Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Emin Əmrullayev: “Ənənəvi tədrisə qayıdış müsbət dəyişiklikdir, hamı onu sevinclə qarşılayır”


 
Sentyabrın 12-də təhsil naziri Emin Əmrullayev Real TV-nin “Mir Şahinin vaxtı” verilişində qonaq olub. Verilişdə təhsil naziri ilə innovativ təhsil, müəllimlərin işə qəbulu, təhsil tələbə kreditləri və digər mövzular ətrafında maraqlı və səmimi fikir mübadiləsi aparılıb.
- Cənab nazir, necə deyərlər, zəng çalınır... Bu sualı Heminquey vermir, mən verirəm...
- Çox uzun müddətdən sonra Azərbaycan məktəbi ənənəvi tədris formatında dərslərə başlayır. Bu da həm əvvəlcədən, həm də dərs başlayandan sonra müəllimlərdən, valideynlərdən, təhsilin və tədrisin əsas hissəsi olan şagirdlərdən, o cümlədən Təhsil Nazirliyindən və təhsil işçilərindən müəyyən hazırlıq tələb edir. Biz bu şəraitdə tədrisə başlamağa hazırıq və ümidliyik ki, arası kəsilmədən tədris ilini başa çatdıracağıq. 
 Təhsil ilinə daha böyük rəqəmlərlə başlayacağıq
- Belə demək mümkünsə, qapalı mühitdən çıxırıq. Elə müsahibəmizi açıq havada götürməyimiz də ənənəvi tədrisə başlamağımızın rəmzi açarıdır. Əvvəllər sinif otaqlarından, dərs vəsaitlərindən, məktəb formalarından danışırdıq, amma indi müəllimlərin vaksinasiyasından soruşmalıyam...
- Tədrisin ənənəvi başlamasını şərtləndirən səbəblərdən biri məhz vaksi­nasiyadır. Ötən ilin sentyabrında qeyri-müəyyən vəziyyətdə vaksinləri gözləyirdiksə, bu il təhsil işçilərinin 80 faizdən çoxu - 170 mindən çox insandan söhbət gedir - vaksin vurdurub. İmmunitet sertifikatları və ya peyvəndə qarşı əks göstəriş olan  kiçik qruplar da var. Proses davam edir  və əminəm ki, təhsil ilinə daha böyük rəqəmlərlə başlayacağıq. Düşünürük ki, sadəcə təhsil işçiləri yox, nə qədər çox vətəndaşımız peyvənd olunsa, bir o qədər qısa zamanda pandemiya şəraitindən çıxarıq. Sadəcə təhsilimiz yox, həyatımız da ənənəviyə qayıdar. Ona görə də bu proses ayrı-ayrı adamlardan deyil, hər kəsdən asılıdır və hər birimizdən ictimai məsuliyyət tələb edir.
- Təsnifatınıza görə, bir qrup yaddan çıxdı - qorxanlar. “Müəllim peyvənddən qorxur” cümləsinin  arxa fonunu necə görürsünüz?
- Qorxu insana məxsus hissdir...
- Peyvənddən yox da amma...
- Hər insanın qorxusu var. Təqvim ilinin əvvəlində peyvənd istifadə olunmağa başlayanda tək müəllimlər yox, insanların böyük bir hissəsi ehtiyat edir, qorxurdu. Emosiyalarla elm daim biri-biri ilə mübarizədədir. Ancaq artıq qorxu üçün əsas qalmayıb. Statistikaya baxsaq, 4 milyondan çox Azərbaycan vətəndaşı peyvəndlənib. Artıq peyvənd vurdurduqdan sonra həyatını daha təhlükəsiz şəkildə davam etdirən yetərli sayda insan var. Bu rəqəm həmin kiçik qismin öz qorxusunun qarşısını alması və daha inamla peyvənd olunması üçün kifayət qədər əsas verir, deyə düşünürəm.   İstər dünyada, istərsə də ölkəmizdə belədir. Müəllimlərimizin bir qisminin bu istiqamətdə ünsiyyətə, inandırılmağa ehtiyacı var. Amma reallıq bundan ibarətdir ki, hər hansı əks göstəriş yoxdursa, 18 yaşdan yuxarı hər kəs, o cümlədən müəllimlərimiz peyvənd olunmalıdır. Çünki bu, sadəcə kiminsə şəxsi işi deyil. Peyvənd vurdurmayıb ticarət mərkəzlərinə, restoranlara seçimimizdən asılı olaraq getməyə bilərik. Ancaq məktəb Azərbaycanda icbaridir və uşaqlara dərs demək müəllimlərin həm vəzifə, həm də mənəvi borcudur.Ona görə də emosional məsələləri bir kənara qoymaq lazımdır. Təbii ki, bir insana peyvənd olunması əks göstərişdirsə, həkimlərimizin bu qərarı sual doğurmur. Amma hər hansı əks-göstəriş yoxdursa və insan, sadəcə “mən peyvənd istəmirəm” deyirsə, bu prosesi ləngitməkdir və qeyd etdiyim ictimai məsuliyyətliliyə kölgə salır. Ona görə də hər kəsin, xüsusən müəllimlərimizin bir daha düşünmələri və bu qərarın üstündən yenidən keçmələri önəmlidir.
 
