Azərbaycanda təhsilin inkişafı üçün mükəmməl hüquqi və maddi-texniki baza yaradılıb
Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən, sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Lakin COVID-19 pandemiyası şəraitində ölkədə yoluxma halları nəzərə alınaraq, bu il dərslərin vaxtı dəyişilib. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Qərarına əsasən, tədris və təlim-tərbiyə prosesi ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində oktyabrın 1-dən, ibtidai siniflərdə sentyabrın 22-dən, ümumi orta və tam orta təhsil səviyyələri, həmçinin təhsilin digər pillələri və digər təhsil müəssisələri üzrə sentyabrın 29-dan əyani formatda başlanacaq.
Builki tədris ilinə müəllim və şagirdlər xüsusi əhval-ruhiyyədə - qalib xalqın övladları olaraq başlayacaqlar. Yeni tədris ilindən bütün məktəblərin IX siniflərində “Zəfər tarixi” kursu tədris ediləcək.
Xatırladaq ki, ötən il İkinci Qarabağ müharibəsi 10 şagirdin həyatına son qoydu, 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Altmış məktəb binası dağıntılara məruz qaldı. Cəbhə xəttindən xeyli uzaqda yerləşən mülki obyektlərin, dinc insanların Ermənistan tərəfindən raket atəşinə tutulması nəzərə alınaraq ölkə ərazisində 1221 məktəbin fəaliyyəti dayandırıldı.
Müharibədə Qələbə qazanan Azərbaycan bu gün işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinə başlayıb. Dövlətimizin başçısının “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Təhsil Nazirliyinə ilkin olaraq 7 milyon manat ayrılıb.
Qeyd edək ki, Azərbaycanda təhsilin inkişafı üçün mükəmməl hüquqi və maddi-texniki baza yaradılıb. Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan tələblərə uyğun olaraq ölkəmizin təhsil sistemində uğurlu islahatlar həyata keçirilir. Məqsəd milli təhsilimizi ən yüksək dünya standartları səviyyəsinə çatdırmaqdır.
Ölkəmizdə təhsil sahəsində dövlət proqramları icra olunur. “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi bu gün uğurlu nəticələr göstərir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ikili diplom proqramlarının həyata keçirilməsinə geniş imkanlar yaradıb.
2018-ci ildə qəbul olunmuş “Peşə təhsili haqqında” Qanun müvafiq sahədə 3 səviyyəni – ilk peşə, texniki peşə və yüksək peşə təhsilini müəyyənləşdirib.
Son illər təhsilin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yenilənib, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Sentyabrın 14-dən bölgələrdə yeni məktəb binalarının açılışına start verilib. Beləliklə, həmişə olduğu kimi, bu il də yeni tədris ili yeni məktəblərin açılması, əsaslı təmirdən sonra təhsil müəssisələrinin istifadəyə verilməsi ilə əlamətdardır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib.
Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 2021-2022-ci tədris ilində 55 rayon (şəhər) üzrə 700 məktəbdə 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək. Layihə təqribən 15000 nəfər 3-4 yaşlı uşağı əhatə edəcək. Ümumilikdə 776 tərbiyəçi-müəllimin işləyəcəyi layihə regionlarda yeni iş yerlərinin yaradılması, erkən yaş dövründə təhsilin inkişafı və əlçatanlığı, eləcə də valideynlərin sosiallaşması və icma mədəniyyətinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Təhsil Nazirliyinin reallaşdırdığı layihələr fasiləsiz təhsilin uğurlarını təmin edir. Nazirlik COVID-19 pandemiyasına çevik reaksiya verib. Məktəblər məcburi olaraq bağlanan kimi 2020-ci il martın 11-dən “Dərs vaxtı” verilişi yayıma başlandı. Apreldə isə “Virtual məktəb” layihəsinə start verildi. Bu layihə ilə Azərbaycan müəllimi ilk dəfə elektron öyrənmə platforması ilə tanış olmağa və həmin platforma vasitəsilə tədris, qiymətləndirmə, kommunikasiya işi aparmağa başladı.
Təhsil Nazirliyinin 2021-2022-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 16 şəhər və rayonu əhatə edəcək. Builki plan üzrə layihəyə 250 məktəbdən 190 min şagirdin cəlb olunacağı gözlənilir. Tədris prosesində ümumi olaraq 1500-dən çox müəllim heyətinin iştirakı nəzərdə tutulub. Layihə şagirdlərin proqramlaşdırma və alqoritmik biliklərinin artırılması ilə yanaşı, məqsədyönlü və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasında böyük əhəmiyyət daşıyır.
COVID-19 pandemiyası şəraitində ümumi təhsil müəssisələrində təhsil işçiləri üçün səyyar vaksinasiya məntəqələri yaradılıb. Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakı şəhərində 14, 56, 129, 158 və 276 nömrəli tam orta məktəblərdə təhsil işçilərinin vaksinasiyasını həyata keçirir. Səyyar vaksinasiya məntəqələrinin sayının artırılmasında məqsəd təhsil işçilərinin vaksinasiya prosesinin sürətləndirilməsidir.
AZƏRTAC
Tarix: 15-09-2021, 23:02