Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ağalıda 29 il sonra ilk zəng çalındı


Sentyabrın 15-də Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində ilk dərs günü qeyd edilib. 

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev, elm və təhsil naziri  Emin Əmrullayev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi iştirak edib.

İlk dərs günü Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. Nazir bildirib ki, 29 ildən sonra Ağalı kənd tam orta məktəbində ilk dərs gününün qeyd olunması məhz onların sayəsində gerçəkləşib və bu çox qürurverici bir hissdir. Emin Əmrullayev müasir infrastruktura malik olan Ağalı kənd tam orta məktəbinin uğurları ilə öndə olan təhsil ocaqlarından biri olacağına əminliyini ifadə edib. Sözügedən məktəbdə çalışmaq üçün müxtəlif bölgələrdən gənc müəllimlərin müraciət etdiklərini qeyd edən nazir bunun sevindirici bir hal olduğunu vurğulayıb. 

Elm və təhsil naziri çıxışının sonunda yeni tədris ilinin başlanması münasibətilə şagird və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb. 

Daha sonra Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə şagirdləri təbrik edib və məktəb kollektivinə uğurlar arzulayıb. 

Daha sonra tədbir iştirakçıları Ağalı kənd tam orta məktəbində tədris prosesi ilə yaxından tanış olublar. Bildirilib ki, məktəb 360 şagird yerlikdir. Yeni tikilən məktəbdə 13 sinif otağı ilə yanaşı fənn kabinetləri, laboratoriyalar, informatika kabineti, texniki otaqlar, tibb otağı, psixoloq otağı var. Bundan əlavə, kitabxana, oxu zalı, geniş və işıqlı akt zalı, məktəbin həyətində müasir tələblərə cavab verən idman meydançası mövcuddur. Məktəbin bütün sinif otaqları və akt zalı "ağıllı lövhə"lər və akustik səs sistemi ilə təchiz olunub, siniflərdə, akt zalında, dəhlizdə kameralar quraşdırılıb. 
 
2022-2023-cü tədris ilində Ağalı kənd tam orta məktəbində 65 şagirdin təlim-tərbiyəsi ilə 14 müəllim məşğul olacaq.
 
Qeyd edək ki, 360 şagird yerlik ikimərtəbəli məktəbdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.


Tarix: 15-09-2022, 12:34

Xəbəri paylaş