Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ulu öndər Heydər Əliyev ucalığı

 

Həbibullah Əzizov,
Qubadlı rayon Təhsil Şöbəsinin tarix üzrə
metodisti, Xıdırlı kənd tam orta məktəbinin
tarix müəllimi

Ulu öndər Heydər Əliyev kimi dünya miqyasında tanınmış, fəaliyyəti ilə Azərbaycan və dünya tarixində dərin iz qoymuş dahi bir şəxsiyyət-düha haqqında nə isə yazmaq həm çətin, həm məsuliyyətli və həm də şərəflidir. Çünki ulu öndəri, onun Azərbaycan xalqı və həssaslığı, qaynarlığı ilə seçilən regionumuz üçün xidmətlərini və fəaliyyətini vəsf edəcək kəlmələri tapmaq-toplamaq, ona layiq bir söz karvanı yaratmaq, onun şəxsiyyəti kimi uca və əlçatmazdır. Heydər Əliyev Tanrının Azərbaycan xalqına bəxş etdiyi tarixi, ictimai, siyasi fəaliyyəti və xidmətləri ilə tanınan nadir şəxsiyyətlərimizdən biri və önəmlisidir. Bu qəhrəman və tarixi şəxsiyyətin böyüklüyünü göstərən cəhətlərindən biri də canından çox sevdiyi xalqının və dövlətinin ən çətin günündə onun harayına və imdadına yetişməsidir. Əslində ulu öndər Tanrının Azərbaycana, xalqımıza, geniş mənada regiona və dünyaya bir lütfüdür.
Bu böyük azərbaycanlı, Azərbaycanı ordusu pərən-pərən olmuş, dövlət quruculuğu bərbad hala düşmüş, təhsili və səhiyyəsi dağılmış halda qəbul etdi. Amma yorulmadı, qorxmadı, çəkilmədi bu şərəfli və müqəddəs yoldan, amaldan. Məhz bu gün onun sayəsindədir ki, əsəri və memarı olduğu Azərbaycan regionda və dünyada özünü təsdiq etmiş və güclü bir dövlətə çevrilmişdir. Çünki o, taleyinə əsl xilaskar yazılmış bu xalqın ən böyük xilaskar oğlu idi. Sərkərdəlik məharəti ilə bərabər siyasəti ilə də məşhur olan Cavanşirlərin, parça-parça doğranmış Babəklərin, bir əlində qələm, digər əlində qılınc tutaraq vətəni qoruyan Xətailərin, hər qarışında müqəddəs amal və vətən yolunda minilliklər boyu canını fəda edən milyonlarla vətən övladının əmanəti olan bu vətəni qorumaq Heydər Əliyev kimi bir dühanın müqəddəs məqsədi və arzusu idi.
XX əsrin 50-60-cı illərindən etibarən tariximizin, təhsilimizin, ədəbiyyatımızın, bü­tövlükdə həyatımızın elə bir sahəsi yoxdur ki, orda ulu öndərin imzası, izi və xidməti olmasın. Min illər öncədən tariximizin ən dərin qatlarından, ərənlərimizdən bizə əziz və müqəddəs bir əmanət kimi ötürülən Azərbaycanı qorumaq, onu dünya dövlətləri arasına qoşmaq, bayrağını bayraqlar arasında dalğalandırmaq onun ən böyük istəyi idi. Məhz buna görə bu gün müasir Azərbaycan onun şah əsəri sayılır. O, vətənə xidmət etmək üçün gecəsini gündüzünə qatıb oxuyan ən yaxşı şagird və həm də ürəyini şam edərək qaranlıqlara çıraq tutan ən yaxşı müəllim idi. Şagirdlərini ürəyi ilə, sevgisi ilə bəsləyən, öyrədən və yol göstərən müəllim. O, “şagirdləri” yolunda Prometey tək ürəyini məşəl kimi yandıran, istisində milyonları isidən və bu müqəddəs məşəlin ətrafında milyonları toplayan böyük bir xalqın əziz “müəllimi” idi. Özünün də qeyd etdiyi kimi o, müəllimdən üstün və yüksək bir ad tanımırdı. O, ən yaxşı öyrədən olmaqla bərabər, həm də bir məktəb idi. Elə bir məktəb ki, dünya durduqca bu məktəbin İlham Əliyev kimi şagirdləri qaranlıqlara işıq salmaq üçün gecəli-gündüzlü çalışacaqlar və zülmətlərdə mayak, nur olaraq Azərbaycanı elmləri və mədəniyyətləri ilə ucaldacaqlar.
