Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Heydər Əliyev dahi şəxsiyyət kimi


 

Azərbaycan xalqı ümummilli lider, dövlətimizin xilaskarı Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü möhtəşəm nailiyyətlərlə, təhsildə uğurlu göstəricilərlə qeyd etməyə hazırlaşırlar. Ümummilli lider Heydər Əliyevi bizlərdən cismani ayıran zaman kəsiyi uzandıqca, onun şəxsiyyətinin böyüklüyünü, dahiliyini, xalqına və vətəninə sonsuz məhəbbətini hiss edirik. Aradan illər, qərinələr, əsrlər keçəcək, nəsillər dəyişəcək, ulu öndərə olan tükənməz xalq məhəbbəti isə bitməyəcək, Azərbaycan yaşadıqca Heydər Əliyev və onun əməlləri daim yaşayacaqdır.

Müasir Azərbaycan dövlətinin banisi, müstəqilliyimizin güclənməsində, onun daha da inkişaf etdirilməsində də dünyada analoqu olmayan bir səviyyəyə qaldırılmasında Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri vardır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü, qayğı və diqqət göstərdiyi, canından çox istədiyi Azərbaycanı bir dövlət kimi zamanın sərt və ağır sınaqlardan çıxarmışdır. O, böyük siyasət və dövlət xadimi, sağlığında canlı əfsanəyə çevrilmiş, fenomen insan kimi həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının layiqli lideri ola bilmişdir. Onun bütün ömrü Azərbaycanımızın inkişafı, xalqımızın xoş gələcəyi və firavan həyatı uğrunda mübarizəyə həsr olunmuşdur. Azərbaycan tarixinin böyük bir epoxası onun adı və fəaliyyəti ilə sıx bağlıdır. Bu böyük şəxsiyyətin hakimiyyət illəri bir-birindən kəskin surətdə fərqlənən iki müxtəlif dövrə təsadüf etmişdir. Azərbay­canın müstəqil bir dövlət kimi qurulması, onun hərtərəfli inkişafı üçün zəruri əsasların tapılıb formalaşması məhz Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünə təsadüf etməsi   danılmaz həqiqətdir. İnkaredilməz bir həqiqətdir ki, Heydər Əliyevin siyasi və diplomatik fəaliyyəti hər zaman dünya siyasətçilərinin diqqət mərkəzində olub. Dünyanın ən nüfuzlu dövlət başçıları və tanınmış siyasi xadimlər hələ sağlığında ona yüksək qiymət verərək, haqqında dəyərli fikirlər söyləmişlər. Odur ki, Heydər Əliyev Azərbaycan xalqının taleyidir, desək qətiyyən yanılmarıq. Ömrünü bütünlüklə Vətəninə, xalqına, müstəqil dövlət quruculuğuna həsr etmiş bu böyük insanın adı tarix boyu yaşayacaqdır. Bu gün hamı dərk edir ki, Heydər Əliyev baş vermiş hadisələrə düşünülmüş şəkildə qiymət verən, ən mürəkkəb vəziyyətdən çıxış yolu tapa bilən, doğma vətənin mənafeyini hər şeydən uca tutan və cəsarətlə müdafiə edən, böyük nüfuz qazanan dövlət xadimi və güclü siyasətçi idi. O, XX əsrin II yarısında və XXI əsrin əvvəllərində işinin müdrikliyi, böyük dövlətçilik təcrübəsi ilə seçilən qüdrətli lider kimi dünyanın böyük siyasi xadimlərinin səviyyəsinə qalxa bilmişdir. Azərbaycan xalqı bilirdi ki, müstəqilliyi saxlamaq, böyük dövlətçilik təcrübəsi olan Heydər Əliyevin hakimiyyətə gətirilməsi ölkəni xilas edəcəkdir. Məhz xalqın böyük dəstəyi və təkidli tələbi ilə hakimiyyətə 2-ci dəfə qayıdışı və bu böyük insanın dühası ilə Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlamış, əbədi və dönməz edə bilmişdir. Heydər