Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Müəllim hazırlığının təşkilində innovasiyaların tətbiqi

 

Rəfail ƏLİYEV,
Şirvan şəhəri 1 nömrəli tam orta məktəb-xüsusi
istedadlı şagirdlər liseyinin hərbi rəhbəri,
Əməkdar müəllim, “Ən yaxşı müəllim” və
“Təhsildə inkişaf və innovasiyalar üzrə
2-ci qrant müsabiqəsi"nin qalibi

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təhsilverənlərin vəzifələrindən biri kimi ixtisas və elmi-pedaqoji səviy­yənin daim yüksəldilməsi əsas prioritetlərdən hesab edilir. Qanunun 33-cü (33.3.8.) maddəsində “ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq...” tələbi irəli sürülür. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda isə müəllim hazırlığı strateji hədəflərdən biri kimi dəyərləndirilmişdir. Sənəddə 2-ci strateji hədəfdə: "Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması” vacib amil kimi əsaslandırılmışdır.
“Yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması” hədəfi isə fasiləsiz təhsil mühitində müxtəlif səviyyələrdə və müxtəlif formalarda müəllim hazırlığının təşkili nəticələrindən asılıdır.
“Müəllim hazırlığı” anlayışı çox vaxt müəllimin ilk peşə hazırlığını təmin edən professional təhsil kimi başa düşülür. Sonrakı mərhələdə müəyyən müddətdən bir müəllimlər müxtəlif kurslara, o cümlədən ixtisasartırma kurslarına cəlb edilirlər. Ancaq kurslararası zaman fasiləsi belə müəllim hazırlığını formal faktor kimi ortaya çıxarır. Buna görə də müəllim hazırlığının davamlılığını, səmərəliliyini, fasiləsizliyini təmin edə biləcək “təhsil müəssisəsi-məktəb səviyyəsi” anlamı gündəmə gəlir. Müəllim peşəsi daimi hazırlıq, peşəkarlığın mütəmadi təkmilləşdirilməsini tələb edir. Bu günün müəllimi öz üzərində daim çalışmalı, yenilikləri mənimsəməli, səriştəliliyini artırmalıdır.
“Dövlət Strategiyası”nda 2-ci strateji hədəflə bağlı tədbirlər sırasında müəllimlərin təhsil müəssisəsi səviyyəsində hazırlığı da əsas məsələlərdən hesab edilir:
2.1.3.müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi.
«Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və. Strategiyası» adlı sənəddə respublikamızda müəllim hazırlığının mövcud səviyyəsi geniş təhlil olunmuş, onun konsepsiya və strategiyası işlənib hazırlanmışdır. Burada müəllim hazırlığının istiqamətləri müəllimin bacarıq səviyyəsi kimi dəyərləndirilmiş, bu bacarıqların 3 istiqamət müəyyənləşdirilmişdir.
Müəllimin bacarığı aşağıdakı amillərlə təyin olunur:
- metodoloji (pedaqoji-psixoloji) bacarıqlar;
-ümumi mədəni səviyyəni əks etdirən bacarıqlar;
-fənyönümlü bacarıqlar.
Sənəddə, eyni zamanda, vurğulanır ki, müəllim yenilikçi, yaradıcı düşüncəyə malik olmalıdır.
Müəllim hazırlığının təhsil müəssisəsi səviyyəsi necə təşkil edilməli, hansı innovativ modellər tətbiq edilməlidir? Fikrimizcə, aşağıdakı modellər hədəfə çatmaqda uğurlu nəticələr verə bilər:
1."Sabahın müəllimləri” qrupu: gələcəyin müəllimlərini seçmək, onlara bu peşəni sevdirməklə gələcək peşəyə ilkin hazırlıq mərhələsini həyata keçirir;
2. Birləşmiş fənn kafedraları: məktəbdə çalışan fənn müəllimlərinin fənyönümlü hazırlığını həyata keçirir, müəllimi fənn üzrə tədqiqatlara yönəldir, onun professional bacarıqlarını və elmi potensialını inkişaf etdirir, dərslik, MMV-lərin (o cümlədən layihələrin) elmi-metodiki təhlilini həyata keçirir .
3. Pedaqoji-psixoloji hazırlıq mərkəzi: müəllimin pedaqoji bilik və bacarıq- larının təkmilləşdirilməsini həyata keçirir, məktəbdə psixoloji iqlimi sağlamlaşdırmaqla müəllimin pedaqoji durumunu tənzimləyir, yeni psixoloji bacarıqlar formalaşdırır;
4. Özünütəhsil və mədəni inkişaf modeli: İKT-dən istifadə etməklə, o cümlədən sərbəst mütaliə ilə mədəni səviyyənin daim inkişafı təmin edilir.
5. Çevik qiymətləndirmə sistemi: özünüyoxlama, bilik və bacarıqların yoxlanması mərhələsini həyata keçirir, nəticələri dəyərləndirir.
Təhsil müəssisəsi səviyyəsində hazırlıq dərs ilinin əvvəlində hazırlanmış iş planı və proqram əsasında həyata keçirilməlidir.
Təhsil müəssisəsi səviyyəsində hazırlığı məktəb rəhbərləri, təcrübəli müəllimlər, məktəb psixoloqu, kafedra rəhbərləri həyata keçirirlər.
  Hazırlığın   bu mərhələsinin tətbiqi gələcəyin   müəllimləri   olacaq   məzunlar   üçün  də  böyük əhəmiyyətə malikdir. Gələcəyin müəllimi, ilk növbədə, məktəbdə hazırlanmalı, qəbul ərəfəsində belə  məzunların da  bu peşəyə uyğunluğunun   monitorinqi keçirilməlidir. Əgər   bunlar həyata keçirilsə,   “heç   olmasa qoy müəllim olsun!” prinsipi də iflasa uğrayar, bu peşəyə bağlı olmayanlar   pedaqoji  təhsilə cəlb edilməz,  təhsilimiz təsadüfi müəllimlərdən xilas olar, cəmiyyətdə müəllimin nüfuzu daha da   artar.


Tarix: 12-11-2018, 16:51

Xəbəri paylaş