Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Prezidentin polad yumruğu... və ya qələbə üçün lazım olan on yeddi il


 

Zəhra MURADOVA, 

pedaqogika üzrə elmlər doktoru

 

Azərbaycan Prezidenti İlham Əliyev televiziya kanallarındakı  bir çox çıxışlarında Ermənistan barədə danışarkən yumruğunu düyünləyərək deyir ki, biz düşmənin başından elə vurmuşuq ki, ayıla bilmir. Bu, adi yumruq deyil. Bu, düşmənə göstərilən Azərbaycan xalqının sarsılmaz birliyinin nümunəsidir. 

Fərəhlə qeyd etməliyik ki,  Prezidentin polad yumruğunda beş barmaq-rəmzi mənada beş amil birləşib. Birincisi, güclü iqtisadiyyatdır, ikincisi, müasir ordu və silahlı qüvvələrdir, üçün­cüsü, xalqın həmrəyliyi, dördüncüsü, xaricdə yaşayan həmvətənlərimizin sıx birliyi fəaliyyətinin intensivləşdirilməsi və beşincisi, informasiya mübarizəsində üstün gəlmək şansıdır.

Sentyabrın 27-dən başlanan hərbi əməliyyatlarda  bu beş amilin birliyi özünü aydın göstərir.  Həmin gündən sıralanan qələbələrimizin rəhni məhz barəsində danışdığımız  həmin amillərdir, desək səhv olmaz. Bu gün Şuşada, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Füzulidə və iki yüzdən artıq yaşayış məntəqələrimizdə qaldırılan bayrağımız da bu amillərin hesabınadır.

Yumruq  kimi birliyin alın­masına nə az, nə çox, on yeddi il sərf olunub. 

Cəmi bir neçə ay əvvələ qədər Ermənistanın Azərbaycan ərazilərinin işğalından səbr kasası dolmuş bəziləri dilə gəlib deyirdilər ki, Prezident, Ali Baş Komandan əmr versə hamımız torpağımızı azad etməyə gedəcəyik. Bəziləri də bildirirdilər ki, iki yüz ildir ermənilər aldıqları torpaqlarımızı qaytarmayıblar. Nəhayət, iyul ayında Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribat bütün Azərbaycan xalqını bir nəfər kimi ayağa qaldırdı. Bax, həmin gün xalqımızın qüdrətli birlyi özünü qabarıq şəkildə göstərdi. Məhz həmin gün hamı başa düşdü ki, Prezident,  Ali Baş Komandan İlham Əliyev on yeddi il nəyə hazırlaşıb. Çünki elə hərbi əməliyyatların başladığı günün səhəri Murov dağının strateji yüksəkliyinin alınması və sürətli əks-hücum nəticəsində Ordumuzun irəliləməsi göstərdi ki,  Ali Baş Komandan Ordumuzu qarşısıalınmaz bir güc kimi formalaşdırılıb. Sentyabrın son günlərində dalbadal qazanılan qələbə xəbərlərinə sevindiklərindən ağlayanlar da oldu.

Prezident İlham Əliyev bu qalibiyyətli günləri on yeddi il əvvəl, Azərbaycan rəhbəri seçilərkən görürdü və xalqımızı, ölkəmizi bu müqəddəs iş üçün hazırlayırdı. Prezidentimiz keçən on yeddi ildə Azərbaycan həqiqətlərini yaxşı bilən, amma özlərini bilməzliyə vuranlara bizim tarixi həqiqətlərimizi onlara “yedizdirib” inanmağa məcbur etdi. Bu isə bizim Ermənistan üzərində indiki siyasi qələbəmizin əsasını təşkil etdi. Ona görə də ermənipərəst dairələr Azərbaycana qarşı açıq çıxış edə bilmirlər.

