TÜRKLƏRİN İRFAN ŞAİRİ CƏLALƏDDİN RUMİ
Yaxın Şərq bədii-estetik fikrinin, farsdilli türk poeziyasının, xüsusilə sufi-təriqət ədəbiyyatının inkişafında, təsəvvüf ideyalarının və mənəvi saflaşma düşüncəsinin yayılmasında, İlahi eşq fəlsəfəsinin, mistik təfəkkürün zənginləşməsində və bütün bunların hamısının əməli olaraq həyata keçirilməsində böyük mütəfəkkir və mütəsəvvif-şair Mövlana Cəlaləddin Ruminin işıqlı siması, misilsiz xidmətləri aydın görünür. Orta əsrlər müsəlman şərqinin irfan-fəlsəfə xadimləri arasında ən yüksək yerlərdən birini tutan bu qüdrətli şəxsiyyətin əsərlərində söylənən fikirlər irqindən, dinindən, milliyyətindən asılı olmayaraq bütün insanları mənəvi-əxlaqi təmizliyə, İlahi eşqə, ucalığa, işığa, sülhə, mehribanlığa və ədalətə səsləyən fikirləri bu gün də yer üzünün, planetin ekoloji saflaşmasına, cəmiyyətin gözəlləşməsinə xidmət edir.
Cəlaləddin Məhəmməd Bəhaəddin Vələd oğlu 1207-ci il iyul ayının 30-da Bəlx şəhərində doğulmuşdur. Atası Bəhaəddin Vələd dövürünün çox məşhur və nüfuzlu alimi olduğundan ona paxıllıq edən ilahiyyat alimlərinin təqibinə məruz qalmışdır. Buna görə o, monqol hücumları ərəfəsində ailəsi ilə Bəlxi tərk edərək Yaxın Şərqin bir çox şəhərlərindən keçib əvvəlcə Bağdada, oradan Kiçik Asiyanın Malatya və Sivas, sonra Akşehir və Qaraman şəhərlərinə köçmüş, nəhayət Konyada məskunlaşmışdır (1228). Burada o, Sultan I Əlaəddin Keyqubadın təklifi ilə şəhərin məşhur mədrəsələrindən birinə başçılıq edir. Lakin üç il sonra Bəhaəddin dünyasını dəyişir (1231). Onun tələbələri və müridləri Cəlaləddinin ətrafına toplaşırlar. Bəlxdə Bəhaəddinin müridi olmuş Seyid Bürhanəddin Tirmizi şeyxinin ölüm xəbərini eşidərək Konyaya gəlir və özünü Cəlaləddinin ruhi kamilləşməsi işinə həsr edir. Cəlaləddin 1233-cü ildə mükəmməl dini təhsil almaq üçün Seyid Bürhanəddinlə birlikdə Hələbə, sonra Dəməşqə gedib 6-7 il mötəbər alimlərdən dərs alır. Quran, təfsir, fiqh, hədis elmlərinin incəliklərinə bələd olur. Konyaya qayıtdıqda Səlcuq hökmdarı Qiyasəddin II Keyxosrov onu mədrəsə başçısı vəzifəsinə təyin edir (1240). Rumi 5 il mədrəsədə mühazirə oxuyur, məsciddə vəz edir. 1240-cı ildə Cəlaləddin Şəms Təbrizi ilə tanış olur. Bir gün Şəms Cəlaləddindən soruşur ki, elmin hədəfi nədir? Cəlaləddin cavab verir ki, elmin hədəfi şəriət qaydalarını daha yaxşı öyrənməkdir. Şəms bu cavabı yetərsiz sayır və bildirir ki, elmin məqsədi əvvəldən məlum-mövcud olan şeyə çatmaqdır. Əgər “elm səni nəfsin əmrlərindən uzaqlaşdırmırsa, cəhalət ondan daha xeyirlidir”. Bu söhbətdən sonra onların tanışlığı möhkəm dostluğa və məslək-əqidə birliyinə çevrilir. Cəlaləddin Şəmsi Haq məzhəri hesab edərək, onun bütün ruhunu qəbul edir, şeirlərini Şəmsin adından yazır.
