MƏHƏMMƏD SADIQ BƏY AĞABƏYZADƏ – GENERAL-MAYOR, NAZİR MÜAVİNİ, ŞƏRQŞÜNAS ALİM
Namaz MANAFOV,
Mingəçevir Dövlət Universitetinin dosenti,
filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu dəyərli şəxsiyyətlərin itirilməsi, görkəmli ziyalıların ölkədən getməsı, mühacir həyatı yaşamağa məhkum edilməsi demək idi. Belə görkəmli ziyalılardan biri də Azərbaycan Xalq Cümhuriyyəti dövründə daxili işlər nazirinin müavini işləmiş Məhəmməd Sadıq İsmayıl bəy oğlu Ağabəyzadədir.
“İsmayıl bəy Ağabəyov Əli bəy Hüseynzadənin əmisidir. Məkkədə dünyasını dəyişmiş İsmayıl bəyin övladları, yəni Əli bəyin əmisi uşaqları - Sadıqpaşa, Həzrət bəy, Badam xanım və Rəhim bəydir...
Əli bəyin ən yaxın dost və silahdaşlarından olan Sadıqpaşa məşhur general- şərqşünas Məhəmməd Sadıq bəy Ağabəyzadədir (Azər Turan. “Əli bəy Hüseynzadə”, səh. 210).
Məhəmməd Sadıq bəy (bəzi sənədlərdə Sadıq bəy, Sadıqpaşa, Məmmədsadiq) Ağabəyzadə (Ağabəyov) 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay qəzasında anadan olmuşdur. Əslən Salyanın məşhur Ağabəylilər nəslindəndir.
TÜRKÜSTANDA HƏRBİ XİDMƏT
M.S.Ağabəyzadə 1883-cü ildə Bakı realnı məktəbini əla qiymətlərlə bitirir. Elə həmin il də Peterburq şəhərindəki II Konstantinov hərbi məktəbinə daxil olur, daha sonra Mixaylov Topçular məktəbinə köçürülür. Məktəbi əla qiymətlərlə başa vuran Məhəmməd Sadıq bəy 1886-cı ildə Qafqazda Qars-Aleksandropol qalasında podporiçik (çar ordusunda rütbə) rütbəsində xidmətə başlayır. 1888-ci il avqust ayının 14-də poruçik rütbəsinə yüksələn Ağabəyzadə 1893-cü ildə III dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunur. 1894-cü ildə Məhəmməd Sadıq bəyə ştabs-kapitan rütbəsi verilir.
Məhəmməd Sadıq bəy Ağabəyzadə 1896-cı ildə Rusiya Xarici İşlər Nazirliyinin Asiya departamenti nəzdindəki Sərq dilləri üzrə tədris bölməsinə daxil olur. Hərbi nazirliyin təklifi və Xarici İşlər Nazirliyinin razılığı ilə hələ 1883-cü ildən tədris bölməsi nəzdində zabitlər üçün şərq dilləri kursu təşkil olunmuşdu; ildə beş dinləyici qəbul edilməsi şərtilə, təhsil üçillik olmalı idi. Qəbul imtahanlarına hərbi məktəb və ali təhsil müəssisələrini bitirən zabitlər buraxılırdılar. Kurslarda ərəb, türk, fars və tatar dilləri, fransız ədəbiyyatı, beynəlxalq müsəlman hüququ öyrədilirdi. Şərq dilləri kursunda qiyabi təhsil alan M. Ağabəyzadə kursu əla qiymətlərlə qurtarır.
M.Ağabəyzadə hərbi xidmətini davam etdirmək üçün Türküstan viayətinə göndərilir. 1897-ci il 4 noyabr tarixindən Əndican qəzasının sahə pristavı olur. 1898-ci il 19 iyulda ona kapitan rütbəsi verilir və Məhəmməd Sadıq bəy IV dərəcəli “Müqəddəs Vladimir” ordeni ilə təltif olunur. 1899-cu il 21 avqustdan Krasnovodski qəzasının sahə pristavı işləyir. 1900-cü il iyulun 23-dən Tedcen gəza (inzibati ərazi bölgüsü) rəisinin köməkçisi, 1901-ci il 11 oktyabrdan isə Aşqabad qəza rəisinin köməkçisi təyin edilir.
Türküstanın son dərəcə çətin və mürəkkəb şəraitində öz vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirir.
Məhəmməd Sadıq bəy Ağabəyzadə 1904-cü il fevralın 26-da podpolkovnik rütbəsinə yüksəlir.
Türküstanı yaxından tanıyan Məhəmməd Sadıq bəy burada yerli xalqın yaşam tərzi, məişəti, adət-ənənəsi ilə maraqlanır, atalar sözlərini və məsəlləri toplayır, türk xalqlarının dil xüsusiyyətlərini dərindən öyrənirdi. Türkmən atalar sözləri və məsəllərini toplayan M.S. Ağabəyzadə 1904-cü ildə Zakaspi vilayəti türkmənlərinin ləhcəsinə dair “Uçebnik törkmenskoqo nareçiə s prilojeniem sbornika posloviü i poqovorok törkmen Zakaspiyskoy oblasti” dərsliyini yazır. Rus dilində yazılmış, 135 səhifədən ibarət olan bu dərslik 1904-cü ildə Asxabadda ( O vaxtlar Aşqabada belə deyirdilər) K.M. Fedorov mətbəəsində çap edilir. Bu əsər şərqşünas P.Şimkeviçin kitabından (1892) sonra türkmən dilinə dair ikinci dərslikdir.
