Tərtər rayonunda “Bayraq yürüşü”
Noyabrın 8-də Təhsil Nazirliyi, Müdafiə Nazirliyi və “ASAN xidmət”lə birgə Tərtər rayonunda 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.
Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, millət vəkilləri, “ASAN xidmət”in əməkdaşları, hərbçilər, tanınmış ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edib.
Yürüşdən əvvəl iştirakçılar Tərtər rayonunun mərkəzi meydanında ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.
Yürüş hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov tədbiri giriş sözü ilə açaraq Azərbaycan dövlətinin və istiqlalının müqəddəs rəmzlərindən olan bayrağın milli kimliyimizin simvolu olduğunu vurğulayıb. Firudin Qurbanov hər bir azərbaycanlının qürur yeri olan dövlət bayrağının tarixindən söz açıb və Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Nazir müavini varlığımızı və gücümüzü dünyaya tanıdan bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına və ölkə Prezidentinin rəhbərliyi altında buna nail olunacağına inamını ifadə edib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Dövlət Bayrağı Gününün qeyd olunması dövlətçilik tariximizin əlamətdar hadisəsidir. Son illər ölkəmizin artan nüfuzunu diqqətə çatdıran Müstəqim Məmmədov mötəbər idman yarışlarında, mədəni tədbirlərdə dövlət bayrağımızın zirvələrə yüksəldiyini vurğulayıb.
Millət vəkili Aydın Mirzəzadə “Bayraq yürüşü”nün keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib, üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanacağına əmin olduğunu qeyd edib.
Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər, “ASAN Könüllüləri”n və şagirdlərin ifasında bayrağımıza həsr olunmuş şeir, mahnı və rəqslər ifa olunub.
Tədbirdə Təhsil Nazirliyi adından hərbi hissəyə hədiyyələr təqdim edilib.
2000 nəfərdən çox iştirakçının qatıldığı yürüşün sonunda iştirakçılar xatirə fotosu çəkdiriblər.
Yürüşdən sonra təhsil nazirinin müavini Firudin Qurbanov Tərtər rayonu Qapanlı kənd tam orta məktəbinin şagird və müəllim kollektivi ilə görüşüb, təhsil ocağına hədiyyələr təqdim olunub.
Tarix: 11-12-2017, 11:49