Bu dostluq Şəmsin qohumlarında və tələbələrində möhkəm qısqanclıq yaradır; onlar Cəlaləddini Şəmsə qısqanmağa başlayır və Şəmsi hörmətdən salmağa çalışırlar. Təzyiqlərə və dedi-qodulara dözə bilməyən Şəms Konyanı tərk etməyə məcbur olur. O, Dəməşqə gedir.
Ustadı gedəndən sonra Cəlaləddin böyük sarsıntı keçirir. O, tələbə və müridləri ilə əlaqəni kəsir, tənha yaşayır. Bir müddət sonra Şəms Dəməşqdən məktub göndərir. Bu hadisə Cəlaləddini xeyli sakitləşdirir. O, əvvəlki həyat tərzinə qayıdır. Bir neçə dəfə Şəmsə məktub yazır, ancaq cavab almır. Dördüncü dəfə oğlu Vələdi məktub və hədiyyələrlə Şama, Şəmsin yanına göndərir, onu təkidlə Konyaya çağırır. Şəms bu çağırışa cavab olaraq Vələdlə birlikdə Konyaya qayıdır (1247). Cəlaləddin ustadını şəhərin kənarında qarşılayır. Onlar hədsiz sevinc anları yaşayır və birlikdə mədrəsəyə gəlirlər. Lakin müxalif qüvvələr yenə Şəmsi Cəlaləddindən ayırmaq, onu yox etmək istəyirlər. Və 1247-ci ilin sonlarında Şəms qəflətən yoxa çıxır.
Cəlaləddin bir neçə dəfə Şama gedərək Şəmsi axtarsa da tapa bilmir. Rəvayətə görə müxaliflər (onların arasında Cəlaləddinin kiçik oğlu da olub) Şəmsi öldürüb, meyitini mədrəsənin yanındakı su quyusuna atıblar.
Şəmsin ölümündən sonra C.Rumi Səlahəddin Zəkubi adlı bir şeyxlə yaxınlıq edir. Onu şeyxlərin şeyxi, insanlar arasında “Tanrının nuru” adlandırır. Zəkubinin qızını oğlu Sultan Vələdə alıb onunla qohum olur. Zəkubinin ölümündən sonra C.Rumi Çələbi Hüsaməddinlə dostluq edir. Bir gün məşhur məsnəvisinin 18 beytini yazıb Hüsaməddinə verərək deyir: “Bundan sonra mən söyləyəcəm, sən yazacaqsan”. Məşhur “Məsnəvi” belə meydana gəlir.
C.Ruminin ömrünün sonu sakit keçmiş, o, 1273-cü il dekabr ayının 17-də Konyada vəfat etmiş, çox böyük hörmət və sayğı ilə dəfn olunmuşdur. Sufi-şairin məzarı müqəddəs bir ziyarətgaha çevrilmişdir. Bu məzarı təkcə müsəlmanlar deyil, xristian, yəhudi, buddist və b. dindarlar da ziyarət edirlər...
Bütün dünyanın, xüsusilə müsəlman xalqlarının böyük şair, qüdrətli söz ustadı kimi tanıdığı və sevdiyi Mövlana Cəlaləddin Rumi şeir yazmağa təxminən 40 yaşında Şəms Təbrizi ilə tanış olduqdan sonra başlamış, əsərlərini əsasən fars dilində yazmışdır. Onun əsərlərində sufi ideyalar mənəvi-əxlaqi fikirlər ifadə olunurdu və əslində C.Rumi şeirlərini özünün sufi görüşlərini, təsəvvüf ideyalarını dərvişlər arasında yaymaq məqsədilə yazırdı. Tədqiqatçılarından biri haqlı deyir ki, Mövlana “təsəvvüfü əbədiləşdirmək üçün şair olmuşdur”. Müridləri onun şeirlərini Tanrı səsi kimi dinləyir, əzbərləyir, bu şeirlərin təsiri altında səma edir, vəcdə gəlirdilər. C.Rumi özü də şeirlərini səma edərkən vəcd halında söyləyir, onları müridləri qələmə alırdı.