M.Ağabəyzadənin dərsliyi diqqət mərkəzinə düşdü. Sonradan görkəmli şərqşünas kimi məşhur olan, tarix elmləri doktoru, professor, Orta Asiya (Daşkənd) Dövlət Universitetinin, yaradıcılarından biri, Tacikistan SSR Dövlət Akademiyasının akademiki (1951), Özbəkistan SSR Dövlət Akademiyasının müxbir üzvü (1943), Tacikistan SSR Elmlər Akademiyasının Tarix, Arxeologiya, Etnoqrafiya İnstitutunun direktoru (1954-cü ildən) Aleksandr Aleksandroviç Semenov (1873-1958) Moskva Universitetinin “Etnoqrafiçeskoe obozrenie” (Moskva, 1904, №4, c. 169-172) jurnalında Məhəmməd Sadıq bəy Ağabəyzadənin dərsliyi haqqında yüksək fikir söylədi. İstedadlı şərqşünas, sonradan Petroqrad Şərq dilləri Universitetinin rektoru (1922-1925), SSRİ Elmlər Akademiyasının akademiki (1925-1929) Aleksandr Nikolayeviç Samoyloviş (1880-1938) də Məhəmməd Sadıq bəyin kitabını yüksək qiymətləndirdi.
P.Şimkeviçin kitabından fərqli olaraq M. S. Ağabəyzadə təqdim etdiyi nümunələrin transkripsiyasını və ərəb əlifbası ilə yazılışını da göstərmişdir. Bu, dərslikdən istifadə edənlərin işini asanlaşdırırdı. Mətnlərdə işlənmiş sözlərin rus dilinə tərcüməsi də müsbət hal kimi giymətləndirilir. Kitabın sonundakı əlavələr onun dəyərini daha da artırır. Türkmən dilini və onun folklorunu diqqətlə araşdıran M.S. Ağabəyzadə zəngin materiallar toplayıb, kitabın sonunda ayrıca bir başlıq vermişdir. Burada müəllifin topladığı 160 atalar sözü, məsəllər oxucuya təqdim olunur, atalar sözü və məsəllərin rus dilinə tərcüməsi verilir. Bu əsər Məhəmməd Sadıq bəy Ağabəyovun gərgin əməyinin, yorulmaz fəaliyyətinin məhsulu idi. Folklor nümunələrinin ustalıqla, dəqiqliklə tərcüməsi, onların qarşılığının tapılması hətta ən istedadlı tərcüməçiləri də razı salır. Bəzən rus şərqşünasları hansı sözdə, məna incəliyində mübahisə etsə də, Ağabəyovun türkmən dilini, türkmən məişətini, adət-ənənəsini, yaşam tərzini, “səhra cəngavərləri”nin xarakterini ustalıqla öyrəndiyini qeyd edirlər.
Məhəmməd Sadıq bəy əsərə böyük məsuliyyətlə, bu sahədə təcrübəsi olan əsl şərqşünas alim kimi yanaşmışdı. Bu illərdə Türkmənistanda 30-a yaxın dialekt və şivə var idi. Türkmənistanın mərkəzində teke dialektində, qərb və şimal vilayətlərində yomud dialektində, şərqdə, Amudərya ətrafında ərsarp dialektində, İran və Özbəkistanla sərhəd rayonlarda noxur, jevli, xasartlı, eski, çandır, bayat və s. dialektlərdə danışırdılar. Türkmən dilini tədqiq edəndə bu dialektləri fərqləndirə bilmək, konkret bir dialektə, ləhcəyə əsaslanmaq, onu təsvir etmək lazım idi. Birinci dərsliyin müəllifi P.Şimkeviç konkret bir dialektə əsaslanmırdı, onun gətirdiyi nümunələrin yerı, “ünvanı” göstərilmirdi. P.Şimkeviçdən fərqli olaraq M.S.Ağabəyzadə türkmən ləhcələrilə yaxından tanış idi və Ağabəyzadə Axal-Teke ləhcəsinin təsvirini əsas götürmüşdü. Sonradan bu ləhcə türkmən ədəbi dilinin əsasını təşkil etdi. Müasir türkmən ədəbi dili 20-ci əsrin əvvəllərində teke dialekti əsasında formalaşdı.
Bəzi tədqiqatçıların fikrinə görə, M.Ağabəyzadənın əsərində türkmən dilinin qrammatikası kifayət qədər dolğun şəkildə verilməmişdir. Bu, aydındır. Məhəmməd Sadıq bəyin kitabı elmi, nəzəri qrammatika deyil, Türküstanda yaşayan və işləyən ruslara türkmən dilini öyrətmək və türkmən folkloru ilə tanışlıq məqsədilə yazılmış dərslikdir.
Məhəmməd Sadıq bəyin türkmən dili və onun folklorunu təsvir edən bu əsəri Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan (1859-1910) və onun vəliəhdi Seyid Alim xanın (1880-1944) nəzərindən yayınmadı. Buxara əmiri Əhəd xan elmi xidmətinə görə Məhəmməd Sadıq bəy Ağabəyzadəni əmirliyin ali mükafatı “Qızıl Ulduz” ordeni ilə təltif etdi. Çar ordusunda xidmət illərində M. Ağabəyzadə Buxara əmirliyinin fars “Şire Xorşid” ordeninə və əmirliyin daha iki ordeninə layiq görüldü.
Bu illərdə Məhəmməd Sadıq bəy Ayişə adlı bir özbək qızı ilə evlənir və ömrünün sonuna qədər bu məhəbbətə sadiq qalır.
Bu gün Türkmənistan Elmlər Akademiyasının həqiqi üzvü (akademik) Muradgəldi Söyüqov Türkmənistanda türkologiyanın inkişafından danışanda (“Akademik bakış dergisi” , sayı: 37. Temmuz-Ağustos 2013) türkmən dili və onun folklorunun öyrənilməsinə hələ XIX əsrin sonu və XX əsrin əvvəllərindən başlandığını və bu işdə şərqşünaslardan P.Şimkeviç və M. S. Ağabəyzadənin xidmətlərini, onların ilk kövrək addımlarını qeyd etməyi də unutmur. Məhəmməd Sadıq bəy Ağabəyovun bu dərsliyi Moskvada Rusiya Milli Kitabxanasında (Saxlanma yeri- S 60/94 T 1/192) və Aşqabadda Türkmənistan Dövlət Kitabxanasında saxlanılır.
