Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Prezident İlham Əliyev: Çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmayıb


 

“Biz indi böyük quruculuq işlərinə start vermişik. Müharibədən cəmi yeddi ay keçib, nə qədər böyük işlər görmüşük. Əgər bizdə bu hazırlıq olmasaydı, biz bunu edə bilməzdik. İndi nə qədər vəsaitin olursa-olsun, əgər sənin texniki imkanın yoxdursa, kadr potensialın yoxdursa, infrastruktur layihələri vaxtında icra edilməyibsə, bunların heç yüzdəbirini edə bilməzsən”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündəki nitqində səsləndirib.

Bu gün misli görünməmiş bərpa işləri aparıldığını bildirən dövlətimizin başçısı deyib: “Nəyin hesabına? Məhz hazırlıq hesabına. Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və heç vaxt, çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır”.

Azərbaycan Prezidenti vurğulayıb ki, hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olub. “Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik. Biz “nəyi nə vaxt, necə etmək lazımdır bilirik” deyəndə, məhz bunu nəzərdə tuturduq”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Dövlət başçısı qeyd edib ki, Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur.

 “Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi - öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”, - deyə Müzəffər Ali Baş Komandan vurğulayıb.

Dövlətimizin başçısı deyib ki, Silahlı Qüvvələr Gününü biz Müzəffər Ordu kimi, qəhrəman xalq kimi qeyd edirik: “Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbay­candır!”


Tarix: 8-07-2021, 16:07

Xəbəri paylaş