Bakı şəhərində I sinfə şagird qəbuluna start verilib
Fevralın 22-də (saat 10:00) 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə 2018-2019-cu dərs ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Sentyabrın 15-dək davam edən qeydiyyat prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzinə müraciət edə bilərlər. Həmçinin, Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası təşkil olunub.
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.
2018-2019-cu tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə qəbulu barədə videotəlimat hazırlanaraq Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinininternet resurslarında yerləşdirilib.
Vətəndaşları maraqlandıran məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi “Facebook” səhifəsində 22 fevral-2 mart 2018-ci il tarixlərində I sinfə qəbulla bağlı suallara cavab verilir.
Qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu elektron qaydada aparılacaq. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start veriləcək.
Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunacaq.
Qeyd edək ki, 2015-2016-cı tədris ilindən Bakı şəhərində dövlət ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. 2015-2016-cı tədris ilində paytaxtdakı dövlət ümumi təhsil məktəbləri üzrə I sinfə 46 578 uşaq qəbul olunub. Onlardan 43883 nəfəri ümumi təhsil məktəblərini, 2 695 nəfəri isə lisey və gimnaziyaları seçib.
2016-2017-ci tədris ili üzrə paytaxtda I sinfə 47619 uşaq qəbul olub. Onlardan 44 960 nəfəri ümumi təhsil məktəblərinə, 2 659 nəfəri isə lisey və gimnaziyalara sənəd verib.
2017-2018-ci tədris ili üzrə Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə elektron sistem vasitəsilə qəbul prosesi çərçivəsində 49342 uşaq qeydiyyatdan keçib. Onların 46694 nəfəri ümumi təhsil məktəblərinə, 2 648 nəfəri isə lisey və gimnaziyalara qəbul olub.
2018-2019-cu tədris ili üzrə Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə isə 50 000-dən artıq uşağın qəbulu nəzərdə tutulur.
Tarix: 13-03-2018, 13:35