İbtidai məktəb şagirdin gələcək istiqamətini müəyyənləşdirir
Dilarə MAHMUDOVA,
Ağdam rayon 28 sayli köçkün orta məktəbinin ibtidai
sinif müəllimi
Ulu öndərimiz, dünya şöhrətli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə bərqərar olmuş siyasi sabitlik və yüksək iqtisadi inkişaf tempi bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi irəliləyişlərə səbəb olub.
Dövlətimiz öz müstəqilliyinə nail olduqdan sonra Azərbaycan təhsili gündən-günə yenilənir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, insan resurslarının inkişaf etdirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması təhsilə daha da təkan verib. İndi müəllim daha həvəslə çalışır, hər zaman yeniliyə can atır.
Şagirdlərin şəxsiyyət kimi formalaşması, meyil, maraq və qabiliyyətlərinin inkişafı, mənəvi və əxlaqi cəhətdən ləyaqətli bir vətəndaş kimi yetişməsi üçün məktəbdə əlverişli təlim mühiti yaradılmalıdır.
Müəllimin missiyası yalnız bilik vermək deyil, eyni zamanda öyrənənlərin, təfəkkürünün, düşünmə tərzinin dəyişməsinə, idrak fəaliyyətinin inkişafına nail olmaqdır.
Yadımdadır, kiçik vaxtlarımda məhəlləmizdə olan uşaqları yanıma çağırıb onlara «dərs verərdim». Müəllimlik sənətini çox sevirdim. Tabaşir alıb balaca lövhəmdə özümdən kiçiklərə yazmaq, oxumaq öyrədərdim.
İlk müəllimim Nərminə xanım məni hər dəfə belə gördükdə: - Vallah, bu qız mənim davamçım olacaq - deyə gülümsəyərdi.
İllər ötdü. Sənət seçimi gələndə çox təkliflər eşitdim. Amma sonda baxdım ki, müəllimim dediyi kimi, peşəkar bir müəllimə çevrilmişəm. Sənətimi, işimi çox sevirəm.
Körpə fidanlarla işləmək çətin olsa da qürurvericidi.
Cəmiyyətə yararlı insan yetişdirmək çox gözəldir. Hərdən şagirdlərlə söhbət edəndə kimin kim olacağına sanki beynimdə mən qərar verirəm. Axı onlar günün yarısını məktəbdə bizimlə bir yerdə olurlar. Valideynlərlə söhbət edərkən bunu xüsusi vurğulayıram: - «Evdə də onları inandırın, yol göstərin».
Hər bir şagird öz gələcəyini artıq ibtidai sinifdən cızır. Bu cızdığı yolla sağlam addımlarla irəliləyir. Mən baxdıqca sevinirəm. Çünki bu balaca sinif otağında həkim, müəllim, vəkil, musiqiçi, mühəndis, polis yetişir. Hələ maraq və istəklərini soruşanda - «Əsgər olacam» deyənlər də az olmur. Körpəlikdən vətənə bağlı, düzməninə intiqam hissi ilə böyümələri isə məni çox sevindirir.
Onların aldığı təhsil mənim üçün çox önəmlidir. Hər mövzunu necə qavradıqlarına diqqət edirəm. Dərs səviyyəsi yüksəldikcə onların dünyagörüşü, gələcəyi daha doğru və aydın görmələri güclənir. Çünki bu gün həyatı dərk etmək üçün təlim prosesində şagirdlərin zəruri bilik və bacarıqları mənimsəmələri başlıca şərtdir. Kurikulum dünyanın mütərəqqi təhsil modellərindən biridir. Bu sistemlə keçilən dərs uşaqların öz kimliyini tapmasına daha çox təkan verir.
Yeniləşən Azərbaycanda bu cür aydın fikirli şagirdlərin yetişməsi çox gözəldir. Mən də onları gələcəyin savadlı, işgüzar bir şəxsi kimi görürəm. Hər birinə gələcəyin bir peşə xadimi kimi yanaşıram.
Təhsilin keyfiyyətinin yüksəldilməsi təhsil işçilərinin başlıca vəzifələrindəndir. Bu yük öncə bizim müəllimlərin üzərinə düşür. Təhsilin güclü olması onu idarə edənlərin savadlı və yenifikirli olması ilə bağlıdır. Belə olduqda dövlət də güclü olar.
Mən inanıram ki, sinifdə yetişdirdiyim şagirdləri gələcəkdə elə düşündüyüm kimi görəcəm. Onların hər birini işgüzar, Vətəninə, elinə sadiq bir vətəndaş kimi görəndə qürurla deyə biləcəm: «Mən yanılmamışam, Tahirə həkim, Həsən vəkil, Ayşə musiqiçi, Ramal isə polis olmalı idi».
Tarix: 12-11-2018, 16:47