hər misrasını oxuduqca belə bir qənaətə gəlmək olar ki, bu şair bütün yaradıcılığı ilə daim döyüşmüş, inandığı yüksək ideallar uğrunda mübarizə aparmışdır. X. Rzanın lirik düşüncələrini əks etdirən fəlsəfi tutumlu şeirlərində lirik-psixoloji vüsət, mənalı fikirlər axını orijinal intonasiya çalarları ilə əyaniləşir. Şairin insan ömrünə verdiyi qiymət belədir:

Səncə ömür nədir?
Məncə bir lampa:
Yanır, işıq verir və sönüb gedir.
Yox ömrü günəşə döndərmək gərək,
Günəşi heç bir şey söndürə bilmir.

Həqiqətən, Ulutürk ömrü necə dəyərləndiribsə, elə də yaşayıb. O, sağlığında əqidəsi, məsləyi və bu yolda külüngə çevirdiyi qələmi ilə özünə əbədiyyət qazananlardandır. X. Rza elə yaşamağı tövsiyə edir ki, ömrümüz sona yetdikdən sonra da əməllərimiz bizi yaşatsın. Günəşin nuru əbədi olduğu kimi, belə insanların da ziyası sönməzdir. “Lapdan ümman ləngərini hiss edəndə öz sinəmdə, inandım ki, əbədiyəm”, - deyən Ulutürkün bu sözləri özündənrazı bir şairin düşüncələri deyil, xalqın məhəbbətini duyduqca, bu məhəbbətə, həqiqətən, layiq olduğunu hiss etdikcə Azərbaycan xalqının yaddaşına həmişəlik həkk olunacağına inamın ifadəsidir:

İtib-batmaq üçün yaranmamışam:
Dünənəm!
Bu günəm!
Gələcəyəm mən!
Bir gün bu dünyadan getsəm də, nə qəm,
Dünyaya təzədən gələcəyəm mən!


Tarix: 10-01-2019, 14:47

Xəbəri paylaş