Yenilənmiş ADDA saytının təqdimatı keçirilib
Aprelin 2-də Azərbaycan Dövlət Dəniz Akademiyasının Heydər Əliyev adına muzey-lektoriyasında rebrendinq çərçivəsində akademiyanın müasir tələblərə cavab verən, təkmilləşdirilmiş, yeni imkanlarla zənginləşdirilmiş rəsmi veb saytının təqdimatı keçirilib. Təqdimatda AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları, ADDA rəhbərliyi iştirak edib.
ADDA saytının yenilənərək rekonstruksiya və redizayn edilməsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilib. İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova çıxış edərək bu gün istənilən qurumun, təşkilatın veb saytının yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və saytın təhlükəsizlik tələbləri barədə məlumat verib. Sonra Akademiyanın İnformasiya resurs mərkəzinin mühəndisi Zaur Mustafayev veb saytın dizayn, texniki və proqram təminatında edilən yeniliklər, dəyişikliklər barədə təqdimatla çıxış edib.
ADDA (Azərbaycan Dövlət Dəniz Akademiyası) saytın domain adında da öz əksini tapıb. adda.edu.az saytında istifadəçilərin lazımı informasiyanın tez bir zamanda əldə etməsi üçün müasir veb-dizayn komponentlərindən istifadə olunub. AzScienceNet elm kompüter şəbəkəsinin Data mərkəzində yerləşən, üç dildə fəaliyyət göstərəcək saytda texniki və proqram təminatı cəhətdən ən müasir yeniliklər tətbiq edilib. ADDA-nın yenilənmiş veb saytı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırılaraq Azərbaycan Respublikasında rəsmi vebsaytlar üçün qoyulan bütün təhlükəsizlik tələblərinə cavab verir. HTML5, jQuery, CSS3, Cross Browser texnologiyalarından və CMS platformasından istifadə olunmaqla təhlükəsizlik amili tam təmin olunub. Responsiv dizayna malik sayt izlənmə statistikasının aparılması məqsədilə Google Analitics-ə qoşulub və veb saytın dünya reytinqində yer alması üçün “Webometrics” tələbləri əsas götürülüb. Saytda akademiyanın struktur bölmələri haqqında məlumat bazası ilə yanaşı ADDA nəzdində fəaliyyət göstərən Təlim Tədris Mərkəzi, Dənizçilik Kolleci haqqında informasiyalar yer alıb. Yaxın zamanda saytın əlavəsi kimi Elektron Akademiya layihəsi çərçivəsində EDUMAN sistemi sayta inteqrasiya ediləcək və test rejimində istifadəçilərə təqdim olunacaq.
Daha sonra rebrendinq çərçivəsində Akademiyanın yeni korporativ loqotipi təqdim edilib. Bu barədə məlumat verən İRM-in müdiri S.Rzayeva minimalizm stili bazasında qurulan yeni loqotipdə müasir dənizçilik təhsili konsepsiyasının prioritet götürüldüyünü, əsas komponentlər kimi gəmi, şturval və kitabın yer aldığını və loqo “Beynəlxalq sularda üzən gəmilərimizin işıqlı yolu yalnız təhsildən keçir” fəlsəfəsini əks etdirdiyini qeyd edib.
Sonda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, texnika üzrə fəlsəfə doktoru Çingiz Əliyev çıxış edərək İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Dövlət Dəniz Akademiyasının elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində görülən tədbirlərdən söz açıb. AMEA prezidenti, akademik Akif Əlizadə, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun əməkdaşlarına veb-saytın yeni versiyasının yaradılmasında göstərdikləri köməyə görə öz təşəkkürünü bildirib.
***
Aprelin 5-də Azərbaycan Dövlət Dəniz Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Dəniz nəqliyyatının inkişaf perspektivləri” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların elmi konfransı keçirilib. Konfransın açılış mərasimi Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən ADDA-nın rektoru Çingiz Əliyev bildirib ki, belə tədbirlər, o cümlədən olimpiada və seminarlar daha savadlı, yüksək ixtisaslı və dünyagörüşlü gənc nəslin yetişdirilməsinə xidmət edir, tələbələri elmi yaradıcılığa həvəsləndirir, öz fikirlərini sərbəst və aydın ifadə etmələrinə şərait yaradır. Rektor ulu öndərin gənclər siyasəti barədə ətraflı təhlil apararaq, bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək səviyyədə inkişaf etdirildiyini vurğulayıb.
Sonra ADDA-nın 367 A1 qrup tələbəsi Hüseynağa Muradov “Heydər Əliyev müasir Azərbaycan multikulturalizminin banisidir” mövzusunda geniş məruzə ilə çıxış edib.
Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Vüqar Sadıqov ulu öndər Heydər Əliyevin Azərbaycanda dəniz nəqliyyatının qorunub saxlanılmasındakı tarixi rolundan, dənizçilərimizin şərəfli ənənələrindən, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin ölkə iqtisadiyyatındakı xüsusi yerindən söhbət açıb. O, elmi konfransın gedişatı haqqında məlumat verərək iştirak edən tələbələr və onların rəhbərlərinə uğurlar arzulayıb.
Daha sonra elmi konfrans işini bölmələr üzrə davam etdirib, 6 bölmədə 90-dan artıq məruzə dinlənilib. Hər bölmədə ilk 3 yeri tutan qaliblər müvafiq diplomlarla təltif olunacaq, ən yaxşı məruzələrin tezisləri konfransın toplusunda dərc ediləcəkdir.
Tarix: 30-04-2018, 11:39