Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəblərimiz peşə təhsilinə marağı gücləndirməlidir

 
Qloballaşan dünyanın gətirdiyi yeni reallıqlardan biri və bəlkə də ən başlıcası əmək bazarının tələblərinə cavab verən yeni iş yerləri və onların hazırlıqlı, yüksəkixtisaslı mütəxəssisləridir. Həyat göstərir ki, sürətlə dəyişən əmək münasibətləri sistemində duruş gətirə biləcək mütəxəssis hazırlığında ali təhsillə yanaşı, peşə təhsilinin də üzərinə mühüm missiya düşür. Bu cür situasiya isə kadr hazırlığında peşə təhsilinin rolu və əhəmiyyətini artırmaqdadır. Xidmət, istehsal və sənaye iş yerlərinin keyfiyyətli mütəxəssislərlə təmin olunmasına necə nail olmaq olar? Peşə təhsili bu sahədə nə kimi rol oynaya bilər?
Bütün bu suallara "Hyatt Regency Baku" otelində “Peşəyönümü işinin təşkili: peşə təhsilinin təbliği” mövzusunda keçirilən konfransda cavab tapmaq olardı.
Peşə təhsili strateji xətt kimi
Təhsil Nazirliyi, Avropa İttifaqı və “Hyatt Regency Baku” otelinin birgə təşkilatçılığı, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq keçirilən konfransda çıxış edən Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi­nin direktoru Famil Mustafayev "Azərbaycanda peşə təhsilində islahatlar: biliklərdən bacarıqlara" mövzusunda təqdimat edib. Təqdimatda ölkəmizdə peşə təhsili sahəsində aparılan islahatlar, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, peşə təhsilinin inkişafı üzrə qəbul olunmuş dövlət sənədlərində bu sahənin prioritet əhəmiyyət daşıdığı, bu sahəyə artan dövlət dəstəyi qeyd olunub. F.Mustafayev qeyd edib ki, Azərbaycanda təhsil sistemində və eləcə də onun tərkib hissəsi olaraq peşə təhsili sahəsində aparılan islahatlar artıq hamıya tanışdır. Onun sözlərinə görə, 2016-cı ildə ölkədə milli iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələri müəyyənləşdi və onlardan biri də peşə təhsilinin inkişafına dair strateji yol xəritəsi oldu. Peşə təhsilinə olan diqqətin ən bariz nümunəsi 2 il öncə, 2016-cı il aprelin 20-də ölkə rəhbərliyinin fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması oldu. Ötən 2 il ərzində bu sahədə xeyli iş görüldüyünü deyən Agentliyin direktoru qeyd edib ki, ilk növbədə, peşə təhsili sahəsində qanunvericilik bazasının yaradılması üzərində işlərə başlanıldı və artıq bir neçə gün öncə ölkə tarixində ilk dəfə olaraq "Peşə təhsili haqqında" qanun Milli Məclis tərəfindən ikinci oxunuşda qəbul olundu. Bu, dünya təcrübəsinə əsaslanan, o cümlədən ənənəvi peşə təhsili sistemini də yaddan çıxarmayan, ölkədə peşə təhsilini inkişaf etdirməyə imkan verən çox gözəl qanundur.