Əksəriyyəti lirik üslubda, qəzəl və rübai janrlarında olan bu şeirlər C.Ruminin “Divani-Kəbir” – “Böyük Divan” kitabında toplanmışdır. 24 divandan ibarət bu əsəri Əbdülbaqi Gölpinarlı türk dilinə çevirmiş və 8 cilddə çap etdirmişdir.
Çox müxtəlif mövzuları əhatə edən bu şeirlərin ana xətti İlahi eşqin tərənnümüdür. C.Rumi orta əsrlərin mistik təfəkkürünə uyğun olaraq eşqi insan qəlbinə nazil olan bilgi nuru və Tanrı feyzi kimi mənalandırır. Mistik təfəkkürə görə eşq insanı öz tanrısına doğru aparan, ona qovuşduran mənəvi qüvvədir. Eşq insan ruhunu daim yüksəlişə – öz ilkin məskəninə çağırır, çoxluğu Vahidə, cüzi küllə – Allaha qovuşdurur. C.Rumi eşqi varlığın, diriliyin əsası, həyat cövhəri, batini işıqlanma kimi mənalandırır:
Eşqsiz keçən ömrü hesaba gətirmə
Eşq dirilik suyudur, könül və can lütfüdür.
Hər kim aşiq deyil, onu sudan kənar balıq san
Vəzir belə olsa, o, ölü və pəjmürdədir.
Elə ki, eşq üzünü göstərdi, hər ağac yaşıllaşar,
Qoca budaq hər nəfəsdə cavan yarpaq verər.
C.Rumiyə görə eşq bir dənizdir ki, dibi görünməz; eşq dağı qum kimi əzib tökər; eşq göyləri yarıb onda çat yaradar, torpağı səbəbsiz titrəməyə məcbur edər. Eşqin qarşısında “ölü qəlblər dirilir, kölələr ağa olur, dəmir yumşalır, daş əriyir”. Mövlana deyir ki, sevgilisinin eşqini qəlbində saxlayıb hər şeyi unudan insan yer üzərindəki insanların ən xoşbəxtidir. Sevmək qabiliyyətini insana Allah bağışlayıb. Buna görə eşq əbədidir; o, yaşadıqca daha təravətli və ətirli olur. Mövlana ilahi eşqin ruhlar aləmi ilə bağlı olduğunu söyləyir, lakin o, insani eşqi də inkar etmir. “Ümumiyyətlə, sufizm insani məhəbbətə laqeyd deyildir, onu insanlığın fiziki varlığı üçün vacib şərtlərdən sayır”. Bu əlamət – insani məhəbbətin tərənnümü Ruminin də şeirlərində vardır. O, açıq deyir ki, özünü xacəyə çevirmə, rahib olma. Tanrıdan başqa birini sevmək – elə Tanrını sevməkdir. Lakin Rumi dünyəvi məhəbbəti ötəri həvəs hesab edir. Şairə görə belə məhəbbətin başlıca mahiyyəti ilahi aləmə yüksəliş yolunda nərdivan vəzifəsi daşımasıdır: insana məhəbbət ilahi eşq yoluna çıxa bilmək üçün vasitədir. Bu vasitə olmadan Tanrıya çatmaq, Ona qovuşmaq mümkün deyil.
İlahiyə yüksəlmək üçün qəlbin təmizlənməsi – saflaşması gərəkdir. Çünki qəlb eşqin məskənidir və insan öz qəlbini “güzgü şəffaflığı qədər təmizləmək yolu ilə məcazi eşqi ilahiliyə qədər ucalda bilər”.
