Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
Martın 18-də Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.
Bakıda keçirilən V Qlobal Bakı Forumunun yüksək səviyyəli iştirakçıları da Novruz şənliyinə qatılıblar.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.
Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnılarının sədaları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.
Bahar qız Azərbaycan Prezidentinə Novruz xonçası təqdim etdi, dövlətimizin başçısına və xanımına bayram münasibətilə təbriklərini çatdırdı.
Dünyanın yaranışını tarixən ilk yaz günü ilə bağlayan xalqımız əsrlər boyu Novruz bayramını əziz tutub. Azərbaycanda hər il mart ayında qeyd edilən Novruz baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması ilə bağlıdır. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər üzərində qurulub. Hər il olduğu kimi, bu il də Azərbaycanda Novruz bayramı təntənə ilə qeyd olunub. Bu da xalqımızın bayram sevincinə gözəl ovqat qatıb.
İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.
Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.
Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.
Tarix: 11-04-2017, 16:20