Bakıda humanist pedaqogika üzrə XVII Beynəlxalq Oxu keçirilib
Martın 23-dən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxular keçirilib. Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxu “Beynəlxalq Assosiasiya” İctimai Birliyinin Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin, ADPU-nun və Azərbaycan Respublikası Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin yüksək səviyyədə keçirilməsi məqsədi ilə 22 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. 3 gün davam edən oxuda respublikamızın və xarici ölkələrin humanist pedaqogika sahəsində çalışan tanınmış, nüfuzlu alim və mütəxəssisləri, gənc müəllimlər iştirak edib.
Plenar iclaşın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
ADPU-nun rektoru Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda keçirilən Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxuya müxtəlif xarici ölkələrdən 300 nəfərdən çox iştirakçı qatılıb. Belə bir tədbirin keçirilməsini universitetin həyatında əlamətdar hadisə adlandıran rektor beynəlxalq oxunun əhəmiyyətini vurğulayıb, verilən dəstəyə görə Beynəlxalq Humanist Pedaqogika Mərkəzinə və Təhsil Nazirliyinə təşəkkür edib.
Plenar iclasda Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki Şalva Amonaşvili “Ailə, uşaqlar, həyat” mövzusunda çıxış edib. Akademik Azərbaycanda belə bir beynəlxalq tədbirin keçirilməsindən məmnunluq duyduğunu bildirib, buna görə Təhsil Nazirliyinin və ADPU-nun rəhbərliyinə minnətdarlıq edib.
Akademik Şalva Amonaşvili bildirib ki, şagirdlərin tərbiyəsi pedaqoji ustalıq, həssaslıq, yüksək mədəni səviyyə tələb edir. Humanist pedaqogikaya görə, müəllim yalnız bilikləri öyrətməklə kifayətlənmir, o şagirdlərə ürəyinin işığını verir, onlar üçün fədakarlıqla çalışmağı özünün ali məqsədi, başlıca hədəfi bilir.
Təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov çıxış edərək Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin Azərbaycanda müxtəlif elmi-praktik konfranslar, seminarlar, ustad dərsləri və digər tədbirlər keçirdiyini bildirib. Beynəlxalq oxunun təhsil sahəsi üçün vacib olduğunu qeyd edən Ceyhun Bayramov həmçinin, ailənin müqəddəs, ailə tərbiyəsinin isə zəruri olduğunu vurğulayıb. Çıxışının sonunda beynəlxalq oxunun səmərəli keçəcəyinə əminliyini ifadə edən Ceyhun Bayramov iştirakçılara uğurlar arzulayıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Tallin şəhərinin vitse-meri Vadim Belobrovçev, tarix elmləri doktoru, professor Fuad Məmmədov çıxış edərək beynəlxalq oxuların çox aktual mövzuya həsr edildiyini və bu mövzuya konseptual yanaşmanın vacib olduğunu bildirib. Qeyd edilib ki, ailə ümumi mənəvi birlik, qarşılıqlı hörmət və anlaşma əsasında formalaşmalıdır. Ailə dəyərləri müqəddəs tutulmalı, ailə institutu qorunub-saxlanılmalıdır.
Daha sonra əməkdar elm xadimi, professor Rəfiqə Əzimova “Azərbaycan ailəsinin ənənələri”, kimya elmləri üzrə fəlsəfə doktoru Klara Mansurova “Xalqların bütövləşməsində ailənin rolu və əhəmiyyəti”, Humanist Pedaqogika Mərkəzinin rəhbəri Riza Xəlilov “Ailə kainatın kosmik simfoniyasında əsas həyati dəyərdir” mövzularında çıxış ediblər.
Beynəlxalq oxu öz işini ustad dərslərində və laborator məşqlərdə davam etdirib, ailənin genetik kodu, ailə institutunun cəmiyyətdəki rolu, ailənin uşağın tərbiyəsində və inkişafında əhəmiyyəti, uşaqlarda ailə dəyərlərinin tərbiyə edilməsi, müasir ailə və zamanın çağırışları, valideynliyin dərk edilməsi və digər vacib mövzularda təqdimatlar edilib, müzakirələr aparılıb.
Tədbirin ilk günündə İmanuel Kant adına Baltik Federal Universitetinin tələbələrinin ifasında “Fənərçi”, E.İ.Mışkinin müəllifi və quruluşçu rejissoru olduğu “3-cü mərtəbə” tamaşaları nümayiş etdirilib.
***
Martın 25-də “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxuların yekun mərasimi keçirilib. Yekun mərasimində mükafatlar, hədiyyələr və fəal iştirakçılara sertifikatlar təqdim edilib. ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, Bakı Humanitar Kollecinin direktor müavini Afaq Əliyeva, Azərbaycan Respublikasının Humanist Pedaqogika Mərkəzinin rəhbəri Riza Xəlilov Beynəlxalq Oxuların təşkilində fəal iştiraklarına görə mükafatlandırılıblar.
Rektor Cəfər Cəfərov çıxış edərək bildirib ki, müasir dünyamızda humanist pedaqogikanın tərəfdarlarının sayının sürətlə artması sevindirici haldır. Beynəlxalq Oxuların keçirildiyi günləri mənəviyyat, sevinc, müdriklik bayramı kimi qiymətləndirən rektor tədbirin ADPU-da təşkil olunmasına görə universitetin çoxminlik kollektivi adından Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin rəhbərliyinə təşəkkür edib və onlara uğurlar arzulayıb.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxışında qeyd edib ki, son illər ölkəmizdə yüksək səviyyədə müxtəlif nüfuzlu və mötəbər tədbirlər keçirilir. Beynəlxalq Oxular bu tədbirlər arasında xüsusi yer tutur. Çünki humanist pedaqogikanın məqsədi cəmiyyətin qarşısında duran vəzifələri həll etməyə qadir vətəndaş yetişdirməkdir.
Təhsil eksperti, Əməkdar müəllim Asif Cahangirov Beynəlxalq Oxuların keçirildiyi günlərin həyatımızda xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və təhsilin humanistləşdirilməsinə xidmət edən bu tədbirin keçirilməsinə görə akademik Şalva Amonaşviliyə və ADPU-nun rəhbərliyinə təşəkkürünü bildirib.
Yekun mərasimində Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, akademik Şalva Amonaşvili və prezidenti Paata Amonaşvili qonaqpərvərliyə, səmimi münasibətə, eləcə də tədbirin yüksək səviyyədə təşkilinə görə ADPU-nun rəhbərliyinə və bu işdə əməyi keçən hər kəsə təşəkkür ediblər.
Mərasimdə Humanist Pedaqogika üzrə XVIII Beynəlxalq Oxuların mövzuları qəbul olunub, yeri və vaxtı müəyyənləşdirilib, Humanist Pedaqogikanın Himni səsləndirilib.
Bakı Humanitar Kollecinin müəllim və tələbələrinin, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, 75 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında maraqlı və rəngarəng konsert proqramı təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib. Akademik Şalva Amonaşviliyə universitetin hədiyyəsi təqdim edilib. Tədbir çərçivəsində iştirakçıların Azərbaycanın tarixi və mədəni yerləri ilə tanışlığı təşkil olunub. Qeyd edək ki, Beynəlxalq Oxular ölkəmizin elmi-mədəni həyatında mühüm hadisə kimi qiymətləndirilib, media tərəfindən geniş işıqlandırılıb.
"Təhsil"
Tarix: 10-04-2018, 12:25