AZAD ŞUŞAMIZ-AZAD QARABAĞIMIZ!
...Yurdun sinəsində Şuşa ürəkmiş
Yaşaya bilərmi ürəksiz ölkə?! (Məmməd İSMAYIL)
...Diz 28 il idi ki, “Şuşa” adlı vətən torpağımız erməni tapdağı altında idi.Nəğməkar Şuşa 28 il idi ki, susmuşdu, qəm ümmanına batmışdı. Başı üzərində yara yellər əsirdi, nə bülbülü oxuyurdu, nə Xarı bülbülü çiçək açırdı Şuşamızın...
1992-ci ilin 8 mayı qara yazıldı Şuşamızın taleyinə.Tarixin dönəmlərində alınmaz qala kimi məğrur duran Şuşa 28 il öncə köməksiz, müdafiəsiz qaldı, erməni vəhşilərinə təslim edildi...
“Şuşa” deyəndə qulaqlarımıza muğam səsi-Xan əminin, Seyidin zəngulələri gəlir, Xarı bülbül çilvələnirdi gözümüz önündə. ”Şuşa” deyəndə milli sənət incilərimiz, milli incəsənətimizin nadir, təkrarsız nümunələri şirin xatirələr kimi canlanırdı xəyalllarımızda...
Şuşa özünün özəllikləri ilə heç bir şəhərə,yurd yerinə bənzəmir; onun öz rəmzləri var: ən uca zirvə-Kirs dağıdır Şuşa; tarixlərə sinə gərmiş Şuşa qalasıdır Şuşa; büllur kimi saf sulu İsa bulağıdır Şuşa; qəhrəmanlar oylağı-Cıdır düzüdür Şuşa!..
Şuşasız yaşamaq çox ağır dərd idi: bu həsrət dolu 28 ildə 10 mindən çox “şuşalı yuxular” gördük: hər gecə Şuşa həsrəti didirdi, əzirdi bizi, ancaq ümidimizi itirmirdik-inanırdıq ki,o xoşbəxt gün-Şuşanın azadlığı günü gələcək....
Düz 28 il Şuşa xatirələri ilə təsəlli tapdıq, sabaha ümid edə-edə..Düz 28 il yuxularımıza girib həsrət dolu baxışları ilə bizi çağırdı, kömək istədi..Şuşa!.
Həsrətin 28-ci ilində Şuşa həsrətinə son qoymaq üçün yola çıxdı, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli siyasi iradəsi, rəhbərliyi altında “Qarabağ Azərbaycandır!” deyərək cəmi 44 günə işğal olunmuş torpaqlarımız erməni tapdağından azad etdi rəşadətli ordumuz!
Ermənilərin məğlubedilməzliyi mifinə son qoyuldu, 44 günlük müharibə 28 il həsrətdə qalan Şuşanın azad edilməsi ilə başa çatdı:
8 noyabr 2020-ci il Şuşanın azadlıq günü-“Zəfər günü” kimi yazıldı tariximizə!!!
Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bu misilsiz qələbəni sevinclə xalqa bəyan etdi, azad Şuşaya müraciət etdi:
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Bəli, bu gün Şuşa azaddır! “Qarabağın sənət məbədi”, “Şərqin konservatoriyası” Şuşanın üzü gülür, Xarı bülbülü sevinclə qonaqlarını salamlayır,İsa bulağı saf suyuna qonaq edir ziyarətçiləri, muğam sədaları yayılır Şuşanın dumanlı dağlarına, Xan əminin səsi əks-sda verir Cıdır düzündə:
Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı, yaşıl tumanlı...
Əli Erkin Fərid oğlu,
Şirvan şəhər 1 nömrəli tam orta məktəb-liseyin
X L sinif şagirdi
Tarix: 8-11-2022, 11:05