Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Distant təhsil konsepsiyasının pedaqoji əsasları

Zülfiyyə VƏLİYEVA,
ADPU-nun  ETM-nin Tətbiqi tədqiqatlar 
bölməsinin elmi işçisi, Əməkdar müəllim

Dünya dəyişir. Dünya təcrübəsində həyata keçirilən müasir təhsil pro­qram­larına müvafiq müasir təhsilin tələblərinə cavab verən və bu tələblərin ödənilməsinə xidmət edən müasir təhsil, məsafədən informasiya ötürülməsi - Distant təhsil (DT) sintetik, inteqral, humanist təhsil forması olmaqla  bütün tədris növlərinə təbii şəkildə inteqrasiya edir, müx­təlif təhsil strukturlarının inte­q­rasi­ya­sı­nın gücləndirilməsində və vətəndaşların mün­təzəm təhsilinin inkişafı prosesində mühüm yer tutur. XXI əsrdə əhalinin ge­niş dairələri üçün ən perspektiv, cəmiyyətin tələbatına ən çevik şəkildə cavab verən və ölkənin hər bir vətəndaşının konstitusiyada nəzərdə tutulan təhsil hüququnu daim təmin edən təhsil növü olan distant təhsilin həyata keçirilməsi vacibdir.
Distant təhsillə bağlı dün­ya təcrübəsinə nəzər salaq:
- 2000-ci ilin sentyabr ayında BMT-nin Baş Assambleyası “Minilliyin deklarasiyası”nı rəsmi olaraq qəbul etdi. Bu  deklorasiyada 8 istiqamət, onunla bağlı 18 məsələ ayrılmış və bunların əsasında   ümumdünya proqramı işlənmişdir. Bu proq­ram aşağıdakı problemləri əhatə edir:
1.Aclıq və yoxsulluq.
2 Təhsil.
3 Gender bərabərliyi
4 Uşaq ölümünün azaldılması
5.Anaların sağlamlığı
6 QİÇS
7.Ətraf mühitin qorunması
8.İnkişaf naminə əməkdaşlıq.
Bu məqsədlər sahəsində uğur qazanmaq naminə 48 sənəd qəbul olunmuşdur. Proqramın işlənilməsinə və saxlanılmasına cavabdehliyi beynəlxalq təşkilatlar daşıyır. Beynəlxalq məqsəd YUNESKO-nun “Hamı üçün fasiləsiz təhsil" proqramının yerinə yetirilməsindən ibarətdir.
1. İbtidai təhsilə imkanın yaradılması.
2.Gender və başqa əlamətlərə görə qeyri-bərabərliyin kökündən dəyişdirilməsi.
3. Yüksək keyfiyyətli təhsil almağa zəmanət verilməsi.
4. Təlim proqramlarının təqdim olunması.
5. Əsas həyati bacarıqların mənimsənilməsi.
6. Yaşlıların savadlı olması.
Bu proqramlar təhsilin imkanlarını genişləndirməyi tələb edir. Bunlara isə yeni informasiya texnologiyalarını tətbiq etməklə nail olmaq olar. Bu mənada distant təhsildə radio, televiziya və internetin imkanlarından istifadə edilməsi sualı meydana çıxır.
Təhsil sahəsində informasiya texnologiyalarının inkişafının uzun bir tarixi vardır. Bu, ilk növbədə, distant təhsil proqramlarına aiddir. Bu proqramlara müxtəlif texnologiyalar - çap materialları daxil olmaqla video, videokonfranslar, CD-ROM, elektron poçt və internet aiddir. Belə ki, təhsil sistemi daha çox şagirdi əhatə edir. Strategiya təhsilin imkanlarını yaxşılaşdırmağa istiqamətlənir, təcrübədə informasiya - kommunikasiya texnologiyalarından istifadəyə əsaslanır.
DT konsepsiyasının pedaqoji əsasları
DT-nin hansı əsas pedaqoji konsepsiyalar üzərində qurulması mühümdür?
1.Təhsil prosesinin mərkəzində sərbəst öyrənmə fəaliyyəti durur. Sərbəst mənimsəmə, biliklərin tətbiqi müasir insanın informasiya cəmiyyətində gündəlik tələbidir.
