AMEA-da akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib
AMEA-da görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan "Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AMEA, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ABŞ, İsveç, Türkiyə, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrin tanınmış alimləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları I Fəxri xiyabanda akademik Azad Mirzəcanzadənin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Beynəlxalq konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Prezident İlham Əliyevin "Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında" 2018-ci il 6 iyul tarixli Sərəncamının əhəmiyyətindən danışıb, bu sənədi Azərbaycan elmində xüsusi xidməti olan görkəmli alimin əməyinə verilən yüksək qiymət və qayğının təzahürü kimi dəyərləndirib.
“Akademik Azad Mirzəcanzadə tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisidir” - deyə bildirən alim neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, həmçinin riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlərin onun tərəfindən əhatəli şəkildə araşdırıldığını qeyd edib. AMEA rəhbəri görkəmli alimin zəngin elmi irsə malik neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair çoxsaylı qiymətli tədqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırdığını, onun rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft və qaz-kondensat yataqlarının işlənilməsinin fundamental-nəzəri əhəmiyyətli metodlarının hazırlanıb tətbiq edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, akademik A.Mirzəcanzadənin rəhbərliyi ilə 250-dən çox fəlsəfə doktoru, 100-dən artıq elmlər doktoru hazırlanıb.
Mərhum alimin həm də elmin təşkili və idarə olunması prosesində fəal iştirak etdiyini deyən akademik Akif Əlizadə bildirib ki, o, Azərbaycan elminin dünyaya inteqrasiyası üçün bilik və bacarığını əsirgəməyib. A.Mirzəcanzadə uğurlu elmi fəaliyyətinə görə müxtəlif illərdə bir çox fəxri mükafatlara, medallara, həmçinin Azərbaycan Respublikasının “İstiqlal” və “Şöhrət” ordenlərinə layiq görülüb.
Elmi kadrların və yüksək ixtisaslı neftçi mütəxəssislərin hazırlanmasında görkəmli alimin əvəzedilməz rolunun olduğunu deyən A.Əlizadə onun elmi məktəbinin davamçılarının nəinki Azərbaycanda, hətta xaricdə elmi mərkəzlərə və istehsalat müəssisələrinə rəhbərlik etdiyini bildirib.
AMEA rəhbəri Azərbaycan elmində əvəzsiz xidmətləri olan Azad Mirzəcanzadənin xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını söyləyib.
Sonra Azərbaycan Respublikası təhsil nazirinin müavini, psixologiya üzrə fəlsəfə doktoru Məhəbbət Vəliyeva çıxış edərək dünya şöhrətli alim A.Mirzəcanzadənin həyat yolu, neft elminin inkişafına verdiyi töhfələrdən söhbət açıb. Bildirib ki, Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakıda anadan olub, 15 yaşında orta məktəbi bitirib. O, 23 yaşında namizədlik, 29 yaşında doktorluq dissertasiyalarını müdafiə edib, 34 yaşında Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 40 yaşında isə həqiqi üzvü seçilib.
Nazir müavini çıxışında son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadənin pedaqoji fəaliyyətlə məşğul olduğunu, onun yüksəkixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etdiyini və ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, neftçi-alim pedaqogika elminin və uşaq psixologiyasının dərin bilicisi olub, neft-qaz elminin inkişafında və gənc alimlər nəslinin formalaşmasında mühüm xidmətlər göstərib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edərək cari ilin sentyabr ayında SOCAR-da akademik A.Mirzəcanzadənin 90 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb.
Azad Mirzəcanzadə ilə tanışlığının 1950-ci illərin əvvəllərinə təsadüf etdiyini deyən X.Yusifzadə görkəmli alimin neft-mədən mexanikasında yeni istiqamətlərin, neftqazçıxarma və işlənmə proseslərində innovativ fikirlərin yaradıcısı olduğunu, onun fundamental elmi görüşlərinin ölkənin hüdudlarından kənarda da böyük şöhrət qazandığını söyləyib. Bildirib ki, elmlə istehsalatın vəhdətini yaratmağa nail olmuş akademik Azad Mirzəcanzadənin araşdırmalarının nəticələrindən mötəbər elmi mərkəzlər bu gün də geniş istifadə etməkdədir. Alimin Azərbaycanda, keçmiş sovet məkanında və dünyada neft elminin inkişaf etdirilməsində misilsiz xidmətləri var, onun elmi irsi zəngin kəşflər və ixtiralar xəzinəsidir.
Daha sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək fəaliyyətinin böyük hissəsini bu universitetlə bağlayan akademik Azad Mirzəcanzadənin hər zaman gənc və perspektivli mütəxəssislərin axtarışında olduğunu qeyd edib. Alimin adının ölkə hüdudlarından kənarda da yaxşı tanındığını deyən rektor əlavə edib ki, onun ideya və kitabları tədris prosesində geniş istifadə olunur. Mustafa Babanlı, həmçinin vurğulayıb ki, öz elmi məktəbində 400-dən çox fəlsəfə və elmlər doktoru yetişdirən Azad Mirzəcanzadə Başqırdıstan, Tatarıstan, Qərbi Sibirdə neft və qaz yataqlarının işlənilmə nəzəriyyəsi və praktikası, qeyri-xətti mexanika və tətbiqi riyaziyyatda yeni istiqamətlərin inkişafına təkan verib.
Rektor görkəmli alimin novatorluq fəaliyyətindən də danışıb. Bildirib ki, Azad Mirzəcanzadə Mahmudbəyov adına səkkizillik məktəbin müəllim kollektivi tərəfindən fəxri direktor seçilib və onun təşəbbüsü ilə bu məktəb istedadlı uşaqlar üçün liseyə çevrilib. Siniflərdə mühazirələrlə çıxış edən Azad Mirzəcanzadənin dəvəti ilə liseydə Elmlər Akademiyasının tanınmış alimləri də dərs deyiblər. Görkəmli alimin digər təşəbbüsü ilə tələbələr buraxılış işlərini universitetdən kənarda, neftqazçıxarma müəssisələrində həyata keçiriblər.
Professor M.Babanlı bu günlərdə ADNSU-da keçirilən tələbələrin 67-ci elmi-texniki konfransının akademik Azad Mirzəcanzadəyə həsr edildiyini bildirib. O, universitetdə hər il mərhum alimin adına təqaüdlərin təsis edilərək təhsildə və tələbə elmi cəmiyyətinin işində böyük uğur qazanmış iki bakalavr və bir magistranta təqdim olunduğunu diqqətə çatdırıb. Rektor, həmçinin universitetdə akademikin iş otağının hazırda muzey kimi fəaliyyət göstərdiyini qeyd edib.
Konfransda Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, professor Əzizağa Şahverdiyev "Neft yataqlarının işlənmə prosesinin optimallaşdırılması və neftçıxarmanın artırılmasının innovativ texnologiyaları", Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Tulparxan Salavatov "Azad Mirzəcanzadə - vətəndaş, pedaqoq, alim, mütəfəkkir" mövzusunda məruzələrlə çıxış ediblər.
Daha sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevə, AMEA-nın müxbir üzvü Bağır Süleymanova və ADNSU-nun Qaz-neft-mədən fakültəsinin dekanı, professor Qafar İsmayılova "Akademik Azad Mirzəcanzadə adına medal" təqdim olunub.
Digər çıxış edənlər Azad Mirzəcanzadənin elmi yaradıcılığının əhəmiyyətindən bəhs edib, akademiklə bağlı xatirələrini bölüşüblər.
Tədbir plenar məruzələrin dinlənilməsi ilə işinə davam edib.
Tarix: 10-01-2019, 13:30