Mistik təfəkkürdə qəlb – həm də Allahın nəzər yetirdiyi məkandır. Mövlana da qəzəllərində ürəyi cövhər, Tanrı məkanı adlandırır. Şair Allahla ünsiyyət yarada bilmək üçün insana ilk növbədə təmiz ürək, saf qəlb yiyəsi olmağı və başqa qəlbləri sevindirməyi tövsiyə edir: “Əgər qəlbin varsa, qəlb kəbəsinin ətrafına dolan. Min dəfə piyada Kəbəyə gedib təvaf etsən də, əgər bir qəlbi incidərsənsə, Haqq o təvafı qəbul etməz. Malını-mülkünü verib bir qəlb ələ gətir ki, evində zülmət gecə də sənin qəlbinə işıq saçsın. Əgər həzrət Haqqa qızılla dolu min kisə də aparsan, Haq deyər: “Əgər məni arayırsansa, qəlb gətir, bizim mətləbimiz qəlbdir”.
“Divani-Kəbir”dəki şeirlərin bir çoxu ağıl-eşq, dəlil-duyum, elm-fəhm qarşıdurmalarının izahından ibarətdir. C.Rumi ağılı “hüdudsuz dəniz”, “Süleyman mülkünün möhürü” hesab edir və tərifləyir. O, mütləq həqiqətə çatmaq üçün elmin vasitə olduğunu söyləyir. Lakin mistik dərketmədə, qeyb sirlərini bilməkdə ağıl və elm acizdir. Alim din elmini bilməli və iman sahibi olmalıdır. Zahiri elm alimin qeyb sirlərini görmək üçün bəsirət gözünü aça bilmir. Mövlana yazır: “Alimlər çox vacib bir məqamı unudurlar ki, ilahi bir elm var ki, onunla müqayisədə dünya elmi dənizdə bir damcıdır”.
Göründüyü kimi, C.Rumi ilahi və dünyəvi elmləri bir-birindən fərqləndirir. Onun düşüncəsinə görə dünyəvi elmləri bilməklə ilahi sirlərə vaqif olmaq, ağılla Allaha yetişmək mümkün deyil; “İti ağılla mütləq həqiqəti dərk etmək olmaz”. İlahi aləmin hikmətlərinə yalnız iman, könül nuru, daxili saflaşma, işıqlanma, fəhmlə, qəlblə yiyələnmək olar. Ağıl isə qəlbi paslandıra, onun üstünü örtə bilər. Bundan ötrü ağıldan imtina edib məcnunlaşmaq lazımdır.
Məcnunluq ilahi eşqin, aşiqliyin zirvəsi, müdrikliyin müdrikliyi, kamilliyin kamilliyidir. C.Ruminin bir sıra qəzəlləri məcnunluğun – divanəliyin şərhinə və tərənnümünə həsr edilmişdir. Onun qəzəllərində məcnunluq – zahiri aləmdən təcrid olmaq, mühitlə, cəmiyyətlə əlaqəni kəsmək – daha da kamilləşmək, asimana yüksəlmək, Allaha yaxınlaşmaqdır:
Divanəlikdən yaxşı çarə hardadır?
Divanəlikdən yüz çərxi-fələk dağılar.
Əqldən çox kafir olan olub,
Heç divanəlikdən kafir olan görmüsən?
Xarabata ki, məcnunlar gedir
Yubanmadan ilahi meyin badəsini də
onlardan al
Keyqubad və Səncər ki divanəlikdən
uzaq idilər.
Necə də bəxtsiz və talesiz idilər...
Məsih kimi asimana yüksələrsən
Əgər sənin divanəlik qanadın olsa.
C.Ruminin qəzəllərində tərənnüm olunan bir hal da heyrət və sükutdur. “İnsan Allahla ünsiyyət məqamına ucalanda onu heyrət bürüyür, o, özsüzləşir. Bu məqam aşiq-salik üçün ən xoşbəxt məqamlardan biri sayılır. Bu məqama çatmaq üçün o, seyri-sülukun müxtəlif mücadilələrindən keçməli olur. Sonra xamuşi-sükut mərhələsi başlayır. Və bu sükutla sözdən artıq fikir ifadə olunur... Sükut mistik dərketmənin ən ali mərhələsidir. Mövlana tez-tez sükut anlamı haqqında bəhs açır və onun nitqlə müqayisədə üstünlüyündən danışır. Qəzəllərinin əksəriyyəti sükuta çağırışla bitir... Şairə görə əslində bütün kosmos sükut dililə danışır, “sükutla Allaha mədhlər deyir, Ona şükürlərini bildirir”.