Peşə təhsil mərkəzlərinin
tələbələri
F.Mustafayev qeyd edib ki, "Peşə təhsili haqqında" qanunun qüvvəyə minməsindən sonra peşə təhsil mərkəzlərinin şagirdləri də tələbə adlanacaqlar. "Bu, hesab edirəm ki, peşə təhsilinin imicinin artırılmasına böyük kömək edəcək. Peşə təhsilində çalışan insanların yaş həddi məhdudlaşmayacaq və orada 16-46 yaşında insanlar da təhsil ala biləcəklər. Bu baxımdan, burada hər bir təhsilalanın tələbə adlanması insanların bu sahəyə gəlməsində psixoloji maneələri də aradan qaldırmağa imkan verir". Bundan başqa, bütün respublika üzrə rasionallaşdırma işlərinə başlanılacaq. Bu, bir neçə peşə təhsil müəssisəsinin birləşməsi və regionlarda lazım olan yerlərdə yenilərin yaradılması istiqamətində aparılacaq tədbirlər planıdır. "Biz demək olar ki, yeni kurikulum proqramlarını əmək bazarının tələblərinə cavab verən səviyyədə hazırlayırıq. Artıq sovetlər birliyində mövcud olan dərsliklər, vəsaitlər olmayacaq. Bu peşə təhsilinin müasir tələblərə cavab verməsi üçün çox vacib şərtdir. Bütün dərsliklər Asiya və Avropanın bir sıra ölkələrinin qabaqcıl təcrübəsi nəzərə alınmaqla hazırlanıb". Peşə təhsilinin məzmununun inkişafı üçün də işlər görülür. Burada ümumi kurikulum əsaslı tədris proqramları hazırlanır, təxminən 60 modulun hazırlanması üzərində iş gedir. Bu da peşə təhsilinin məzmununu demək olar ki, kökündən müasir əsaslar üzərində qurulmasıdır. Eyni zamanda hökumət tərəfindən müvafiq investisiya layihələri cəlb olunmaqla peşə təhsil mərkəzlərinin yenidən qurulması işi başlayacaq
Uğurun yolu ... həm də peşə
təhsilindən keçir
Agentlik direktoru bildirib ki, son vaxtlar bütün dünyada əsasən də iqtisadi sahədə böhran xarakterli proseslər gedir. Bu proseslər bütün ölkələrə, o cümlədən də Azərbaycana da təsir göstərir. Belə bir vəziyyətdə isə peşə təhsilinin rolu, onun gərəkliliyi hamı üçün başadüşüləndir. "Hesab edirəm ki, bu bizim üçün bir stimul olmalıdır ki, peşə təhsili təkcə müvafiq nazirliklərin deyil, həm də bütün millətin, xalqımızın işinə çevrilməlidir, çünki ölkənin iqtisadi qüdrətini qaldırmaq, ölkəyə valyuta idxalını artırmaq üçün peşə təhsilinin inkişafı danılmazdır. Bugünkü tədbirin də məqsədlərindən biri valideynlərə göstərməkdir ki, uğurun yolu təkcə ali təhsildən deyil, həm də peşə təhsilindən keçir. Biz müəyyən etdik ki, əgər əvvəllər peşə təhsilinin bir səviyyəsi mövcud idisə, indi biz peşə təhsilinin 3 səviyyəsini - ilk peşə-ixtisas, texniki peşə təhsili və yüksək peşə təhsili müəyyənləşdirmişik". Bu o deməkdir ki, bu gün peşə təhsilində oxuyan insanlara imkan yaranır ki, istədiyi halda peşə təhsilində aşağıdan yuxarı bütün pillələrdə təhsil almaqla daha çox öz gələcəklərinin təminatçısı ola bilərlər. F.Mustafayevin sözlərinə görə, sadəcə biliklər insanlara həyatda yer tutmaq üçün kifayət etmir. Biliklər bacarıqlara, səriştələrə çevrilməlidir. Bacarıqları əldə etmək üçün isə peşə təhsili ən düzgün, ideal seçimdir. Biz dünyada mövcud olan bütün təcrübələri ölkəmizə gətirmək istəyirik. Bu təcrübələrdən yararlanmaqla hesab edirik ki, övladlarımız elə bacarıqlara sahib olmalıdırlar ki, nəinki Azərbaycanda, yaxın və uzaq ölkələrdə belə özlərinə iş tapıb həyatlarını qura bilsinlər. "Bizim əsas işimiz yeniliklər, innovasiyalar istiqamətində olmalıdır, çünki ənənəvi ixtisaslarla yanaşı bütün dünyanı irəli aparan, iqtisadiyyatı dirçəldən yüksək texnoloji biliklərə sahib olmaq istiqamətində bütün qurumlar, eləcə də təhsil müəssisələrinin də rolu olmalıdır. Bu gün karyerada uğur qazanmaq üçün ali təhsilə malik olmaq kifayət deyil. Bu gün dünyada gedən prosesləri izləyərək qeyri-formal təhsil isiqamətində iş aparırıq və bu da gənclərin peşə sahəsinə gəlməsinə daha da maraqlandırır".
