Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Uşaqların tərbiyəsi günün başlıca vəzifəsidir


 

Tahirə MƏMMƏDBƏYOVA, 

Bakı şəhəri Mikayıl Müşfiq adına 

18 nömrəli tam orta 

məktəbin ibtidai siniflər üzrə direktor müavini

 

Dövlətimizin uşaq siyasətinin əsas məqsədi uşaqların hərtərəfli şəxsiyyət kimi yetişməsidir. Vətənimizin, millətimizin gələcəyi uşaqların bugünkü tərbiyəsindən, təlimindən asılıdır. Onların bir şəxsiyyət kimi yetişməsi, vətəninə, xalqına layiqli vətəndaş olması qarşıda duran əsas və başlıca vəzifələrdəndir. Bu gün gələcək nəslin tərbiyəsində cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Lakin bu işdə ailə və məktəbin birgə fəaliy­yəti uşaqların tərbiyəsində əsas rol oynayır.

Bilirik ki, məktəb tərbiyə işlərinin əsas mərkəzidir. Bu gün məktəbin, pedaqoji ictimaiyyətin üzərinə böyük vəzifələr düşür. Sözsüz ki, şagirdin tərbiyəsində təlim-tərbiyə işlərinin vahid məcraya yönəldilməsində mək­təbin rolu böyükdür.

Məktəbin valideynlər arasında maaifləndirici fəaliy­yəti, pedaqoji təbliğatı birinci pillədə durur. 

Məlumdur ki, valideynlərin böyük əksəriyyəti müxtəlif sənət sahibləri, bir qismi işləməyənlər və s.-dir. Yəni valideynlər uşaqların tərbiyəsində çətinlik çəkirlər. Onların maariflənməyə böyük ehtiyacı vardır.

Valideynlərin əksər hissəsi uşaqların biliklərə yalnız müəllim vasitəsi ilə yiyələnəcəyini zənn edir, bəziləri övladlarının tərbiyəsini “televiziya və kompüterlərin” ümidinə buraxır. Məktəb birinci növbədə uşaq­ların böyüyüb inkişaf etdiyi şəraitlə tanış olmalı, valideynlərə tərbiyə etmək yollarını öyrətməli, ailənin uşağın tərbiyəsindəki rolu haqqında danışmalı, onları valideyn-uşaq münasibətləri haqqında məlumatlandırmalıdırlar.

Biz bilirik ki, ailə cəmiyyətin təməlidir. Ailə bir neçə insanın bir yerdə yaşadığı, ünsiyyət qurduğu, ehtiram, hörmət və sevgi ilə yaşadığı kiçik bir dövlətdir. Uşaqlar həyata göz açdığı vaxtdan ailə mühitində böyüyür, tərbiyə alır. Uşağa ilk gözəl keyfiyyətləri - mehriban, səmimi, ədalətli, zəhmətkeş, qayğıkeş, namuslu və s. valideyn aşılayır. Sonra ailədə başlanan tərbiyə işləri məktəbəqədər müəssisələrdə, məktəbdə, ali məkəbdə və s. davam edir. Tanınmış pedaqoqlar deyirdilər ki, uşaqları hətta cisimlər də tərbiyə edir.

Gələcəyimiz olan uşaqların düzgün tərbiyə olunması üçün heç bir boşluğa yol verilməməlidir.

Uşaqlara nəzarət etmək təkcə onların yanında olmaq, onların hərəkətinə müdaxilə etmək deyil. Valideynlər uşaqlarla səmərəli vaxt keçirməli, onların öyrənməsinə yardımçı olmalı, onları maraqlandıran suallara cavab verməlidir. 

Bundan əlavə, gündəlik rejim qurmaq, istirahətin səmərəli təşkili, ev tapşırıqlarının, dərslərinin birgə və rahat yerinə yetirilməsi üçün uşaq otaqlarının rahatlığı, dərsə hazırlaşarkən valideynlərin gigiyenik tələblərə riayət etməli olduqları qaydalarla bağlı məlumatlar da onlara çox kömək edə bilər.

Müqəddəs dinimiz olan İslam uşaqların inkişafını, böyüyüb-boya çatmasını valideynlər qarşısında ən böyük vəzifələrdən biri hesab edir. Peyğəmbərimiz Həzrəti Məhəmmədin buyurduğu kimi, valideynin övladına verə biləcəyi ən böyük miras tərbiyədir. İslam dünyagörüşündə cəmiyyətin inkişafı yalnız elmlə, maddi zənginliklə yox, həm də mənəvi-əxlaqi dəyərlərlə ölçülür. Əsrimiz yüksək texnologiyalar əsridir. Lakin bu sürətli inkişaf bizi o zaman yüksəldə bilər ki, o yüksək mənəviyyata söykənsin. Mənəviyyata söykənməyən təhsil və elmin də səmərəsi böyük olmur.

Xalqımızın özünəməxsus olan yüksək mənəvi dəyərləri, adət-ənənələri mövcuddur. Bu adət-ənənələr özündə xalqın tarixini, ədəbiyyatını, incəsənətini, bir sözlə, mənəvi dəyərlərini birləşdirir. Müasir dövrdə uşaqların milli zəmində, milli adət-ənənələr ruhunda tərbiyəsi daha vacibdir. Bu baxımdan folklor nümunələrimiz və bədii ədəbiyyatımız, onların mütaliəsi daha geniş təbliğ olunmalıdır. 

Vətənə, el-obaya məhəbbət, böyüklərə hörmət, kiçiklərə qayğı, həmrəylik, humanizm, dostluq, ədalət, sədaqət və s. keyfiyyətlərin qazanılmasında ədəbiyyatımızın rolu əvəzsizdir. Ədəbiyyat nümunələrimiz dilini, doğma elinin təbiətini, vətənin hər qarışını, torpağını-daşı­nı sevməyi öyrədir, uşaqlarda qəhrəmanlıq, mərdlik, cəsurluq, mübarizlik, sədaqət kimi keyfiyyətləri formalaşdırır, öz milli mənsubiyyəti ilə, tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə qürur duymağı, düşmənə qarşı amansız olmağı tərbiyə edir. Eyni zamanda, uşaqlara qarşılıqlı yardım, bir-birinə dəstək olmaq, çətin anlarda köməyini əsirgəməmək, dostluq, yoldaşlıq, birlik, həm­rəylik kimi əxlaqi-mənəvi dəyərləri, ətrafa ədalətli, qayğıkeş və tolerant münasibət bəsləməyi öyrədir. 

Bütün bu dediklərimiz ailə və məktəb arasındakı davamlı əlaqələr, səmimi mü­nasibətlər, müəllim- şagird mü­nasibətlə­rində də meh­ribanlıq, səmimiyyət və məsuliyyət yaradır, öz vəzifəsini həvəslə öyrətməyi öyrədir, uşaqları qor­xu, həyəcan, utanc hisslərindən azad edir. Uşaqlarla müəllim, uşaqlarla valideyn ara­sında sağlam mü­nasibətlər formalaşır. 

Bu gün şagirdlərin onlayn dərslər keçdiyi bir dövrdə bu mövzu daha vacib və aktualdır. Gələcəyimiz olan uşaqların düzgün tərbiyə olunması üçün heç bir boşluğa yol verilməməlidir.


Tarix: 14-01-2021, 11:41

Xəbəri paylaş