Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə dair təqdimat
Martın 5-də PIRLS-2016 - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə dair təqdimat keçirilib.
Tədbirin keçirilməsində məqsəd Azərbaycanın PIRLS-2016 tədqiqatında iştirak edən 4-cü sinif şagirdlərinin nəticələrini ictimaiyyətə çatdırmaq olub.
Tədbirdə təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov, millət vəkilləri, Təhsil İnstitutunun, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, təhsil ekspertləri və məktəb direktorları iştirak edib.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev keçirilən layihə ilə bağlı məlumat təqdim edib. Bildirib ki, “Progress in International Reading Literacy Study” (PIRLS) - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb.
İbtidai təhsil səviyyəsinin sonunda şagirdlərin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramı olan PIRLS 2001-ci ildən başlayaraq hər beş ildən bir keçirilir. Azərbaycan bu proqrama 2011-ci ildə qoşulub. Əsasən inkişaf etmiş ölkələrin şagirdlərinin iştirak etdiyi bu qiymətləndirmə tədqiqatında ölkələr üzrə orta bal 500 bal olaraq müəyyən edilir.
Qeyd olunub ki, ölkəmiz PIRLS, TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) və PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak edir. Beynəlxalq qiymətləndirmə proqramları təhsilin keyfiyyətinin qiymətləndirilməsi funksiyasını yerinə yetirməklə ölkədə təhsil prosesi haqqında məlumat əldə etməyə, həlli tələb olunan əhəmiyyətli problemləri araşdırmağa, nəticələrin beynəlxalq təcrübə ilə müqayisəsinə imkan yaradır.
Sevindirici haldır ki, PIRLS-2011 tədqiqatının nəticələri ilə müqayisədə azərbaycanlı şagirdlərin “mükəmməl” səviyyəyə daxil olan payı 0 faizdən 2016-cı ildə 2 faizə qədər artıb. “Yüksək” səviyyə üzrə isə şagirdlərin nəticələri 2011-ci il ilə müqayisədə 9 faizdən 2016-cı ildə 16 faizə yüksəlib. Başqa sözlə, ölkə üzrə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin payı 37 faizdən 27 faizə enib və ya 10 faiz azalıb.
PIRLS-2016 proqramına ümumilikdə 60 iştirakçı ölkə (ştat, zona və s.) üzrə 340.000-dən çox şagird, 330.000 valideyn, 16.000 müəllim, 12.000 məktəb cəlb olunub. Azərbaycan üzrə isə təsadüfi seçim əsasında 170 ümumtəhsil məktəbi, 6000-dən çox 4-cü sinif şagirdi, 340 müəllim və 6000-dən çox valideyn iştirak edib.
Daha sonra millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev son illər Təhsil Nazirliyi tərəfindən uğurlu islahatların həyata keçirildiyini, aparılan yeniliklərin müsbət nəticələr verdiyini qeyd edib. Millət vəkili beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakın müsbət aspektlərindən danışıb, bu prosesin davamlı olmasının vacibliyini vurğulayıb.
Sonda çıxış edən Ceyhun Bayramov qeyd edib ki, təhsilin inkişafı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ən vacib prioritetlərdən biri kimi müəyyən edilib, təhsil işçilərinin qarşısında bir sıra mühüm tapşırıq və hədəflər qoyulub. Bu siyasi iradənin bariz nümunəsi kimi qısa müddət ərzində bir sıra strateji dövlət sənədlərinin qəbul edilməsi, təhsil sahəsində köklü islahatlara yönəlmiş addımların atılmasını göstərmək olar. Ceyhun Bayramov bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Təhsil Nazirliyi son illərdə ibtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Məktəbəhazırlıq qruplarının təşkili, ibtidai sinif müəllimlərinin sınaq qiymətləndirilməsi, bu qiymətləndirmə əsasında ixtisasartırma təlimləri, müəllimlərin peşəkar inkişafı, eləcə də şagirdlər arasında oxu vərdişlərinin təşviqi, oxu bacarıqlarının inkişafına yönəlmiş layihələr və valideynlərlə iş buna nümunədir.
Ceyhun Bayramov beynəlxalq qiymətləndirmələrdə iştirakın davamlı olmasının vacibliyini vurğulayıb, eləcə də Azərbaycan PISA-2018 və TIMSS-2019 tədqiqatlarında iştirak edəcək şagird və müəllimlərimizə uğurlar arzulayıb.
Tədbirdə PIRLS 2016 beynəlxalq tədqiqatının təşkili, pilot və əsas mərhələlərinin keçirilməsi, oxu bacarıqları üzrə beynəlxalq reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup təhsil işçisinə Təhsil Nazirliyinin “Təşəkkürnamə”si və Fəxri fərmanı təqdim olunub.
Tarix: 10-04-2018, 11:59