Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəb rəhbərinin fəaliyyətinin başlıca məqsədi təhsildə keyfiyyətdir


Qasım QASIMOV,                                                                                       

Bakı şəhəri 167 nömrəli  tam orta məktəbin direktoru

 

Məlum olduğu kimi, təhsilin keyfiyyətini idarə etmək üçün idarəetmənin təşkilati mexanizmi ilə tanış olmaq və bu mexanizmi fəaliyyətə tətbiq etməyi bacarmaq lazımdır. İdarəetmə fəaliyyətini məntiqi ardıcıllıqla açıqlasaq, onların kimin tərəfindən, necə, nə vaxt, harada, kimlərin iştirakı və köməyi ilə həyata keçirildiyini qeyd etməliyik.

Metodika ayrı-ayrı fərdlərə aiddir və fərdiləşmiş xarakter daşıyır. Texnologiya isə hamı tərəfindən qəbul edilmiş, ardıcıllıqla həyata keçirilən fəaliyyətin elmi təşkilidir. Onun vasitəsilə idarəetmə fəaliyyəti həyata keçirilir. İdarəetmənin təşkilati mexanizmi konkret idarəetmə funksiyalarının (söhbət keyfiyyətin idarə olunmasından gedir) məntiqi baxımdan əsaslandırılmış ardıcıllıqla həyata keçiriləməsi bu prosesdə vəzifəli  şəxslərin, müəssisənin ayrı-ayrı bölmələrinin fəaliyyəti və ona nəzarətin təşkili deməkdir.

Təhsilin keyfiyyətinin idarə olunması mexanizmi özünəməxsus tədbirlər sistemidir. Bu tədbirlər öz aralarında bir-birilə bağlı, strukturlararası əlaqələrdən ibarətdir. Təhsilin keyfiy­yətinin idarə olunması idarəetmədə nəticələrin əldə olunması ilə bağlı fəaliyyətdir. Nəticə isə sosial sifariş, onun keyfiyyətli idarə olunması deməkdir. Nəticəyə istiqamətlənmiş (sosial sifarişin yerinə yetirilməsi) təhsilin həyata keçirildiyi təhsil müəssisəsi regionda yerləşən təhsil müəssisələrinin əlaqəli fəaliyyəti  ərazi üzrə təhsil sisteminin məqsədəyönəlmiş fəaliyyətinin həyata keçirilməsi üçün idarəetmənin tipinin və təcrübəsinin seçimi deməkdir.

Nəticələrin təhsilin keyfiyyət göstəricilərinə uyğun gəlməsi üçün şagirdlərin potensial inkişaf zonasında proqnozlaşdırılmış məqsədlərin müəyyənləşməsi lazımdır. Bu isə ancaq və ancaq şagird şəxsiyyətinin diaqnostikası fəaliy­yətinin həyata keçirilməsi prosesində mümkündür. Təhsil müəssisələri rəhbərlərinin sifarişçiyə (sifarişçi - dövlət, valideyn və s. ola bilər) əvvəlcədən uşaqların tədris ilini, məktəbi necə qurtaracağını, onların uşağını nə gözləyir deyə bilməməsi sadəcə olaraq, təhsil prosesinin nəticələrinə məsuliyyətsiz yanaşmaq deməkdir. 

Məktəbin əsas vəzifəsi uşaq və gənclərin təlim-tərbiyəsi, onların inkişafı,  şəxsiyyət kimi formalaşması, dövlət və cəmiyyətin maraqlarına xidmət etməyə yönəlməsidir. Müasir əmək bazarı təhsil müəssisələrinə, onları bitirmiş gənclərə prinsipcə yeni tələbatlar irəli sürür. Məhz buna görə də müasir təhsil müəssisə rəhbərlərinə, onların idarəçilik bacarıqlarına, təhsil menecmenti, təhsil marketinqi  elmlərinin in­cəliklərinə bələd olmalarına tələbat artır. Müəssisə rəhbərlərinin professional idarəetmə fəaliyyəti getdikcə mürəkkəbləşir, məzmunu dəyişir. Bu yeniləşmələr, qeyri-müəyyən situasiyalar operativ və effektiv idarəetmə qərarlarının hazırlanıb qəbul edilməsini tələb edir. 

Rəhbər - vəzifəli  şəxsdir. Vəzifə idarəetmə aparatının ilk struktur bölməsidir.  Onun məzmunu, funksiyaları müəssisə qarşısında qoyulmuş məqsədlərin keyfiyyətli həyata keçirilməsidir. Onə görə də müəssisə rəhbərlərinin səlahiyyəti, məsuliyyəti, mədəniyyəti, bilik səviyyəsi, idarəetmə təcrübəsi xüsusi əhəmiyyət kəsb edir.