1908 –ci il may ayının 22-də Məhəmməd Sadıq bəyə polkovnik rütbəsi verilir. Lakin türkologiyaya məhəbbət, elmə, müəllimlik peşəsinə maraq hərbə-topçuluq peşəsinə üstün gəlir. M.S. Ağabəyzadənin ən böyük arzusu doğma rayona qayıtmaq, burada məktəb açmaq, azərbaycanlı balalarına təhsil vermək idi. Son vaxtlar səhhətindən də çox şikayətlənirdi.
Müsəlmanların əsgərliyə çağırılmadığı, necə deyərlər, “etibar edilmədiyi” bir dövrdə 48 yaşlı Məhəmməd Sadıq bəy rus ordusunun ən ali hərbi rütbəsinə - general rütbəsinə layiq görülür. Lakin elə həmin ildə də (1913-cü il) general-mayor M. S. Ağabəyzadə səhhətinə görə istefa verir, doğma Göyçaya qayıdır.
Ona elə gəlirdi ki, hərbi karyerası başa çatdı, ömrünün qalan hissəsini sevdiyi peşəyə, müəllimliyə sərf edə bilər, bilik, savad öyrədər. Lakin 1914-cü ildə başlanan I Dünya müharibəsi M.S.Ağabəyzadənin planlarını yenidən dəyişdı. Səhhətindən şikayət edib, tez-tez xəstələnsə də, əsgər andına sadiq qaldı, müharibə vaxtı evdə oturmağı general paqonlarına sığışdırmadı, könüllü olaraq müharibəyə getdi. M.S.Ağabəyzadə Qafqaz və Ukrayna cəbhəsindəki döyüşlərdə iştirak etdi. Lakin müharibədə cəmi iki il qala bildi, ağır xəstəliyə görə ordudan tərxis olundu.
Məhəmməd Sadıq bəy yenidən Azərbaycana, ata-baba yurdu Göyçaya qayıtdı. Burada eşitdiyi xəbər Məhəmməd Sadıq bəyi çox kədərləndirdi. Onun ayrılığına dözə bilməyən Ayişə gənc yaşlarında xəstələnib vəfat etmişdi. Məhəmməd Sadıq bəylə Ayişənin nigahından övlad dünyaya gəlmədi. Məhəmməd Sadıq bəy ömrünün sonuna kimi Ayişəni unutmadı, bu sevgiyə sadiq qaldı.
CÜMHURİYYƏT GENERALI – NAZİR MÜAVİNİ
1918-ci il may ayının 28-də müsəlman şərqində ilk parlamentli respublika- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını Məhəmməd Sadıq bəy Ağabəyzadə sevinclə qarşıladı.
F. Xoyskinin rəhbərlik etdiyi milli hökumət general M.S.Ağabəyzadəni Bakıya dəvət etdi və 1918-ci il 23 oktyabr tarixli qərarla Məhəmməd Sadıq bəy Ağabəyzadə AXC-nin daxili işlər nazirinin müavini vəzifəsinə təyin olundu.
Daxili işlər nazirinin müavini vəzifəsində M.S.Ağabəyzadə 1919-cu il dekabr ayının sonuna kimi işlədi. Onun müavinliyi dövründə daxili işlər naziri vəzifəsində 3 nazir çalışdı: Behbud xan Cavanşir (17 avqust 1918 - 25 dekabr 1918), Xəlil bəy Xasməmmədov (26 dekabr 1918-14 mart 1919), Nəsib bəy Yusifbəyli (14 mart 1919 - 22 dekabr 1919). Azərbaycan Xalq Cümhuriyyəti parlament respublikası olduğundan hər üç nazir siyasi fəaliyyətə daha çox vaxt ayırırdı. Belə şəraitdə Daxili işlər Nazirliyinin təşkili və idarə-çiliyi ilə bağlı bir cox işlər, habelə məsuliyyət yükü müavinin üzərinə düşürdü.
General-mayor M. S. Ağabəyzadə Azərbaycan milli müstəqil polisinin təşəkkülü və inkişafında, polis sisteminin hüquqi bazasının hazırlanmasında yorulmadan xidmət göstərdi, Azərbaycan Cümhuriyyəti polisində islahatlar konsepsiyasını hazırladı.
M.S.Ağabəyzadənin gərgin əməyi ilə “Polis idarələrinin təşkili haqqında”, “Polis departamenti haqqında”, “Ümumi, qəza və şəhər polisi haqqında” və başqa normativ sənədlər hazırlandı və fəaliyyət üçün qəbul edildi.
General-mayor M. S.Ağabəyzadənin təşkilatçılığı ilə Bakıda İçərişəhərdə polis məmurları hazırlayan (qorodovoy) məktəb açıldı (1).
Nazir müavini işlədiyi vaxtda Məhəmməd Sadıq bəy daxili işlər orqanlarının təşkil edilməsində böyük fəallıq göstərdi, ölkə daxilində nizam-intizam, qayda-qanun yaradılmasında, daxili işlər orqanları strukturunun formalaşdırılmasında, kabinetin fəaliyyətinin təşkilində yaxından iştirak etdi.
1919-cu ildə Azərbaycanda polislərin ümumi sayı 9661 nəfərə çatırdı(1). General-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadə yüksək səviyyəli şəxsiyyət, cəsarətli, ağıllı, qətiyyətli və son dərəcə təvazökar bir insan olub.
1920-ci il yanvar ayının 23-də Məhəmməd Sadıq bəy Ağabəyzadə təqaüdə çıxdı.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan az əvvəl 1920-ci ilin aprelində M.S. Ağabəyov Batuma getmişdi. Məqsədi müalicə üçün Almaniyaya yollanmaq idi. Vətəndə qalsaydı, onu Həmid Qaytabaşı, Həbib bəy Səlimov, Tətlan bəy Əliyarbəyov və başqa Azərbaycan generallarının acı taleyi gözləyirdi.