İlk dərs Zəfərimizə həsr olunacaq
 
- Qələbə dövləti, qələbə milləti və qorxu. Bunlar bir-birini rədd edir... Yeri gəlmişkən, “Zəfər tarixi” tədris olunacaq bu il. Necə olacaq bu proses?
- İlk dərs ilidir ki, məktəblərimiz Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğu bir şəraitdə dərslərə başlayır. Bu ili “Zəfər ili” elan etmişik. Belə bir ildə məktəblərimizin, müəllimlərimizin, valideynlərin və ümumiyyətlə, ictimaiyyətin qarşısında çox önəmli bir hədəf durur. Azərbaycan Ordusunun, ölkə rəhbərliyinin əldə etdiyi bu zəfəri gələcək inkişafımıza necə yönləndirəcəyimizi düşünməliyik. Biz artıq zəfər qazanmış bir xalqıq və məktəbimiz də, tədrisin məzmunu da fərqlidir. Odur ki, bu önəmli mərhələni şagirdlərimizə   iki istiqamətdə çatdırmağa çalışacağıq. Birincisi,  IX siniflərdə “Zəfər tarixi”nin tədris edilməsinə qərar vermişik. Düşündük ki, bu fənn tədrisi hansı dildə aparılmağından asılı olmayaraq, bütün məktəblərimizdə və bütün siniflərdə Azərbaycan dilində keçilsin. Üstəlik, “Zəfər tarixi”ndə yalnız 44 günlük müharibəni deyil, bu müharibəyə qədər keçdiyimiz bütün yolu, Birinci Qarabağ müharibəsi də daxil olmaqla Qarabağın işğal tarixini və böyük zəfərdən sonrakı ən müasir tarixi çatdıracağıq.  İkinci istiqamət olaraq isə il ərzində zəfərlə bağlı bir çox yarışlar, müsabiqələr keçirməyi planlaşdırırıq. Şagirdlərin məktəbdənkənar fəaliyyətini, ümumiyyətlə, hər bir fəaliyyətimizi qələbəmizlə bağlayaraq uşaqlarımıza zəfərdən yola çıxdığımızı ifadə etmək istəyirik.Tədris ilinin ilk günü ilk dərslər də məhz Zəfərimizə - Ordumuzun qələbəsinə, ölkə rəhbərliyinin uğurlu siyasətinə həsr olunacaq.
 
Azərbaycan məktəbinin istənilən məzunu dilimizi bilməlidir
 
- Azərbaycan dilinin tədris saatlarının artırılması da nəzərdə tutulub. Bu, nə ilə bağlıdır: hansısa sualın cavabıdır, yoxsa hansısa cavablar üçün sual?
- Hər bir xalqın, millətin dili onun mədəniyyətinin, milli kimliyinin böyük bir hissəsidir. Azərbaycan dili dövlət dili kimi bütün məktəblərdə tədris edilir. Bu ildən dilimizin tədris saatlarının artması o anlama gəlməməlidir ki, biz başqa dillərdə tədrisin aparılmasına qarşıyıq. Əksinə, ölkəmizdə rus, gürcü, özəl məktəblərdə ingilis dillərində tədrisin təşkilini təhsil sistemimizin uğuru hesab edirik. Təbii ki, bu uğurumuzdan geri çəkilmək niyyətimiz yoxdur. Ancaq Azərbaycanın milli adət-ənənələri, xalqın uzun illərdən bəri qoruyub saxladığı dəyərlər şagirdlərimizin tərbiyəsində mərkəzi yer tutmalıdır. Ona görə də qərara almışıq ki, tədrisi  digər dillərdə aparılan siniflərdə Azərbaycan dilinin saatları iki dəfə artırılsın. Bu istiqamətdə işlərimiz davam edəcək. Məsələn, musiqi dərsliyində mahnılarımızın, xüsusən xalq mahnılarının sözlərinin xarici dilə tərcüməsi bir o qədər məntiqli görünmür. Bu qərarı verərkən nəzərə aldığımız ikinci məqam isə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda Azərbaycan dili (dövlət dili kimi) fənnindən aşağı bal yığan məzunlarımızın olmağıdır. Doğrudur, onların sayı çox azdır, məzunlarımızın 0.1-0.5 faizlik qismindən söhbət gedir, ancaq bütün hallarda bunun da olmamasının gərəkliyini düşünürəm. Tədrisin hansı dildə təşkil olunmasının fərqi yoxdur, Azərbaycan məktəbinin istənilən məzununun dilimizi bilməsi həmin məzunla yanaşı, Azərbaycan məktəbinin və Təhsil  Nazirliyinin də mənəvi borcudur. Məqsədimiz şagirdlərimizin dilimizi daha yaxşı öyrənməsi, dilimizdən istifadə edərək fikrini daha düzgün ifadə etməsidir. Bunun bir-birimizi daha aydın başa düşməyimiz baxımından da faydalı qərar olduğunu və ictimaiyyətin bunu müsbət qarşılayacağını düşünürəm.
 