Peşə təhsilində maarifləndirməyə güclü ehtiyac var
Konfransda “Ümumtəhsil müəssisələrində peşəyönümü işinin səmərəliliyi üçün maarifləndirmənin aparılması” mövzusunda çıxış edən Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva qeyd edib ki, tədbirin əsas mahiyyəti peşə təhsilinin təbliğini aparmaqdır. "Bu işdə maarifləndirmə işinə çox böyük ehtiyac var. Çünki uzun illər ərzində peşə təhsili haqqında ölkədə, eləcə də təhsil ictimaiyyətində artıq oturuşmuş mənfi sterotiplər formalaşıb, orta məktəblərdə uğursuz bir şagird kimi təhsilalanlar peşə təhsilinə yönəldilib. Lakin ölkə başçısı tərəfindən 2013-cü ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Startegiyası"nda mühüm istiqamətlərdən biri kimi peşə təhsilinin inkişaf etdirilməsi yer alıb. Peşə təhsilinin dövlət strategiyasında yer alması, növbəti mərhələdə isə Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu məsələnin nə dərəcədə önəmli və diqqət mərkəzində olmasından xəbər verir". Peşə təhsilində maarifləndirməyə güclü ehtiyacın olduğunu deyən M.Vəliyeva qeyd edib ki, məktəblərin bu yöndə işini qurmaq üçün ayrıca məzmun işlənməlidir. Çünki məktəblərdə peşə təhsili üzrə müəyyən olunmuş koordinatorlar valideynlərə peşə təhsilinə dair zəruri məlumatları çatdırmalıdırlar.
İbtidai məktəb şagirdin
gələcək istiqamətini
müəyyənləşdirir
Onun sözlərinə görə, inkişaf etmiş bir sıra ölkələrdə artıq ibtidai təhsilin sonunda ibtidai sinif müəllimi şagirdin gələcək istiqamətini müəyyənləşdirir. Belə ki, müəllimin şagirdin gələcəkdə ali məktəblərdə oxuması və hansısa universitetdə təhsil alması barədə bir rəyi olur. Bu rəy dəyişə də bilər, amma əksər hallarda ibtidai sinf müəllimlərinin verdiyi rəy gələcəkdə öz təsdiqini tapır. Niyə məhz ibtidai təhsil pilləsində? Çünki məhz ibtidai sinif müəllimləri şagirdlərə müxtəlif fənləri tədris etməklə yanaşı paralel olaraq onların bacarıq və qabiliyyətlərini, meyil və maraqlarını da öyrənirlər. "Buna görə də, düşünürəm ki, peşəyönümündən danışanda ibtidai sinif müəllimləri ilə də ayrıca iş aparılmalıdır, çünki onlar həm şagirdlər, həm də valideynlərlə ünsiyyətdədirlər və onları inandırmaq kimi imkana malikdirlər. Məktəb rəhbərliyinin də bu məsələni diqqətdə saxlaması çox vacib məsələdir".
Konfransda daha sonra peşəyönümü işinin aparılması strategiyası, peşəyönümü işinin təbliği, peşə təhsilində dövlət-özəl əməkdaşlığı mövzularında təqdimatlar olub. İştirakçılar peşə təhsili müəssisələrinin məzunlarının uğur hekayələri ilə tanış olublar.
Tədbirin sonunda Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Hyatt Regency Baku” oteli arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.

Oruc MUSTAFAYEV


Tarix: 31-05-2018, 11:27

Xəbəri paylaş