Artıq may ayının ortalarında qardaşları Rəhim bəy, Həzrət bəy Ağabəyovlar, habelə qardaşı oğlu Hüseyn bəy Ağabəyov “nazir müavinini gizlətmək”, xaricə qacırmaq adı ilə həbs edilmişdilər. Əmlakları da müsadirə olunmuşdu.
MÜHACİRƏTDƏ – İSTANBUL, PARİS, NİSSA
Məhəmməd Sadıq bəy Ağabəyzadə 1920-ci ilin aprel ayında İstanbula- əmisi oğlu Əli bəy Hüseynzadənin yanına getdi. Əli bəy Hüseynzadə-zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli tövsiyələr verən görkəmli ictimai xadim. Həmin vaxt Əli bəy Hüseynzadə həm də İstanbul Tibb Akademiyasının professoru idi.
Əli bəy əmisi oğlunu təkcə ən yaxın əqidə dostu, general kimi deyil, həm də yaxşı şərqşünas, mehriban bir insan kimi tanıyır və sevirdi. Əli bəyin Hüseynzadənin ailəsində Məhəmməd Sadıq bəyin ayrı hörməti var idi. Əli bəyin uşaqları Məhəmməd Sadıq bəyə “baba” (ata) deyərdilər (3,58). Məhəmməd Sadıq bəy də onları öz balası kimi sevirdi (Məhəmməd Sadıq bəyin övladı olmamışdı). Amma həmin dövrdə Türkiyədə də siyasi vəziyyət pis idi, yunan-larla müharibə yekunlaşmamışdı. İş tapmaq çətin idi. Daşnakların özbaşınalığı səngimirdi. Sui-qəsdlər artmışdı. Behbud xan Cavanşir (AXC-da daxili işlər naziri -17 avqust 1918 - 25 dekabr 1918) də daşnak gülləsinin qurbanı oldu. M.S. Ağabəyzadə doğma torpağa Azərbaycana qayıda bilməzdi. Sovet Azərbaycanında onu nələrin gözlədiyini yaxşı bilirdi.
Məhəmməd Sadıq bəy Ağabəyzadə pasportunu dəyişdi, İran pasportu aldı. (Türkiyə pasportu ilə Yunanıstandan keçib Avropaya getmək çətin idi).
M.S.Ağabəyzadə İstanbulu tərk etdi, Parisə gəldi. Əvvəlcə Parisdə, sonra Fransanın cənubunda Nissada yaşadı. Uzun müddət işsiz qaldı.
Vətəndən uzaqda qürbət eldə yaşasa da, ürəyi daim Azərbaycana məhəbbətlə çırpındı, mənsub olduğu milləti sevdi. M.S.Ağabəyzadənin əmisi oğlu Əli bəy Hüseynzadəyə yazdığı məktublardan sətirlər: “ ...Buradakı (Fransa nəzərdə tutulur) qəzetlərin Bakıda aclıq və soyuqlar haqqında verdikləri xəbərlər məni çox narahat edir. Görəsən, bu xəbərlər doğrudurmu? Xahiş edirəm gəlib-gedənlərdən bunu dəqiq öyrən və mənə xəbər et!... Səni sevən Sadiq.”
“21 fevral 1922-ci il. ... Çox xahiş edirəm onlara (qardaşları nəzərdə tutulur) mənim haqqımda məlumat verməyə çalış. Onlara xəbər ver ki, onlar üçün burnumun ucu göynəyir, hər gün allaha dua edirəm ki, heç olmasa ölüm ayağında onları görə biləydim...”
“... Uzun müddət susmağımın səbəbi, son zamanlar doğmalarım və dostlarım üçün həsrət çəkməyimdir. Mən xüsusi olaraq indi daha çox özümdə əsəb xəstəliyini hiss edirəm. Mən bu xəstəliyin səbəbini enerjimin tükənməsində və doğmalarımdan uzun müddət ayrı düşməyimin xiffətində görürəm. Mən hər gün xəyalən oturub səninlə (Əli bəy Hüseynzadəni nəzərdə tutur) söhbət edirəm...”
“...Özüm istəmədən vətəni tərk etmək məcburiyyəti ürək həyəcanlarımı artırır və ağrıdır. Allah bilir bu vəziyyət nə qədər uzanacaq. ... İşsiz oturursan, ona görə yox ki, işləmək istəmirsən, ona görə ki, heç bir iş tapmaq imkanın yoxdur. Yaşamağın, maddi imkanların isə tədricən əriyir; sonu nə olacaq məlum deyil...” (3, səh.64,68).
Məhəmməd Sadıq bəy mühacirətdə olan zaman İstanbula əmisi oğlu Əli bəy Hüseynzadəyə 50-dən artıq məktub göndərib. Məktublardan məlum olur ki, Məhəmməd Sadıq bəyin Fransada ağrılı, acılı günləri çox olub. Fransada ən çox görüşdüyü, məsləhətləşdiyi adam Əlimərdan bəy Topçubaşov idi. Məmməd Əmin Rəsulzadənin Fransaya M.S.Ağabəyzadəyə göndərdiyi “Azərbaycan tarixi” kitabı ( kitaba ön sözü Əli bəy Hüseynzadə yazıb) isə Məhəmməd Sadıq bəyin ən çox sevdiyi kitabdır.
Məhəmməd Sadıq bəyin mühacirət həyatı nə qədər ağrılı, nə qədər acılı olsa da, o, öz ləyaqətini, məğrurluğunu, türklüyünü həmişə qorudu.
LVOV UNİVERSİTETİNİN PROFESSORU
İyirminci əsrin 20-ci illəri Polşada şərqşünaslığın çiçəklənmə dövrüdür. Krakov, Poznan, Lvov universitetlərində ərəb, türk, fars dillərinə maraq artırdı.
Əsası 1661-ci ildə qoyulmuş Yan Kazimir adına Lvov Universitetinin tədris planına 1926-1927-ci ildən ərəb, türk, fars dillərinin öyrənilməsi də daxil edilmiş, bu dillərdə yaranmış ədəbiyyatı, islam sivilizasiya tarixini tədris etmək zərurəti yaranmışdı.