2.Öyrənənin vaxtından asılı olaraq mütəhərrik təlim sisteminin olması sərbəst biliyin mənimsənilməsi, informasiyadan istifadə, dərketmə üsullarından ibarətdir ki, gələcəkdə ixtisasartırma və ixtisasdəyişməyə kömək etsin.
3.Sərbəst toplanmış bilik sahəsi olmalıdır. O, daim axtarılmalı və onun xarici reallığa tətbiqi aydın olmalıdır. Bu təlim metodu (yaşlılar üçün) biliyə yiyələnmə bacarığı, onun tətbiqi, biliyi artırma vasitələrinin tapılması, informasiya mənbələrinin aşkar edilməsi və onlarla işləmə bacarığıdır.
4.Öyrənənlərin sərbəst öyrənmə fəaliyəti şəbəkədə əyani tədrisə nisbətən az pedaqoji texnologiyalardan istifadə olunur. Bu, daxili ehtiyatların istifadəsi, şəxsiyyətin sosial keyfiyyətlərinin formalaşdırılmasıdır.
5.DT məğzinə görə individuallaşdırılmışdır, ancaq o, kommunikasiyanı aradan çıxarmamalıdır. DT-də sosiallaşdırma aktualdır.
6.Dillərin işlədilməsini yoxlama sistemi sistematik xarakter daşıyır və operativ əks rabitə əsasında qurulur.
DT-nin aşağıdakı xüsusiyyətləri mövcuddur:
·DT kursu daha dəqiq və müfəssəl planlaşdırma tələb edir. Tədrisin məqsədi tədris materiallarının çatdırılması və təşkili daha səlis olmalıdır.
·İnteraktivlik DT təşkil sisteminin əsas anlayışıdır. DT kursları öyrənən və öyrədən arasında maksimal interaktivlik, öyrənən və təlim materialları arasında qarşılıqlı rabitə yaratmalıdır.
·Effektli əks-rabitə öyrənənin sərbəst öyrənmə prosesində düzgün istiqamətdə olmasına nəzarətdir. Belə rabitə əməliyyatlar üzrə, operativ və son nəticəyə görə ola bilər.
·DT-nin vacib elementlərindən biri onun motivləşdirilməsidir. Bu gün üçün müxtəlif vasitələrdən istifadə olunur.
·DT strukturlaşmış kursları modullaşdırılmalıdır. Öyrənən bir moduldan digərinə keçidi aydın görməlidir. Həcmi modullar təlimi motivasiyasını azaldır. Əgər məktəb kursunu nəzərə alsaq, o ünvanlanmışdır.
·Təhsilalan sərbəst məktəb kursundan onların məktəbində keçirilməyən fənlərdən birini öyrənmək və ekstern imtahan verməklə uyğun sertifikat almaq və s. imkanına malikdir.
·Tələbələr öz biliklərini müəyyən fənlər üzrə proqramdan əlavə biliyin alınması və.s
·Xəstəlik və s. səbəbdən təlim zamanı baş vermiş bilik boşluqlarının bərpası üçün.
·Xəstəliklə əlaqədər olaraq dərsə gələ bilmədikdə
·Əgər tələbə xarici ölkələrin birində hər bir hansı fənni və tam təhsil kursunu öyrənmək üçün.
·DT modelləri mütəhərrik uyğunlaşmaya malik olmalıdır. O, sərbəst öyrənmə fəaliyyətinə, müxtəlif informasiya mənbələrindən istifadə, verilmiş kurs üçün xüsusi tədris materialı, müəllimlə sistematik və operativ əlaqə, verilmiş kurs iştirakçıları ilə əməkdaşlıq, tədqiqat üçün modullar üzrə axtarış işləri, birgə KTK proyektlərindən istifadə, xarici həmkarlarla layihələrin müzakirəsi, elektron telekonferensiyaların keçirilməsi, fikir mübadiləsi, o cümlədən xarici həmkarlarla internet vasitəsi ilə informasiya mübadiləsi. Belə təlimin operativ qiymətləndirilməsi aparıcı müəllim və məsləhətçi koordinatorların test referatları vasitəsilə yerinə yetirilir.
DT-nin təşkili prosesi çoxsahəli və mürəkkəbdir. Problemlərdən biri tələbələrin informasiya mühitinin infrastrukdurudur. Bu və ya digər informasiya harada, necə və niyə yerləşdirilib? Tədris materiallarının strukturu və kompozisiyası necə olmalıdır? Web səhifələrində hansı təlim proqramları yerləşdirilməlidir?.