Əliyevin şəxsiyyətinin zən­ginliyi, şəxsi nümunəsi və dövlətçilik fəaliyyəti gənc nəsillərə örnəkdir. Onun irsində sədaqətlilik, insanın insana, insanın vətəninə, xalqına, dövlətinə sədaqət hissi xüsusi yer tutur. O, gənclərimizin milli ruhda, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələndirilməsini çox vacib amil hesab edirdi. Ulu öndər gənclərə müraciətində deyirdi: “Sizin ən ümdə vəzifəniz vətənə, ölkəmizə, doğma torpağımıza daim sədaqətli olmaqdır. Hər bir gənc bunu heç vaxt unutmamalıdır”.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Tarixin ən müxtəlif dövrlərində azərbaycanlıların iştirak etdikləri müharibə və yürüşlərdə qazanılmış qələbələrdən heç birində Azərbaycan faktoru indiki qədər mühüm yer tutmamış, ümummilli əhəmiyyət kəsb etməmişdir. Bütün bunlarla bərabər, 30 il düşmən tapdağında olan ərazilərimizin işğaldan azad olunması kimi tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həyata keçirmişdir. Bu məqsədlə Prezident İlham Əliyevin uzaqgörən dövlətçilik siyasəti, qətiyyəti sayəsində Azərbaycan Respublikası  iqtisadi cəhətdən inkişaf etmiş ölkə səviy­yəsinə çatdırılmışdır. Ölkəmizə rəhbərlik etdiyi 18 il ərzində İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi cəhətdən bütün sahələrdə şaxələnmiş böyük inkişafa nail olmağı təmin etmişdir. Davos İqtisadi Forumu və bir çox nüfuzlu beynəlxalq maliyyə qurumları müstəqil Azərbaycan Respublikasının iqtisadi göstəricilərinə görə regionda və dünyada ən yüksək reytinqə malik olan dövlətlərdən birinə çevrildiyini dönə-dönə, dəfələrlə bəyan etmişlər. Prezident İlham Əliyev Vətən müharibəsinə mühüm hazırlıqlardan sonra inkişaf etmiş Azərbaycan Ordusu və vətənpərvər Azərbaycan əsgəri ilə başlamışdır. İlham Əliyev bundan əvvəl 2016-cı ildə Lələtəpədə və 2018-ci ildə Naxçıvanda uğurlu döyüş əməliyyatlarına rəhbərlik edərək, torpaqlarımızın bir hissəsini düşməndən azad etməyə nail olmaqla sonralar başlayacağı Vətən müharibəsinin məşqlərini keçmişdir. Cəbhədəki uğurlu əməliyyatlar və Cocuq Mərcanlı qəsəbəsinin salınması vaxtilə görkəmli dövlət xadimi Heydər Əliyevin Horadizi düşməndən xilas edərək, təmas xəttində normal həyatın bərqərar olunmasının yaradıcı şəkildə davam etdirilməsi kimi də mühüm əhəmiyyətə malik hadisə idi. Təməli böyük uzaqgörənliklə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş "Bir millət-iki dövlət” düsturu əsasında möhkəmləndirilmiş Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı da Vətən müharibəsindəki Zəfərin ən mühüm amillərindəndir. Vaxtilə Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisində səsləndirdiyi "Tək millət-iki dövlət” kəlamı əvvəlcə hər iki ölkədə atalar sözünə çevrilmiş, tədricən daha da dərinləşərək iki qardaş ölkə arasındakı münasibətlərin strategiyası statusu qazanmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 8 noyabr Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir. Bu, "Bir millət-iki dövlət” strategiyasının real təntənəsidir. Böyük Zəfər Günü - gələcək daha böyük zəfərlərin bələdçisi və təminatçısıdır. Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir.