Uşaqlarımızı dünənə yox, gələcəyə hazırlamalıyıq
 
- Deməli, biz artıq təhsilin mahiyyətinə nüfuz etməyə başlayırıq. Bu yoldayıqsa, o zaman icazə verin ən çox bəyəndiyim sahədən soruşum. İnnovativ təhsil - STEAM layihəsi. Bu tədris ilində STEAM layihəsi ölkə üzrə 301 ümumtəhsil məktəbi və 15 STEAM mərkəzi olmaqla, ümumilikdə 100 min şagirdi əhatə edəcək. İstərdim ki, bu statistikanın mənəvi əhatə dairəsini təqdim edək. Bu, çox böyük keyfiyyət aurasıdır axı həm də...
- Biz bir şeyi qəbul etməliyik ki, həyatda hər şey dəyişir. Cibimizdəki telefon, maşınlar, ətrafda hər şey dəyişir. Təhsil də dəyişməlidir. Tək bizdə yox, dünyada təhsil ən yavaş dəyişən sahədir, çünki valideynlər öz təhsilini ən yaxşı sayır və övladlarının təhsilini öz təhsili kimi görmək istəyirlər. Amma uşaqlarımızı dünənə yox, gələcəyə hazırlamalıyıq. Əvvəlki təhsillə indiki təhsilin, olan təhsillə olmalı olan təhsilin fərqi nədən ibarətdir? Bizim burda bir neçə doqmatik yanaşmalarımız var. Bunlardan ən  önəmlisi fənn yanaşmasıdır, yəni bizim fənləri müqəddəsləşdirməyimizdir. Ənənəvi yanaşmamız bir şagirdi sanki ortaya qoyub hər bir fənn mütəxəssisinin öz arzularını o şagirdin boynundan yük kimi asdığını görürəm. Kimya müəllimi kimyadan nəsə tədris eləmək istəyir, fizika müəllimi də fizikadan. STEAM innovasiyasının mahiyyəti fərqlidir. Burada gündəlik həyatda üzləşdiyimiz prob­lemləri hansısa fəndə öyrəndiyimiz düsturla yox, müxtəlif fənlərdən qazandığımız biliklərin birləşməsi ilə həll etməliyik. XXI əsrdə yaşayan indiki şagirdlərin 20 il sonra həyat tərzi   bununla birbaşa əlaqəli olacaq. Kim daha çox problem həll edirsə, kim problemin həllinə yaradıcı yanaşırsa, kim həll etdiyi problemi düzgün şəkildə ətrafdakılara çatdıra bilirsə, yaxud öz problemi ilə bağlı ətrafdakılarla məlumat mübadiləsi eləyə bilirsə, eyni problemin həlli üçün bir neçə insanla əməkdaşlıq edirsə, STEAM məqsədinə çatıb deməkdir. Bəzi problemləri tək həll edə bilmərik, başqaları ilə mütləq əməkdaşlıq etməliyik. STEAM-ın mahiyyəti istər ünsiyyət, istər əməkdaşlıqetmə bacarığı, istər problemi həlletmə bacarığı, istər problemin həllinə yaradıcı yanaşma bacarığının formalaşmasıdır. Dronlar, robotlar,  kompüter və başqa əşyalar onun zahiri tərəfidir. Məqsədimiz dron alıb onu sizə göstərmək deyil, dronun ətrafında şagirdlərin bir problemi həlletmə bacarığını inkişaf etdirmək üçündür.Tutaq ki, dron kənd