Təhsil Nazirliyi məlumat yayıb
Bu gündən 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, test imtahanı mərhələsinin keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə artıq göndərilib.
54 745 nəfər namizədin iştirakı planlaşdırılan müsabiqə 7 gün ərzində ölkənin 10 müxtəlif şəhəri olmaqla, ümumilikdə 15 imtahan mərkəzində təşkil olunacaq.
Müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir.
Ötən illərdən fərqli olaraq bu il test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulmuşdur. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.
Həmçinin yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə -0,25 bal şəklində hesablanacaq.
Tarix: 14-07-2022, 16:54