Bundan başqa, bir sıra pedaqoji, texniki və iqtisadi məsələlərin həlli yolları regional spesifiklik daşıyır. Əsas suallardan biri müəllif hüququ məsələləridir. Ümumi təhsil və pedaqoji kadrların ixtisasartırma proq­ramları xüsusi sertifikatlaşdırmadan keçməlidir. Ölkənin aparıcı tədris müəssisələri belə sertifikatların verilmə hüququna malik olmalıdır. Distant Pedaqoji Təhsilin ( DPT) tətbiqinin əsas məqsədi yuxarıda qeyd edilənlərdən əlavə, həm də gələcək müəllimləri yeni informasiya mühiti, yeni təlim texnologiyaları ilə bilavasitə təlim prosesində tanış etmək, bu texnologiya vasitəsi ilə onlara pedaqoji bilikləri daha səmərəli üsullarla mənimsətmək, həm də öz şəxsi təcrübələrində bu texnologiyanı sınaqdan çıxarmaq, gələcəkdə öz pedaqoji fəaliyyətlərində bu texnologiyadan sistemli istifadəyə hazırlamaqdır.
DPT müəllim hazırlığı texnologiyası olaraq təhsilin keyfiyyətini müasir İKT vasitələrinin intensiv tətbiqi ilə daha da yüksəldir. DPT sistemi informasiya cəmiy­yətində işləməyə hazır olan yeni tip müəllimin - yüksək informasiya mədəniyyətinə malik, müstəqil şəkildə öz informasiya ehtiyaclarını təmi etməyə qadir, müasir İKT vasitələrindən sərbəst istifadə edə bilən pedaqoji kadrların hazırlanmasında əvəzsizdir. Bu təlim texnologiyası təbii olaraq fasiləsiz müəllim hazırlığının mövcud sistemlərinə inteqrasiya edilir, onları təkmilləşdirir, ümumiyyətlə, fasiləsiz təhsil prosesini bütövlükdə inkişaf etdirir.
Beynəlxalq səviyyədə belə bir fikir formalaşıb ki, DT   qloballaşan dünyada XXI əsrin ən perspektiv təhsil texnologiyasıdır. Respublikada DPT-nin yaradılması və inkişafı üçün müxtəlif təhsil müəssisələrinin fəaliyyəti əlaqələndirilməli, iş beynəlxalq standartlar əsasında təşkil edilməlidir. Bu məqsədlə:
· Distant Təhsil Sisteminin (DTS) hüquqi-normativ təminatı işlənilməli;
· Pedaqoji dövlət təhsil standartları tələbləri nəzərə alınmalı, DPT-kurslarına verilən psixoloji-pedaqoji, metodik və texniki tələblər uzlaşdırılmalı;
· DPT-də kadrların səriştəlilik səviyyəsinə verilən vahid psixoloji-pedaqoji tələblər tərtib edilməlı;
· DPT üçün informasiya-təhsil portalı yaradılmalı, bu portal gələcəkdə yaradılacaq vahid informasiya-təhsil mühitinin altsistemi olmalıdır;
· Vahid strateji idarəetmə sistemi olmalıdır.
· DPT-nin yaradılması ilə əlaqədar aşağıdakı məsələlər həll edilməlidir:
· DPT-nin təşkili və fəaliyyəti prinsipləri müəyyənləşdirilməli;
· DPT-nin təşkilati-idarəetmə strukturu formalaşmalı, onun inkişafını təmin edən maliyyə mexanizmi təyin ediməli;
· DPT-nin marketinq və informasiya-analitik sistemi yaradılmalı;
· DPT-nin nəzəri, elmi-psixoloji əsasları və  metodikası işlənilməli;
· DPT-nin kurs və elektron kitabxanalar sistemi yaradılmalı;
· DPT-nin keyfiyyətinə nəzarətin meyar, vasitə və sistemləri işlənməli;
· DPT-nin maddi-texniki bazası yaradılmalı;
· DTS-nin reallaşması üçün kommunikasiya sistemləri təkmilləşdirilməli;
· Regional DPT mərkəzləri formalaşmalı və kompleks təchiz edilməlidir (kompüter sinifləri, peyk telerabitəsi, İnternetə çıxış, tədris materialının elektron arxivi, tədris kurslarının videotekası, kitabxanası, tədris vəsaitlərinin kiçik tirajla çapına imkan verən avadanlıqlar, DPT üçün kadrların hazırlığı və s.).