təsərrüfatında, robotlar səhiyyədə hər hansı problemi həll edər. Bu, yeni təhsildə daha çox layihə əsaslı öyrənməyə gətirib çıxarır. Azərbaycan məktəbi şagirdlərinə bu gün əmək bazarında olan problemlərin həllini öyrətməlidir, müəllimi şagirdlərinə öz bildiklərini əzbərləməyi yox. Bir misal deyim. Biz dərslikləri dəyişirik. Artıq I-II siniflərdə yeni dərsliklərimiz var. Tam məsuliyyətimlə deyirəm ki, həmin dərsliklər müasir əsasda hazırlanıb. Müasir deyəndə, tutaq ki, dil dərslikləri daha çox oxuya yönəlib. Amma yenə də siniflərə girib monitorinq aparanda görürük ki, bəzi müəllimlər dərsliyi bir kənara qoyub özünə rahat olan informasiyanı şagirdə çatdırır. Məsələn, onlara dodaqlanan və dodaqlanmayan saitləri öyrədir. Halbuki gündəlik danışığımızda işlətdiyimiz sözlərdə hansı saitin dodaqlanıb, hansının dodaqlanmadığına, yəqin ki, fikir vermirsiniz...
- Gələcəyin təhsili bilik yox, bacarıq təhsili olmalıdır...
- Bəli, tamamilə doğrudur. Azərbaycan məktəbinin məzunu ünsiyyət qura, əməkdaşlıq edə, problem çözə bilməli, problemin həllinə yaradıcı yanaşmalıdır. Məzunumuzu necə görürük, bu profil önəmlidir. Öz arzularımızı gerçəkləşdirmək deyil, gələcəkdə onun qarşılaşacağı problemləri həlletmə bacarığını ölçməli, ona bunu öyrənməsi üçün şərait yaratmalıyıq.
- Bir sualıma da cavab istəyəcəyəm. 16 şəhər və yayonu əhatə edəcək “Rəqəmsal bacarıqlar” layihəsi...
- Bu layihə isə 190 min şagirdi əhatə edəcək. STEAM və “Rəqəmsal bacarıqlar” ölkənin bölgələrində də aktiv həyata keçirilir. Çünki biz inanırıq ki, yalnız Bakıda deyil, böl­gələrimizdə də istedadlı, öyrənmək istəyən uşaqlar var. Əmək bazarında artıq ənənəvi bacarıqlar tələb olunmur. Biz onu öyrənə bilərik, ancaq bazarın bizdən nə tələb etdiyi daha önəmlidir. “Rəqəmsal bacarıqlar” layihəsinin mahiyyəti, adından da göründüyü kimi, riyaziyyatda, elmdə, oxuda İKT-nin tətbiqidir. Alqoritmik düşüncə gündəlik həyatımızda da lazımdır. İnsan səhər yuxudan durub günün sonuna qədər nə edəcəyini, hansı ardıcıllıqla edəcəyini planlaşdırır və onun nəticələrini hesablayır. İstər STEAM, istər “Rəqəmsal bacarıqlar”, istərsə də Təhsil Nazirliyinin bu tədris ilində həyata keçirəcəyi layihələrin mahiyyəti eynidir: şagirdi gələcəyə hazırlamaq. Ola bilər ki, bu, ictimaiyyət üçün yenidir, siz və mən məktəbə gedəndə bunlar bizə tədris edilməyib. Amma indi bunların tədrisi uşaqlara üstünlüklər qazandırır.
 
