Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADA Universitetində məzun günü

 

Prezident İlham Əliyev mərasimdə iştirak edib

Mayın 26-da ADA Universitetində məzun günü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.
ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev dövlətimizin başçısına bu təhsil ocağının fəaliyyətinin genişləndirilməsi layihəsi ilə bağlı məlumat verib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ingilisdilli dövlət ali təhsil müəssisəsi olan ADA Universiteti müasir təhsil standartlarını əsas tutaraq qabaqcıl dünya təcrübəsini tətbiq edir, innovativ və qlobal dünyagörüşünə malik kadrlar hazırlayır.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə daha bir tədris ilinin uğurla başa çatdığını deyərək bildirib ki, bu gün universitetin məzunlarının nailiyyətləri, vətənpərvərlik ruhu təntənə ilə qeyd edilir.
Məzun günü təhsil müəssisəsinin professor-müəllim heyətinin səhnəyə çıxması ilə başlayıb. ADA Universitetində tələbə, müəllim və işçi heyətini 46 müxtəlif ölkədən olan insanların təşkil etməsi burada beynəlmiləl mühitin yaradılmasına böyük töhfə verir. Tələbələr bu təhsil ocağında müasir tələbə şəhərciyi mühitindən, fəal və maraqlı tələbə həyatından, yüksək akademik göstəricilərlə oxuyan tələbələrə təhsil haqqında güzəştlərdən və dünyanın 60 aparıcı universiteti ilə təhsil mübadiləsi imkanlarından yararlanırlar.
Universitetdə 41 ölkədən 2200 tələbə təhsil alır ki, onlardan da 85 faizi bakalavr, 15 faizi isə magistr pilləsindədir. Təhsil müəssisəsində ictimai və beynəlxalq münasibətlər, biznes, informasiya texnologiyaları və mühəndislik fakültələri fəaliyyət göstərir. ADA-da tələbələr bakalavr pilləsi üzrə beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, hüquqşünaslıq, biznesin idarə edilməsi, iqtisadiyyat, kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, magistr pilləsi üzrə isə diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, biznesin idarə olunması, MBA, təhsil menecmenti ixtisasları üzrə təhsil alırlar.
Mərasində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev məzun günü münasibətilə bütün məzunları ürəkdən təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. "Məzunlar üçün yeni dövr başlayır. Mən əminəm ki, universitetdə aldıqları biliklər onlara həyatda layiqli yer tutmaq üçün kömək edəcəkdir. ADA Universiteti Azərbaycanın aparıcı ali məktəblərindən biridir. Bu universitetdə təhsilin səviyyəsi çox yüksəkdir. Universitet həm ölkəmizdə, həm xaricdə böyük nüfuz qazanmışdır və bu gün burada səsləndi ki, universitetdə 41 ölkədən tələbələr oxuyur. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, doğrudan da ADA qısa müddət ərzində çox yüksək nüfuz qazanaraq ölkəmizin aparıcı ali məktəblərindən birinə çevrilmişdir".
Prezident əmin olduğunu bildirib ki, ADA-da təhsil alan tələbələr gələcəkdə ölkəmizin həyatında fəal rol oynayacaqlar, ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verəcəklər. "Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycan tələbələrinin xaricdə təhsil almaları üçün müvafiq proqramlar qəbul edildi, vəsait ayrıldı və bizim gənclərimiz dünyanın aparıcı ali məktəblərinə ezam olundular. Bu proqramların çox böyük faydası oldu, minlərlə Azərbaycan gənci xaricdə yüksək təhsil alaraq Vətənə qayıdıblar və bu gün ölkəmizin inkişafında fəal rol oynayırlar. Ancaq, əlbəttə, əsas vəzifəmiz ondan ibarət olmalıdır ki, Azərbaycanda təhsilin səviyyəsi artsın və beynəlxalq standartlara cavab versin. ADA Universitetinin yaradılması bu məqsədi güdürdü. Bu gün tam əminliklə demək olar ki, burada tələbələrə verilən biliklər, təhsil ən yüksək standartlara uyğundur. Mən ADA-nın bütün professor-müəllim heyətinə, universitetin rəhbərliyinə gördükləri işlərə görə minnətdarlığımı bildirmək və onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulamaq istəyirəm".
Dövlət başçısı bir daha bəyan edib ki, təhsil hər bir dövlətin gələcəyidir. "Əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklər. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Əgər biz buna nail ola bilsək, - mən inanıram ki, buna nail olacağıq, - onda ölkəmizin uzun­müddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir. Bizim gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bax, bu amillərin sintezi bizim ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcəkdir. Mən əminəm ki, bizim gənclərimiz məhz bu istiqamətdə öz fəaliyyətlərini davam etdirəcəklər. Mən bilirəm ki, bizim gənclərimizin mütləq əksəriyyəti dediyim meyarlara tam uyğundur".