Bütün bunlarla bərabər, qardaş Türkiyə ilə sıx birlik, Prezident Rəcəb Tayyib Ərdoğanın, Mövlud Çavuşoğlunun və bütün sadə türklərin bizim haqlı mövqeyimizi dünyada dəstəkləməri, ən çətin anlarda belə yanımızda olacaqlarını bəyan etmələri böyük mənəvi dəstəkdir. Dost Pakistanın keçirdiyi at yarışında öz tür bayraq bəzədilmiş atları yürüşə çıxarması və biz “Bir millət, üç dövlət!” kimi göstərdiyi möhtəşəm mövqe, Azərbaycana hər cür yardım göstərməyə hazır olduğunu bildirməsi və digər doct dövlətlərin mövqeyimizi qətiyyətlə dəstəkləmələri Ermənistan üzərində qələ­bə­miz üçün ciddi siyasi təməl yaratdı.

Göstərdiyimiz bu və ya digər mühüm əsaslar müzəffər Azərbaycan Ordusunun düşmən üzərində parlaq qələbələrinin rəhnidir. Gəlin bu birliyi əldən vərməyək, əksinə indi bu birlikdən Qarabağın dirçəlisi üçün səmərəli istifadə edək.

 

İşğaldan azad edilmiş yurdlarımızın abadlaşdırılması milli  prinsipimiz olmalıdır

 

Prezidentimiz cənab İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını böyük  Qələbə münasibətilə bir daha təbrik edirəm! Otuz ildən artıq bizə baş ağrısına çevrilən və saysız-hesabsız itkilərlə keçən bir qərinəyə yaxın dövr nəhayət, arxada qaldı. Bu gün fərəhlə deyə bilərik ki, iki yüz ildə ilk dəfə olaraq erməni işğalçıları tərəfindən zəbt olunan torpağımızın böyük bir hissəsi müharibə yolu ilə azad edildi. Bütün dünya ilk dəfə olaraq Azərbaycan xalqının qüdrətini gördü. Təbii ki, dostlarımızın üzü güldü, düşmənlərimiz xar oldu. Bu tarixi Qələbəmiz haqqında hələ  çox danışılacaq, əsərlər yazılacaq, kinofilmlər çəkiləcək, dərsliklərimizdə təbliğ olunacaq. Ancaq bu məqaləni yazmaqda məqsədim başqadır. Təkcə onu demək istəyirəm ki, budəfəki müharibədə xalqımız dünyada misli görünməmiş həmrəylik və birlik nümayiş etdirdi. Bu birliyi mən Prezidentimizin düşmənə qarşı düyünlənmiş yumruğuna bənzədirəm. 

Bildiyimiz kimi, ölkəmiz son iyirmi yeddi ildə sürətli inkişaf yolu keçib. Bunu öz simasını dəyişən, abadlaşan və gözəlləşən şəhər və kəndlərimizin xarici görkəmindən, yaradılan müasir infrastrukturdan, bölgələrə belə çəkilən yollardan da görmək olar. Ancaq Qarabağımızın və ona bitişik olan rayonların mərkəzləri və kəndləri erməni vəhşiləri tərəfindən görünməmiş vandallıqla dağıdılaraq yerlə yeksan edilib. Biz əl-ələ verib həmin xarabalıqlarda yeni şəhər və kəndlər ucaltmaqla barbar ermənilərə sübut etməliyik ki, biz qurucu xalqıq, belə mənfur  hərəkətləri ilə  bizi heç vaxt sındırmaq olmaz.

Çətin, lakin şərəfli qələbədən sonra bizim qarşımızda nəhəng abadlıq, tikinti və quruculuq işləri, həmin bölgələrin iqtisadiyyatını inkişaf etdirərək Azərbaycanın ümumi inkişafına qovuşdurmaq məsələsi durur. Beləliklə, qarşımızda ucu-bucağı görünməyən geniş iş cəbhəsi açılır. Biz şəhər və kəndlərimizi yenidən qurmaqla bərabər, onların iqtisadi yüksəlişini də təmin etməliyik. Müstəqillik illərində nəhəng layihələrə imza atan qadir xalqımız bu vəzifənin də öhdəsindən ləyaqətlə gələcəkdir. Ancaq bu quruculuqda, bu inkişafda iştirak etmək üçün xarici ölkələrdə biznes və kommersiya işləri ilə məşğul olan həmvətənlərimizi-iş adamlarını da görmək istərdik. Qoy onlar da bu cahanşümul məsələdə bizim sıralarımızda olsunlar. Demirik ki, bizə yardım etsinlər, ianə versinlər, xeyr, buna ehtiyacımız yoxdur. Sadəcə, Azərbaycanın iqtisadi potensialı böyükdür, təbii sərvətlərimiz ölçüyəgəlməzdir, ona görə də öz kapitallarını öz ölkəmizə yatırsınlar, həm halal pul qazansınlar, həm də bir sahənin dirçəldilməsinə öz töhfələrini versinlər. Bunun üçün onlara hər cür lazımi şərait yaradılacaqdır.

