İlbəil inkişaf edən ADDA
Bu gün ölkə başçısının peşəkar kadrların yetişdirilməsinə, təhsilin müasirləşməsinə yönələn siyasəti Azərbaycan Dövlət Dəniz Akademiyasının da prioritet istiqamətlərindən biridir. Çünki, bu gün hər sahədə olduğu kimi, Xəzər Dəniz Gəmiçiliyinin də daim yüksəkixtisaslı insan resurslarına ehtiyacı var. Bu həlli vacib məsələ barədə öz dəyərli fikirlərini söyləyən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Azərbaycan Dövlət Dəniz Akademiyasının Xəzər dəniz gəmiçiliyi üçün çox vacib bir kadr bazası olduğunu, Gəmiçiliyin gələcək idarəçilərinin məhz ADDA-da yetişdiyini, bu yolun nə qədər məsuliyyətli və şərəfli olduğunu qeyd edir.
Bu məsuliyyətli və şərəfli yolda - yüksəkixtisaslı, müasir dünyagörüşlü, peşəkar kadrların yetişdirilməsi istiqamətində böyük əmək sərf edən ADDA-nın rektoru Ç.M.Əliyev bu gün nəinki ADDA-da təhsil alan tələbə gənclərimiz üçün geniş imkanlar yaradır, eləcə də, hər il ADDA-ya daxil olan tələbə kontingentinin təhsil göstəricilərinin yüksəldilməsi, onların ildən-ilə modernləşməsi istiqamətində də silsilə tədbirlər həyata keçirir.
Belə tədbirlərdən biri akademiyada tələbələr və onların valideynləri ilə keçirilən “Açıq qapı” günləridir. Artıq ənənə şəklini almış bu tədbirlər təlim-tərbiyə prosesinin düzgün qurulmasına imkan yaradır. Eyni zamanda yeni dərs ili üçün tələbə qəbulu hazırlıq prosesinə də öz təsirini göstərir.
Sentyabrın 12-də Akademiyada keçirilən ənənəvi “Açıq qapı” günü bu il tələbə adını qazanan gənclər və onların valideynləri üçün böyük sevinc günü oldu. Görüşdə Gəmiçiliyin rəhbər işçiləri, Bakı Gəmiqayırma Zavodunun və Gəmiçiliyin alyans tərəfdaşı olan “Caspian Marine Services Ltd” şirkətinin nümayəndələri, ADDA-nın yüksək vəzifələrdə çalışan məzunları iştirak ediblər.
Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev görüşü açaraq, builki tələbə qəbulunun yekunları, Akademiyada tədrisin təşkili, tələbələr üçün yaradılan şərait barədə məlumat verdi. Bildirdi ki, 2017-2018-ci tədris ili üçün müəyyən edilmiş qəbul planında nəzərdə tutulan 200 yerə 180 abituriyent daxil olub. İlk dəfə olaraq 64 nəfər 400-dən, 7 nəfər 500-dən, 3 nəfər isə 600-dən yuxarı bal toplayıb. Hazırda Dəniz Akademiyasında 1200-ə yaxın tələbə təhsil alır. Azərbaycan Dövlət Dəniz Akademiyasının beynəlxalq əlaqələri ildən-ilə genişlənir. Artıq 10 ölkədən 17 ali məktəb ilə əməkdaşlıq edilir. Onların sırasında Rusiya, Türkiyə, Polşa, Ukrayna, Latviya, Bolqarıstan və sair ölkələrin aparıcı dənizçilik universitetləri və akademiyaları var. Bu il Rusiya, Gürcüstan, Qazaxıstan kimi dövlətlərlə yanaşı, ilk dəfə olaraq Türkiyə, Türkmənistan və Ukrayna vətəndaşları da bizim Akademiyamıza qəbul olublar.
Sosial məsələlərə gəldikdə isə Ç.Əliyev qeyd edib ki, tələbələr dərs vəsaitləri, yataqxana, geyim forması və gündə 2 dəfə isti yeməklə pulsuz təmin olunurlar. Bundan əlavə Akademiyanın öz hesabına rus və ingilis dillərində kurslar da təşkil olunur ki, tələbə və müəllim heyəti bundan yararlanır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin müavini Cəbrayıl Mahmudlu ölkə rəhbərliyinin Gəmiçilik qarşısında qoyduğu vəzifələr, strateji hədəflər barədə ətraflı söhbət açdı, Dəniz Akademiyasında gənclər üçün yaradılmış şəraitdən danışdı. Sədr müavini onu da bildirdi ki, hər il Dəniz Akademiyasında yeni imkanlar yaradılır və AXDG-nin rəhbərliyi bu işdə təhsil ocağına daim dəstək olur. Gəmiçiliyin nəzarəti ilə burada mütəxəssislərin hazırlanması, kadr potensialının artırılması məsələlərinə xüsusi diqqət yetirilir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin müavini Nəzrəddin Əhmədzadə çıxışında ulu öndər Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində dəniz nəqliyyatına böyük qayğı göstərdiyini, Prezident İlham Əliyevin diqqəti sayəsində bu sahədə struktur islahatlarının uğurla davam etdirildiyini, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin hazırda istər regionda, istərsə də bütövlükdə MDB məkanında texniki imkanlarına və maddi-texniki bazasına görə liderlər sırasında olduğunu vurğuladı.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin məsləhətçisi, uzaq səfərlər kapitanı Muxtar Axundov yeni, müasir gəmilərin istismarında mükəmməl biliyə və savada malik kadrların əhəmiyyəti barədə söz açaraq bildirdi ki, Akademiyanı müvəffəqiyyətlə bitirən məzunların əksəriyyəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində, Bakı Gəmiqayırma Zavodunda, bir sıra digər yerli və xarici şirkətlərdə çalışırlar. O, təcrübəli kapitan kimi sabahın dənizçilərinə öz tövsiyələrini verdi.
Sonra AXDG-nin Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyev Akademiyanın fəaliyyəti ilə bağlı təqdimatla çıxış edərək ADDA-nın tarixi, AXDG-nin strukturu, Gəmiçiliyin hədəf və məqsədləri, AXDG-nin gənclər siyasəti, Akademiyanın nəticələri və Gəmiçiliyin balansında olan gəmilər barədə məlumat verdi.
Bütün çıxış edənlər birinci kursa daxil olmuş tələbələrə, bütövlükdə Dəniz Akademiyasının tələbə-müəllim heyətinə yeni tədris ilində uğurlar arzuladılar.
Sonra 2017-ci ildə Akademiyanı əla qiymətlərlə bitirən 6 tələbəyə fərqlənmə diplomları təqdim olundu, qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərmiş 10 tələbəyə isə Gəmiçiliyin qiymətli hədiyyələri – noutbuklar verildi.
Sonda gənclərin və valideynlərin ürək sözləri səsləndi, görüş iştirakçıları Dəniz Akademiyasının tədris auditoriyaları və laboratoriyaları ilə tanış oldular.
ADDA-nın İnformasiya və Resurs Mərkəzi
Tarix: 13-10-2017, 12:56