Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakıda VI Beynəlxalq Humanitar Forumu keçirilib

 


  Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib
 Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu öz  işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.
“Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında dövlət başçısı nitq söyləyib.
Builki forumda 90-dan artıq ölkədən 400-dən çox xarici qonağın iştirak etdiyini deyən Prezident İlham Əliyev bunu dünyada Foruma çox böyük marağın göstəricisi kimi qiymətləndirib: “Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilmişdir. Əminəm ki, Forumda müzakirə ediləcək məsələlər gələcək humanitar əməkdaşlıq üçün çox önəmli olacaq, xaricdən gələn qonaq­lar Forumun işinə çox böyük töhfə verəcəklər”.
Azərbaycanın dövlət başçısı qeyd edib ki, humanitar məsələlərin müzakirəsi çox önəmlidir. "Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək istərdim. Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir ki, doğrudan da Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilmişdir".
Forumda müzakirə olunacaq məsələlərdən birinin də təhsillə bağlı olduğunu deyən dövlət başçısı təhsilin inkişafı və təhsildə müasir metodların tətbiq edilməsinin prioritet məsələlərdən biri olduğunu vurğulayıb: “Təhsil sisteminin maddi-texniki bazası möhkəmlənir. Son 15 il ərzində 3000-dən çox məktəb tikilib və təmir edilib. Deməliyəm ki, Azərbaycanda cəmi 4500-dən bir qədər çox məktəb var, onların əksər hissəsi ən yüksək standartlar səviyyəsində qurulub. Eyni zamanda, müəllim peşəsinə maraq da çox böyük dərəcədə artır. Aparılan islahatlar, o cümlədən maaşların əhəmiyyətli dərəcədə artırılması, məktəblərin təmiri və digər stimullaşdırıcı addımlar nəticəsində müəllim olmaq istəyənlərin sayı dəfələrlə artıb və bu il biz bunu əyani şəkildə görmüşük. Test imtahanlarında yüksək ballar toplayan abituriyentlər arasında müəllim olmaq istəyənlərin sayı bir neçə dəfə artıb. Yəni, bu, onu göstərir ki, humanitar sahənin əsas hissələrindən biri olan təhsil sahəsinə çox böyük diqqət göstərilir və gözəl nəticələr var”.
Çıxışında Azərbaycanın humanitar əməkdaşlığa çox böyük diqqət göstərdiyini bir daha vurğulayan Prezident İlham Əliyev bir çox təşəbbüslər irəli sürdüyümüzü bildirib ki, onlardan biri də Bakı Beynəlxalq Humanitar Forumudur: “Əminəm ki, aparılacaq diskussiyalar, müzakirələr bizim ümumi işimizə gözəl töhfə verəcək”.
Sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. O, çıxışında Forumun ildən-ilə inkişaf etdiyini, Bakının humanitar dialoq mərkəzinə çevrildiyini bildirib.
Daha sonra BMT baş katibinin müavini Rəşid Xalikov, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, UNESCO-nun baş direktorunun müavini Qu Ksinq və Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron çıxış ediblər.
Açılış çıxışlarından sonra Forum işini plenar və işçi sessiyalarla davam etdirib.
  Qeyd edək ki, 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cüm­lədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya top­layan mötəbər tədbirdir. VI Bakı Bey­nəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayacaq. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verəcək və bəşəriyyətin inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin yaran­masına vəsilə olacaq.


Tarix: 12-11-2018, 14:16

Xəbəri paylaş