Bü gün məktəb direktoru nəyi bilir, hansı məsələlərlə məşğul olur hamını düşündürməlidir. Orta ümumtəhsil məktəbinin başlıca vəzifəsi yuxarıda qeyd  etdiyimiz kimi uşaqların təlim-tərbiyə prosesinin keyfiyyətidir. Məktəb direktoru işin keyfiyyətli təşkilinə məsuliyyət daşıyır. 

Təlim prosesinin həyata keçirilməsi məktəb direktorunun minimum aşağıdakı üç əsas funksiyaya rəhbərlik etməsini aktuallaşdırır: 

a) İnzibati işlər;

b) Təşkilati işlər;

c) Metodik işlər.

Bu işlərin təşkilinin keyfiyyəti idarəetmədə təşkilati mexanizmin tətbiqindən asılıdır. 

İdarəetmədə təşkilati mexanizm nədir? 

İdarəetmədə təhsilin keyfiyyəti ilə bağlı təşkilati mexanizm idarəetmə əməliyyatlarının müəssisədə ardıcıl olaraq məntiqi baxımdan  əsaslandırılmış  şəkildə həyata keçirilməsidir. Başqa sözlə, tətşkilati mexanizmin idarəetmə strukturunda həyata keçiriləcək tədbirlərin ardıcıllığı, kimlər tərəfindən nələrin həyata keçirilməsi, bu işlərin keyfiyyətinə kimlərin məsuliyyət daşıyacağı, kimlərin nəzarət edəcəyi müəyyənləşməlidir. Unutmamalıyıq ki, təşkilatı idarə etmək sistemə və ya prosesə məqsədyönlü təsir etmək (sənədlərin, qərarların hazırlanması və s.) deməkdir, hadisələrin gedişini və istiqamətini qabaqcadan görmək, təşkil  etmək, göstəriş vermək, tənzimləmək və nəzarət etmək, nəticə çıxarmaqdır.

Menecment elminin görkəmli nəzəriyyəçilərindən biri Piter Draker yazırdı ki, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün menecerin (yaxud, məktəb direktoru və ya rayon təhsil şöbəsi müdirinin) işi təşkilatın inkişaf istiqamətini müəyyənləşdirmək, rəhbərlik etmək, təşkilati resurslardan necə istifadə etməkdir. Başqa adamların vasitəsilə məsələlərin həlli qarşıya qoyulmuş məqsədlərin əldə edilməsində resurslardan istifadə etmək, rəhbərlik etmək və inkişafın istiqamətini müəyyənləşdirmək məsələləri ilə məhz menecer məşğul olmalıdır.

İdarəetmənin ümumi qanunauyğunluqlarından biri bütün sistemlərinin idarə  olunma qaydalarına istinad edilməsidir. Məhz belə olduqda müvəffəqiyyət əldə edilir.

İdarəetmənin ümumi qanunlarından və ya prinsiplərindən biri də idarəetmədə  elmiliyin gözlənilməsidir. Idarəetmədə  elmilik hər cürə məsələlərin həllinə sistemli yanaşmadan ibarətdir. Bu zaman iqtisadi, sosoial-psixoloji və pedaqoji qanunlara, dövlət sənədlərinə, prinsiplərə istinad edilməlidir. Bu isə obyektin (təhsil müəssisəsinin) çox  şaxəli təbiətini, məqsədini, vəzifələrini bilmək, obyektin spesifik  xüsusiyyətlərinə bələd olmaq, məqsədə uyğun olaraq adekvat modellər və təsir vasitələrindən istifadə etmək deməkdir. Burada qeyd etmək yerinə düşər: məktəbdə işləyən mütəxəsislər yalnız idarəetmə obyekti kimi qəbul edilməməli, o sistemli idarəetmə nöqteyi-nəzərindən çox mühüm, mürəkkəb sosial-psixoloji və bioloji   obyekt-subyekt sisteminin ayrılmaz hissəsi kimi qəbul edilməlidir. Ona edilən təsir faktiki olaraq kollektiv üzvlərinin əlaqəli fəaliyyəti deməkdir.

İdarəetmənin keyfiyyəti idarə edənin  hazırlıq səviyyəsindən və  peşəkarlığından asılıdır. İdarə edənin peşəkarlıq səviyyəsi isə inkişafda olmalı, yenilikləri öyrənməli, təcrübə toplamalı, ixtisasını artırmalı, təhliletmə, nəticə çıxarma bacarığını təkmilləşdirməlidir. Tətbiq edilən metodlar müasir olmalıdır. Bu isə müasir biliklərə, elmi nəaliyyətlərə əsaslanmalıdır. 