“Divani-kəbir”dəki qəzəllərdə tərənnüm olunan mənəvi-ruhi hallardan biri də məstlikdir. Sufilərə görə bu hal – məstlik salikin “öz cismani varlığından qurtuluşu”, Haqqın təcəllisindən onun qəlbini bürüyən heyrət və heyranlıq, “özsüzlüyün başlanğıcıdır”.
R.Azadə İran alimi doktor Təqi Purnamdara istinadən yazır: “Təsəvvüfdə aşiqin-salikin Haqqa çatmaq yollarındakı mücaadilələrindən biri reca mərhələsidir. Bu mərhələdə aşiq öz cismani varlığını tamamilə unudur... və elə ruhani bir əzm kəsb edir ki, uca dağları belə yerindən oynatmağa qadirdir”. Məhz belə məqamda Ruminin lirik qəhrəmanı ağıldan kənar olub eşqə arxalanır və məstliyi eşqin əlaməti, Tanrıya varmağın sevinc yaşantıları kimi tərifləyir:
Elə məstəm, elə məstəm mən bu gün
Ki çənbərdən adlayıb çıxaram mən bu gün.
Eləyəm ki, xatirə gəlməz, təsəvvürə gətirməz –
Beləyəm, beləyəm, mən bu gün.
Canla eşq asimanına getmişəm,
Cismən həqir olsam da mən, bu gün.
Əqlin qulağını tutub deyirəm: ey aqil,
Kənar ol ki, səndən bizaram mən bu gün.
C.Ruminin təbiət gözəlliklərinin tərənnümünə, baharın, gülzarın, insanın sevinc və şadlıq duyğularının hicran dərdlərinin, sıxıntılarının təsviri verilən habelə ilahi nur, işıq və zülmət, varlıq və yoxluq barədə qəzəlləri də çoxdur. Belə şeirlərində C.Rumi təbiəti də, insanı da Tanrının xülqəti və Onun yaradıcı qüdrətini və əbədiliyini tərənnüm edərək insanları mənəvi saflığa, əxlaqi gözəlliyə çağırır.
C.Ruminin maraqlı əsərlərindən biri də “Fihi məfih” (Onun içindəki içindədir) adlanır. Bu əsər Mövlananın müridlərinə, onu ziyarət edən şəxslərə, dost-tanışlarına söylədiklərinin sonradan yazıya alınması nəticəsində meydana gəlmişdir. Şairin oğlu Sultan Vələd və başqa müridləri Ruminin dediklərini toplayıb kitab halına gətirəndən sonra əsəri ona təqdim etmişlər, o da oxuyub demişdir: “Onun içindəki içindədir”, yəni onun içindəki sözlər təriqətimdə olan sözlərdir.
Bu əsərdə müəllifin dünya və axirət, süluk və dərvişlik dərəcələri, iman və ibadət, mürid və mürşid münasibətləri, eşq və əxlaq məsələləri haqqında təsəvvüfi fikirləri verilmiş, Allah, Peyğəmbər, Quran, Hikmət, surət, məna, ağıl, eşq, ruh, bədən və s. anlayışlar aydınlaşdırılmışdır. 76 bölmədən ibarət bu əsərin az bir qismi ərəbcə, çox hissəsi farscadır. Mətn əsasən nəsrlədir, bəzən şeir parçalarından istifadə olunur. Çox müxtəlif məsələlərdən danışılmasına baxmayaraq, söhbətlər bir-biri ilə əlaqələnir, bir-birini tamamlayır və əsər bütöv bir tam təsiri bağışlayır.