Şərq dilləri müəllimi vəzifəsinə bir neçə namizəd təklif olunsa da, bu məsuliyyətli işi öhdəsinə götürən, şərq dillərini yaxşı bilən namizəd tapılmırdı.
Polşanın Lvov Universitetınə yeni dəvət olunmuş, universitetdə Şərqşunasliq kafedrasını yenidən qurmaq, inkişaf etdirmək, bütün dünyada tanıtmaq tapşırığı almış Ziqmunt Smoqorjevskinin təklifi kafedrada yekdilliklə müdafiə olundu: Şərq dillərinin tədrisi Məhəmməd Sadıq bəy Ağabəyzadəyə həvalə olunsun. Universitetın Humanitar fənlər şurası fakültənin təklifini bəyənib təsdiq etdi. 1926/1927-ci tədris ilindən M.S. Ağabəyzadə Polşanın Yan Kazimir adına Lvov Universitetində müəllimlik fəaliyyətinə başladı.
Məhəmməd Sadıq bəy Ağabəyzadə ən yaxın sirdaşı, əqidə dostu, əmisi oğlu Əli bəy Hüseynzadəyə yazırdı: Əziz dost və mehriban Əli bəy! ...Keçən ilin sonunda mənə Lvov Universitetində türk və fars dillərində mühazirə oxumağı təklif etdilər. Mən bu təklifi qəbul edərək yanvarın axırında Lvova getdim. İyulun sonuna kimi orada oldum. Professor (Ziqmunt Smoqorjevski nəzərdə tutulur, müəllif) mənə universitetdə müvəqqəti olaraq böyük otaq ayırıb. Buna görə də ayda cəmi 270 zolotı alıram. Həftədə 8 saat mühazirə oxumaq sadə yaşayış üçün bəs edir... Səni qəlbən sevən Sadıq.”
Professor Ziqmund Smoqorjevski M.S.Ağabəyzadəni hələ Peterburqdan tanıyırdı. İş elə gətirmişdi ki, Z. Smoqorjevski 1920-ci il aprel ayının sonlarında Polşa nümayəndə heyətinin tərkibində Bakıda idi. Qırmızı sovet ordusunun Bakıya girməsini, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu Ziqmunt Smoqorjevski öz gözləri ilə görmüşdü. Siyasi xadim və şərqşünas alim kimi
Z.Smoqorjevskinin Məhəmməd Sadıq bəyə- bu maraqlı, istedadlı, şərqşünas alimə hüsn rəğbəti var idi. Əslinə qalsa, Z.Smoqorjevski M.S.Ağabəyzadəni rəsmi olmasa da, professor vəzifəsinə dəvət etmişdi. Ona mühazirə məşğələləri də etibar edilmişdi. Təəssüf ki, Z.Smoqorjevskinin ölümü bu işi təxirə saldı. Məhəmməd Sadıq bəy Ağabəyzadə yalnız 1941-ci ildə dosent elmi adı aldı. Professor adı ona ölümündən sonra verildi.
Məhəmməd Sadıq bəyin məşğələləri həftədə 5 saat türk dili, 3 saat fars dili olmaqla ikinci semestrdən başlayıb, 3 semestr üçün nəzərdə tutulmuşdu. Sonradan türk dili həftədə 8 saat, fars dili 5 saat tədris olundu.Türk dili iki səviyyədə öyrənilirdi: Birinci səviyyədə elementar qrammatika, ikinci səviyyədə qrammatika və oxu. M.S. Ağabəyov tələbələrə ərəb qrafikalı türk əlifbası və yeni latın qrafikalı türk əlifbası haqqında məlumat verir; sadə mətnlərin oxusunu keçirir və türkcə söhbət aparırdı; tələbələr eyni zamanda polyak dilindən türk dilinə tərcümələr edir; türkcə qəzet materialları oxuyurdular.
Tələbələrin türk dilini daha yaxşı mənimsəməsi üçün Polşanın Yan Kazimir adına Lvov Universiteti türk dilində buraxılan qəzet və jurnallara abunə yazılmışdı. Məhəmməd Sadıq bəyə bu işdə onunla daim əlaqə saxlayan Əli bəy Hüseynzadə kömək edirdi. Bunu Məhəmməd Sadıq bəyin məktublarından da görürük: “Əzizim Əli bəy! Sənin yanvarda yazdığın məktubu və “Vaxt”ın abunəsi üçün iki qəbzi aldım. Bu abunə qəbzləri üçün institutun Şərq dilləri üzrə professoru Smoqorjevski sənə beş dollar göndərdi. Guman edirəm bu günlərdə həmin pulu alarsan. Qəzeti vaxtlı-vaxtında göndərirlər. Tapşırığımı vaxtında yerinə yetirdiyin üçün çox sağ ol... Sənə pul göndərsəm, redaksiyada mənə abonoment üçün sifariş aça bilərsənmi?... Səni sevən Sadıq.”
M.S. Ağabəyzadə tələbələrə fars dilini də yüksək səviyyədə tədris edirdi. Aşağı kurs tələbələrinə qrammatika və oxu; orta kurs tələbələrinə sadə mətnlərin oxusu və müsahibələr; yuxarı kurs tələbələrinə mətn və müsahibələr.
Sonrakı illərdə Məhəmməd Sadıq bəy universitetdə ərəb dilini də tədris etdi.
İlk illər M.S.Ağabəyzadə çox gərgin işləyirdi. Şərq dili müəlliminə olan tələbatı nəzərə alaraq Lvov Ticarət Akademiyasında də şərq dillərini tədris etməyə razılıq vermişdi.
Hər iki ali məktəbdə tələbələrin əksəriyyəti polyak olduğundan, Məhəmməd Sadıq bəy polyak dilini də öyrənirdi.