Bu məsələlərin həlli aşağıdakı tələblər çərçivəsində həyata keçirilməlidir:
· Pedaqoji təhsilin keyfiyyəti yüksəldilməli;
· Elm, təhsil və pedaqoji təcrübənin sıx əlaqəsi təmin edilməli;
· Tərtib edilən DPT kurs və proqramları təhsil məqsədlərinə uyğun uyğun olmalı;
· DPT infrastrukturunun formalaşması, sürətli inkişafı təmin edilməlidir.
Qoyulan məqsədlərə tam şəkildə cavab verən distant təhsil sisteminin ya­radılması ümumdövlət məsələsi olmaqla, mürəkkəb bir prosesdir. Bu məsələnin həllində tədris müəssi­sələrində toplanmış tədris-metodiki, kadr və istehsal po­ten­­sialından, informasiya vasitələri və texnologiyalarından, distant təhsilin apa­rılma təcrübəsindən, mövcud olan telekommuni­kasiya infrastrukturundan və tə­lim-tərbiyə müəssisəsinin, o cümlədən ixtisasartırma və yeni­dənhazırlanma təd­ris müəssisələrinin təşkilati strukturundan geniş istifadə olunmalıdır. Qeyd edilən bu amillər “Müəllimlərin peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinin strategiyası və konsepsiyası (ilkin pedaqoji təhsil, ixtisasartırma və yenidənhazırlanma təhsili)” müəllim hazırlığı sisteminin real praktikasında DT texnologiyalarının tətbiqini aktuallaşdırır.  Bu qabaqcıl texnologiyadan müəllim hazırlığı prosesində geniş istifadə həm təlim prosesinin keyfiyyətinin yüksəldilməsinə, gələcəkdə informasiya cəmiyyətində yaşayıb yaradan müəllimləri ən müasir təlim texnologiyaları ilə daha yaxından tanış etməklə yanaşı, DT sahəsində müəllimləri məlumatlandırmaq, onların diqqətini XXI əsrin təhsil texnologiyası olan DT-ə cəlb etməkdir. Bu məqsədlə 2006-cı ildə AMİ-nin “Müasir təlim və distant təhsil”  kabinetinin müdiri, Əməkdar müəllim Z. Ə.Vəliyeva , kabinetin metodisti, Avropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresinin üzvü Əhməd Məmmədov tərəfindən respublikada ilk olaraq  pedaqoji kadrların maarifləndirilməsi, onların informasiya texnologiyaları sahəsində bilik və məlumatlıq səviyyəsinin yüksəldilməsi, kadr hazırlığının təmin edilməsi və insanın inkişafı üçün yeni imkanların yaradılması məqsədilə hazırlanmış  “DISTANT TƏHSIL TEXNOLOGİYALARI” (pedaqoji işçilərin özünütəhsilinə kömək) vəsait, “DİSTANT TƏHSİL TEXNOLOGİYALARI” (ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma təhsili üçün (24 saatlıq)  Treninq proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının 22.12. 2006-cı il tarixli iclasında müzakirə (protokol №_18_)  və çap olunmuşdur.
İlkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma sistemində distant təhsil zaman və məsafə baxımından uyuşqanlığı nəzərdə tutur və təhsilin fərdiləşdirilməsinin müstəqilliyini təmin edir. O, öyrənənlər tərəfindən yeni tədris materiallarının is­tifadəsində qarşılaşan tələbatlar üzərində cəmləşir. Burada əsas məqsəd dis­tant təhsilə yalnız texniki yanaşma deyil, həm də yüksək özünütəhsil səviyyə­sin­də nəticələrini texnoloji prosesin tələb etdiyi tapşırıqların tərtib edilməsinə və psixoloji möhkəmliyə keyfiyyət yanaşmasıdır. Distant təhsil nizamlı, tə­mi­natlı, maddi-texniki, elmi-metodiki, strateji və kadrların toplanmasını təmin edən prosedurdur və uzun­müddətli tətbiq üçün nəzərdə tutulur. Texnoloji tərəqqinin təsiri altında təhsil prosesi təkcə texnologiya və bilik mübadiləsi üçün deyil, eləcə də sərmayə qoyulması və bazar müna­si­bət­lərinin həyata keçirilməsi üçündür. Məhz bu mənada distant təhsilin priori­tet­ləri açıq-aşkardır, onun inkişafı aşağıdakı proseslərlə əks olunan təhsil sis­te­mi üçün xüsusi əhəmiyyət kəsb edir:
təhsil prosesində yeni münasibətlər yaradan iqtisadi islahatların davamlılığı;
yeni texnologiyalar və müasir təhsil kontekstində əhalinin yeni tə­ləbatlarının formalaşması;
təhsil prosesinin iştirakçıları arasında verilənlərin mübadiləsini təmin edəcək yeni texniki imkanların yaradılması və inkişaf et­di­rilməsi.