Müəllimlik rəqabətli peşədir
 
- Bir məsələ də var ki, cəmiyyətdə, kütləvi informasiya vasitələrində mütəmadi müzakirə olunur: Müəllimlərin işə qəbulu necə olacaq? Ümumiyyətlə, nəsə dəyişibmi bu sahədə?
 - Müəllimlərin işə qəbulu özlüyündə böyük prosesdir və biz buna bir neçə bucaqdan baxa bilərik. Təhsil Nazirliyi üçün bu, işə götürmə prosesidir və biz ən bacarıqlı, ən uyğun olanları seçmək istəyirik. 60 minə yaxın namizədin arasından 7-8 min nəfərini seçib işə götürürük. 150 min müəllim olan bir sistemdə hər müəllimin 30 il işlədiyini nəzərə alsaq, hər il təxminən 5000 vakansiya çıxarılır. 5-6 minlik vakansiya üçün 60 min nəfərin iddialı olması çox yaxşı göstəricidir. Bu, təsdiq edir ki, müəllimlik rəqabətli peşədir və biz artıq müəllimlərin işə qəbulunda sualların çətinliyini, proqrama uyğun olub-olmadığını müzakirə edirik, imtahanlarda şəffaflığı yox. Bu, Təhsil Nazirliyinin son illərdə əldə etdiyi uğurdur. Müəllimləri mərkəzləşmiş qaydada işə götürürük, çünki bizim, demək olar ki, başqa çıxış yolumuz yoxdur. Mərkəzləşməyə baxmayaraq, regionlarda indi də vakansiyaların çıxarılmasında problemlər yaşayırıq - vakansiyalar gizlədilir, qeyri-qanuni işə qəbul aparılır. Düzdür, bu halların sayı çox deyil, amma var. Təsəvvür eləyin ki, geriyə addım atsaq nə baş verər? Cəmiyyətin buna baxışı da vacibdir. Müəllimlərin işə qəbulu prosesində aldığımız siqnallar bunun onlar üçün daha çox işədüzəlmə, əmək haqqı alma imkanı olduğunu göstərir. Müəllimlərin işə qəbulu imtahanlarında ən problemli tərəf ondan ibarətdir ki, seçimi bir çərçivəyə salmaq məcburiyyətindəsiniz. Yəni, yaradıcı olanları deyil, müəyyən mənada doğru cavab verənləri seçirsiniz. Yaxşı, nə etməli və necə etməli?Bu suala cavab axtararkən isə yəqin ilk növbədə gələcəkdə nələrin dəyişməli olduğuna baxmalıyıq. Tutaq ki, cəmiyyəti narazı salan məsələlərə diqqət edək. Bir müəllim bir dəfə imtahan verməlidir, yoxsa bir neçə dəfə ona bu imkan yaradıla bilər? Düşünürük ki, bu sayda dəyişikliklər olacaq. Ola bilər ki, müəllimliyə namizədlər bir neçə dəfə imtahan versinlər. Nəticə gös­tərən, monitorinqlərdə qoyduğumuz kriteriyalara uyğun gələn məktəblərimizə gələcəkdə müəllim seçimində daha çox səlahiyyət verməyi düşünürük. İnanırıq ki, müəllimi yerlərdə seçmək lazımdır. Amma bunu indi ona görə edə bilmirik ki, məqsədimiz müəllim seçimində şəffaflığı təmin etməkdir. 7-8 ildir biz bu problemi həll etməyə çalışırıq. Artıq bu məqsədə nail olmuşuq və bəzi məktəblərə müəyyən muxtariyyətin verilməsi, hətta mən deyərdim muxtariyyətin qazanılması vacib məsələ kimi durur. Hər bir məktəb rəhbəri başa düşməlidir ki, verilən kriteriyalara uyğun fəaliyyət göstərirsə, şagird nailiyyətləri artırsa, məktəbdə öyrənmə mühiti yaxşılaşırsa, bu halda həmin məktəb direktorunun daha çox səlahiyyətləri olacaq. Dünyanın inkişaf etmiş ölkələrində məktəb kifayət qədər avtonom bir qurumdur, məktəbin sahibi mərkəzi icra hakimiyyəti orqanı deyil, şagirdləri və müəllimləridir. Bunun üçün də biz növbəti 3-4 ildə imtahanın məzmununda olan dəyişikliklərlə yanaşı, insanımızın daha rahat gəlib imtahan verməsini təmin etməyə köklənəcəyik. Ola bilər ki, imtahanlar mərkəzləşdirilmiş qaydada keçirilsin. Ölçməni Təhsil Nazirliyi və ya nazirliyə tabe hər hansı qurum etsin, amma işə qəbul prosesini məktəblər özləri də həyata keçirə bilər. Bu, 1-2 ilin işi deyil, yəqin ki, yavaş-yavaş gedən bir proses olacaq. Ən çox istənilən məsələlərdən biri metodika ilə bağlı dərsliyin hazırlanmasıdır. Mən həmişə bunun əleyhinə olmuşam. Bir dərsliyi çap edək, namizədlər ordan oxuyub imtahan versin. Bu, bizim uzaqlaşmaq istədiyimiz bir yoldur. Çünki müasir məktəbdə dərsliyin bir rolu qalmayıb. Amma biz yenə də dərsliklər haqqında danışırıq, çünki bu barədə danışmaq, sadəcə olaraq asandır. Dərslik haqqında hamı bilir deyə hamı danışır. Həqiqət isə bundan ibarətdir ki, “məktəb dərslikləri” ifadəsini belə məktəb resursları ilə əvəz etməyə çalışırıq və düşünürük ki, gələcəkdə məktəblərə öz resurslarını seçmək imkanı da verməliyik. Təbii ki, dövlətin tənzimləməsi və nəzarəti ilə.
 