Ölkəmizdə savadlılığın səviyyəsinin təxminən 100 faizə yaxın olduğunu deyən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, təhsillə bağlı olan islahatlar, yeniliklər əlbəttə ki, öz nəticəsini verəcək və verir. "Buna müəyyən vaxt, zaman lazımdır. Ancaq biz düzgün yoldayıq və əminəm ki, ölkəmizin uğurlu inkişafını güclü kadr potensialı təmin edəcək. Əsas məqsəd bundan ibarətdir və biz ADA-nın timsalında, digər aparıcı ali məktəblərimizin timsalında bunu görürük. Azərbaycanda təhsil ölkəmizin dinamik inkişafı ilə addımlamalıdır. Təhsilə göstərilən diqqət bizim büdcə xərclərimizdə də özünü büruzə verir. Büdcə xərclərimizin əsas hissəsi təhsillə və müdafiə potensialımızla bağlıdır. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq və müdafiə xərcləri əlbəttə ki, prioritet məsələ olmalıdır. Bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Ümid edirəm ki, təhsilimizin səviyyəsi də bu hədəfə yaxınlaşacaqdır".
Dövlət başçısı qeyd edib ki, ADA Azərbaycan Diplomatik Akademiyası kimi yaradılıb və bu, onun adında da öz əksini tapır. "Əlbəttə ki, burada bundan sonra digər fənlər üzrə tədris proqramları tərtib edildi, universitetin maddi-texniki bazası möhkəmləndirildi. Bakının bu gözəl guşəsində indi gözəl universitet şəhərciyi yaradılıb. Buraya gələrkən mənə yeni korpusların tikintisi ilə bağlı məlumat verildi. Mən çox şadam ki, şəhərimizdə belə müasir təhsil şəhərciyi vardır. Mən ADA-nın gələcək genişləndirmə proqramını da bəyənirəm. Azərbaycan dövləti, əlbəttə, bu məsələlərin həllinə diqqət yetirəcək və lazımi vəsait də ayrılacaq ki, bu işlər davam etdirilsin".
Prezident əmin olduğunu bildirib ki, bu gün ölkə qarşısında duran vəzifələr uğurla icra ediləcək. "Çünki bizim güclü iqtisadi potensialımız, çox müsbət beynəlxalq nüfuzumuz var. Çox dinamik cəmiyyətimiz, fəal gənclərimiz, çox bilikli vətəndaşlarımız və güclü siyasi iradəmiz var. Əsas vəzifə ondan ibarətdir ki, ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin edilsin. Bu isə bax, bu gün burada əyləşən və bizim başqa ali məktəblərdə bu gün eyni tədbiri keçirən gənclərdən asılıdır. Bir daha demək istəyirəm ki, gənclər bizim gələcəyimizdir. Gələcəkdə ölkəmizin taleyi, müstəqilliyi, xoşbəxtliyi gənclərdən asılı olacaq. Ona görə gənclər daim Vətən sev­gisi ilə yaşamalıdırlar, peşəkar, bilikli, Vətənə bağlı olmalıdırlar. Əminəm ki, bizim gənclərimiz bu yüksək meyarlara daim cavab verəcəklər".
Prezident İlham Əliyev bir daha məzunları təbrik edib: "Siz gözəl, qüdrətli ölkədə yaşayırsınız. Siz gözəl təhsil almısınız. Siz xarici dillər bilirsiniz. Əminəm ki, siz tam yetişmiş peşəkarlar kimi istənilən sahədə işləyə bilərsiniz. Mən sizə ancaq və ancaq uğurlar arzulamaq istəyirəm. Arzulamaq istəyirəm ki, siz bu gözəl şansı əldən verməyəsiniz, həyatda layiqli yer tutasınız və ölkəmizin inkişafına öz dəyərli töhfənizi verəsiniz. Bir daha təbrik edirəm və uğurlar arzulayıram".
ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev məzun günündə dərin məzmunlu çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, bunun hər bir məzunun həyatında unudulmaz xatirə kimi qalacağına əminliyini ifadə edib. Dövlət başçısının 2012-ci ildə ilk dəfə ADA-ya gəldiyini və burada yeni kampusun açılışında iştirak etdiyini, təhsil ocağının fəaliyyət istiqamətlərinin genişləndirilməsi ilə bağlı tövsiyələrini verdiyini bildirən rektor deyib: “Həmin gün Prezidentimiz cəmi bir ixtisas üzrə 14 məzunu təbrik etmişdi. Bu gün isə o, təbrik sözlərini 11 ixtisas üzrə bitirən 530 məzuna ünvanladı. O zamanla müqayisədə tələbələrimizin sayını 115-dən 2200-ə çatdırmışıq. Bunların arasında 380 tələbə qaçqın və məcburi köçkün ailələrindəndir, 500 tələbəmiz isə Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş gənclərdir. Biz əsl beynəlmiləl ali məktəb yarada bilmişik - dünyanın 41 ölkəsinin nümayəndəsi burada təhsil alır. Mübadilə proqramı ilə tələbələrimiz ADA-nın 60-dan çox xarici tərəfdaş universitetlərinə gedə bilirlər. Biz fəxr edirik ki, dövlətimizin başçısının etimadını doğrultmaqdayıq".
Rektor Hafiz Paşayev əmin olduğunu bildirib ki, universitetin məzunları bilik və bacarıqlarını Vətən uğrunda şərəf və ləyaqətlə tətbiq edəcək, Azərbaycanın ərazi bütövlüyü naminə dövlətimizin başçısının apardığı qətiyyətli siyasətə güc qatacaqlar.
Sonra diplomların təqdim edilməsi mərasimi başlayıb. Prezident İlham Əliyev məzunların bir qrupuna diplomları təqdim edib.


Tarix: 11-06-2018, 18:33

Xəbəri paylaş