Fasiləsiz təhsilin daha yüksək uyuşqanlıq sisteminin mövcudluğu,  ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma qısa dövrdə cəmiyyətin tələbatları ilə qarşılaşa bilər. O, yeni şəraitə uyğun pedaqoji fəaliyyətdə kadrların treninqi və müəl­lim­lərin peşə bacarığına aid olan krizislərin aradan qaldırılmasına kömək et­mə­yə qabildir.
İnternet şəbəkəsi və ondan istifadənin genişlənməsi, məlumatların veril­məsində texni­ki imkanların daha da artması nəticəsində müasir dövrdə distant təlimin həyata keçirilməsi daha aktual görünür. Təlim prosesində, eləcə də prak­tik və laboratoriya işlərinin yerinə yeti­rilməsində müdavimlər bu və ya di­gər problemləri kurs müəllimləri ilə məsləhətləşir, öz həmkarları ilə mübahisəli məsələləri müzakirə edirlər. Real olaraq, əlaqə üçün onlar bütün texniki im­kan­lardan istifadə edə bilirlər. Bu, telefon, e-mail, on-line rejimində diskussiya­lar­da iştirak, interaktiv telekommunikasiya tex­nologiyaları və hal-hazırda da­ha geniş texniki imkanları olan telekonferensiya, telekörpü, tekst və qrafik informasiyaları, səsli, video (multimedia) informasiyaları vasitəsilə həyata ke­çirilir.
İnformasiya resurslarının intensiv şəkildə inkişaf etdirildiyi bir şəraitdə əhalinin artan təhsil tələbatları artıq ənənəvi təhsil formaları ilə tamlıqla təmin edilə bilmir. Cəmiy­yətin informasiyalaşma­sı, dünyada gedən qloballaşma prosesləri yeni təhsil modeli - Distant Təhsil (DT) modelini formalaşdırır. Bu modelin əsasını dünya, cəmiyyət, insan idrakı və təhsilin dinamikliyi, “ömürlük təhsildən” “ömürboyu təhsil” prinsipinə keçid ideyası təşkil edir. DT modeli informasiya cəmiy­yətinin inkişaf və təkamülünün tarixi mərhələsi olub, hər hansı dövlətin təhsil siyasətindən asılı olmayaraq, qloballaşma şəraitində informasiya cəmiyyətinin təhsil sistemi qarşısında qoyduğu təxirəsalınmaz tələblərdən biridir. İnkişaf etmiş ölkələrdə ənənəvi təhsil formaları sürətlə DT siste­minə inteqrasiya olunur, vahid təhsil məkanı yaranır, müasir modellərin prosesə tətbiqi günün tələbinə çevrilir.
Azərbaycan Respublikasında Distant Təhsil Sisteminin (DTS) yaradılması və inkişafı təhsil sahəsində dövlət siyasətinin öncül istiqamətlərindən biridir. 1999-2004-cü il­lər ərzində qəbul edilmiş bir çox dövlət sənədlərində bu məsələlər öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərmanı, “Azərbaycan Res­publikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları inki­şafının milli strategiyası” Dövlət Proqramı, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” və sairə bu kimi mühüm dövlət sənədlərində DT-nin yaradılması, inkişafı, onun vacib atributları olan informasiya-təhsil məkanınn, “İNTERNET” məktəbin, elektron kitabxanaların, elektron dərsliklərin yaradılması zərurəti və s. bağlı vacib və aktual məsələlər öz əksini tapmışdır.