Qarabağda bizi hər biri böyük Zəfərimizin təcəssümü olan məktəb açılışları gözləyir
 
- Müəllimlərin işə qəbulundan danışırıqsa, bayaq qeyd etdiyiniz yeni reallığı  nəzərə almalıyıq. İşğaldan azad olunan torpaqlarımızın məktəb, müəllimlə təminat və başqa  bu tipli problemlərini müzakirə eləməliyik.
- Cənab Prezidentin müvafiq tapşırıqları ilə 1 nömrəli Şuşa məktəbi, Ağdamda 1 nömrəli məktəblə bağlı ilkin işlər başlayıb. Bəzilərində layihələndirmə işləri, bəzilərində ilkin tikinti işləri həyata keçirilir. Yəqin ki, yaxın aylarda, bəlkə 1 il sonra məktəblərin açılışını da görəcəyik. Bu da çox gözəl xəbərlərdir ki, biz Şuşa, Ağdam məktəblərindən arzu kimi yox, plan kimi danışırıq. İkinci məsələ böyük qayıdışla bağlı olan planlardır. Bəzi məsələlərdən danışmaq hələ tezdir. Bildiyiniz kimi ərazidə təhlükəsizliklə bağlı işlər gedir. Amma başa düşdüyüm ondan ibarətdir ki, həmin məktəbləri hər şeyi ağ kağızda yenidən yazan kimi, qürurla və fəxrlə yenidən başlamaq üçün əla imkanımız var - həm müəllimlərin, həm bizim, həm də xalqımızın. Bu imkandan necə faydalanacağıq - əsas sual budur. Faydalı iş əmsalımız nə qədər yüksək olarsa, inandığım budur ki, “İşğaldan azad olunmuş torpaqlarda yeni təhsil paradiqması” deyilən, ən müasir məktəbləri, ən müasir məzmunu qurmaq asan olacaq. Müəllimlərimizdə isə yeni davranış modeli görmək istəyirik. Onlardan köhnəlmiş praktikaları ora daşımamaq kimi sadə olmayan gözləntimiz var. Fikrimcə, səbirli olsaq qarşıdakı aylarda, illərdə bizi yeni qələbələr - hər biri böyük Zəfərimizin təcəssümü olan məktəb açılışları gözləyir. Bu mənada optimist olmağa çox səbəbimiz var.
 
Yaxın illərdə tələbə kreditləri hesabına daha çox gənc ali təhsil alacaq
 
- Qızğın müzakirə üçün bir mövzu - Tələbə Krediti Fondu. Bu barədə də danışmaq istəyərdim. Çünki bizdə kreditə münasibət belədir ki, gedib Fonddan pul götürüb ehtiyaclarını ödəyəndən sonra dövlətə müraciət edilir ki, krediti bağlasın. Bu Fond belə risklərdən sığortalanırmı? Ümumiyyətlə, bu barədə ətraflı məlumat verərdiniz...
- Birinci əsas məqsədə qayıtmaq lazımdır. Təhsil Tələbə Krediti Fondunun məqsədi Azərbaycanda ali təhsilə çıxış imkanlarını artırmaqdır. Məlumat üçün bildirim ki, ölkədə hər iki tələbədən biri təhsilini dövlət hesabına alır. Dövlət sifarişli yerlərin sayının 50 faizə çatdırılması ilə bağlı dövlət başçısının müvafiq göstərişi də var. Şəhid ailələri, aztəminatlı ailələr, əlil olan tələbələr, şəhid övladları və məcburi köçkün statusu olan ailələrin övladları dövlət hesabına təhsil alır. Eyni zamanda xeyli insan var ki, təhsil almaq üçün maddi imkanı çatmır. Tələbə kreditinin məqsədi  müəyyən mənada balı çatmayan, amma oxumaq istəyən şəxslərə bu imkanı yaratmaqdır. Yaxşı xəbər ondan ibarətdir ki, bu pulu qaytarmaları üçün onların 20-25 ili var. Tələbəykən heç kim onlardan bu pulu qaytarmağı tələb etmir. Tələbə təhsilini tamamladıqdan sonra 20 il ərzində pulu geri qaytarmalıdır ki, başqaları da bu imkandan faydalansın. Biz tələbə kreditlərini də iki yerə bölmüşük. Onlardan biri aztəminatlı ailələrin övladları üçün nəzərdə tutulan sosial tələbə kreditidir ki, aylıq cəmi 2 faizlə verilir. 20 il ərzində inflyasiyanı da nəzərə alanda bu, kifayət qədər ucuz kreditdir. Digəri isə standart kreditdir. Tələbələrə başqa bir imkan da tanıyırıq. Krediti götürən şəxsin təhsil göstəriciləri yüksək olarsa, biz ona müəyyən güzəştlər nəzərdə tuturuq, hətta  krediti ödəməkdən azad edirik. Götürdüyü pulu geri qaytarmağa ehtiyac qalmır. Məncə, istənilən qərarı qiymətləndirərkən əvvəlki qərardan pisdir, yoxsa yaxşıdır sualının cavabı önəmlidir. Keçən il bu imkan yox idi. Bir də məsələnin vətəndaş məsuliyyəti tərəfi var. Biz yetişməkdə olan nəslə uşaqlıqdan öz öhdəliklərini yerinə yetirməyi təlqin etməliyik. Başqa ölkələrdə kredit əmsalı tətbiq edilir, şəxslərin kredit profili yaradılır. Bu, ona görədir ki, insan hər faydanı dövlətdən, ya da hər hansı kənar şəxsdən yox, özündən gözləməlidir. Gələcəkdə onun uğuru bu hissdən çox asılıdır. Tələbə kreditlərinin bu hissi gücləndirən kiçik bir üstünlüyü ondan ibarətdir ki, hər bir gənc təhsili üçün kredit götürərkən öz üzərinə məsuliyyət götürür, yük yox. Ona görə yük deyil ki, tələbə onu oxuduğu müddətdə bağlaya bilər. Ümumilikdə biz yaxın illərdə tələbə kreditləri hesabına daha çox gəncin ali təhsil alacağını və ali təhsilin əhatəliliyinin artacağını müşahidə edəcəyik. Yeri gəlmişkən, bu il həm bakalavr, həm də magistratura səviyyəsində maksimal sayda gənc tələbə adını qazanıb. Fürsətdən istifadə edərək bütün tələbələri təbrik edirəm.
 