Mütəsəvvüf şairin “Məcəlisi-səba” əsəri də oğlu Sultan Vələdin və başqa müridlərinin topladığı öyüd-nəsihətlərdən ibarətdir. Bu əsərin də məğzini Tanrının qüdrəti barədə fikirlər təşkil edir; Onun böyüklüyü, vahidliyi, şəriksizliyi söylənir, vəsf olunur. Müəllif söhbətin mövzusuna uyğun olaraq tez-tez Qurandan ayələr, hədislərdən misallar, klassik şairlərin əsərlərindən örnəklər gətirməklə, müxtəlif hekayələr söyləməklə fikirlərini aydınlaşdırır.
Cəlaləddin Rumini bütün türk və Şərq-müsəlman dünyasında tanıdan, sevdirən və şöhrətləndirən onun məşhur “Məsnəvi”sidir. Ümumi həcmi 26 min beyt olan bu əsəri böyük sufi şair Əbdürrəhman Cami (1414-92) “pəhləvi dilində Quran” adlandırmışdır. Bu əsəri yazarkən (daha doğrusu, söyləyərkən) müəllifin əvvəlcədən düşünülmüş planı olmayıb; şair misraları gərgin vəcd halında söyləyir və müridi Çələbi Hüsaməddinə yazdırırmış. Əsər “heç bir qayda-qanuna tabe deyil. Yalnız bir qanun onu hərəkətə gətirir: azadlıq. Fikir, ruh azadlığı, ifadə etmək azadlığı, assosiasiya azadlığı”.
“Məsnəvi” məzmunca çox zəngindir. Orada müxtəlif məsələlərdən bəhs edilir. Daha çox Allah, Peyğəmbər, Quran, İlahi eşqdən danışılır. Bundan başqa, əsərdə qəzavü qədər, insan iradəsi, mistik vətən sevgisi, nəfsin tərbiyəsi, əxlaqi kamilləşmə və s. barədə maraqlı fikirlər vardır. Mövlana özü belə hesab edirdi ki, “Məsnəvi”nin məqsədi Allah kəlamı olan Quranı İlahi sirləri insanlara izah etmək, Peyğəmbər hədislərinin mənasını aydınlaşdırmaqdır. O, Allaha müraciətlə deyirdi: “Bu altı cilddə altı tərəfə nur saç ki, çevrəsini dolanmayan dolansın”. Əsərin başqa bir yerində deyilir ki, “Məsnəvi” Peyğəmbərin hədisindən və ona itaət etmənin bəyanından ibarətdir”.
“Məsnəvi”də təsəvvüfün müxtəlif məsələlərinə dair, o cümlədən qəlbin Allah evi olmasına, nəfs-ağıl, elm-mərifət, qənilik-yoxsulluq, surət-məna nisbətlərinin şərhi verilmiş çoxlu hekayə və rəvayətlər də vardır ki, bunlar əsərin məna siqlətini, məzmun zənginliyini göstərən atributlardır.
“Məsnəvi”nin orijinal quruluşu vardır. Əsər 6 cilddən ibarətdir. Hər cildin əvvəlində kitabın əsas məzmununu ifadə edən ön söz verilir, sonra müxtəlif əxlaqi-didaktik məsələlərdən bəhs edən əhvalatlar danışılır. Əhvalatların əvvəlində hər hansı bir nəzəri-irfani fikir söylənir, sonra bu fikir Quran ayələri, yaxud hədislərə istinadən əsaslandırılır, sonda isə deyilən fikirlərlə səsləşən, Mövlananın dünyaduyumuna uyğun bir təmsil, hekayə, lətifə, yaxud tarixi rəvayət verilir və mətnin hissələri bir-birinə bağlanmır. Hər mövzu müəyyən əhvalatın təsviri ilə başlayır, sonra bu əhvalat yarımçıq kəsilir, başqa bir uzun hekayət danışılır; bu hekayət qurtardıqdan sonra yenə yarımçıq qalmış əhvalatın davamı verilir, bəzən birinci əhvalat bir neçə dəfə yarımçıq saxlanaraq başqa rəvayət söylənir və əsər ağır oxunur, darıxdırıcı olur. Bu əlaməti M.F.Axundzadə həssaslıqla duyaraq yazır: “bir mərtəbədə ərinməz və diraz nəfəsdir ki, sözlərini oxumaqdan xanəndənin hövsələsi təng olur”.