Müasir dövrdə keyfiyyətli təhsil verilməsi ənənəvi təlim metodları ilə onlayn təlim vasitələrinin optimal (uğurlu) vəhdəti hesabına mümkündür. Bu gün müəllim  elektron tədris texnologiyalarını tətbiq etməyi bacarmalı, elektron təlimin təşkilinin əsaslarını mənimsəməklə özünün rəqabətə davamlılığını artırmalıdır. Bu tip bilik, bacarıq və motivasiyaya sahib olmayan bir müəllim təhsil alanlarla qarşılıqlı ünsiyyət üçün virtual tədris mühitini qurmaq imkanlarından məhrumdur. Müasir müəllim qabaqcıl tədris təcrübələrini, elmi nailiyyətləri və pedaqoji təcrübəsini əsas götürərək elektron tədris texnolologiyalarından istifadə etməklə təlim prosesinin təşkili xüsusiyyətlərini, elektron təlimin didaktik funksiyalarını və metodikasını bilməlidir. Müəllimlərə kömək məqsədilə hazırlanmış vəsaitdə qeyd edildiyi kimi, distant təhsil - təhsil müəssisəsindən istənilən məsafədə olan öyrənənlərə xüsusiləşdirilmiş informasiya-təhsil mühiti vasitəsi ilə göstərilən təhsil xidmətləri kompleksidir. İnformasiya-təhsil mühiti öyrənənlərin təhsil ehtiyaclarının təmin edil­məsinə yönəlmiş, verilənlər, informasiya resursları, qarşılıqlı əlaqə protokollarının ötürülmə vasitələri, aparat-proqram, metodik-təşkilati təminat və s. vasitələrin sistem­li təşkilidir. DT öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirən texnologiyadır. Distant Pedaqoji Təhsil (DPT) dedikdə, fasiləsiz müəllim hazırlığı (ilkin pedaqoji, ixtisasartırma və yenidənhazırlanma) prosesində DT texnologiyalarının tətbiqi nəzərdə tutulur. DPT texnologiyasından fasiləsiz müəllim hazırlığının bütün səviyyə və formalarında istifadə edilə bilər. DPT ənənəvi pedaqoji təhsilin elektron variantı və ya mövcud təlim formalarının telekommu­nikasiya üçün uyğunlaşdırılması deyil. DPT ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluluğunu, yaradıcılığını optimal inkişaf etdirməklə, informasiya cəmiyyətində müasir müəllim hazırlığı qarşısında duran strateji məsələləri səmərəli həll edir.
DPT-nin əsas texnologiyaları aşağıdakılardır:
Keys texnologiyası. Tədris metodik materiallar ciddi strukturlaşdırılır, xüsusi “keys” formasında komplekləşdirilir, müstəqil mənimsənilməsi üçün öyrənənə göndərilir. Öyrənənlə məsləhətçi-müəllim, tyutor arasında müntə­zəm məsləhətləşmə aparılır.
TV texnologiyası. Tədris prosesi telemühazirələr əsasında həyata keçirilir, müəllim və tyutorla sistematik məsləhətləşmələr aparılır.
Şəbəkə texnologiyası. Öyrənənləri tədris metodik materiallarla təmin etmək, həmçinin öyrənən və öyrədən arasında interaktiv əlaqə yaratmaq məqsədi ilə İnternet şəbəkəsindən istifadə edilir. Şəbəkə texnologiyasında lokal (İntranet) və qlobal (İnternet) şəbəkə texnologiyalarından istifadə edilir.
Sonuncu halda distant dialoq İnternet resursları vasitəsilə həyata keçi­rilir. Təlim ünsiyyətinin əsasını xüsusi hazırlanmış və distant təhsil kursu şəklində tərtib edilmiş vasitələr təşkil edir. DPT sistemində bu texnologiyaların hər üçünün tətbiqi mümkündür. Azərbaycan Respublikasında DPT sisteminin inkişafının ilkin mərhələsində əsasən keys texnologiyasının tətbiqi nəzərdə tutulur. DPT sisteminin keys texnologiyasının tətbiqi üzrə təcrübə topladıqdan sonra, bu əsasda DPT Internet və TV texnologiyasının yaradılması və inkişafı daha asan olar. Təhsil sistemi üçün Vahid İnformasiya-Təhsil Mühitinin (məkanının) yaradılması prosesi (vahid DT platformasının - xüsusi hazırlanmış proqram kompleksinin formalaşması)  tədris müəssisələrində zəruri maddi-texniki bazanın təminatı, müxtəlif ixtisaslar üzrə elektron kursların tərtibi və onların eksperimental sınağının təşkili, bu sahə üzrə kadrların hazırlanması, zəruri hüquqi-normativ bazanın yaradılması, beynəlxalq təcrübəninin daha da ətraflı öyrənilməsi və yerli təhsil sistemi xüsu­siyyətləri nəzərə alınmaqla adaptasiyası, DT texnologiyalarının cəmiyyətdə geniş təbliği işinin aparılması, bu problem üzrə elmi-tədqiqat işlərinin təşkili və aparılması və s. kimi məsələlərin müvəffəqiyyətli həlli reallaşar.