Mən Laçın rayonunda olduğum üçün bildirmək istəyirəm ki, bu rayonda yüz illərlə istismar olunacaq təbii sərvətlərimiz var. Laçın dağlarında qızıl, kobalt, civə, bürünc və dəqiq cihazların istehsalında lazım olan qiymətli metallar var. Meşələrdə bitən palıq, vələs, fıstıq, cökə və yalnız Laçında bitən nadir dəmir ağacı çox qiymətlidir. Vaxtilə Azərbaycana gələn məşhur Nobel qardaşlarının diqqətini cəlb etmiş bu ağaclardan silah və bahalı mebel istehsalında, hərbi sənayedə və gəmiqayırmada istifadə edərək milyonlar qazanmışlar. Xarici maqnatlar buradakı təbii sərvətləri-qiymətli metalları, ağacları, mineralları, boya alınan çiçəklərini, dərman bitkilərini belə daşıyıb aparırdılar. Onu da qeyd etmək lazımdır ki, yaylaqlarda və meşələrdə çoxlu dərman bitkiləri, giləmeyvə kolları, meyvə ağacları bitir ki, onların hamısı  müalicəvi keyfiyyətə malikdirlər.. Təəssüf ki, müalicəvi əhəmiy­yəti olan mineral sular boş yerə axıb gedir. Halbuki həmin suları yalnız zavod üsulu ilə qablaşdırıb istehsal edən və istər ölkəmizin daxilində, istərsə də xarici ölkələrdə satışını təşkil edən  şəxs külli miqdarda qazanc əldə edə bilər. Laçın tikinti üçün müxtəlif cür daşlar, qum, çınqıl, kvars, üzlük daşları yataqları, vulkan püskürmələri nəticəsində əmələ gəlmiş kimiyəvi elemetlərlə zəngin maddələrdən ibarət olan vulkan palçıqlari böyuk əhəmiyyət kəsb edir. Burada mərmər yataqları, xüsusilə dünyada nadir olan yaşıl mərmər yataqları unikaldır. Laçın ərazisindən axan üç çay nadir balıq sürüləri ilə zəngindir, Qara gölü isə öz qizil balığı ilə məşğuldur.

Laçında çoxlu tarixi abidələrimiz var ki, onlar istər yerli, istərsə də xarici turistlər üçün cəlbedici ola bilər.

Kəlbəcər rayonu da dağlarına, havasına, suyuna, təbii sərvətlərinə görə Laçınla demək olar ki, eynilik təşkil edir. Hər iki rayon dəniz səviyyəsindən 3600 metr yüksəklikdədir. Kəlbəcərdəki isti suyun şöhrəti o vaxtkı SSRİ miqyasında tanınmışdı. On beş respublikadan buraya müalicəyə gəlirdilər. Möcüzəli isti su yerdən 85 dərəcə temperaturda qaynayıb üzə çıxır və mədə-bağırsaq, öd və böyrək xəstəliklərinin dərmanıdır. Xatırladım ki, işğalın ilk illərindən başlayaraq ermənilər isti suyu şüşə qablara yığaraq bir butulkasını bir dollara Cermux suyu adı altında Fransada satırdılar. Halbuki isti su bənzəri olan Cermux suyundan və Çexiyadakı Karlovı-Varı müalicəvi suyundan daha güclü təsirə malikdir. 