Tələbələr Avropada nəşr olunmuş dərsliklərdən istifadə edirdilər və bu, xarici dili bilməyən polyak tələbələr üçün cətinlik yaradırdı. Bütün bunları nəzərə alan M.S.Ağabəyov Lvov Universitetinin tələbələri üçün polyak dilində türk dilinin qrammatikası (Sadyk Bej. Qramatika yezyka tureckiego uzytku studentow Lwowskiego Instytutu Orietalistycznego, rekopis., ANOiP, MMLiİL, KIII-7/101) dərsliyini yazdı (4). Bu, polyak dilində yazılmış türk dilinin qrammatikası haqqında ilk dərslikdir (əlyazma). Polşanın Krakov arxivində bu dərslik 1930-cu ilin sənədləri arasında saxlanır. Dərslik müxtəlif kağızlarda, müxtəlif illərdə yazılıb. Dərsliyin birinci hissəsi 113 səhifə, ikinci hissəsi 85 səhifədir. Bəzi fəsillər onun 1929-cu ildə yazıldığını göstərir. Bu dərsliyə görə universitet pəhbərliyi müəllifə 500 dollar mükafat verdi.
Bunun ardınca M. S. Ağabəyzadə (1930-cu il) polyak dilində yeni bir dərslik fars dilinin qrammatikasını yazdı (Sadyk Bej, Gramatyka jezyka perskiego dla uzytku studentow Lwowskiego Instytutu Orientalistycznego, rekopis, ANPiP, MMLiIL, sygn. KIII-7/102). Ayrı-ayrı materiallar məcmusu olan bu kitab (əlyazma) 123 səhifədən ibarətdir (4).
1934-cü ildə Məhəmməd Sadıq bəy Ağabəyzadənin polyak dilində üçüncü dərsliyi “Ərəb dilinin ibtidai qrammatikası” kitabi nəşr olundu (M. Sadyk – Bey. Elementarna gramatyka jezyka arabskiego. Lwow, 1934). Müəllif ön sözdə qeyd edir ki, bu kitab ərəb dilini öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur və onun yazılışında Avqust Perierin fransız dilində yazdığı yeni ərəb dili qrammatikası (1928-ci il) əsas götürülmüşdür”(4).
M.S.Ağabəyovun ən böyük üstünlüyü bu kitabın polyak dilində yazılması idi. Bu əsərə təkcə Lvov Universitetində deyil, Polşanın digər elm və mədəniyyət ocaqlarında da maraq böyük idi. Kitab Varşava Milli Kitabxanasına, Krakov kitabxanasına, Vilnus Universitet kitabxanasına (o vaxt Vilnus Polşanın tərkibində idi), Lyublina Universitetinə və başqa elmi hissələrə göndərildi.
Bu əsər Məhəmməd Sadıq bəyin hörmətini daha da artırdı. Polşa Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Vladislav Lyudviqovıc Kotvic 8 sentyabr 1934-cü il tarixli məktubunda Məhəmməd Sadıq bəyin əməyini yüksək qiymətləndirir, polyak dilində ərəb dili qrammatikasını yazmağın cətin və ağır iş olduğunu deyir. V. Kotviç yazır: “Çətin və ağır işi başa çatdırdığınıza görə özünüzü təbrik edə bilərsiniz”.
Yan Kazimir adına Lvov Universiteti o illər Avropada həqiqətən şərqşünaslığın mərkəzinə çevrilmişdi. Burada V.Kotviç (monqol, mancur dillərini tədris edir və tədqiqatlar aparırdı), Z.Smoqojevski (ərəb dili və islamşünaslığı tədris edirdi, 1931-ci ildə vəfat etdi), M.S.Ağabəyzadə (türk, fars, ərəb dillərini tədris edirdi) kimi istedadlı professor və müəllimlər çalışırdı. “V.Kotviç, Z.Smoqojevski və M.S.Ağabəyzadə Lvov – Peterburq Şərqşünaslıq məktəbinin özəyini təşkil edirdilər”(2).
Məhəmməd Sadıq bəy əsl poliqlot idi. O, sevdiyi ana dilindən - Azərbaycan dilindən başqa, 10 dil bilirdi - türk, ərəb, fars, türkmən, rus, ingilis, fransız, polyak, son illərdə isə alman və Ukrayna dillərini də öyrənmişdi.
Tələbələr, müəllim yoldaşları ona sadəcə “Sadıq bəy” deyə müraciət edirdilər (dərsliklərini də bu imza ilə yazırdı).
“Sadıq bəy”- bu sözün arxasında həqiqət, ədalət, mərifət, məhəbbət, qəhrəmanlıq, mərdlik dayanırdı. Ortaboylu, arıqbədənli, səliqəli və şux geyinən bu adam işdə tələbkar, həyatda sadə və son dərəcə təvazökar idi. Məhəmməd Sadiq bəy tələbələrinə şərq dillərini, xüsusən türk dilini və Azərbaycan folklorunu sevdirə bilmişdı. Həmin tələbələrdən Teofil Bolodimirski, Maryan Leviski, Omelyan Prisak, Tadeus Leviski, Frantişek Maxalski və başqaları sonradan tanınmış şərqşünas kimi məşhur oldular.
1939-cu ildə SSRİ və Almaniya Polşaya təcavüz etdi. Sovet ordusu Lvovu zəbt edib, Qərbi Ukraynanı SSRİ ərazisinə qatdı. Yan Kazimir adına Lvov Universitetinin adı dəyişdirilib, İvano Franko adına Lvov Universiteti oldu.
İndi universitetdə dərslər polyak dilində yox, Ukrayna dilində aparılırdı. Məmməd Sadıq bəy qısa bir vaxtda ukrayn dilini öyrəndi. 1941-ci ildə
M.S. Ağabəyzadəyə dosent adı verdilər.
1941-ci ilin yayında alman faşistləri Lvovu tutdu. Lvov qapalı şəhərə çevrildi. Universitet fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Qeyri-rəsmi olsa da “gizli fakültələr” fəaliyyətə başladı. Fars və türk dilləri dərsləri Məhəmməd Sadıq bəyin mənzilində (Senator küçəsi 6/5) keçirdi.