DT-nin mövcud texnologiyalarının (keys, Internet, TV texnologiyaları) hər biri ilkin müəllim hazırlığında müvəffəqiyyətlə istifadə edilə bilər. Lakin İnternet texnologiyası və TV texnologiyalarının real tətbiqi üçün respublikada xeyli hazırlıq işləri görülməlidir (xüsusən də sistemli hüquqi-normativ bazanın yaradılması, maddi-texniki bazanın gücləndirilməsi, elektron kursların hazırlanması, DT üzrə kadrların kompleks hazırlanması və s.). Keys texnologiyası isə az vaxt ərzində, az məsrəflə, az resurs sərf etməklə reallaşa bilər. Bu səbəbdən “Müəllimlərin peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinin strategiyası və konsepsiyası çərçivəsində DT və əlaqədar sahələr” alt komponentin hazırlanması və praktik tətbiqi məqsədilə ilkin mərhələdə keys texnologiyasından istifadə nəzərdə tutulur. Bu texnologiyanın tətbiqinə hazırlıq mərhələsi nisbətən asan olub, praktik tətbiqi ciddi çətinliklər törətmir. Bu texnologiyanın tətbiqi zamanı toplanmış təcrübə digər texnologiyaların tətbiqi zamanı fundament ola bilər, sonrakı mərhələdə daha da inkişaf etdirilə bilər. DT keys texnologiyasi tələbələrə keys formasında təqdim edilən çap və multimedia tədris-metodik materiallarin müstəqil surətdə öyrənilməsini nəzərdə tutur, bu zaman əyani məş­ğələ formaları üstünlük təşkil edir. Müəyyən kurs üzrə bu məşğələlər başlanğıc mühazirə, fəal seminar, treninq, məsləhət, nəzarət yoxlama formalarını əhatə edir. Əsas diqqət xüsusi hazırlanmış müəllim-tyutorla tələbələrin qrup halında məşğələlərinə yetirilməlidir.
İlkin müəllim hazırlığında DT keys texnologiyaları əyani, qiyabi və distant formalarında tətbiq edilə bilər. Tədris müəssisəsinin imkan və məqsədlərindən asılı olaraq əyani və qiyabi təhsil sistemlərində bu texnologiya az və ya çox istifadə oluna bilər. Tədris planında olan bir və ya bir neçə kurs tam distant formada (bu halda ixtisas distant formada, müəllim hazırlığında isə DT həm forma, həm texnologiya ola bilər..
Ümumiyyətlə, yenidənhazırlanma və ixtisasartırma kursları şəraitində DT texnologiyalarının tətbiqi yaxşı səmərə verə bilər. Çünki, bu kateqoriya öyrəncilərin dünyagörüşü, həyat və peşə təcrübəsi, müstəqil işləmək vərdişləri, peşə seçimində qətiyyət və məsuliyyəti, ilkin müəllim hazırlığına cəlb edilmiş tələbə kateqoriyasına nisbətən daha yüksəkdir. Yenidənhazırlanma və ixtisasartırma kursları şəraitində DT texnologiyalarının tətbiqi bu sistemdə oxuyan müdavimlər üçün çox əlverişlidir, onlar ailələrindən, yaşadığı bölgədən, əmək fəaliyyətindən ayrılmadan, əlavə xərclər çəkmədən, rahat şəkildə öz həyat ahəngini pozmadan keyfiyyətli təhsil ala bilər.