Bu, böyük bir imkandır
 
- Tələbə onu almaq istəyirsə, pul indi hardadır?
- Bu, çox sadə avtomatikləşmiş bir proses olacaq. Məsələn, qəbul olunduğu ali məktəbdə qeydiyyatdan keçdikdən sonra Tələbə Kredit Fondunun veb səhifəsinə daxil olaraq müraciət edəcək. Birinci il olduğu üçün müəyyən ləngiməmiz var, ancaq gələcəkdə bunu ali təhsil müəssisələrinə qeydiyyat prosesinə inteqrasiya edəcəyik. Onda tələbə adı qazanan gəncin qeydiyyat səhifəsində, sadəcə “tələbə krediti istəyirəm” düyməsini seçməklə avtomatik müraciəti qeydə alınacaq. Standart kreditlərdən hər kəs yararlana bilər, ancaq bunun üçün tez müraciət etmək lazımdır. Standart kredit təhsil haqqının 75 faizini, sosial kredit isə 100 faizini müraciət təsdiqlənəndən sonra birbaşa universitetin hesabına keçir. Oxuduğu müddətdə bu kreditlə bağlı hər hansı öhdəlik daşımır. Ancaq təhsilini tamamladıqdan sonra bir il möhləti var. Hərbi xidmət və ya başqa hər hansı bir səbəbdən yenə möhlət almaq imkanı verilir. Prinsip etibarı ilə bu, sosial və çox humanist layihədir. Amma məsuliyyət komponenti də olmalıdır. Çünki kredit götürən şəxs onu geri qaytardıqca onlardan sonra gələn nəsil də həmin vəsaitdən istifadə edərək təhsil almaq imkanı qazanacaq. Kreditin geri qaytarılmasının mənəvi və sosial tərəfi var.  Kredit götürən şəxs düşünməlidir ki, mən bu kreditdən istifadə elədim və oxudum. Artıq əməkhaqqı alıram və bu vəsaitin çox cüzi hissəsi ilə aldığım borcu geri qaytarmalıyam. Nə dövlət, nə Təhsil Nazirliyi, nə Fond bundan mənfəət əldə etmir. Qaytarılan həmin puldan bu dəfə kiçik qardaşın, qonşun, yaşı daha az olan başqa soydaşın yararlanır və təhsil alır. Bu minvalla bir manatla,  yəni verilmiş pul kütləsi ilə daha çox Azərbaycan vətəndaşı  təhsil alır. Mənə elə gəlir ki, bu yaxşı alətdir və dünyanın bir çox ölkələrində  var. İnandığım odur ki, bu kreditlərin olmağı olmamağından daha yaxşıdır. Bu, böyük bir imkandır, hətta deyərdim ki, Azərbaycan təhsili üçün tarixi hadisədir. Tələbə kreditləri çox uzun müddət idi ki, müzakirə olunurdu.  Nəhayət ki, 2021-2022-ci tədris ilində ilk tələbə kreditlərini verməyə başlayırıq. Üstəlik,  bakalavr və magistrlərlə yanaşı, subbakalavrlar da bu kreditlərdən faydalana biləcəklər.
- Allah bərəkət versin. Allah səmərə versin. İdmana münasibətiniz necədir?
- Yaxşı. Müsbət.
- Nəzərə almaq lazımdır ki, pandemiya dövründə müəllimlərimizin idman diliylə desək, meydançada oynamaq imkanı xeyli məhdudlaşdı və yenə də idman diliylə desək, müəyyən oyun vərdişlərini yadır­ğadılar. Xeyli müddətdən sonra müəllim yenidən sinif otaqlarına, ənənəvi təhsilə qayıdır. Proqnozlarınıza görə, bir prob­lem, hər hansı çətinlik gözləmir ki, Sizi?