Ulu öndər həm də ən yaxşı əsgər idi. Bir anlıq belə olsa da düşünmədən şirin canını bu xalq, dövlət üçün fəda edən əsgər. Ulu öndər həm də ən böyük sərkərdə idi. Cavanşir, aslan ürəkli Şah Xətai və Nadir Şah kimi əlində silah əsgərləri ilə bərabər vətən torpağında keşik çəkən sərkərdə. Heydər Əliyev milli dəyərlərin, vətənpərvər duyğuların qadağan olunduğu illərdə heç nədən və heç kimdən çəkinmədən əsl vətənpərvərlik nümayiş etdirən uzaqgörən, içi azərbaycançılıq məfkurəsi ilə alışıb yanan vətən oğlu idi. Ona görə ki, o, ən böyük vətənpərvər idi. Özünü xalqın ən sadə vətəndaşı kimi bilən, xalqla bir olan əvəzolunmaz lider. Onun liderlik dühası bu gün belə dünyanın siyasilərinin yetişə bilmədiyi bir mərtəbədir.
O, ən gözəl ideoloq idi. Bu günki Azərbaycanın siyasi ideya xətti, ideoloji siyasəti onun yoludur. O, xidmətləri ilə bütün azərbaycanlıların dəstəkçisi, arxası idi. İstər rəmzi, istərsə də gerçək mənada, ulu öndər Azərbaycanımızın memarı, qurucusu və müasir Azərbaycanın yaradıcısı idi. Çünki o, başıbəlalı vətənə dağılmış, atılmış və ən acınacaqlısı isə yiyəsiz bir zamanda sahib çıxdı. Saysız-hesabsız çətinliklərə sinə gərərək al qanları ilə vətən torpağını sulayan şəhidlərin arzusunu gerçəkləşdirərək bugünki memarı olduğu konstitusiyamızda da qeyd olunduğu kimi, modern, dünyəvi, müstəqil Azərbaycanı yaratdı. Elə bir Azərbaycan ki, sivilizasiyalar beşiyi qoca Şərq minilliklər boyu belə mədəni sıçrayışın və inkişafın şahidi olmamışdır.
Ulu öndərin böyüklüyünü, dahiliyini və siyasi dühasını tək Azərbaycan xalqı deyil, sağlığında bütün dünya tanıyır və qəbul edirdi. Azərbaycan bu gün dünya arenasında layiq olduğu mərtəbəyə, mövqeyə məhz Heydər Əliyevin səyi, zəhməti, müdrikliyi və güclü dövlətçilik-idarəçilik təcrübəsi sayəsində gələ bilib. Ulu öndərin müdrikliyini, yüksək idarəçilik qabiliyyətini, dövlətçiliyimiz yolundakı xidmətini bütün dünya liderləri də qeyd etmişlər. Qardaş Türkiyə Respublikasının IX Prezidenti mərhum Süleyman Dəmirəl: “Mənim tanıdığım Heydər Əliyev həm türk və həm də Azərbaycan vətənpərvəri idi” deməklə ulu öndərin vətənpərvərliyini vurğulayırdı. ABŞ-ın sabiq Prezidenti Corc Buş: “Mən Heydər Əliyevin liderliyinə, cəsarətinə, dünyagörüşünə və nadir natiqlik istedadına valehəm” deməklə bu müdrik şəxsin istedad və bacarıqlarını qeyd edirdi. Türkiyə Respublikasının hazırkı cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, ABŞ-ın sabiq Prezidenti Bill Klinton, Fransanın sabiq