Universitetin fəaliyyətini dayandırması, səhhəti ilə bağlı ağır vəziyyət yaşı 75-i keçmiş şərqşünas- alimi sıxırdı. M.S. Ağabəyzadənin yeganə gəlir mənbəyi bir-neçə tələbəyə verdiyi özəl dərslər idi.
1942-ci ildə Məhəmməd Sadıq bəyin geniş, işıqlı mənzilini və zəngin kitabxanasını “bəyənən” alman zabitlərindən biri bura köçdü, Məhəmməd Sadıq bəyin bəzi qiymətli kitablarını Almaniyaya göndərdi.
Xəstə Məhəmməd Sadıq bəy yaxşı qızdırılmayan, yarıqaranlıq zirzəmi tipli otağa köçməyə məcbur oldu. 1942-ci ilin sonunda onun sağ əli iflic oldu, əlavə köməyə ehtiyacı yarandı. Bu zaman M.C.Ağabəyzadənin qayğısına sevimli tələbələri Olqa Bak və onun həyat yoldaşı, Tadeus Leviski, Severina Vilkoşinskaya, Teodozi Krulyova qalırdılar.
Məhəmməd Sadıq bəy Ağabəyzadə son ürək sözlərini tələbələrinə dedi, vəsiyyətini tələbəsi Tadeus Leviskiyə etdi: “Qardaşlarım gəlməsə...nəyim varsa sənə qoyub gedirəm... Mənə uzun müddət sədaqətli xidmətinə görə pani Severina Vilkoşinskayaya 300 zlot, Teodozi Krulyovaya 100 zlot, Olqa Voşçaka- mənim tələbəmə bir kitab və istədiyi üç val verərsiniz.”
Məhəmməd Sadıq bəy Ağabəyzadə 1944-cü il noyabr ayının 9-da vəfat etdi.
Dostları onu Liçakovski qəbirstanlığında müsəlman adətilə dəfn etdilər. Üzü Kəbəyə sarı...
Taleyin hökmü ilə uzun müddət qürbətdə yaşayan, amma ürəyi Azərbaycana məhəbbətlə döyünən Məhəmməd Sadıq bəy Ağabəyzadə haqqında düz yetmiş il məlumatımız olmadı. Sovet dövründə onu axtarmaq cəsarət tələb edirdi. Sovet ideologiyasının qadağaları nəticəsində Məhəmməd Sadiq bəy unutdurulurdu.
Məhəmməd Sadıq bəy Ağabəyzadə haqqında ilk məlumatı AMEA-nın Əlyazmalar İnstitutunun professoru Gülər xanım Abdullabəyova vermişdir.
Polşa Elmlər Akademiyasının Krakov filialının arxivində Polşa və Azərbaycan ədəbi əlaqələrinə dair elmi-tədqiqatlar aparan Gülər xanım Abdullabəyova 1986-cı ildə ilk dəfə olaraq Məhəmməd Sadıq bəy Ağabəyzadənin həyatı və fəaliyyətinə dair sənədlər aşkarlamış, bu sənədlər əsasında hazırladığı məqaləni elmi ictimaiyyətə təqdim etmişdir (2).
Birincilər sırasında hərb tariximizin yorulmaz tədqiqatçısı, polkovnik-leytenant Şəmistan Nəzərli də M.S.Ağabəyzadənin həyatı və fəaliyyəti barədə məlumat vermişdir.
Tanınmış tədqiqatçı- alim Vilayət Quliyevin “525-ci qəzet”dəki maraqlı və təsirli yazısını və M.S. Ağabəyzadə haqqında daha bir neçə məqaləni də oxumuşdum.
2017-ci ilin avqust ayında Lvov şəhərinə düşdüyüm günün səhəri general-mayor, nazir müavini, şərqşünas-alim Məhəmməd Sadıq bəy Ağabəyzadənin qəbrini ziyarət etmək üçün Liçakovski qəbiristanlığına getdim. İndi bura səma altında əsl muzeydir. Qışda da, yayda da turistlərlə dolu olur. Giriş pulludur. Muzey işçiləri nabələd olduğumu o saat duydular. Nəzakətlə, “buyurun” dedilər. “Burada həmyerlim dəfn olunub”. “Ağabəyov?” deyə, orta yaşlı muzey işçisi soruşdu. Kənardan söhbətimizi dinləyən gənc qız ( o da muzey işçisi idi). “Olar, aparım göstərim?”, deyə, həmkarından icazə istədi. Doğrusu, həyəcan keçirirdim. Keçən il “Sadıq bəy Ağabəyzadənin sahibsiz məzarı” adlı yazı oxumuşdum... Bələdçi gız Liçakovski qəbiristanlığı haqqında məlumat verirdi. “Bura Avropanın ən qədim qəbiristanlığından biridir. Məzar daşlarının üzərində polyak, ukrayn, rus, alman... və Azərbaycan dilində yazılar var. Ən qədim məzar daşı 1675-ci ili göstərir. 40 hektar ərazidə 400 minə yaxın adam dəfn olunub. Məzarları rahat tapmaq üçün qəbiristanlıq ərazilərə (sektorlara) bölünüb. Ağabəyovun məzarı 64-cü sektordadır. Sağ olsun azərbaycanlıları, Ağabəyovu unutmadılar. Ona bu yaxınlarda gözəl bir abidə qoyublar. Məzarı da bütün məzarlardan fərqlənir. Bu da Ağabəyovun məzarı... İcazə verin mən gedim.” Bələdçi qıza minnətdarlıq edirəm. Ağabəyzadənin məzarı qarşısında həyəcansız dayanmaq olmur. Onun xatirəsinə ehtiram olaraq uzun müddət başımı aşağı salıram. Nəvəmin Azərbaycandan gətirdiyi çiçəklərdən məzarın üstünə düzürəm... Bəli, bu məzar başqalarından fərqlənir. Axı dostları və tələbələri onu müsəlman adəti ilə basdırıb. Üzü qibləyə sarı...