 - Düşünürəm ki, bizi çox böyük çətinliklər gözləyir. Problemləri tanımaq, problem yoxdur - demək səhv cavab olar. Hamı üçün çətindir. İlk növbədə, uşaqlar məktəbə qayıdırlar. Unutmamalıyıq ki, təhsilin mərkəzində duran uşaqlardır. Təhsilin əsas məğzi məhz uşaqlar haqqındadır. Biz uşaqlar üçün çalışırıq və istəyirik ki, onlar öyrənsin. Daha doğrusu, təhsil öyrənmək - uşaqların öyrənməsi haqqındadır. Misal verim ki, 2019-cu ildə birinci sinfə gedən uşaqların 2020-ci ilin mart ayında təhsili dayandırıldı. Buna hazır deyildik və qəfil üzləşdiyimiz pandemiyanı heç kim planlaşdırmırdı.   2020-2021-ci tədris ilində dərslər fasilələrlə, yarı onlayn, hibrid, müxtəlif  formalarda verildi. Bu, müəllimimiz üçün də böyük bir stress idi. Fürsətdən istifadə edib müəllimlərimizə böyük minnətdarlığımı bildirirəm. Ümumilikdə unutmamalıyıq ki, 100 mindən artıq müəllimimiz hər gün onlayn - adət etmədiyi bir formada dərs dedi. Mənə elə gəlir ki, cəmiyyət olaraq pandemiya şəraitində müəllimlər, həkimlər, polis, böyük bir komanda işinin şahidi olduq. Ən böyük çətinlik, itirilmiş bir öyrənmə var, onu aradan qaldırmaqdır. Müəllim, valideyn, ümumiyyətlə, hamımız üçün prioritet budur. Ancaq qeyd etməliyəm ki, öyrənmə kitabda yazılanı əzbərləmək deyil, bir vərdişdir. Məsələn, dərsdə iştirak, bir sinifdə 30 nəfərin 45 dəqiqə bir yerdə oturmaq bacarığı var. Müəllim üçün dərsi planlaşdırma bacarığı var. İl yarımlıq fasilədən sonra müəllimlərin sinfə sevə-sevə qayıtdıqlarını nəzərə alsaq, onlarla bağlı hər hansı problem olacağını düşünmürəm. Başqa tərəf, sosial-psixoloji məsələlərdir ki, burada valideynlərimizdən çox böyük gözləntilərimiz olacaq. Çünki şagirdlər uzun müddət təhsildən kənarda qaldıqda sosial-psixoloji  gərginliyi hiss edirik. Yəqin ki, tədris ilinin ilk həftələrində bunun müxtəlif təzahürlərini görəcəyik. Burada ictimaiyyət səbirli olmalıdır və çalışmalıyıq ki, belə problemləri bir yerdə aradan qaldıraq. Həmişə dediyim kimi, burada əməkdaşlıq  labüddür. Amma ümumiyyətlə, götürəndə ənənəvi tədrisə qayıdış müsbət dəyişiklikdir və hamı onu sevinclə qarşılayır. Ancaq pandemiya hələ bitməyib. Vaksin vurdurmayıb ancaq məktəbin niyə ənənəvi deyil deyə soruşulursa, burada ziddiyyət var.  Peyvənd vaxtında olsa, məktəb də vaxtında ənənəvi olar, həyatımız əvvəlki vəziyyətinə qayıdar. Bütün hallarda böyük zəfərdən sonra ənənəvi tədrisə qayıtmağımız, məncə, böyük hadisədir. Fürsətdən istifadə edib həm sizi, həm də bütün tamaşaçıları yeni tədris ili münasibəti ilə təbrik edirəm. İnanıram ki, zəfərlə bağlı bu tədris ili tarixdə qalacaq.
- Cənab nazir, mən də sizi təbrik edirəm və bu müsahibəyə görə təşəkkür edirəm.
- Sağ olun, minnətdaram.


Tarix: 15-10-2021, 16:26

Xəbəri paylaş