Əhvalatların uzun və yorucu söylənilməsi şairə baş mətləbi – ictimai ədalətsizlikləri, mədəni gerilik, dini fanatizm, cəmiyyəti bürümüş əxlaqi eybəcərliklər, mənəvi naqisliklər haqqında fikirlərini bildirmək, cəmiyyəti mənəvi cəhətdən saflaşdırmaq ideyalarını, xüsusilə şəriətə müxalif düşüncələrini hakim qüvvələrdən, hökmdarlardan və digər “zəmanə pəhləvanları”ndan gizlətmək istəyi ilə bağlıdır. Bu məsələyə xüsusi diqqət yetirən M.F.Axundzadə yazır: “Görünür ki, onun əsri çox xətərnak əsr imiş. Şiddəti-zövqdən və cəzbədən danışmaq istəyibdir, amma canından da qorxurmuş. O səbəbə naçar qalıb bu növ təkəllüfata mübaşir olubdur” (zəhmətə, əziyyətə qatlaşıb – Z.Ə.).
“Məsnəvi” fars dilində, epik üslubda, əruz vəznində rəməl bəhrində yazılmışdır. Qurandan verilən ayələr ərəbcədir. Əsərdə fars, ərəb və türk ədəbiyyatlarına məxsus atalar sözü, məsəl və hekayələrdən istifadə olunur. Məqsəd həmin sözlərin, məsəl, təmsil və hekayələrin iç məzmunu açmaq, mətnin arxa planındakı irfani fikirləri, əxlaqi-etik düşüncələri dinləyiciyə və oxucuya təlqin etməkdir.
Nizami Gəncəvinin “Xəmsə”si, Füzuli “Divan”ı, Yaxın və Orta Şərqdə geniş yayılmış “Leyli və Məcnun”, “Vərqa və Gülşa” məsnəviləri ilə müqayisədə C.Ruminin “Məsnəvi”sində poetika baxımından bəzən qüsurlar da gözə dəyir: zəif qafiyələr, vəzn-ölçü nöqsanları, uğursuz misralar şeiriyyəti zəiflədir. Bunun başlıca səbəbi odur ki, Mövlananın “Məsnəvi”dəki şairliyi əsasən onun irfani-fəlsəfi fikirlərinə xidmət edir və şeirindəki ara-sıra gözə çarpan qafiyə və ölçü nöqsanları, qeyri-dəqiq qrammatik dönümlər də əslən bu üzdəndir. Mövlana olsun ki, elə bilərəkdən dövrünün qəbul edilmiş möhkəm poetik qanunları ilə hesablaşmamış, özünü bu qeydlərdən azad etmişdir. Ancaq “Məsnəvi”nin və ümumiyyətlə Mövlana şeirinin tilsim sehri və cazibəsi qarşısında bu xırda-para qafiyə və ölçü xətaları ümmandakı çör-çöp məqamındadırlar və bütöv möhtəşəmliyə heç bir xələl gətirmirlər”.
Cəlaləddin Ruminin “Məsnəvi”si bütün Yaxın Şərqdə təsəvvüf İlahi eşq, Allaha qovuşmaq, vüsala yetmək yolları haqqında şeirlə yazılmış ən yaxşı epik əsərdir. – “təsəvvüf ensiklopediyasıdır” (Y.Rüstəmov) Bu əsərdən parçalar dünyanın çox müxtəlif dillərinə tərcümə edilərək, həm Şərq, həm də Qərb ölkələrində geniş yayılmışdır. Əsər Azərbaycan dilinə də çevrilmiş, görkəmli alimlərdən Yusif Rüstəmov və Azadə Rüstəmova Ruminin həyat yolu, bədii irsi və irfani-fəlsəfi görüşlərindən bəhs edən monoqrafiyalar yazmışlar.
Zaman Əsgərli,
filologiya elmləri doktoru
Tarix: 19-09-2017, 11:39