Zövqlə yaradılmış bu məzarüstü abidə ötən il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə ucaldılıb. Məzarüstü abidə tanınmış heykəltaraş, Ukraynanın xalq rəssamı Seyfəddin Qurbanov tərəfindən hazırlanıb, 15 iyunda (xalqımız üçün əlamətdar bir gündə-Milli Qurtuluş günündə) təhvil verilib.
Arxamda kiminsə olduğunu duyuram. Əlində fotoaparat orta yaşlı bir kişi: “Bu məzarın şəklini çəkməyə icazə olar?” Yarı polyak, yarı ukrayn, yarı rus dilində danışsa da bir-birimizi əl hərəkətləri ilə daha yaxşı başa düşürük. Qəlbimdə qeyri-adi hisslər var. Azərbaycanlı olmağımla qürur duyuram...
Muzey işçilərinə bir daha minnətdarlıq etmək istəyirəm. Məni xidməti otağa dəvət edirlər. Liçakov qəbiristanlığının və Lvovun turist xəritəsini bağışlayırlar. Xəritənin üzərində qeydlər var. “Yaroslav Steçka küçəsi 6/5. M.S. Ağabəyov bu binada yaşamışdır.” Muzey işçilərindən ayrılıb, şəhərin mərkəzində yerləşən həmin sakit küçəyə gedirəm. Binaya vurulmuş xatirə lövhəsində Ukrayna dilində bu sözlər yazılıb: “Bu binada görkəmli alim, şərqşünas, professor Məhəmməd Sadıb bəy Ağabəyov yaşamışdır ( 15. III. 1865-9.XI.1944). Azərbaycanlı və Ukrayna vətənpərvəri, 1927-ci ildən 1941-ci ilə kimi Lvov Universitetində və Ali Ticarət Məktəbində türk, ərəb, fars dillərini və başqa fənləri tədris etmişdir.”
Bu da Tuqan-Baranovski küçəsi Ali Ticarət Akademiyası. Ali Məktəbin girişində vurulmuş Xatirə lövhəsi diqqətimi çəkir: “Görkəmli alim-şərqşünas, professor Məhəmməd Sadıq bəy Ağabəyzadə (15.III.1865-9.XI.1944) burada işləmişdir. Azərbaycanlı və Ukrayna vətənpərvəri, 1927-ci ildən 1941-ci ilə kimi Lvov Universitetində və Ticarət Akademiyasında türk, ərəb, fars dillərini və başqa fənləri tədris etmişdir”.
Universitet küçəsinə Məhəmməd Sadıq bəyin əmək fəaliyyətinə başladığı Lvov Universitetinə gəlirəm. Möhtəşəm və əzəmətli binadır.
İvano-Franko adına Lvov Milli Universiteti Tarixi muzeyinin direktoru Heley Stepan Dmitreviç (əvvəlcədən zəng etmişdim) məni səmimi qarşıladı. Professor Ağabəyovun adını eşidən kimi ayağa qalxdı. İki cildlik Lvov Universiteti Ensiklopediyasını gətirdi. Bu ensiklopediya Universitetin 350 illik yubileyi münasibətilə 2011-2014-cü illərdə hazırlanıb. Birinci cild 716 səhifə, ikinci cild 764 səhifədir. I cilddə M.S.Ağabəyovun şəkli və haqqında yazı verilib. Avqust ayı olduğundan universitet rəhbərliyi ilə görüşə bilmirəm. Muzey direktoru onu da əlavə etdi ki, Ağabəyovun ölümündən sonra universitetdə uzun müddət türk, ərəb, fars dilləri tədris olunmadı. Yalnız 1967-ci ildə ərəb, fars dilləri fakültativ kurs kimi tədris olundu. Bir ildən sonra kurs bağlandı, 1980-ci ildə bərpa olundu. Cəmi 3 il tədris aparıldı.
Ukrayna müstəqillik qazanandan sonra professor Y. Polotnyukun təşəbbüsü ilə yalnız 1992-ci ildən ərəb və fars dillərinin tədrisi bərpa edildi. 1997-ci ildə filologiya fakültəsində şərqşünaslıq kafedrası yaradıldı. “Kafedra əməkdaşları Sadıq bəyin xatirəsini unutmur” deyib, Heley Stepan ayağa qalxdı, professor Yarem Polotnyukun M.S. Ağabəyovun 140 illik yubileyi münasibətilə “Yaroslov” qəzetində dərc olunmuş məqaləsini göstərdi.
Avqust ayı olduğundan universitet rəhbərliyi və şərqşünaslıq kafedrasının müəllimləri ilə görüşə bilmirəm. Auditoriyaları gəzirəm. Görəsən Məhəmməd Sadıq bəy hansı auditoriyada dərs keçirdi?!
Uzun müddət nə mən danışıram, nə muzey rəhbəri. Sükutu o pozur:
“Siz Lvovu gəzmisinizmi? Lvov gözəl şəhərdir. Həm də “Ağabəyov” “Bakı” ilə Lvovda görüşür. Əvvəlcə başa düşmədim. Sonra öyrəndim ki, Lvovda həm “Ağabəyov” küçəsi var, həm də “Bakı” küçəsi. Özü də bu küçələr bir-biri ilə kəsişir, bir-biri ilə “görüşür”.
Lvov Məhəmməd Sadıq bəy Ağabəyzadəni unutmur. Bəs görəsən, Bakıda, şərqşünas alimin doğulduğu Göyçayda Ağabəyzadə küçəsi olacaqmı?
“Professor Ağabəyzadə küçəsi”. Necə də gözəl səslənir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə M.S.Ağabəyovun Bakıda yaşadığı binanın qarşısına xatirə lövhəsi vurmaq da yerinə düşər.
Tarix: 5-03-2018, 13:17