ADNSU tələbəsi beynəlxalq turnirdə qızıl medal qazandı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və menecment fakültəsinin 3-cü kurs tələbəsi Nicat Kərimli Türkiyənin İstanbul şəhərində keçirilən Şotokan karate üslubu (WSF) üzrə dünya səviyyəli turnirdə uğurla çıxış edərək qızıl medal qazanıb və öz kateqoriyasında birinci yerə layiq görülüb.
24–26 aprel tarixlərində baş tutan nüfuzlu yarışda müxtəlif ölkələrdən yüzlərlə idmançı iştirak edib. Nicat Kərimli yarış çərçivəsində yüksək peşəkarlıq nümayiş etdirərək rəqiblərini geridə qoyub və Azərbaycanın idman uğurlarına növbəti töhfəsini verib.
Turnirdə Azərbaycan Karate Federasiyasının idmançıları, o cümlədən parakarate və deflimpiya idmançıları da müxtəlif yaş kateqoriyalarında şəxsi və komanda, kata və kumite üzrə mübarizə apararaq yüksək nəticələr əldə ediblər.
Ümumilikdə 117 karateçi ilə təmsil olunan Azərbaycan komandası yarışda 55 qızıl, 32 gümüş və 40 bürünc medal qazanaraq ümumi komanda hesabında birinci yeri tutub və böyük uğura imza atıb.
Qeyd edək ki, Nicat Kərimlinin qazandığı bu qələbə həm ölkə idmanının beynəlxalq arenada nüfuzunun artmasına, həm də ADNSU tələbələrinin uğurlarının artdığını bir daha nümayiş etdirir və gənclər arasında idmana marağın yüksəlməsinə töhfə verir.
Tarix: Bu gün, 16:11



