Təhsil naziri media üçün brifinq keçirib
İyulun 27-də təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı brifinqi keçirilib.
Brifinqdə Strategiyanın təhsil istiqamətlərinə toxunan Emin Əmrullayev bu çərçivədə görüləcək işləri, qarşıya qoyulan hədəfləri diqqətə çatdırıb. Nazir bildirib ki, Strategiyaya əsasən, 2022-2026-cı illər ərzində beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsi genişləndiriləcək, dövrün sonunadək 4 əlavə ikili diplom proqramının icrasına başlanılacaq. Elmi potensialın gücləndirilməsi sahəsində təşviq mexanizmlərinin formalaşdırılacağını, elmi tədqiqatların artırılacağını və qlobal elmi məkana inteqrasiya olunacağını vurğulayan Emin Əmrullayev həmçinin, iki ali təhsil müəssisəsinin elmi-tədqiqat universitetinə çevriləcəyini də deyib.
Daha sonra nazir Strategiya çərçivəsində yeni məzmunlu proqramların əhatə dairəsi və keyfiyyətinin artırılacağını, “SABAH” qruplarında təhsil alan tələbələrin sayının 15 min nəfərə çatdırılacağını da qeyd edib.
Təhsil naziri onu da əlavə edib ki, STEAM əsaslı yeni təhsil proqramlarının milli proqrama inteqrasiya olunması məqsədilə ümumi təhsildə səriştə əsaslı təhsil proqramlarının hazırlanması və tətbiqi nəzərdə tutulur. Həmçinin məzmun islahatlarının əsas istiqaməti kimi 2022‒2026-cı illərdə STEAM əsaslı tədrisin əhatə dairəsi genişləndiriləcək. Dövrün sonuna qədər 10 min sinfin, 280 min nəfər şagirdin STEAM əsaslı tədrisə cəlb edilməsi planlaşdırılır.
Nazir həmçinin, bütün təhsil pillələri üzrə informasiya sistemlərinin və elektron xidmətlərin təkmilləşdiriləcəyi, peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayının artırılacağı, məktəblilərimizin beynəlxalq olimpiadalarda qazandıqları uğur və digər bu kimi məsələlər barədə də geniş məlumat verib.
Brifinqdə nazir 2022-2026-cı illər üçün Dövlət Proqramına müraciət edənlərin sayı, müəllimlərin işə qəbulu, təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı ictimaiyyəti maraqlandıran məqamlara da aydınlıq gətirib. Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin mahiyyəti barədə danışan Emin Əmrullayev bildirib ki, sertifikasiya yalnız müəllimlərin hazırlıq səviyyəsinin təminat aləti deyil, eyni zamanda onların işinin rəğbətləndirilməsidir.
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun bu ildən elektron qaydada aparıldığını xatırladan Emin Əmrullayev onu da deyib ki, ölkə üzrə məktəbəqədər təhsilin əhatəsinin genişləndirilməsi qarşıda duran hədəflərdəndir.
Sonda təhsil naziri media nümayəndələrini maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Tarix: 27-07-2022, 14:00