Müəllimlərin yenidən hazırlanmasını tam distant formada həyata keçirmək mümkündür. Bu iş bir çox cəhətdən ilkin müəllim hazırlığında tətbiq edilən DT formasına uyğun həyata keçirilə bilər. Təşkilatı baxımdan uyğunluq çox olsa da, məzmun baxımından müəyyən fərqlər özünü göstərə bilər. Belə ki, öyrənilən materialların məzmununda, sturukturunda müəyyən fərqlər özünü göstərə bilər. Digər tərəfdən burada müdavim şüurlu şəkildə, öz professional ehtiyaclarına uyğun olaraq, fərdi tədris planı (fərdi təhsil trayektoriyası) tərtib etməklə, özəl kurs keçmək imkanına malikdir. Beynəlxalq təcrübə göstərir ki, bu kateqoriya müdavimlərin təhsil keyfiyyəti daha yüksək olur. Müəllimlərin yenidən hazırlanmasını qismən DT-nin keys texnologiyası əsasında həyata keçirmək mümkündür. Bu, bəzi cəhətdən ilkin müəllim hazırlığında tətbiq edilən analoji işə uyğun həyata keçirilə bilər.Müəllimlərin ixtisasartırma kursunda da DT-nin keys texnologiyaları uğurla tətbiq edilə bilər. Bu məqsədlə tədris edilən qısamüddətli kurslar üzrə xüsusi tədris materialları, test tapşırıqları, audio-vidio materiallardan istifadə edilə bilər (yenə də xüsusi keys tərtib edərək müdavimlərə göndərməklə). Müəllimlərin elektron poçtun imkanlarından maksimum istifadəsi də əhəmiyyətli ola bilər. Bu zaman hər bir müəllim ilboyu işlədiyi məktəbin və ya dayaq məntəqəsi olan hər hansı məktəbin kompüter sinfindən sistematik olaraq, distant formada zəruri tədris-metodik, elmi əhəmiyyətli informasiya resusları əldə edə bilər. Təbii ki, əvvəlcədən zəruri "INTERNET"  resusları hazırlanmalıdır.   Burada icmal şəklində (lakonik formada), müəllim hazırlığında DT-nin keys texnologiyalarının bəzi imkanlarını sadaladıq. Bütün dünyada olduğu kimi, respublikamızda da  pandemiya şəraitində bütün təhsil müəssisələrində o cümlədən,    Azərbaycan Dövlət  Pedaqoji Universitetində  tədrisin təşkili  onlayn formada davam etdirilir. İnformasiya texnologiyaları öz inkişafı ilə bəşəriyyətin sahib  olduğu zaman və məkan kimi fiziki məhdudiyyətlərini ortadan qaldıraraq  mövcud dünyamıza paralel yeni bir dünya, dəyişərək bu anlayışlara yeni bir məna gətirdi. Bu gün istənilən yerdə və istənilən zamanda müasir kommunikasiya vasitələrindən istifadə edərək çalışmaq və fəaliyyət göstərmək mümkündür. İnformasiya texnologiyaları nəinki insanın həyat tərzini, həm də onun düşünmə tərzini də köklü şəkildə dəyişdi. Bəşəriyyətin inkişafı boyu yaradıb ortaya çıxartdığı bəzi texnologiyalar, son­radan bəşəriyyətin özünün inkişafını, insanın həyatını, düşüncə tərzini, onun ətraf aləmin reallıqlarını dərketməsini və ətraf mühitə qarşı davranışını köklü surətdə dəyişmişdir.
Bu isə müasir dövrdə müəlliminin əsas vəzifəsinin tədris prosesini müasir tələblərə və bəşəriyyətin inkişaf meylinə uy­gunlaşdırmaq, təhsilalanın diqqətini cəlb edə, o cümlədən onu öyrənməyə və inkişafa motivə edə bilmək kimi mühüm elementləri ehtiva edir. Şübhəsiz  bu gün ali məktəbin tədris resurslarının zamandan və məkandan asılı olmayaraq əlçatan olması günü tələbidir. ADPU-nun  Elmi Şurasında  qəbul etdildiyi  kimi, müasir dövrün tələblərinə cavab verən, fəaliyyətini müxtəlif elektron tədris-metodiki platformalar vasitəsilə qura bilən, yüksək peşəkarlığa malik müəllim kadrlarının hazırlığı günümüzün tələbidir və 100 illik yubileyi  ərəfəsində   pedaqoji kadr hazırlığını həyata keçirən ilk ali məktəb olan  ADPU-nun yeni missiyasıdır.


Tarix: 17-07-2020, 16:14

Xəbəri paylaş