İdarəedənin səlahiyyətliliyi  aşağıdakı faktorlardan asılıdır:

1) İdarə etdiyi sistemi yaxşı tanımalı;

2) Sistemdə tətbiq olunan yeniliklərə bələd olmalı;

3) Bu yeniliklərin idarə etdiyi müəssisəyə uyğunluğunu müəyyənləşdirməyi bacarmalı;

4) Tədqiqatçı olmalı (yeniliklərin tətbiqi nəticələrini təhlil etməli, onların hesabına təhsilin keyfiyyətini üzə çıxarmalı, qiymətləndirməli,   hansı yeni metodlar hesabına keyfiyyətin əldə olunmasını və ya nəticələrin mənfi xarakter daşımasını üzə çıxarmalı).

Bütün bunlara nail olmaq üçün məktəb rəhbərləri aşağıdakı bacarıqlar sisteminə bələd olmalı, öz praktik fəaliyyətində onlardan istifadə etməlidir:

- Təlim-tərbiyə prosesinin iştirakçıları ilə birlikdə rəhbərlik etdiyi müəssisə üçün təhsilin məqsədlərini kollegial şəkildə müəyyənləşdirmək;

- Təhsil məqsədlərinə nail olmaq üçün təlim-tərbiyə prosesinin bütün iştirakçılarını səfərbər  etmək, pedaqoji şuranı (başqa yığın­caqlar da daxil olmaqla) keçirmək və nəticələri təhlil etmək, məktəb sənədlərini təşkil etmək və onlardan istifadə etmək;

- Fizioloji-gigiyenik tələblərə maliyyə-iqtisadi təminat və hüquqi müdafiə qaydalarına uyğun olaraq məktəb kollektivinin fəaliyyəti üçün lazimi şərait yaratmaq;

- Məktəb kollektivinin müxtəlif struktur bölmələrinin əlaqəli fəaliyyətini təmin etmək;

- Müxtəlif yığıncaqlarda təhsil sistemində yaranmış vəziyyəti bilib, təcrübə mübadiləsi aparmaq, nəticələrdən istifadə etmək və öz məktəbinin konkret şəraitinə uyğun olaraq müqayisə etməkvə tətbiqinə nail olmaq;

- Adekvat olaraq biliklərdən pedaqoji ünsiyyət və sənədləşmədə istifadə etmək;

- Məktəbdə istifadə olunan dərslikləri, tədris proqramları, tədris vəsaitlərilə təmin etmək;

- Eksperimentdən keçirilən materialları, ilkin nəticələri təhlil etmək və düzəlişlər etmək;

- Təlim-tərbiyə prosesi iştirakçılarının ob­yektiv qiymətləndirilməsi və özünüqimətləndirmə, müxtəlif səviyyədə attestasiya keçirmək, təlim-tərbiyə prosesi iştirakçılarının fəaliyyətinin qiymətləndirilməsi mədəniyyətini tərbiyə etmək;

- Kollektivin etik normalara yiyələnməsi, məktəbdə mədənietik münasibətlərin formalaşması üçün şərait yaratmaq;

- Təlim-tərbiyə prosesinin tipik situasiyalarında müxtəlif həmkarlar ilə ünsiyyətdə olmağı bacarmaq;

- Təhsil prosesi iştirakçılarını ümumbəşəri mədəniyyətin nailiyyətlərindən zənginləşməyə motivləşdirmək;

- Müəssisəsnin idarə olunması, adambaşına maliyyələşməsi, büdcənin hazırlanması, təhsil fondunun yaradılması, müəllim əməyinin iqtisadi stimullaşdırması və sairə;

- Dərsi təhlil etmək (pedaqoji, psixoloji və metodik təhlil), dərsdənkənar tədbirlər, təlim prosesinin müxtəlif növlərini və formalarını təhlil etmək;

- Pedaqoji işçilərdə və şagirdlərdə fəlsəfi, siyasi mədəniyyəti motivləşməyə istiqamətləndirmək, müxtəlif xarakterli dünyagörüşünə malik olanlara taktiki və mədəni şəkildə düzəlişlər vermək və müəyyən situasiyalarda öz dünya görüşünu əsaslandırmaq bacarığı;

- Müəllim və şagirdlərin hüquqi savadlılıq səviyyəsini təmin etmək və onların həyata keçirilməsi şəraitini yaratmaq;

Beləliklə, müasir dövrdə təhsil sistemində gedən islahatların məktəb rəhbərləri qarşısında qoyduğu vəzifələrdən biri, bəlkə də ən mühümü, məktəbdə gedən məzmun və təşkilati dəyişmələrin, yeniləşmələrin səviyyəsini öyrənmək, onları qiymətləndirməkdir.


Tarix: 15-04-2021, 16:25

Xəbəri paylaş