İstisu qəsəbəsindən yuxarıda çıxan turşsu sanki bir möcüzədir. Onun həzmə çox xeyiri var. Bununla yanaşı bir sıra bulaqlar da var ki, hər biri bir dərdin dərmanıdır. Məşhur Taxta düzündəki Ceyran bulağının suyu o qədər soyuq olur ki, bir stəkan suyu yarısına qədər içmək olmur. Ölməz şairimiz Səməd Vur­ğunun Aşıq Şəmşirlə Ceyran bulağında görüşməsi və deyişməsi ədəbiyyatımızda şirin bir xatirə kimi yaşayır. Səməd Vurğunun “Aşıq Şəmşir, Dəli dağdan keçəndə...” şeri hələ də aşıqlarımızın dilindən düşmür.

Kəlbəcər dağları əsasən meşələrlə əhatə olunub. Bu meşələrdə zoğal, qoz, alça, əzgil, zirinc, alma, armud, moruq, itburnu,  böyürtkən və s. yetişir. Suların kənarı baldırğan, şoşan, yarpız, düzənlərdə kəklikotu, qantəpər, sancı otu, şalfey, bağayarpağı, quzuqulağı və s. dərman bitkiləri ilə dolu olur.

Kəlbəcərin Xudavəng kəndi ərazisində vaxtilə qırmızı civə zavodu fəaliyyət göstərirdi. İstisu qəsəbəsindəki böyük sanatoriya və həmin civə zavodu ümumiitifaq əhəmiyyətli obyektlər sayılırdı və Moskvaya tabe etdirilmişdilər. Yeri gəlmişkən deyək ki, yaşı mini ötmüş alban qalası Xudavəng kəndindədir. Dağlardakı böyük mağaralar, qalalar, bürclər, sığınacaqlar  deməyə əsas verir ki, min illər əvvəl bizim ulu əcdadlarımız bu yerlədə yaşamışlar.

Kəlbəcərin ab-havası, yaylaqları, başı qartallı zirvələri, əsrarəngiz gözəllikləri barədə yazmaqla qurtarmaz. Buraya səyahət etmək havasını udmaq, suyunu içmək, gözəllikləri öz gözlərinlə görməlisən ki, tamamilə aydın təsəvvür yaransın. Onu da deyim ki, istər Kəlbəcər olsun, istər Laçın, hər ikisi nəhəng turizm potensialına malikdir. Yada salaq ki, hələ otuz il əvvələ qədər el yayda din­cəlmək üçün  bu dağlara köç edərdi. Aran rayonları yayda otarmaq öçün qoyun-quzu sürülərini, mal-qara naxırlarını yaylaqlara-güllü-çiçəkli çəmənliklərə aparırdılar.

Mən yalnız Laçın və Kəlbəcərdən danışdım. Ancaq eyni fikirləri Şuşa, Qubadlı, Zəngilan, Füzuli və Ağdam barədə də demək olar. Görün təbiət bizə necə gözəl pay verib. Bu yerlər istirahət üçün cənnət məkan, sağlamlıq üçün məlhəm olan bir diyardır. Ona görə də xarici ölkələrdəki iş adamlarımız buralara gəlməli, öz ölkələrinin bir parçasının inkişafına kömək etməli və təbii ki, özləri üçün kapital qazanmalıdırlar.

İndi erməni işğalından azad edilmiş xaraba yurdlarımızı abadlaşdırmaq hər bir Azərbaycan vətəndaşını düşündürür. Hazırda hər kəs bu amal üçün nə bacarırsa onu əsirgəmir. İstər alim, memar, şair, mühəndis, müəllim olsun, fərq etməz, yetər ki, hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirsin. Ancaq burada əsas söz iş adamlarınındır. Yağı düşmən tərəfindən dağıdılıb viran qoyulmuş yaşayış yerlərimizin, tarixi abidələrimizin, istehsal müəssisələrimizin, mədəniyyət və istirahət, sağlamlıq ocaqlarımızın tezliklə bərpası həm də düşmənə qarşı aparılan prinsipial mill məsələmizdir. Ona görə də damarlarında azərbaycanlı qanı axan hər bir soydaşımız bu məsələdə öz mövqeyini, prinsipiallığını və xidmətini göstərməlidir.


Tarix: 14-01-2021, 11:07

Xəbəri paylaş