Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

2017-ci ilin Nobel mükafatları sahiblərinə çatdı

 

Dekabrın 10-da İsveçin və Norveçin paytaxt şəhərləri Stokholm və Osloda 2017-ci ilin Nobel mükafatı laureatlarının mükafatlandırılması mərasimi keçirilib.
www.nobelprize.org saytının məlumatına əsasən, mərasim 1896-cı il dekabrın 10-da vəfat etmiş Alfred Nobelin anım günündə baş tutub. Alfred Nobelin vəsiyyətinə uyğun olaraq Stokholmda keçirilən tədbirdə fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar təqdim olunub.
Bu il Nobel mükafatına fizika sahəsində LIGO detektorunun inkişafına verdiyi həlledici töhfələrinə və qravitasiya dalğalarının müşahidəsinə görə üç amerikalı alimə - Rainer Vaisə, Bərri Bərişə və Kip Törne, kimya üzrə məhlulda biomolekulların yüksək həlletmə qabiliyyətli strukturunun müəyyənləşdirilməsi üçün krio-elektron mikroskopiya texnologiyalarını inkişaf etdirmələrinə görə alman əsilli amerikan Yoakim Frank, isveçrəli Jak Duboşey və britaniyalı Riçard Handerson, fiziologiya və təbabət üzrə amerikalı Ceffri Hall, Maykl Rosbaş və Maykl Yang, ədəbiyyat sahəsində yapon əsilli britaniyalı yazıçı Kadzuo İşiquro, iqtisadiyyat üzrə “davranış iqtisadiy­yatı” sahəsində tədqiqatlarına görə Amerikanın Çikaqo Universitetinin alimi Riçard H. Thaler layiq görülüblər. Mükafatı laureatlara İsveç Kralı XVI Karl Qustav tərəfindən təqdim olunub.
2017-ci il üzrə Sülh mükafatı isə ayrıca təqdim olunub. Mükafatlandırma mərasimi Osloda keçirilib. Mükafat Nüvə silahının qadağası üzrə Beynəlxalq kampaniyanın (ICAN) icraçı direktoru Beatris Finə və Xirosimanın atom dəhşətlərini yaşamış 85 yaşlı yapon Sesuko Terlouya təqdim olunub. Norveç Kralı V Haraldın iştirakı ilə keçirilən təntənəli mərasimdə Kral ailəsi, ölkənin Baş naziri, hökumətin və Ali Məhkəmənin üzvləri də iştirak ediblər.
Tədbirdə çıxış edən Norveç Nobel Komitəsinin təmsilçisi Berit Reiss-Andersen nüvə silahının bəşəriyyət üçün yaratdığı təhlükə barədə danışıb. O qeyd edib ki, Nüvə silahının yayılmaması haqqında müqavilənin (NSYM) olmasına baxmayaraq bu növ silahdan istifadə təhlükəsi hələ də mövcuddur. Onun sözlərinə görə, “İCAN” bu mükafata nüvə silahının qadağan olunması ilə bağlı həyata keçirdiyi addımlarına görə layiq görülüb. "İCAN” -nın icraçı direktoru Beatris Fin Norveç Nobel Komitəsinə təşkilatın işini tanıdığına və dəstək olduğuna görə minnətdarlığını bildirib. Nüvə silahlarının bu gün insanlığa böyük təhlükə yaratdığını vur­ğulayan Beatris Fin deyib ki, “nüvə silahları ilə bağlı “hekayə” bir gün sona çatacaq və bu sonun nə olacağı insanlardan asılıdır”. O, bir daha dünya ölkələrinə səslənərək nüvə silahından istifadənin tam qadağan olunmasına çağırıb. "Nüvə silahından istifadənin riski bu gün "soyuq müharibə"nin sonlarına nisbətən daha yuxarıdır. Amma "soyuq müharibə"dən fərqli olaraq, bu gün biz nüvə silahına malik olan digər çox dövlətlərlə, terrorçularla və kibermüharibələrlə rastlaşırıq" -deyə B.Fin bildirib. B. Fin əlavə edib ki, mükafat istisnasız olaraq bütün ölkələr tərəfindən nüvə silahının qadağası üzrə BMT Konvensiyasının imzalanmasına nail olmağa çalışan təşkilatın fəaliyyətinə xərclənəcək. 1945-ci ildə Xirosima şəhərində nüvə bombardmanını yaşamış “İCAN” təşkilatının fəalı Sesuko Terlou çıxış edərək, öz həyatından və nüvə silahının faciəvi nəticələrindən söz açıb. "Mən yanan xarabalıqlar arasında qalanda 13 yaşlı qız idim, mən sağ qalmaq üçün mübarizə aparırdım. Mən xarabalıqlar altında bir səs eşitdim, o məni işığa doğru hərəkət etməyə səsləyirdi. Mən işığa doğru hərəkət etməyə davam etdim. Və sağ qaldım. Bizim işığımız bu gün nüvə silahının qadağan olunması barədə müqavilədir. Bu zalda olanlara və bütün dünya üzrə bizi dinləyənlərə mən Xirosima xarabalıqlarında eşitdiyim o sözləri təkrarlayıram: "Təslim olma! Davam et! İşığı görürsən? Ona doğru sürün". Bir bombayla mənim sevimli şəhərim məhv edilmişdi. Onun sakinlərinin əksəriyyəti mülki şəxs idilər. Onların arasında, ailə üzvlərim və mənim 351 sinif yoldaşım var idi" - deyə Terlou bildirib.
Stokholmun Konsert zalında keçirilən mərasimə 1500-dən artıq qonaq - laureatların ailə üzvləri, elm, mədəniyyət və siyasət nümayəndələri qatılıblar. Mükafatlandırmadan sonra Stokholmun Şəhər ratuşasında rəqslə başa çatan ənənəvi Nobel banketi başlayıb. Bu il mükafatın məbləği hər bir nominasiya üzrə 9 milyon İsveç kronu və ya 1 milyon ABŞ dolları təşkil edib. Qeyd edək ki, üzərində Nobelin əksi olan medal 19 karat qızıldan hazırlanıb və çəkisi 175 qramdır.

Oruc MUSTAFAYEV


Tarix: 15-01-2018, 15:02

Xəbəri paylaş