Məktəb uğurlarını artırır
Qloballaşan dünyanın mövcud reallıqları gənc nəslin təlim-tərbiyəsində həlledici faktora çevrilən təhsilin mühüm rolunu önə çıxarıb. Biliklərə əsaslanan cəmiyyətlərdə müəllim faktoru inkişafın əsasında dayanan əsas amildir. Bu mənada bütün dünyada 5 oktyabr Beynəlxalq Müəllimlər Gününün qeyd olunması da müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutur.
Ölkəmizin ictimai-siyasi həyatında, gənc nəslin hərtərəfli şəxsiyyət kimi yetişdirilməsində məktəbin, müəllimlərimizin əməyi çox böyükdür. Bu səbəbdən ümummilli lider Heydər Əliyev müəllim peşəsini müqəddəs saymış, bu peşə sahiblərinə diqqət və qayğısını heç zaman əsirgəməmişdir: "Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram".
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan keçən müddət ərzində ölkəmizdə məktəb infrastrukturunun yaxşılaşdırılması, təhsilin məzmun və formaca yeniləşməsi, təhsildə mütərəqqi metod və müasir texnologiyaların tətbiqi sahəsində əhəmiyyətli işlər görülüb. Bu dövrdə pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər müəyyən edilib. Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimyönümlü tədbirlərin öz əməli nəticəsi özünü təhsil müəssisələrinin və müəllimlərimizin uğurlarında tapır. Müəllim əməyinin şagirdlərinin uğurlarında bariz nümunəsini tapdığı ümumtəhsil müəssisələrindən biri də paytaxtdakı təhsil ənənələri ilə tanınan 158 nömrəli tam orta məktəbdir. 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ərəfəsində məktəbin direktoru Mehriban Ələkbərova ötən müddət ərzində məktəbin əldə etdiyi uğulardan danışdı:
- Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə uyğun olaraq “Təhsildə keyfiyyət ili”ndə əldə olunmuş uğurların cari tədris ilində də davamlılığına nail olmaq üçün məktəbimizin bütün pedaqoji heyəti səylə çalışmaqdadır. Son illərdə təhsil sistemimizdə mühüm yeniliklərdən olan məktəbəhazırlıq qruplarının yaradılması və əhatəliliyinin genişlənməsi öz müsbət nəticələrini verib və ictimaiyyət tərəfindən razılıqla qarşılanıb. Cari tədris ilindən başlayaraq bizim məktəbdə də 4 məktəbəhazırlıq qrupu fəaliyyət göstərməyə başlayıb. Onlardan 2-i Azərbaycan, 2-i rus qruplarıdır. Məktəbəhazırlıq təhsilin və uşaqlarımızın gələcək uğurlu həyatını müəyyən edən mühüm faktorlardan biri olduğundan pedaqoji kollektivin üzvləri tam məsuliyyətlə yanaşır. Bundan əlavə, məktəbin birinci siniflərinə 6 Azərbaycan bölməsi üzrə 189, 3 rus bölməsinə isə 106 nəfər qəbul olunub.
Məktəbimizin kollektivi üçün ötən tədris ilinin yekunları da uğurlu olub. Məzunlarımızın ali məktəblərə keçirilən qəbul imtahanlarında əldə etdikləri nəticələr də ildən-ilə yaxşılaşır. 2018-2019-cu tədris ilində ali məktəblərə qəbul imtahanlarında məzunlarımızdan 15 nəfərdən çoxu 500-dən yuxarı bal toplayıb. Sevindirici haldır ki, onların arasında pedaqoji ixtisasları seçən yetirmələrimiz də var. Məzunlarımızdan Fidan Məmmmədli, Nazlı Ömərova 600-dən yuxarı, Nihat Novruzlu isə qəbul imtahanlarında 650 bal toplayıblar. Yüksək bal toplayan məzunlarımız artıq ölkəmizin BDU, UNEC kimi nüfuzlu universitetlərində ali təhsillərini davam etdirirlər.
Məktəbin pedaqoji kollektvi şagirdlərimizin tədris nailiyyətləri ilə yanaşı onların hərtərəfli inkişafına da məsuliyyətlə yanaşır. Məhz bunun nəticəsidir ki, məktəbin şagirdləri arasında idmanın müxtəlif növləri üzrə əldə olunan uğurlar davamlı xarakter alıb. Təhsil müəssisəsinin şagirdləri müxtəlif idman növləri üzrə uğur qazanaraq diplom və medallarla təltif ediliblər. Məktəbin 11 B sinif şagirdi Nicat Məmmədli cüdo üzrə Avropa birinciliyində I yeri tutub. Digər şagirdlərdən 11D sinif şagirdi Fərid Məcidov və 11M sinif şagirdi Əli Novruzov full-kempo idman növü üzrə Avrasiya çempionatında müvafiq olaraq II və I yerlərə layiq görülüblər. Elcan Musayev Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş boks üzrə klublararası birincilikdə I, Dilarə Həsənova isə gimnastika üzrə Beynəlxalq yarışda II yerləri tutublar. Məktəbimizin şagirdi Rəşad Xaliqov uşu-nun çinda növü üzrə Azərbaycan birinciliyində qalib gələrək I yerə layiq görülüb.
Məktəbin şagirdləri gənc nəslin milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyəsi, onlara ölkəmizin tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadlarını stimullaşdırmaq məqsədiə keçirilən müsabiqələrdə fəal iştirak edirlər. Ötən tədris ilində Bakı məktəblərinin şagirdləri arasında keçirilən "Müstəqilliyimiz əbədidir" adlı inşa yazı müsabiqəsinin qalibləri arasında 158 nömrəli məktəbin şagirdi də mükafata layiq görülüb.
Şübhəsiz ki, təhsil ocağının yetirmələrinin əldə etdikləri uğurlarda bacarıqlı, öz peşəsinin vurğunu olan müəllim kollektivinin əməyi böyükdür. Məktəbin tədris sahəsində uğurları ilə seçilən müəllimlərinin Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq fərmanlarla təltif edilməsi də onların əməyinə verilən yüksək qiymət hesab oluna bilər.
Müəllim adınız mübarək, əziz müəllimlər!
O.MUSTAFAYEV
Tarix: 12-11-2018, 16:37