Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Çöhrənizdən heç vaxt təbəssüm əskik olmasın!

 

Yaqut Zeynalova,
Ucar rayon Qazyan kənd 1 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi,əməkdar müəllim

8 mart – Beynəlxalq Qadınlar Günü. Bütün dünyada qeyd edilən bu gün anaların – qadınların sevincli günlərindən biridir. Bu bayram bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu gün qadınlara həsr olunmuşdur.
Qadın-mehriban, əziz ana, qayğıkeş bacı, vəfalı həyat yoldaşı.
Qadın – Ana Allahın yaratdığı şah əsərdir. Əgər qadın gülərsə, xoşbəxtdir, demək, bütün bəşəriyyət gülər və xoşbəxt olar.
Dövlət müstəqilliyimizin bərpasından keçən iyirmi altı il ərzində demokratik Azərbaycanımızın qazandığı bütün uğurlarda qadınlarımızın misilsiz xidmətləri vardır. Elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə qazandıqları uğurları ilə Azərbaycan qadınlarının nüfuzu ilbəil artır və müstəqil ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər.
Ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, millət vəkili Mehriban Əliyeva bu gün beynəlxalq aləmdəAzərbaycan qadınlarını ləyaqətlə təmsil edir. Cənab Prezidentimiz İlham Əliyev də Azərbaycan qadınlarına yüksək qiymət verərək deyir: “Milli dəyərlərimiz, adət-ənənələrimiz, doğma dilimiz anaların-qadınların sayəsində bu günədək yaşamaqdadır”.
Ana müqəddəsliyi qarşısında bütün bəşəriyyət həmişə aciz qalmış, ondakı saflığa, məhəbbətə, dözümə, iradəyə qibtə etmişdir. Ulu öndərimizin sözləri ilə desək, “Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Qoy bu gözəllik əbədi olsun!”.
Əziz Analar, xanımlar! Mən sizi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bütün qadınlara cansağlığı, analıq səadəti, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.
Mehriban çöhrənizdən heç vaxt təbəssüm əskik olmasın!
Novruz bayramınız mübarək!
Artıq 2017-ci ilin rəngarəng baharı yurdumuza qədəm qoymuşdur. Mart ayı bayramlar ayıdır. Bu bayramlar sırasında Novruz bayramı öz milliliyi ilə seçilir. Novruz xalqımızın milli birlik, həmrəylik, qardaşlıq, məhəbbət, sevgi bayramıdır. Bu bayram azərbaycanlıları vətənə, ata yurduna, milli köklərə daha sıx bağlayan bayramdır. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Baharın gəlməsi ilə torpağın oyanması, təbiətin təzələnməsi başlanır. Məhz buna görə də Novruz bayramını bəzən “Bahar bayramı” da adlandırırlar. Novruz gəlişi ilə evlərə, ailələrə sevinc, büsat, şadlıq gətirir.
Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra milli dövlət bayramı kimi keçirilməyə başladı. Tarixi çox qədim olan Novruz bayramı bu gün də cənab Prezidentimizin xalqımıza göstərdiyi diqqət və qayğısı nəticəsində respublikamızın bütün bölgələrində, o cümlədən doğma Bakımızda böyük təntənə ilə qeyd olunur.
Ulu babalarımızın ən qədim bayramı – Novruz bayramı münasibətilə bütün xalqımızı, həmvətənlərimizi ürəkdən təbrik edirəm. Qoy bu təravətli Novruz bayramı süfrələrimizi ruzi, qəlbimizi isə xoş hisslərlə doldursun. Arzu edirəm ki, gün o gün olsun ki, milli dəyərlərimizi özündə yaşadan Novruz bayramını düşmən tapdağında olan doğma Qarabağımızda qeyd edək. O gün uzaqda deyil.
  Novruz bayramınız mübarək!...


Tarix: 11-04-2017, 13:15

Xəbəri paylaş