Prezidenti Jak Şirak, İranın sabiq Prezidenti Seyid Məhəmməd Xatəmi, Böyük Britaniyanın sabiq Baş naziri Entoni Linto Bler, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, dünyaca məşhur qırğız yazıçısı Çingiz Aytmatov və BMT-nin sabiq baş katibi Butros Butros Qali kimi məşhur siyasi və ictimai xadimləri qeyd etməklə bu siyahını daha da uzatmaq olar. Hətta Bill Klinton Heydər Əliyevə müraciətlə demişdi: “Cənab Prezident, Siz bizə çox lazımsınız. Çünki Qafqazda və Mərkəzi Asiya regionunda sabitliyin qorunmasında biz Sizə minnətdarıq”. Klintonun bu fikri əslində yerində deyilmiş bir fikir idi. Çünki bu gün Azərbaycansız regionda heç bir siyasi, ticari və iqtisadi anlaşma imzalanmır. Hətta Türkiyənin Baş nazirlərindən biri olan mərhum Bülənd Ecevit ulu öndəri Atatürklə eyniləşdirmişdir. Əslində ulu öndər də mənsub olduğu xalqın harayına Atatürk kimi dar gündə yetişərək onu daxili, xarici təhlükələrdən xilas etmiş, ana qanunumuzda qeyd olunduğu kimi demokratik və unitar bir dövlət yaratmışdır. Artıq bu gün bu dövlət regionda və dünyada iqtisadi, siyasi, mədəni və hərbi cəhətdən özünü sübut etmiş bir respublikaya çevrilmişdir.
Bu gün əsəri olduğu Azərbaycanın günü-gündən çiçəkləndiyi bir zamanda əfsuslar olsun ki, ulu öndər aramızda yoxdur. Ancaq onun “yoxluğu” fiziki, bioloji və maddi anlamda olan yoxluqdur. Çünki bizlər hər bir sahədə onun izini, imzasını və fəaliyyətini görürük, duyuruq və hiss edirik. Bu gün bizləri daha da ruhlandıran, ürəkləndirən faktorlardan biri və ən önəmlisi ulu öndərin layiqli ardıcılı, Heydər Əliyev məktəbinin, siyasətinin və yolunun yorulmaz davamçısı İlham Əliyev cənablarının respublikamıza rəhbərlik etməsidir. Strateji, həssas, milli-dini maraqların toqquşduğu regionumuzda ancaq Heydər Əliyev məktəbinin ən yaxşı şagirdi bu tarazılığı-balansı qoruyub saxlaya, həm Vətənimizi, həm də regionu qaynar, təhlükəli və daimi münaqişə ocaqlarından kənar tuta bilər.
Bütün bunları göz önündə tutaraq biz müəllimlər ulu öndərin həyat və fəaliyyətini gələcək nəsillərə çatdırmalıyıq. Onun maddi-mənəvi irsini təhsil ocaqlarında təbliğ edərək, özünün təbiri ilə desək, “gələcəyimiz olan şagirdlərə” ulu öndər böyüklüyünü, şəxsiyyətini və zəkasını çatdırmalıyıq. Çünki hazırda dünyada terrorizmin, irqi, dini, etnik və lokal xarakterli münaqişələrin tüğyan etdiyi bir dövrdə Azərbaycan bu kimi neqativ və təhlükəli ocaqlardan kənardır. Buna görə biz azərbaycanlılar və hətta Azərbaycandan kənarda yaşayan soydaşlarımız belə ulu öndərə və Heydər Əliyev “akademiyası”nın layiqli şagirdi Prezident İlham Əliyevə minnətdar olmalıyıq. Bütün bunlarla bərabər bu gün ulu öndərin siyasi, elmi, dini fəaliyyətinin və uzaqgörən siyasətinin bəhrəsidir ki, Azərbaycan dünyada ən multikultural və tolerant bir dövlət kimi tanınır və qəbul edilir!


Tarix: 10-01-2019, 14:38

Xəbəri paylaş