Bu gün ulu öndərin ideyalarını ləyaqətlə yerinə yetirən ölkə Prezidenti İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasəti xalqımız dəs­təkləyir və müdafiə edir. Bu məqaləni Ümummilli lider Heydər Əliyevin sözün qüdrətinə verdiyi qiyməti son dərəcə yüksək səciyyələndirən bir faktla bitirmək istəyirəm. 1995-ci ildə Prezident Heydər Əliyev xalq şairləri Məmməd Araz, Xəlil Rza və Bəxtiyar Vahabzadəni Azərbaycanın ən yüksək dövlət mükafatlarından olan "İstiqlal" ordeni ilə təltif etmişdi. Ulu öndər Məmməd Arazın yaradıcılıq gecəsindən sonra ziyalılarla görüşdə demişdi ki, “mən bir neçə aydır düşünür, çox götür-qoy edirdim ki, ən yüksək mükafatı birinci kimlər almalıdır. Qərara gəldim ki, buna bizim şəxsiyyətlərimiz - Məmməd Araz, Xəlil Rza və Bəxtiyar Vahabzadəni layiq görülməlidirlər. Mən bu üç şəxsin adını fərəhlə çəkirəm. Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. İnsanlara isə şeir, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən başqa bir vasitə yoxdur”. Ümummilli liderin "Dil böyük bir aləmdir" kəlamı da bu dahi insanın sözə, onun qüdrətinə verdiyi qiymətin daha bir nümunəsi, təsdiqidir. Bu gün ulu öndər aramızda olmasa da, onun ideyalarını ləyaqətlə yerinə yetirən ölkə Prezidenti İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasəti xalqımız dəstəkləyir və müdafiə edir. 2020-ci il noyabrın 10-u xalqımızın, dövlətimizin tarixinə qızıl hərflərlə yazılan şanlı tarixdir. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, işğal altında olan hər qarış torpağı Vətən etmək üçün axıdılan qanların qisasının alındığı, torpaqlarımızın bü­tövlüyü yolunda qurban gedən şəhidlərin ruhlarının şad olduğu gündür. Dünyada yaşayan əlli milyonluq azərbay­canlının başını dikəldən, bu möhtəşəm xalqı qürurlu edən, qalib edən bir tarix yazılır. Bu sevincli, qürurlu günləri bizə yaşadan, qələbə sevincini xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevdir. Müqəddəs Vətən savaşının ilk günlərindən xalqın öz liderinin ətrafında sıx birləşməsi müzəffər ordumuzun şanlı qələbəsini təmin etdi. Dövlətimizə qarşı yönələn təzyiqlərə baxmayaraq Prezidentimiz nə qədər güclü xarakterə, mətin iradəyə malik olduğunu sübut etdi. Xalq-Prezident-Ordu birliyi, Müzəffər Ali Baş Komandanın qətiyyəti nəticəsində bu gün torpaqlarımız yağı düşmənin işğalından azad olundu. Azərbaycan xalqının möhtəşəm birliyi, qüruru qarşısında erməni mifi darmadağın oldu. Bu gün hər bir azərbaycanlı öz Müzəffər Ali Baş Komandanının ətrafında sıx birləşib və nümayiş etdirilən bu birliyin əzəməti sayəsində düşmənin bütün havadarları, himayədarları məğlub durumdadır. İllərlə həsrətini çəkdiyimiz torpaqlarda üçrəngli Azərbaycan bayrağı dalğalanır.Prezident İlham Əliyevin Azərbaycanı qüdrətli dövlət etmək yolunda gördüyü böyük işlərin, çəkdiyi əziyyətin, zəhmətin bəhrəsi göz önündədir. İqtisadi cəhətdən qüdrətli dövlət, güclü və modern ordu qurmaq istiqamətində görülən işlər, diplomatik sahədə aparılan uğurlu siyasət bizim Qələbəni təmin etdi. 44 gün ərzində düşmən darmadağın oldu və Şuşada əyyaşlıq edən, rəqs etməklə qürurumuzu təhqir edən Paşinyan və ona havadarlıq edənlər layiqli cavablarını aldılar və bunun bədəlini hələ çox ödəyəcəklər. Eyni zamanda, döyüşən əsgərlərin şücaəti, yaratdıqları qəhrəmanlıq salnamələri xalqımızın nə qədər böyük potensiala malik olduğunu ortaya qoydu. Hələ bu döyüşlərlə bağlı nə qədər kitablar yazılacaq, filmlər çəkiləcək və bizim qürurlu xalqımızın keyfiyyətləri orada daha da aydın nümayiş etdiriləcək. Xalqın bütün nümayəndələri, ahıldan tutmuş uşağadək bir nəfər kimi hamı Müzəffər Ali Baş Komandanının, rəşadətli ordusunun yanında idi. İllərdir bu Böyük Qələbəyə həsrət olan xalq bütöv bir orduya çevrilmişdi. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi “Mən xoşbəxt adamam ki, atamın vəsiyyətini yerinə yetirdim!” Artıq biz dünyaya nə qədər qürurlu xalq olduğumuzu bir daha nümayiş etdirdik və haqq işimizi sona çatdırdıq.


Cəmil QULIYEV,

LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin

İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi,

tarix üzrə fəlsəfə doktoru


Tarix: 8-07-2021, 16:29

Xəbəri paylaş