Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakıda İtaliya-Azərbaycan Universitetinin təməli qoyulub






Aprelin 2-də Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, energetika naziri Pərviz Şahbazov və təhsil naziri Emin Əmrullayev və İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio iştirak ediblər.
Qeyd edək ki, təməli qoyulan bu universitet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. İtaliya-Azərbaycan Universiteti ADA Universitetinin bazasında fəaliyyət göstərəcək.
İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub. Bu xüsusda, keçən il ADA Universiteti ilə İtaliyanın adıçəkilən universitetləri arasında İtaliya-Azərbaycan Universitetinin yaradılması və bu istiqamətdə akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Təməlqoyma mərasimində yeni universitetin planlarını təqdim edən ADA Universitetində yaradılmış İtaliya-Azərbaycan Universiteti üzrə İşçi Qrupun rəhbəri Qalib Məmməd bildirib ki, burada təsis olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, o cümlədən şəhərsalma və landşaft memarlığı, dizayn, o cümlədən interyer dizaynı, məhsul və xidmət dizaynı, kommunikasiya dizaynı, sosial elmlər o cümlədən biznesin idarəolunması, italiyaşünaslıq, innovasiya və sahibkarlıq istiqamətləri üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq olunacağı elm və bilik ocağı olacaq.


Tarix: 2-04-2022, 17:12

Xəbəri paylaş